“Mədəni
hüquqların qorunması
və milli prioritetlər” müzakirə
edilib
Mədəniyyət və Turizm Nazirliyi Ombudsman Aparatı və Müəllif Hüquqları Agentliyi ilə birgə “Mədəni hüquqların qorunması və milli prioritetlər” mövzusunda dəyirmi masa təşkil edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ombudsman Elmira Süleymanova mövzunun böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Azərbaycanın bütün vətəndaşlarının mədəni hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasının qoşulduğu 250-dək Konvensiyadan biri də YUNESKO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”sıdır”.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” çərçivəsində nazirlik tərəfindən bır sıra milli və beynəlxalq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb: “Vətəndaşların mədəni hüquqlarının təmin olunmasına dair proqram və layihələr gerçəkləşdirilib, etnik qrupların mədəni irsinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülüb. Bu tədbirlərin keçirilməsi, eyni zamanda, Azərbaycanın qoşulduğu Avropa insan hüquqları Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə xidmət edir”. Nazir müavini prezident İlham Əliyevin təkcə son üç ildə mədəniyyət sahəsinə dair 200-dən çox fərman, sərəncam və qanun imzaladığını vurğulayıb: “Bütün bunlar Azərbaycan dövləti tərəfindən mədəniyyət sahəsinə və bu sahədə çalışan insanlara göstərilən qayğının əyani göstəricisidir”. S.Məmmədəliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı, aşıq sənəti və Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, bu il xalça sənətinin də həmin siyahıda yer alacağının gözlənildiyini deyib: “Növbəti ildə isə YUNESKO-nun siyahısına mədəniyyət məkanı kimi daxil edilməsi məqsədi ilə pilot layihələr olaraq Nic, Lahıc və Qırmızı qəsəbələrin namizədlikləri təqdim ediləcək. Son illərdə Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli uğurlara nail olub. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən, irqindən asılı olmayaraq bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib. Hər iki ildən bir “Azərbaycan – doğma diyar” devizi altında milli azlıqların incəsənəti festivalı keçirilir. Ölkəmizdə yaşayan bütün milli azlıqlar və yerli xalqlara Azərbaycan mədəniyyətinin bir parçası kimi öz milli ifadə nümunələrini təqdim etməyə şərait yaradılır. YUNESKO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqinə dair Konvensiya”ya uyğun olaraq nazirlik tərəfindən xüsusi tədbirlər planının hazırlandığı və plan çərçivəsində “Mədəni müxtəlifliyimiz mədəni vəhdətimizdir” layihəsi həyata keçiriləcək”.
Müəllif Hüquqları Agentliyinin sədri, professor Kamran İmanov “mədəni hüquqlar” mövzusu “mədəni müxtəliflik”lə sıx əlaqədədir və bilavasitə müasir mədəniyyət anlayışı ilə bağlı olduğunu söyləyib: “Mədəniyyətimizin özünüifadə nümunələrini daha da zənginləşdirib gələcək nəsillərə çatdırmalıyıq. Erməni plagiatına və uydurmalarına qarşı geniş cəbhədə mübarizə aparmaq borcumuzdur”.
Dəyirmi masada ombudsman Elmira Süleymanovanın “Mədəni hüquqların müdafiəsində ombudsmanın rolu”, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Mədəni müxtəlifliyin qorunması və təşviqinin aktual problemləri” və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovun “Azərbaycanda mədəniyyət siyasətinin yeni prioritetləri” mövzusunda məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
SARA
525-ci qəzet.-
2010.- 1 iyun.- S.7.