“Rəsul Rzanın söz dünyası” Gəncədə

 

Gəncə şəhər Mərkəzi Kitabxanasının oxu zalındaRəsul Rzanın söz dünyasıadlı ədəbi-bədii gecə keçirilib. Tədbir xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunub.

Tədbiri Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva açaraq prezident İlham Əliyevin R.Rzanın 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb: “Ölkə başçısının imzaladığı bu sərəncam mədəniyyətimizə göstərilən böyük dövlət qayğısının daha bir təzahürüdür”. R.Rza poeziyasının qüdrətindən söz açan E.Əliyeva şairin keçdiyi həyat yolunu, onun daxili aləminin qədər zəngin olduğunu, hansı arzularla yaşadığını, qarşısına kimi məqsədlər qoyduğunu daha aydın hiss etmək, həyat yolunu qayğı ilə, məhəbbətlə öyrənmək üçün onun əsərlərinin ən yaxşı mənbə olduğunu vurğulayıb: “Ədəbiyyatımızın qüdrətli sənətkarlarından olan Rəsul Rzanın yaradıcılığı bugünkü gələcək nəsillərimizin tərbiyəsində mühüm rol oynayır”. Şair Məmməd Alim çıxışında Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran R.Rzanın yarım əsrə yaxın dövr ərzində yüksək dəyərli bədii nümunələr meydana gətirməsindən, respublikanın elmi-mədəni həyatında yaxından iştirakından, dolğun və səmərəli ictimai fəaliyyətindən danışıb.

Professor, folklorşünas Sədnik Paşa Pirsultanlı xalq şairi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Gecədə Gəncə mədəniyyət və turizm idarəsinin baş inspektoru Bəxtiyar Muradov, 27 saylı məktəbin müəllimləri, yazarlar çıxış ediblər. Mərasimdə şairin sözlərinə yazılmış mahnılar ifa olunub. Ədəbi-bədii gecədə R.Rzanın “Gəncə” şeirinə bəstələnmiş mahnı da səsləndirilib.

Sonda iştirakçılar yubilyarın həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 2 iyun.- S.7.