“Amerikalı kürəkən” Musiqili Komediya Teatrının səhnəsində
Dövlət Musiqili Komediya Teatrının 100-cü mövsümü çərçivəsində daha bir tamaşa teatrsevərlərə təqdim olunub. “Amerikalı kürəkən” adlı ikihissəli musiqili komediyanın liberettosu yazıçı Marat Haqverdiyev, musiqisi xalq artisti, professor Ramiz Mirişliyə məxsusdur. Hər iki sənətkarın bundan əvvəlki əməkdaşlığı teatrın repertuarında yer alan “Qısqanc ürəklər” tamaşası olub. Səhnə əsərinin rejissoru xalq artisti İlham Namiq Kamaldır. Xalq artistinin rejissor kimi hazırladığı bu tamaşa sayca ikincidir. Bundan əvvəl o, “Şeytanın yubiley”inə quruluş verib. Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterlər Zakir və Yelena Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qocadır.
Ailə-məişət mövzusunda olan səhnə əsərində bir-birini saf məhəbbətlə sevən iki gənc – Kamran və Reyhan xoşbəxt ailə qurmaq istəyirlər. Lakin anası Tünzalə öz qızını varlı birinə (Cəlilə) ərə vermək istəyir. Bundan xəbər tutan cavanlar anaya kələk gəlirlər. İngilis dili müəllimi olan Kamran özünü varlı neft maqnatı kimi göstərir, hətta bunun üçün iki cangüdən də tutur. Kələyin üstü açılır. Buna baxmayaraq gənclər qovuşurlar. Sonda teatrsevərləri təkcə Kamran və Reyhanın yox, Tünzalə ilə Orxanın, Səkinə və həkimin, Cəlil və Nəzakətin toylarının şahidi olurlar.
Xalq artisti Xanım Qafarova bizimlə söhbətində ifa etdiyi obrazdan danışıb: “Analarda və xüsusən də biz azərbaycanlılarda bir xüsusiyyət var. Öz həmyerlilərinə deyil, varlı əcnəbilərə daha çox üstünlük verirlər. Mən də əsərdə belə analardanam. Lakin tamaşanın sonunda qızımın xoşbəxtliyinin sevdiyi oğlanla birlikdə olduğunu anlayaraq, Reyhanın Kamrana ərə getməsinə razılıq verirəm. Tamaşaçılar mənim də Orxanla ailə həyatı qurmağa hazırlaşmağımın da şahidi olurlar”.
Tamaşada ingilis dili müəllimi olan Ramil Qasımov (Kamran), yaratdığı obrazın tələbilə, ingilis dilində danışmaq məcburiyyətində qaldığından xüsusi ingilis dili dərsləri almalı olub.
Səhnə əsərində rolları xalq artistləri İlham Namiq Kamal (Orxan), Arif Quliyev (həkim), Fatma Mahmudova (Səkinə), əməkdar artistlər Xanım Qafarova (Tünzal), Əkbər Əlizadə (Cəlil), aktyorlar Ramil Qasımov (Kamran), Gültac Həsənova (Reyhan), Ağaxan Şərifov (Cəfər), Səmədzadə Xasıyev (Bilal), Gülnarə Əzizova (Nəzakət), Günel Məmmədova (Telli) ifa ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.