Tarzən Zamiq Əliyevin yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində
tanınmış tarzən,
xalq artisti, Zamiq Əliyevin 60 illik yubileyinə həsr olunan mərasim təşkil edilib. Yubilyarın 40 illik
yaradıcılığına həsr edilmiş videomaterialın nümayişi
ilə başlanan mərasimi giriş sözü ilə xalq şairi, Azərbaycan Aşıqlar
Birliyinin sədri Zəlimxan Yaqub açaraq, son illər ölkədə muğamın
inkişafından danışıb:
“Azərbaycan muğam
tarixində, Sadıqcandan
üzü bəri götürsək, bir-birindən
gözəl, bir-birindən
nüfuzlu, şəxsiyyətli
tarzənlərimiz çox
olub. Onların hər biri xalqın ürəyində
sevgi, məhəbbət
məbədi yaratmağı
bacarıb”. Z.Yaqub
Z.Əliyevi müasir dövrümüzdə tanınan,
sevilən, fəallığı
ilə fərqlənən
sənətkar, mahir bir tarzən kimi səciyyələndirib:
“Zamiq Əliyev öz yorulmaz fəaliyyəti ilə keçmişdən bizə
yadigar qalan milli ənənəni qorumaqla yanaşı, daim yeniliyə, müasirliyə can atan bir ifaçıdır. Bunun nəticəsidir ki, Zamiq Əliyevin ifaları həmişə
sevilə-sevilə dinlənilir”.
Tədbirdə akademik
Vasim Məmmədəliyev,
xalq artistləri Habil Əliyev, Arif Babayev və
başqaları çıxış
edərək Zamiq Əliyevin mənalı ömür yolundan, istedadlı tarzən kimi Azərbaycan musiqisinin, xüsusilə milli muğamlarımızın
beynəlxalq aləmdə
təbliği istiqamətində
yorulmaz fəaliyyətindən,
bir pedaqoq kimi yeni ifaçılar
nəslinin yetişməsi
sahəsində xidmətlərindən
söhbət açıblar,
onu əlamətdar yubiley münasibətilə
təbrik edərək
yeni yaradıcılıq
uğurları arzulayıblar:
“İndiyədək dünyanın
50-dən çox ölkəsində
Azərbaycan musiqisini böyük həvəslə
təbliğ etmiş
tarzən Zamiq Əliyev bu gün də ənənəsinə sadiqdir”.
Yubilyar gecənin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib, bundan sonra da milli
musiqimizin inkişafı,
təbliği sahəsində
fəaliyyətini davam
etdirəcəyini vurğulayıb:
“Mənim ən yaxın sirdaşım olan tar Azərbaycan xalqı durduqca duracaq və heç zaman kökdən düşməyəcək”.
Mərasim tanınmış sənətkarların ifasında
geniş konsert proqramı ilə başa çatıb.
Mərkəzin foyesində yubilyarın
həyat və yaradıcılığına həsr
edilmiş fotosərgi
də nümayiş etdirilib.
SARA
525-ci qəzet.-
2010.- 2 iyun.- S.7.