Daş yağan gün
Roman
(Əvvəli ötən saylarımızda)
Arsen:
– Əlbəttə, millətlə
millətçiləri qarışdırmaq istəməzdim. Əks-təqdirdə
ədalətsizliyə yol vermiş olardım,
babalarımın ruhu məni bağışlamazdı. Müsəlmançılığı
qəbul etmək fikrinə düşsəm də, əslən
erməni olduğumu dana bilmərəm. Belə bir deyim var ki, əslini
danan haramzadadır. Buna baxmayaraq, içimizdə olan insan qiyafəli
iblislərə, qonşusuna xəyanət etməyi
özünə şərəf bilən, şərəfsizlərə
görə xəcalət çəkirəm. Ulu babalarım
vaxtilə Suriyada yaşayıb, oradan da Türkiyəyə
mühacirət edəndən sonra dünyalarını dəyişiblər.
Əsrin əvvəllərində babam Manuk Manuçaryan Ermənistana
qayıdıb. Bayaq adını çəkdiyiniz Gorus rayonunda
məskunlaşıb. Nə gizlədim, atamın deməsinə
görə mənim babam və əmilərim də
daşnakların fitnəsinə uyub, onların silahlı dəstələrinə
qoşulublar. Azərbaycan kəndlərinin yerlə-yeksan edilməsində,
insanların amansızlıqla qətlə yetirilməsində
onların da əli olub. Mən bunu gizlətmək istəməzdim.
Aylar, illər keçdikdən sonra Sovet hökuməti
zühur etdi. Hər yerdə əmin-amanlıq yarandı...
Atam Bağdasar tibb təhsili alandan sonra iş elə gətirdi
ki, onun təyinatını yandırılıb,
uşaqlı-böyüklü qırılmasında
babamın və əmilərimin iştirakı olan
Çarhovuzlu kəndinə verdilər. Bunu biləndə ailəmiz
yasa batdı. Ata babalarımın yandırıb
dağıtdığı Azərbaycan kəndində həkim
işləməyin nə demək olduğunu təsəvvür
etmək çətin deyil. Atam anlayıb başa
düşürdü ki, Çarhovuzluya işə getmək
ailəliklə ölümün qucağına atılmaq deməkdir.
Bu qorxu hissi atamı, anamı, bacı-qardaşlarımı
vahiməyə salmışdı. Lakin Sovet hökumətinin dəmir
qanunlarından kənara çıxmaq olmazdı. Atam
Çarhovuzlu kəndindəki tibb məntəqəsinə
baş həkim getməyə məcbur idi. Əks təqdirdə
işdən imtina maddəsi ilə cəzalandırıla bilərdi.
Atam bu barədə çox baş sındırdı. Lakin
çıxış yolu tapa bilmədi. Axır ki, atam
Bağdasar könlü olmadan, məcburiyyət
qarşısında qalıb Çarhovuzluya köçməli
oldu. Çarhovuzluların sağ qalanları sonradan
yurd-yuvalarına dönüb, kəndi bərpa etsələr də,
sahibsiz evlərin uçuqları göz dağı kimi hələ
də dururdu. Bizə kəndin kənarında, üzü dərəyə
baxan Səfiyar adlı bir nəfərin evini verdilər. Dedilər
ki, o vaxt ermənilər Səfiyarın özünü də,
arvad-uşaqlarını da qırıblar. Ev isə salamat
qalıb. Biz qorxu içində, belə bir sahibsiz evdə
yaşamalı olduq. Fürsət düşən kimi
Çarhovuzluların atamdan qisas alacağına şübhə
etmirdik. Ona görə də ehtiyatlı olmağa
çalışırdıq. Günün qulağı batan
kimi evə girib yolağanın dalına iri kötük, bir
neçə ağır daş qoyurduq. Otağın
qapısını arxadan bağlayırdıq. Atam ov tüfəngini
doldurub hazır vəziyyətdə taxtın başına
söykəyirdi. Gecələr həyətdən bir
şıqqıltı gələn kimi təşvişə
düşürdük. Atam haradansa ayı boyda bir köpək
tapıb gətirmişdi. İti gündüzlər həyətin
uzaq küncündə, gecələr dəhlizin dirəyinə
bağlayırdıq. İt çox sərt idi. Zəncirdən
açılsa bir göz qırpımında adamı
parça-parça edərdi. Bircə anamı, səhər-axşam
yal verdiyi üçün tanıyıb yaxın qoyurdu. Atama
da dinmirdi. Bilirdi ki, sahibidir. Bizə
mırıldadığına görə ona səmt
düşmürdük. Bir sözlə, qorxu içində
yaşayırdıq. Sahibi ermənilər tərəfindən
öldürülən, gəbəsi, kilimi,
yorğan-döşəyi qarət olunan bir evdə
yaşamağın nə qədər əzabverici olduğunu
anlayırdıq. Kim bilir, bəlkə də zavallı Səfiyarın
əzab-əziyyətlə tikdiyi bu ev, o vaxt elə mənim
babamın əli ilə tarmar edilib. Bir dəfə çəpərin
o üzündə dayanıb qonşusu ilə söhbət edən
yaşlı kişinin dediyi sözlər indi də
qulağımdan getmir. Kişi barmağını
yaşadığımız evə tərəf tutub, kədərli
ah çəkdi:
– Fərhad ölüb,
külüngünün səsi gəlir, – dedi. – Səfiyarın
qılıncının dalı da kəsirdi, qabağı da.
Ermənilərin tifaqı dağılsın. İndi onun
tüstüsünü yadlar, yağılar
çıxardır. Ona-buna iynə vurub, dərman verən bir
erməni həkimi Səfiyarın evinə yiyəlik eləyir.
Cəfasını çəkən Səfiyar, səfasını
görən, hardansa azıb-təzib gələn Bağdasar həkim.
Mən bu sözləri anama danışanda rəngi
qaçdı. – Atan Bağdasarın başına göydən
bir daş düşsün, – dedi. – Əvvəldən
yaxamı yırtdım ki, a kişi, atanın
çarhovuzlulara vurduğu yaralar hələ sağalmayıb,
sən hansı üzlə ora həkim gedirsən?!
Bağdasar, başına kül olmuş, sözümə
baxmadı. Dedi ki, arvadsan, arvad yerində otur, mənim işimə
qarışma. Hökumətlə hökumətlik eləyə
bilmərəm. Təyinatım hara verilibsə, ora da getməliyəm.
Bir də ki, əvvəllərə baxma, indi Sovet hökumətinin
vaxtıdır. Qurd quzuyla otlayır. Heç kəs bizə dəyib-dolaşa
bilməz. Hamı qanundan qorxur. Anam bu sözləri deyəndən
sonra mənə, bacı-qardaşlarıma dönə-dönə
tapşırdı ki, gündüzlər uzağa getməyin,
qaranlıq düşməmiş evdə olun. Gündə-günaşırı
qonşu kəndlərdən gəlib atamı ata-qatıra
mindirib xəstə üstünə aparırdılar. Xəstə
sahibləri heç vaxt atamı əliboş yola
salmırdılar. Hər dəfə atam dolu xurcunla
qayıdırdı. Evdə yağı, pendiri, əti,
düyünü qoymağa yer tapmırdıq. Atam
çarhovuzluların gəlmə adamlara, xüsusilə bir həkim
kimi onun özünə göstərdiyi qonaqpərvərliyindən
yerdən-göyəcən razıydı. Anamın qorxuya
düşməsinə baxmayaraq, kənddə bizə dəyib-dolaşan
olmurdu. Əksinə, qərib, həm də həkim
uşaqları kimi qocalı-cavanlı hamı hörmətimizi
saxlayırdı. Kəndə isinişdikcə, qəlbimizdəki
qorxu xofu, camaatın bizə olan rəğbəti
qarşısında əriyib, günbəgün yox olurdu. Yaz
girəndə hər çərşənbə axşamı
bütün həyətlərdə tonqal alovlanırdı.
Atam bizi başa saldı ki, müsəlmanların Novruz
bayramıdır. Həmin əziz gecələrdə
qapımız tez-tez döyülürdü. Hamısı da əli
pay-püşlü. Həyətdə qoyun-quzunun,
çolpanın, toyuğun əlindən tərpənmək
olmurdu. Anam bizə göndərilən bayram sovqatını
yığıb-yığışdıra bilmirdi.
Hamımız çarhovuzluların insanpərvərliyinə
məəttəl qalmışdıq. Nə gizlədim, bizlərdə
qonşu qonşuya acı bibəri də qıymır. Elə
bil cənnətə düşmüşdük. Sevindiyimiz qədər
də bu mərd insanların qarşısında vicdan əzabı
çəkirdik. Babalarımızın vaxtilə bu kənddə
törətdiklərini xatırladıqca
özümüz-özümüzə nifrət edirdik.
Anamın əvvəlki qara fikirləri alt-üst olmuşdu. O,
indi ayrı cür danışırdı. Deyirdi ki, müsəlmanların
belə açıq qəlbli olduğunu bilməzdim.
Onların bu cür insanpərvərliyinin şahidi olduqca, əriyib
yerə girirdik. Atam bir gün kolxozun çobanını
çağırıb iti ona bağışladı. Dedi ki,
yaxşı itdir. Ancaq həyət-bacanı korlayır. Arvad
zir-zibilini təmizləyə bilmir. Yolağamız da gecə-gündüz
açıq qalırdı. Bizə qoruq-qadağa yoxuydu.
İstədiyimiz vaxt, istədiyimiz yerə gedirdik. Az vaxt ərzində
Azərbaycan dilini tərtəmiz öyrəndik. Ailəmizdə
azərbaycanca danışırdıq. Anamın Gorus şəhərində,
yüksək vəzifədə işləyən yaxın
qohumu bir gün atama sifariş göndərdi ki, burada yeni xəstəxana
açılıb, həkim axtarırlar. Sənin
üçün yer saxlamışam, təcili gəl,
yaxşı da maaşı var. Nə atam, nə də anam buna
razı olmadı. Çünki Çarhovuzluda günlərimiz
olduqca xoş keçirdi. Atam bizi Çarhovuzluda Azərbaycan
məktəbində oxutdurdu. Atamla anam həmişə öz
aralarında müsəlman camaatının alicənablığından
danışırdılar. Atam iyirmi ilə yaxın
Çarhovuzluda işlədi. Artıq kənd camaatına
qaynayıb-qovuşmuşduq. Bir çətinə düşəndə
Məhəmməd peyğəmbəri imdada
çağırırdıq. Qış düşəndə
odun-ocaqdan çətinliyimiz olmurdu. Hamısını kənd
camaatı verirdi. Çarhovuzluda yaşadığımız
müddətdə bir dəfə də olsun,
yağ-yavanlıq üçün dükan-bazara getməmişik.
Buna ehtiyacımız da olmurdu... Qəribədir,
Çarhovuzlular ermənilərin bu kənddə törətdiklərini
əsla dillərinə gətirib üzümüzə
vurmurdular. Halbuki yandırılan onlarla evin uçuqları hələ
də dururdu. Çarhovuzlular olub-keçənləri
artıq közərtmirdi. Bu, bizi təəccübləndirirdi.
Arsen Manukyan həyəcanlandığından
sifətini tər basmışdı. O, cib dəsmalını
çıxarıb üzünü silərək sözünə
davam erdi:
– Başına gələnləri
Rövzətə danışanda Çarhovuzludakı günlərimi
xatırladım. Orda kəsdiyim çörək, atamın
camaatla olan haqq-salamı gəldi durdu gözümün
qabağında. Qəlbimdə millətimin nanəcib millətçilərinə
nifrət etdim. Bir insan kimi sizdən eşitdiklərimə
ürəyim tab gətirmədi. Əhvalım korlandı,
halım pisləşdi. Oturduğum stuldan aşdım.
Güclə özümü düzəldib ayağa
qalxdım. Və hiss etdim ki, düşdüyüm vəziyyət
Rövzətlə səni də narahat etdi. Yəqin fikirləşmisiniz
ki, ermənilər barədə dediklərinizi başa
düşmüşəm. Və tez-gec bunun hayfını sizdən
çıxa bilərəm. Ona görə belə qərara gəldim
ki, bu bazar günü heç yana getməyim, sizinlə
ayrılıqda görüşüb, əvvəlcə dərindən
tanış olum. Sonra təklikdə açıq-saçıq
danışaq, heç birimizin qəlbində qaraltı
qalmasın. Bir-birimizdən şübhəli gəzib
dolanmayaq. Həm də millətimi erməni daşnakları ilə,
nə bilim, andraniklərlə qarışıq salmayasan.
Çarhovuzluda eşidib gördüklərimdən sonra ermənilərlə
azərbaycanlılar arasında ayrı-seçkilik qoysaq,
müsəlmanların çörəyi bizə qənim olar.
Onu heç Allah da qəbul etməz.
Komandirin bu sözlərindən
sonra əsgərin qırışığı
açılsa da, sinəsinə çəkilmiş
çalın-çarpaz dağların
sızıltısı getməmişdi. Onlar bir-birini başa
düşdüklərini etiraf edib səmimiyyətlə
ayrıldılar.
lll
Gecədən xeyli
keçmişdi. Hərbi hissənin yataq otaqlarında
işıqların çoxu sönmüşdü. Arsen
Manukyan bayaqdan bəri oxuduğu jurnalı qatlayıb kənara
qoydu. Və havasını dəyişmək üçün
fikirli-fikirli həyətə çıxıb bir siqaret yandırdı.
Kənardan görünməsin deyə yaşadığı
binanın arxa tərəfinə keçib, qaranlıq döngədə
var-gəl etməyə başladı. Divar boyu cərgələnən
ağacların arasından qəfil peyda olan qaraltı onu
diksindirib daxili düşüncələrindən
ayırdı. Qaraltı ona tərəf irəliləyib
ağacların arxasına keçdi. Və xəstəhal
adamlar kimi öskürüb xırıltılı bir səslə:
– Arsen, – onu
çağırdı.
Arsen xoflandığından,
səsini çıxara bilmədi, bədəni key kimi oldu.
Sanki birdən-birə onu ildırım vurdu.
– Niyə dillənmirsən,
Arsen, babanı tanımadın?!
Arsen özünü güclə
ələ alıb:
– Bir deyin görüm,
axı siz kimsiniz?! Gecənin bu vaxtı kimi
axtarırsınız?!- Dili dolaşa-dolaşa naməlum şəxsə
çətinliklə cavab verdi.
– Unutmusan məni, Arsen. Baban
Manuku nə tez yaddan çıxartdın?! Mən Manukam, Manuk.
Bağdasarın atası. Sənin baban Manuk!
Arsenin bədəni əsdiyindən
heç nə deyə bilmədi. – Yəqin məni qara
basır! Yox, ola bilməz, babam Manuk çoxdan
dünyasını dəyişib. İndi onun sümükləri
də çürüyüb. Bəlkə məni izləyən,
yaxud nə isə demək istəyən onun ruhudu, yoxsa cindi,
şeytandı?!
– Arsen! Əqidəmizdən
dönmüsən! Səndə ermənilikdən əsər-əlamət
qalmayıb. Müsəlmanlara yıxılmısan! Nəcəf
adlı müsəlman gədəsi ilə olan söhbətinizdən
ruhum halıdır. Həmin andan səni biryolluq itirdim. Nəslindən-kökündən
ayrı düşmüsən, Arsen! Eşit, agah ol ki,
artıq sənə nifrət edirəm. Baban Manukun ruhu sənə
qənim olsun, Arsen! Qoyduğum yoldan uzaqlaşmısan... Bir
türk çobanının qarşısında aciz
qalmısan. Onun ağzını yummaq əvəzinə bircə
o qalmışdı ki, bizi Osmanlı torpağında
qırıb-çatan türk törəməsinin
başına sığal çəkəsən. Yəqin ki,
ixtiyar sahibi olsaydın, onun sinəsindən medal asardın.
Amma unutma ki, vaxtilə Çarhovuzlunu dağıdanların
qabağında gedənlərdən biri də mən idim. Səfiyarın
başını bu əllərimlə kəsdim. Bax, bu əllərimlə!
Arvadını, yeddi uşağını öldürüb,
meyitlərini yandıran da mən olmuşam, mən! Baban Manuk!
Əli türk qanına batmayan erməniyə, Andranikin
uyuduğu cənnətdə yer yoxdur. Ona görə də
daşnakların yatdığı cənnətin bütün
qapıları baban Manukun üzünə açıqdır.
Mən burda özümü yaxşı hiss edirəm, Arsen!
Tökdüyüm müsəlman qanının ləkələri
saxladığınız soyxamdan getməyib.
İnanmırsansa, get o soyxamın qanlı ləkələrinə
bir də diqqətlə bax. Ona görə də
özümü xoşbəxtlərin xoşbəxti hesab edirəm.
Sənsə... Türk gədəsi ilə dostluq əlaqəsi
yaratmaq niyyətinə düşmüsən! Niyə belə
satqın, dönük çıxdın, Arsen?! Axı, sənə
belə tərbiyə verməmişik. Az qala erməniliyini də
danmaq istəyirsən, Arsen! Çarhovuzluların atan
Bağdasara, bacı-qardaşlarına etdiyi
yaxşılıqlara görə, mən özüm də gec
də olsa, azərbaycanlılara divan tutmağımdan
peşman olmaq, o millətə qarşı rəğbət bəsləmək
niyyətinə düşmüşdüm. Ancaq Andranikin,
Nijdehin, Hamazasın, Dronun... ruhları sən Arsenlə, mən
Manukun belə bir fikrə gəlməyimizdən agah olandan bəri
günüm qaradır. Ətimi şişə taxırlar. Mənə
rahatlıq vermirlər. Yatdıqları cənnətdən
qovub, cəhənnəmin oduna, alovuna atmaq istəyirlər. Nəcəflə
yaxınlıq eləyəndən bəri mənə, təsəvvürə
gəlməz zülmlər eləyirlər, Arsen! Baban Manukun
ruhu xatirinə azərbaycanlılara inanıb, onlara
yaxınlıq etmək fikrini bu gündən, lap elə bu
axşamdan başından çıxart! Nə qədər o
millətdən uzaq gəzib dolaşsan, yatdığım
torpağın altında bir o qədər rahat olaram. Baban
Manuka rəhmin gəlsin, Arsen! Bacarsan o Nəcəfi məhv
et, getsin. Qoy bu əbədiyyət dünyasında dilim uzun,
başım uca olsun. Cənnətdən qovulub, cəhənnəmin
əzablarına düçar olmayım. Qarşında diz
çöküb yalvarıram sənə, Arsen! Yalvarıram!
Arsen ağzını
açıb nə demək istəyirdisə, kölgə qeybə
çəkildi. Azərbaycanlılara qarşı, qəddar hərəkətlərinə
görə ad çıxaran Manukun ruhu gecənin dərinliyinə
çəkilib yox olandan sonra, Arseni əhatə edən
binalar, arx boyu cərgələnən ağaclar insan qiyafəsində
onun üstünə hücum çəkdilər. – Mən
Andranikəm! Mən Nijdehəm! Mən Hamazasam! Mən
Droyam!... – Onlar da ağız-ağıza verib Arsenin
üstünə hücuma keçdilər. Arsen vahimələnib
instinktiv olaraq qışqırmaq istədi. Lakin kənardan
eşitməsinlər deyə bir təhər özünü ələ
aldı. Onlardan yaxa qurtarmaq üçün iti addımlarla mənzilinə
tərəf yönəldi. Qapını açıb içəri
daxil oldu. Onun bədəni hələ də əsirdi. Ürəyi
qəfəsdəki quş kimi çırpınırdı.
Bir qurtum su içib çarpayısına uzandı. Gözlərini
otağın tavanına zilləyib fikrə getdi... – Yəqin
babalarımın ruhu, Nəcəflə bu günkü
danışığımızı duyub-
düşündü. Sübhə qədər onu təhdid edən
bu qorxudan necə xilas olacağı barədə
düşündü.
(Ardı var)
Əli İLDIRIMOĞLU
525-ci qəzet.- 2010.- 2 iyun.- S.7.