1 avqust Azərbaycan
dili və əlifbası günüdür
DİLİN CANLI YADDAŞI
Professor Nizami Cəfərovun portret cizgiləri və filoloji araşdırmaları
haqqında qeydlər.
Bu gün Azərbaycan
dili, dil tarixi, dildə gedən proseslər, türkologiya və
ədəbiyyatşünaslıq, ümumiyyətlə,
filoloji düşüncədən və bu düşüncənin
daşıyıcılarından söz düşəndə
yalnız iki-üç alimin adını çəkmək
olur. Şübhəsiz ki, bu alimlərdən biri AMEA-nın
müxbir üzvü,. Onun imzası ötən əsrin 80-ci
illərinin ortalarından mətbuatda görünür. Həmin
vaxtdan dilçiliyin və
ədəbiyyatşünaslığın ən müxtəlif
problemlərinə dair ciddi
maraq doğuran məqalələrlə
çıxış edir. Davamlı
ədəbi tənqidlə və publisistika
ilə məşğul olur. Ölkədə
gedən siyasi proseslərə
qatılması şəxsiyyətinə ictimai
çalarlar gətirsə də, o, klassik alimlərə xas olan elmi
vərdişindən ayrılmadı. Bu gün elmi
araşdırmalar və ictimai fəaliyyət
estafetini özünəməxsus ləngəri
ilə davam etdirən Nizami
müəllim parlaq elmi
təfəkkürü, publisistikası və ictimai
davranışı ilə təkcə türkologiya
və ədəbiyyatşünaslığa deyil,
həm də humanitar-fəlsəfi düşüncəyə,
ictimai-siyasi həyata ciddi
impulslar verir. Onu son yarım əsrdə Azərbaycanda humanitar düşüncə sahəsində universal zəkaya malik olan Əli Sultanlı, Mikayıl Rəfili, Məmmədcəfər
Cəfərov, Yaşar Qarayev,
Məmməd Arif, Əziz Mirəhmədov,
Tofiq Hacıyev, Aydın Məmmədov, Kamal Abdulla kimi
alimlərlə müqayisə edənlər
yanılmırlar. Hər hansı alim, ilk növbədə, düşüncə
miqyasına görə tanınır. Bu mənada
N.Cəfərov ensiklopedik zəkaya malik alimdir. O,
elmi düşüncəsində, ictimai davranışında heç
bir məhdudiyyəti, heç
bir diqtəni, mənasız
qadağaları, çərçivələri qəbul etməyən,
yalnız öz ürəyinin hökmü ilə hərəkət edən,
vicdanı və düşüncəsinin hakimiyyəti
altında olan bir
şəxsiyyətdir. Orijinal təfəkkürə,
maraqlı yazı tərzinə və danışıq üslubuna, iti zəkaya və
intellektə malikdir. Və şübhəsiz
ki, onu daha
çox tanıdan, fərqləndirən
və sevdirən düşüncəsinin miqyasıdır. Buna görə də ziyalı mühitimiz
Nizami Cəfərovu universal
düşüncə adamı olan görkəmli
alim kimi qəbul edir.
Nizami Cəfərov ictimai fikrin və
humanitar düşüncənin bir neçə sahəsində
eyni dərəcədə peşəkar qəbul olunan alimdir. O,
Azərbaycan dilçiliyi, türkologiya, azərbaycanşünaslıq,
ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq,
folklor və s. sahələrdə nüfuzlu söz sahibidir. Bunlarla
yanaşı tarixdən, etnoqrafiyadan, kulturologiyadan, hətta
siyasətdən və fəlsəfədən də peşəkar
səviyyədə söz açmaq imkanlarını ictimaiyyət
qarşısında dönə-dönə sübut
etmişdir. Bir neçə il əvvəl onun çap
olunmuş 5 cildlik “Seçilmiş əsərləri”ni (2007)
nəzərdən keçirmək kifayətdir ki, N.Cəfərovun
hansı miqyasda alim olduğu barədə dolğun təsəvvür
yaransın. Əlbəttə, professor N.Cəfərov, ilk
növbədə dilçi alimdir, dilin canlı
yaddaşıdır. Dil tarixi və ədəbi dilin
inkişaf mərhələləri haqqında samballı
araşdırmaların müəllifidir. Doğrudur, N.Cəfərova
qədər də dil tarixi haqqında bir sıra görkəmli
alimlər (B.Çobanzadə, Ə.Dəmirçizadə,
M.Şirəliyev, M.Cahangirov, S.Əlizadə və b.) müəyyən
araşdırmalar aparmışlar. Lakin N.Cəfərovu bir
araşdırmaçı kimi fərqləndirən əsas
özəllik ondan ibarətdir ki, o, dilimizin mənşəyini,
ədəbi dilin inkişafını, onun tarixi
qramatikasını müxtəlif miflərdən
çıxış edərək türk kökündən
ayıranlara qarşı çıxır. Bu ciddi əhəmiyyəti
olan elmi faktdır. Çünki dünən olduğu kimi, bu
gün də Azərbaycan xalqının mənşəyini,
onun dilinin və ümumi mədəniyyətinin
başlanğıcını süni surətdə bir
neçə kökə bağlamaq meyilləri səngimir. Bu konsepsiyanı əsas götürən alimlərin
məqsədi Azərbaycan xalqının tarixini,
dilini, mədəniyyətini və ədəbiyyatını
türk kökündən
ayırmaqdır. Prof. Nizami
Cəfərov isə dil faktorundan
çıxış edərək məsələyə başqa cür
yanaşır. Onun fikrincə, “ədəbi
mədəniyyətdə, yaxud söz sənəti mədəniyyətində
dil faktoru əsasdır.
Və əgər Azərbaycan şifahi xalq ədəbiyyatı əsrlər boyu yalnız türk mənşəli
Azərbaycan dilində yaranmışdırsa, milli-ədəbi
mədəniyyətin genezisində qeyri-türk
başlanğıcı axtarmaq absurddur”. Tamamilə doğrudur!
Azərbaycan xalqının mənşəyi, etnogenezis məsələləri, etnik çoxşaxəlilik məsələlərinə
də baş vurması Nizami
Cəfərovun geniş dünyagörüşünün
göstəricisidir və bir alim kimi onu
səciyyələndirən əhəmiyyətli
faktlardandır. Məhz universal
düşüncə ilə yanaşı, obrazlı
dünyagörüşə malik olmaq, N.Cəfərovun elmdəki fərdi
simasını müəyyənləşdirməklə
yanaşı, bir çox
məqamlarda onun araşdırmalarına yeni, maraqlı poetik notlar gətirir. Təbii ki,
fakt və hadisələrin strukturunu və məntiqini düzənləməyə
xidmət edən elmi enerjiyə poetik rəng verməyi bacarmaq
hər tədqiqatçının işi
deyil. N.Cəfərov bir
araşdırmaçı kimi hansısa konsepsiya və təsirlərin altına düşmür, o,
topladığı materiallardan cəsarətlə
yeni bir sistem yarada bilir.
Elmi təfəkkürü, geniş dünyagörüşü,
predmetə dərin bələdliliyi, iti zəkası,
güclü məntiqi və obrazlı dili həqiqəti ifadə etmək üçün ona böyük şans
yaradır. Bu mənada görkəmli alimin Azərbaycan türkcəsinin təşəkkülü
və eləcə də XI-XII əsrlərə aid olan Azərbaycan
intibahı haqqında mülahizələri elmi
fikrimiz üçün
ciddi yeniliklər sayıla bilər.
Apardığı araşdırmaların elmi
miqyasına və gəldiyi cəsarətli nəticələrin
sambalına görə Nizami Cəfərov
təkcə Azərbaycanda deyil, bütün türk
dünyasında tanınmış dilçi
alimlərdən sayılır. Türkologiya, türk xalqlarının tarixi və ədəbiyyatı ilə
bağlı yazdığı samballı əsərlər,
xüsusən 4 cildən ibarət olan “Türk xalqları ədəbiyyatı” toplusu onun problemə geniş elmi miqyasdan yanaşdığını,
orijinallığa meyilliliyini, hadisə və
faktlara mütəfəkkir
baxışını ortaya qoymuşdur. Adı çəkilən əsərdə
Nizami Cəfərov geniş
təfəkkür sahibi olan
bir elm adamı kimi bütün yönləri
ilə özünü ifadə etmişdir. Burada müəllif
ensiklopedik zəka sahibidir,
çünki onun
topladığı materiallar bir tarixçi və türkoloqun, ədəbiyyatşünas-folklorçunun,
bir mətnşünasın süzgəcindən
keçərək nəhəng elmi-ədəbi salnaməyə
çevrilmişdir. Bu əsərdə N.Cəfərovun
bir çox problemlərə,
o cümlədən mərhələ-mərhələ
Türküstan və Altay
türkləri, Hun-türk siyasi
birliyi, Göytürk imperatorluğu, habelə karlıq türkləri,
qıpçaklar və oğuz türkləri
haqqındakı yekdil elmi
mülahizələri onun milli ruhlu və yüksək
elmi səviyyəyə malik
bir alim olduğunu bir daha təsdiq edir. Professor N.Cəfərovun
elmi düşüncəsinin bəhrəsi
olan “Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar”, “Azərbaycan türkcəsinin
milliləşməsi tarixi, “Türk dünyası: xaos
və kosmos”, “Türkologiya
tarixinə ümumi bir
baxış”, “Azərbaycan: dil, ədəbiyyat
və mədəniyyət”, “Rusdilli Azərbaycan
poeziyasında Azərbaycan dili
elementləri”, “Türk xalqları ədəbiyyatı”
kimi sanballı elmi əsərlər
təkcə Azərbaycanda deyil, bütün türk
dünyasında da geniş
şöhrət qazanmışdır. Bu gün Türkiyədə və Orta Asiyanın türkdilli
respublikalarında türkologiya sahəsində
qələm çalan alimlərin
siyahısında Azərbaycanın dörd
araşdırmaçısının adı iftixarla
çəkilir: Tofiq Hacıyev, Kamil Vəli Nərimanoğlu, Kamal
Abdulla və Nizami Cəfərov.
Sonuncu, həm də türk
cümhuriyyətləri arasında getdikcə populyarlaşmaqda
olan “Dialoq Avrasiya” platformasının rəhbərlərindən
biri olduğuna görə
xeyli məşhurdur.
Azərbaycan ictimai mühiti Nizami Cəfərovu
həm də professional ədəbiyyatşünas və ədəbi
tənqid sahəsində ardıcıl fəaliyyət göstərən
alim kimi qəbul edir. Onun ədəbiyyatşünaslığa
dair əsərləri, ayrı-ayrı ədəbi-tarixi mərhələləri
və istiqamətləri təmsil edən cərəyanları
qiymətləndirməsi konseptual baxımdan ədəbi dil
tarixi və milli etnogenezisə dair prinsipial mövqeyindən fərqlənmir.
O, zərgər dəqiqliyi ilə əsrlərin arxasından
bir işıq seli kimi axıb gələn ədəbi fikir və
düşüncələri məharətlə ümumiləşdirib
müasir ədəbiyyatla dünən arasında körpü
yaratmağı bacarır.
N.Cəfərovun ədəbi
tənqid sahəsindəki fəaliyyətində isə
ümumi dəyərləndirmə, mövcud ədəbi
proseslərin dərindən təhlili ön planda dayanır. O,
ədəbi faktları və yazıçı şəxsiyyətini
dolğun şəkildə təqdim edə bilən, ədəbi
fakta tarix və müasirlik prizmasından ustalıqla
yanaşmağı bacaran bənzərsiz tənqidçidir. Təbii
ki, bəzən kiməsə sevgi və rəğbətinin məhsulu
kimi qələmindən subyektiv yazılar da çıxa bilər...
Amma bütün hallarda onun yazdıqları əsaslı və
fundamentaldır. İmza qoyduğu bütün materiallarda onun
bənzərsiz möhürü vardır. Geniş miqyas, ideyanı sadə dillə incələmə,
müdriklik, obrazlı dəyərləndirmə
qabiliyyəti, iti məntiq və bütün bunların hamısının ifadə
vasitəsi olan yüksək yazı mədəniyyəti
bütün hallarda Nizami Cəfərovu böyüdür,
fərdiləşdirir və sevdirir.
Nizami Cəfərov
bütün parametrləri ilə yaşadığımız
ictimai mühitin, özünə sıxılmış kimi
görünən cəmiyyətimizin parlaq simalarından
biridir. Təkcə elmi dünyagörüşü, nəhəng
alim miqyası ilə deyil, həm də özünün şəxsiyyəti,
fərdi keyfiyyətləri ilə insanların sevimlisidir.
İçi dolu olan bütün seçilmişlər kimi o
da sadədir, ünsiyyətcildir, səmimidir. Bəzən
ictimai davranışdakı məcburi “qısa qapanmaları”
özəl əxlaqı ilə məharətlə kompensasiya
edə bilir. Onun dostlarına, məktəb və institut
yoldaşlarına sayğısı adamı heyrətləndirməyə
bilmir. Nizami Cəfərov mediaya və ictimaiyyətə açıq
adamdır. Ölkə mətbuatı üçün impuls
verməyi, diqqəti aktual mövzulara yönəltməyi
bacaran azsaylı fikir adamlarındandır. Onun ciddi mübahisələrdə
və ictimai polemikalarda iştirakı həmişə
maraqlıdır. Dərin biliyi ona ictimai-ədəbi
mübahisələr üçün geniş imkanlar verir.
İstənilən polemikanı məharətlə uğurlu
sonluğa doğru apara bilir, bəzən bu polemikanı pis
başlasa belə...
Dramaturgiyanın dəyişməz
bir qanunu var: insan həmişə çətin,
böhranlı situasiyalarda tanınar. Mən Nizami Cəfərovu
dəfələrlə çox mürəkkəb məqamlarda
müşahidə etmişəm. Kimsəni günahkar
çıxarmadan, məsuliyyəti öz üzərindən
atmadan mənliyini, kişiliyini, ləyaqətini qoruyan şəxsiyyətdir.
Yaşadığımız cəmiyyətin belə adamlara çox ehtiyacı
vardır.
Qulu Məhərrəmli
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2010.- 31 iyul.- S.18.