“Azərbaycan”ın növbəti sayı işıq üzü görüb
Bugünlərdə “Azərbaycan” ədəbi-bədii jurnalının yeni sayı çapdan çıxıb. “Poeziya” bölməsində şairlərdən Avdı Qoşqar, Əlizadə Nuri, Ramiz Kərəm, Gülnarə Cəmaləddin, Sədaqət Kərimova, Fəridə Hacıyeva, Rəhman İltifat, Osman Fərmanoğlu, Nurəddin Mənsur, Sadiq Qaranın şeirləri verilib. Vilayət Quliyevin ingilis yazıçısı Corc Orueldən tərcümə etdiyi “1984” romanının davamı jurnalın bu sayında təqdim olunub. Tənqidçi Əsəd Cahangirin tatar şairi Robert Minnullindən dilimizə çevirdiyi “Uçuş”, “Qulunlar”, “Tozağacların göz yaşları”, “Duman” və digər əsərlər “Yeni tərcümələr” bölümündədir.
Tofiq İsmayılovun “Bağ satılır” pyesi diqqəti cəlb edən ədəbi nümunədir. Şair Musa Ələkbərlinin 60 yaşına həsr olunmuş bölmədə şairin “Ömrüm bir keçilməz keçid dövrüdü”, “Doldur o dolçanı...”, “Dünya, məni yola sal”, “Həqiqət”, “Molla Vəli Vidadiyə”, “Etibar etmirəm” şeirləri ilə yanaşı, Əli Rza Xələflinin yubilyara həsr etdiyi “Poeziyada saflıq, həyatda sərraflıq, yaxud azərbaycanlı misralar Vətən xəritəsi çəkir” başlıqlı yazısı oxucuların ixtiyarına verilib. “Xatirələr, duyğular” rubrikasında Gülxanım Fətəliqızının “Ömürdən yarpaqlar” yazısı yer alıb. Gənc yazıçı Elnurun “Kölgənin hakimiyyəti”, “Oğurlanmış ömürlər”, “Axırıncı yol”, “Bir udum hava haqqında reportaj” hekayələri də bu saydadır. Həsən Seyidbəylinin “Xəzər” romanı Sevinc Kazımovanın “Ön sözü” ilə təqdim edilib. Rüstəm Kamalın “Uşaqlıq mif kimi: M.H.Şəhriyar və O.Sarıvəlli”, Tahirə Məmmədin “Osmanlı şairlərinin yaradıcılığında Azərbaycan ədəbiyyat ənənələri”, Paşa Kərimovun “Sadıq Bəy Əfşarın türkdilli lirikası”, Xatirə Quliyevanın “Üzeyir bəy Hacıbəyovun yaradıcılığında maarifçilik ideyaları” “Tənqid və Ədəbiyyatşünaslıq” bölümündə özünə yer tapıb. Aydın Talıbzadənin qələmindən çıxan “Ədalət Vəliyevin əqidəsi, ruhu və teatrı”, Tərlan Novruzovun “Avtobioqrafik romanlar müəllifi” məqaləsi bu saydakı diqqətçəkən yazılardandır.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 1 iyun.- S.7.