Azərbaycan mətbuatı: şərəfli keçmiş, işıqlı gələcək

 

Bünövrəsi 1875-ci ilin 22 iyulundaƏkinçiqəzetinin nəşri ilə qoyulan milli Azərbaycan mətbuatının keçdiyi tarixi yol xalqımızın keçdiyi tarixi yoldur. Məhz buna görədir ki, bütün Azərbaycan xalqı ictimaiyyəti Azərbaycan milli mətbuatının 135 illiyini çox böyük təntənə ilə qeyd etdi. Ölkə prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq bütün şəhər rayonlarımızda, əmək kollektivlərində keçirilən geniş miqyaslı tədbirlər, nəhayət ki, “Gülüstansarayında böyük təntənə ilə qeyd edilərək yekunlaşdı. Azərbaycan milli mətbuatının yubileyinin bu cür təntənə ilə qeyd edilməsi artıq davamlı bir ənənəyə çevrilib. Böyük sevinc fərəh hissi ilə qeyd olunmalıdır ki, bu ənənənin əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyuldu. Məhz 2000-ci ildə milli mətbuatımızın 125 illiyinin bütün ölkə miqyasında qeyd edilməsi haqqında prezident sərəncamları, çox ağır jurnalist əməyinin layiqli qiymətinin təzahürü ilə ulu öndər tərəfindən əsası qoyulan bu ənənə ölkə prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildi. 2005-ci ildə milli mətbuatın 130 illiyi, bu il isə 135 illiyi daha artıq təntənə ilə qeyd edildi. 

Azərbaycan milli mətbuatının keçdiyi yol nə qədər çətin və keçməkeşli olsa da, olduqca zəngindir. 1875-ci ildə maarifçi və jurnalist Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” xalqın maarifçilik və mətbuat tarixində yeni bir səhifə idi. Sonrakı illərdə çox məşhur ziyalılarımız tərəfindən nəşr edilən “Ziya”, “Sərqi-Rus”, “İrşad”, “Molla Nəsrəddin” və s. nəşrlər məhz “Əkinçi” ənənələrini peşəkarcasına davam etdirmiş, Azərbaycanın milli dirçəliş tarixində olduqca önəmli rol oynamışlar.

 Azərbaycan Xalq Cümhuriyyəti dövründə də mətbuat müstəqillik ideyalarının carçısı oldu və azadlıq ideyalarının irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycan Xalq Cümhuriyyətinin ikiillik həyatında söz və mətbuat azadlığını qanuniləşdirən çox nəhəng hüquqi sənədlər qəbul edildi. Üzeyir bəy və Ceyhun bəy Hacıbəylinin nəşr etdikləri “Azərbaycan” qəzetinin, eləcə də ölkədə nəşr olunan 130-a qədər qəzet və jurnalların işıq üzü görməsi də məhz həmin dövrə təsadüf edir. Sovet hakimiyyəti illərində mətbuat kommunist ideyalarının təbliği ilə məşğul olmaqla yanaşı, xalqın zəngin milli adət-ənənələrin təbliğində də çox böyük rol oynadı. Həmin o dövr çox sərt və amansız ideoloji buxovlar və ciddi senzura qaydaları ilə əhatə olunsa da, amma mətbuat milli dəyərlərin qorunmasında çox böyük missiyanın öhdəsindən layiqincə gələ bildi. Dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbutı tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının yeni inkişaf tarixidir. Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdı. “Gülüstan” sarayında Azərbaycan mətbuatının 135 illiyinə həsr olunmuş yubiley mərasimdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu tarixi dövrü bu cür qiymətləndirdi:

 “1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmiş, bununla da mətbuatda tətbiq edilən senzura aradan qaldırılmış, milli mətbuatın inkişafı yolunda yeni perspektivlər açılmışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin Birinci Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranmışdır”. Prezident İlham Əliyev mətbuat şurasının yeni binasının açılışı mərasimində etdiyi çıxışında deyirdi: “Azərbaycan gənclərinin xaricdə oxuması ilə bağlı dövlət proqramı icra olunur. Bu proqram çərçivəsində hər il, haradasa 10 milyon manata qədər vəsait ayrılır. Bu vəsait hesabına biz gənclərimizi xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə etməliyik. Çünki doğrudan da buna böyük ehtiyac vardır. Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir. Bu gün bütün sahələrdə – iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət sektorunda bizdə peşəkar kadrlar çatışmır. Azərbaycanın uğurlu və sürətli inkişafı tələb edir ki, bu sahələrdə peşəkarlar işləsinlər. Ona görə peşəkarlıqla bağlı olan məsələlər ümumi xarakter daşıyır. İndi biz bu məsələ ilə çox ciddi məşğuluq. O cümlədən jurnalistikada peşəkar kadrların işləməsi vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır”. Heç şübhəsiz ki, cənab prezidentin söylədikləri Azərbaycanda jurnalistikanın gələcəyinə çox nikbin baxışdan xəbər verir. Təsadüfi deyil ki, məhz cənab İlham Əliyevin prezidentliyi dövründə mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız işlər görülüb, jurnalist əməyinin qiymətləndirilməsi dövlətin başlıca vəzifələrindən olub. Böyük qətiyyətlə demək olar ki, bu dövr bir yeni mərhələ kimi də çox təqdirəlayiqdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi. 2005-ci ildən bu günə kimi 300-ə yaxın KİV əməkdaşı dövlət mükafatlarına və fəxri adlara layiq görüldü, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrıldı. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı 2008-ci il 31 iyul tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu çox əhatəli və genişmiqyaslı tədbirlər həyata keçirir. 2009-cu ildə bu məqsədlə dövlət büdcəsindən fonda 1,3 milyon manat, 2010-cu ildə isə 2 milyon manat ayrılıb. Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır.

 Ölkəmizdə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata alınıb, 50-dən artıq informsiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik qəzet nəşr olunur. Heç şübzəsiz ki, bunlar sadə statistika kimi yox, eyni zamanda ölkədə söz və mətbuat azadlığına Azərbaycan dövlətinin və prezidentin ən böyük dəyəri və əməli işi kimi dəyərləndirilməlidir. Ölkə prezidenti mətbuat və söz azadlığına, mətbuatın bu sahədə keçdiyi yola çox böyük qiymət verir. Azərbaycanın MDB məkanında senzuranın ləğvini irəli sürən ilk ölkə olduğunu vurğulayan prezident mətbuatın inkişafını, onun indiki vəziyyətini müsbət qiymətləndirir: Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə cənab İlham Əliyevin imzaladığı sərəncam bütün ölkədə bayram təntənəsi ilə qeyd edildi. Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təsdiq etdiyi planla Zərdab, Yevlax, Gəncə, Şəki, Lənkəran, Xaçmaz və Naxçıvanda, eləcə də Bakı Dövlət Universitetində konfranslar keçirildi. Dövlət başçısının sərəncamı ilə ölkədə fəaliyyət göstərən 32 qəzet redaksiyasının hər birinə 20 min manat, 8 informasiya agentliyinin hər birinə 10 min manat birdəfəlik maddi yardım ayrıldı. 92 nəfər mətbuat işçisi isə fəxri adlara layiq görüldü və “Tərəqqi” medalı ilə təltif edildi. Bayram həm də daha bir mühüm və tarixi məsələ ilə – bunu hadisə də adlandırmaq olar – daha ciddi şəkildə yadda qalan oldu: Prezident “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncam imzaladı. Prezidentin ehtiyat fondundan KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat pul ayrıldı. Ölkənin hər yerində, o cümlədən Naxçıvanda da milli mətbuat günü “Şərq qapısı” qəzetinin redaksiyası, “Əcəmi” nəşriyyat-poliqrafiya birliyinin yeni binasının və mətbəənin açılışı ilə qeyd edildi. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov mətbuat orqanlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsiplərinin Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, hal-hazırda Muxtar Respublikanın kütləvi informasiya vasitələrində 400-ə yaxın işçi çalışır. Onların fəaliyyəti gündəlik həyatımızda hiss olunur. Aydın məsələdir ki, bu fəaliyyət kifayət qədər çətin və məsuliyyətli iş sahəsinə aiddir. Jurnalistika doğrunu, həqiqəti əks etdirmək, onu olduğu kimi başqasına, cəmiyyətin digər üzvlərinə çatdırmaq sənətidir. Bu yolda fərqlənənlərin əməyi layiqincə qiymətləndirilmiş, muxtar respublika jurnalistlərindən 2 nəfəri prezidentin fərdi təqaüdünə layiq görülmüş, 7 nəfər müxtəlif orden və medallarla, 28 nəfər isə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adları ilə təltif olunmuşdur. Azərbaycan mətbuatının və Azərbaycan jurnalistinin qazandığı tarixi uğurlar tərəqqi yolunda böyük və nəzərəçarpan addımlardır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir.

 

 

Namiq Əhmədov,

əməkdar jurnalist

 

525-ci qəzet.- 2010.- 31 iyul.- S.18.