Azərbaycan və Sloveniya: Mədəni əlaqələr
yeni inkişaf mərhələsində”
Bu gün Azərbaycan dünyada beynəlxalq əməkdaşlıq, o cümlədən strateji tərəfdaşlıq üçün çox böyük əhəmiyyətə malik olan bir dövlət kimi tanınır. Xüsusən də, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın müstəsna rol oynaması, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına verdiyi töhfə dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Respublikamızın zəngin təbii ehtiyatları, düşünülmüş məqsədyönlü və uzaqgörən daxili və xarici siyasəti ölkənin inkişafı, vətəndaşlarının rifahının təmin olunması üçün əlverişli perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir, bir sözlə gələcəyin təməlini bu gün qoyur. Azərbaycan Respublikasının və tərəfdaş ölkələrin iqtisadiyyatlarının inkişafına artıq öz töhfəsini verən beynəlxalq əhəmiyyətli nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişaf etdirilməsi, neft və qaz boru kəmərlərinin inşası, mədəniyyət mübadiləsi, Şərq-Qərb kontekstində mədəni dəyərlərin tərənnümü bu əməkdaşlığın bariz nümunəsidir.
Azərbaycanın həm regionda, həm də dünyada artan nüfuzu istər-istəməz yaxın və uzaq ölkələrin marağına səbəb olur. Son zamanlar Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verən ölkələrdən biri də Sloveniya Respublikasıdır. Sloveniyanı Azərbaycanla bağlayan bir çox cəhət vardır ki, bu da bilavasitə onların tarixi və coğrafi mövqelərinin oxşarlığından irəli gəlir. Balkan yarımadasının şimal-qərbində yerləşən Sloveniyanın Azərbaycanla əməkdaşlığa olan marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil. Bu həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun ardıcıl olması ilə bağlıdır. İki dövlət arasında əlaqələrin yeni mərhələdə inkişafı bütövlükdə qlobal və regional təhlükəsizliyə və sabitliyə töhfə verməklə, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Sloveniya və Azərbaycan öz müstəqilliyini bir tarixi dövrdə qazanmışdır və bu məqam onların sonrakı münasibətlərinin taleyində heç də kiçik rol oynamamışdır. Sloveniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımış, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişdir.
İki ölkənin prezidentləri arasında mövcud olan qarşılıqlı dostluq münasibətləri, gerçəkləşdirilən rəsmi səfərlər və bunlardan əldə olunan nəticələr Azərbaycan və Sloveniya arasında müxtəlif sahələrdə qırılmaz bağlar yaratmışdır.
Bu baxımdan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2006-cı ildə Sloveniya Respublikasına etdiyi rəsmi səfəri və 2009-cu ildə Sloveniya Respublikasının Prezidenti cənab Danilo Türkün Azərbaycana etdiyi rəsmi səfəri iki ölkə arasında olan səmimi münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynamışdır.
Son dövrdə Sloveniyada aparılan siyasi və demokratik islahatlar, yeni iqtisadi modellərin nəzərdən keçirilməsi bu gün Sloveniyanı Avropanın sürətlə inkişaf edən ölkəsinə çevirmişdir. İnkişafda olan Azərbaycan və Sloveniya sosial-siyasi, iqtisadi və mədəniyyət sahələrinə qarşılıqlı faydalı cəhətləri tətbiq edərək, özlərinə özünəməxsus inkişaf yolu seçmişdir. Bununla belə, Sloveniya Avropa Birliyinin tamhüquqlu üzvü və böyük söz sahibi nüfuzuna malik olan bir ölkə kimi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində Azərbaycanı daim dəstəkləyir. Bu yaxınlarda ölkəmizi rəsmi səfərlə ziyarət etmiş Sloveniya Respublikasının prezidenti cənab Danilo Türk ölkə rəsmilərimizlə görüşü zamanı bunu bir daha dilə gətirmişdir.
Qeyd etmək istərdim ki, cənab Danilo Türk bir çox dövlət başçıları kimi İlyas Əfəndiyev Beynəlxalq Mükafatının laureatıdır. Bu münasibətlə mən Sloveniya Respublikasında olarkən prezident Danilo Türklə görüşüm zamanı onun Azərbaycana olan məhəbbətinin və xüsusən möhtərəm prezident İlham Əliyevə böyük hörmətinin bir daha şahidi oldum. Onun son dövrlərdə Azərbaycanda gedən iqtisadi, mədəni inkişaf proseslərini məhz prezident İlham Əliyev cənablarının apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirməsi məni məmnun etdi. Mükafatı qəbul edərkən, cənab Türk həmçinin qeyd etdi ki, İlyas Əfəndiyev Beynəlxalq Mükafatı beynəlxalq aləmdə tanınan nüfuzlu mükafatlardan biridir və bu mükafatın laureatı olmasından böyük məmnunluq hissi duyur. O xüsusi olaraq vurğuladı ki, bu mükafat Azərbaycanla Sloveniya arasında olan münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq edir, əlaqələrimizin daha əhatəli olması üçün geniş imkanlar yaradır. Sloveniya prezidenti Azərbaycan xalqının Birinci və İkinci Dünya müharibələri dövrlərində qəhrəmanlıq, şücaət göstərdiyini, buna görə azərbaycanlılara dərindən minnətdar olduğunu bildirdi. Cənab Türk bu qəhrəmanlığın bariz nümunəsi kimi daha çox Mixaylo adı ilə tanınan Mehdi Hüseynzadəni göstərdi.
Söhbət zamanı prezident Danilo Türk, qeyd etdi ki, dünyada əsasən diplomatik, siyasi və iqtisadi əlaqələrin yaranması və inkişafına, təhlükəsizliyinin gücləndirilməsinə daha çox diqqət ayrıldığı bir zamanda Sloveniya Azərbaycanla mədəni əlaqələrin inkişaf etdirilməsini də vacib sayır. Ümumiyyətlə Azərbaycanın tarixi, iqtisadi və mədəni nailiyyətləri Sloveniya üçün böyük maraq kəsb edir və ölkəmizin bu sahədə olan təcrübəsinin öyrənilməsinə ehtiyac vardır.
“Biz Qafqazda sülh və sabitliyin tərəfdarıyıq”, – deyən cənab Danilo Türk, burada yerləşən dövlətlərin inkişaf etməsi və çiçəklənməsində Azərbaycanın müstəsna rol oynayacağı qənaətində olduğunu bildirmişdir.
Sonda qeyd etmək
istərdim ki, Azərbaycan və Sloveniya arasında olan əlaqələr təkcə dövlətlərarası
münasibətlərlə bitmir. Azərbaycanda demokratik islahatların
gerçəkləşdirilməsinin bariz nümunəsi olan QHT sektorunun inkişafı üçün
yaradılan şərait,
QHT-lərin müxtəlif
ölkələrin, o
cümlədən Sloveniyanın
dövlət və qeyri-hökumət təşkilatları
ilə əməkdaşlığına
da geniş imkanlar açır.
Tural ƏFƏNDİYEV,
fəlsəfə doktoru,
İlyas Əfəndiyev Fondunun prezidenti
525-ci qəzet.- 2010.- 1 iyun.- S.7.