Dubay – müasir dövrün möcüzəsi

 

Deyirlər pul hər şeyi həll edir. Amma pulu düzgün istiqamətləndirmək üçün ağıl və zəkanın olması da önəmlidir. Bu zaman istədiyin nəticəni ala bilərsən. Hətta səhrada cənnət belə yaradarsan. Örnəyi bu gün bütün dünyada məşhur olan və hamının görməyi arzuladığı Dubaydır. 1971-ci ildə Böyük Britaniya Dubay protektoratından imtina etdikdən sonra, bura Birləşmiş Ərəb Əmirliyinin 7 əmirliyindən birinə çevrilib. Və 20 ildən artıq müddət ərzində qurulmağa başlayan Dubay bu gün bütün dünyada iri ticarət, maliyyə və turist mərkəzi kimi tanınır. Dubay əmirliyinin cəmi 1,5 milyondan artıq əhalisi var. Ancaq hər sutkada bura təxminən 1 milyon turist gəlir. Şəhərdə etnik ərəblərin sayı 20 faizi keçmir, 10 faizi avropalı, yerdə qalanları isə induslar, pakistanlılar, filippinlilər, nepallılar və digər ölkələrin vətəndaşlarıdır. Ərəblərdən və avropalılardan fərqli olaraq digər millətin nümayəndələri əsasən xidmət sahələrində, tikintidə, sənayedə və digər fiziki qüvvə tələb edən sahələrdə çalışırlar

 

 MÜASİR DÖVRÜN MÖCÜZƏSİ

 

Dubayda nə Misir ehramları, nə Böyük Çin səddi, nə də minilliklərdən dövrümüzə gələn başqa möcüzələr var. Dubayda insanı heyrətləndirən elə müasir dövrdə yaradılan möcüzələrdir. Bu müasir dövrün möcüzəsini görmək imkanını isə azərbaycanlı jurnalistlərə artıq ikinci dəfə idi ki, “fludubay”şirkəti yaradırdı. 17 nəfərlik azərbaycanlı jurnalist qrupun Dubaya səfəri mayın 21-25-nə kimi davam etdi.

Bakıdan Dubaya uçuş 2 saat 50 dəqiqədir. Amma bilmirəm “fludubay”la uçmağın rahatlığından, yoxsa jurnalist qrupu ilə yolçuluq səbəbindən idimi, gözümüzü açıb yumanda artıq özümüzü Dubayda gördük. Şəhərin hava limanı çox nəhəngliyi ilə yanaşı, həm də səliqəli, təmiz olması ilə diqqətimizi çəkdi. Hava limanında müştərilərə xidmət göstərən işçi heyəti hamısı milli geyimdə idi. Ümumiyyətlə, Dubayda bütün ərəb kişiləri milli geyimdə, qadınlar isə çarşabdadırlar.

Aeroportda qısa göz müayinəsindən sonra hava limanını tərk edib, bizi gözləyən maşınlarla qruplara bölünüb qalacağımız “Premeir İnn”otelə gedirik. Hava limanından otelə təxminən 15 dəqiqə yoldur. Elə Dubayla bağlı aeroportdan başlayan ilk təəssüratlarım yollardan davam edir. Gecə olsa da şəhərin küçələri gur işıqlı olur. İşıq şüaları altında isə şəhərdə yaşıllıqları seyr etmək çətin deyil. Baxmayaraq ki, bu vaxtlar Dubayda istilik 40 dərəcəni belə keçir, amma yaşıllıqlar, səliqə ilə sıralanan palma ağacları, Azərbaycanda dibçəkdə yetişdirdiyimiz güllərin böyük ağacları, kolları adama zövq verməklə yanaşı, həm də təəccüblədirirdi. Bakıda böyük xərc hesabına xarici ölkələrdən gətirilən gül şitillərini elə əkilən gün görürük, səhəri həmin güllər solub, torpağa yapışırlar. Deməli, hər şey diqqətdən və işə məsuliyyətlə yanaşmaqdan asılıdır.

Dubayda yollar çox geniş və hamardır. Yolların rahatlığı sükan arxasında əyləşən sürücülərin də təhlükəsizliyini təmin edir. Çətin ki, belə yollarda qəzalar baş versin. Dubayda qaldığımız müddət ərzində şəhərdə bir polis belə gözümüzə dəymədi. Bütün dünyanın mübarizə apardığı tıxac problemini də Dubay yaşamır. Baxmayaraq ki, şəhərdə xarici avtomobillərin sayı hesabı yoxdur. Dubayda həm də çoxsaylı körpülər var. Amma şəhərdə olarkən yeni körpülərin tikildiyinin də şahidi olduq. Bu yeni tikilən köpülər nə şəhərdə hərəkətə mənfi təsir edir, nə də Bakıda olduğu kimi iş gedən müddətdə ətrafı toz duman bürüyür...

 

QISA YOLUNUZU UZUN ETMƏK İSTƏMİRSİNİZSƏ...

 

Qrupumzun yerləşdiyi “Premier İnn” oteli üç ulduzlu olsa da, düzü bu otel başqa ölkələrdə qaldığım 4-5 ulduzlulardan demək olar ki, fərqlənmirdi. Oteldə müştərilərin rahatlığı üçün bütün şərait yaradılıb, girişdə internetə qoşulan kompüterlərdən istifadə isə pulsuzdur. Oteldə bir gecə 100 dollardır, bura səhər yeməyi də daxildir. Həm “Premier İnn”də, həm də Dubayda digər otel, restoran ticarət mərkəzlərində çalışanların əksəriyyəti hindlilər, pakistanlılar və çinlilərdir. Onları bu sahəyə elə belə qəbul etmirlər. Bunun üçün xüsusi kurslar keçilməlidir. Məsələn, Dubayda məşhur rəqs edən fontanların əhatəsində yerləşən restoranda çalışan əslən türk olan Akın deyir ki, ofisiant kimi çalışmaq üçün əvvəl mətbəxdən başlamalısan. Hazır olanda isə ofisiant işinə qəbul olunursan. Akın ayda 2 min dirhəm, təxminən 600 dollar məvacib alır. Amma qalmaq və yemək xərcləri də ödənilir. Burada çalışmaq üçün ingilis dilini mütləq bilməlisən. Çünki Dubayda istər otel, restoranlarda, istərsə də ticarət mərkəzlərində hamı ingiliscə danışır. Şəhərdə taksi sürücülərini demək olar ki, hamısı pakistan və hindistanlılardır ki, onlarla da ünsiyyəti igiliscə qurmalısan. Düzdür, başqa dildə də fikrini başa sala bilərsən. Amma bəzən sürücülər tərəfindən aldadıla da bilərsən. Dubayda taksi xidmətləri o qədər də baha deyil. Bütün taksilərdə taksometrlər quraşdırılıb. Getdiyin yeri söyləyib və taksometrdə göstərilən qiyməti ödəyib, çek alırsan. O zaman oxucular deyə bilər ki, belə qaydalar varsa, onda necə aldana bilərlər? Bunun sadə cavabı var. Qısa yolunuzu uzun etməklə. Yəni sürücü sizi mənzil başına daha uzun məsafə qət etməklə çatdıra bilər ki, bu da əlavə xərc deməkdir. Şəhəri tanımayan və ingilis dilini bilməyən həmkarlarımızdan iki nəfər taksiyə əyləşib və sürücünü birtəhər başa salıblar ki, ticarət mərkəzinə getmək istəyirlər. Sürücüdə eləməyib tənbəllik onları xeyli şəhərdə fırladıb, sonra da 200 dirhəm, təxminən 60 dollara yaxın pul alıb. Üstəlik çek də verməyib. Ona görə taksiyə əyləşəndə əvvəlcədən vaxtımızın az olduğunu və bizi qısa yolla ünvana çatdırmağı sürücüyə bir neçə dəfə xatırladırdıq.

Səfərimizin ilk günü proqrama uyğun olaraq “Madinat Jumeirar” kompleksinə baş çəkdik. Ümumiyyətlə, təşkilatçılar tərəfindən səfər proqramımıza maraqlı görüşlər, əyləncələr daxil edilmişdi. “Madinat Jumeirar” Dubayda məşhur oteldir, burada eyni zamanda restoranlar, antik əşyaların satıldığı ticarət mərkəzi, süni yaradılmış göl ətrafında istirahət parkı var. Ərazini gəzmək üçün bir neçə saat lazımdır. Ərəb elementləri ilə zəngin olan antik əşyaların, geyim və baş örtüklərinin satıldığı ticarət mərkəzi elə özü də qədimdir. Burada daha çox turistlər gözə dəyirdi. Onların arasında bir neçə azərbaycanlıya da rast gəldik. Dubayda başqa ticarət və əyləncə mərkəzində də azərbaycanlıları görmək olurdu. Onların bəziləri hər il istirahət üçün Dubaya gəldiklərini bildirirdilər.

Dubayda bir ticarət mərkəzinə baş çəkmək kifayət edir ki, bütün istəklərini yerinə yetirəsən. Amma fərqli əyləncələr axtaranlar bütün mərkəzlərə baş çəkmək zorundadırlar. Çünki hər bir ticarət mərkəzində maraqlı əyləncə ilə qarşılaşırsan. Əyləncə sevənlər, ən başlıcası

 

UÇMAQ İSTƏYƏNLƏR i-FLU-YA MÜTLƏQ BAŞ ÇƏKİN

 

i-FLU “Mirdiff Siti Senter”də yerləşir. Bu böyük ticarət mərkəzinin “Playnatşon”adlanan bölməsində uşaqlarınızı da maraqlı istirahət və əyləncə gözləyir. Amma əvvəlcə i-FLU barədə. Uçmaq istəyənlər ticarət mərkəzində şəffaf örtüklə əhatələnən xüsusi əraziyə daxil olurlar. Amma uçuşdan əvvəl trenirlər qaydaları izah edir, sonra xüsusi geyimlə uçuş ərazisinə daxil olursan. Nə qədər hərəkətlərə düzgün əməl etsən, o qədər hündürə uça bilərsən. Uçuş zamanı trener də yanınızda olub, hərəkətlərinizi düzgün istiqamətləndirir. Uçuş ərazisinə tor döşənib, ona görə aşağını görmək mümkündür. Bəzi həmkarlarımı da aşağı baxanda məhz bu qorxutmuşdu. Çiynində problemi olanlara uçmaq məsləhət deyil. İnsanın uçan zaman nə hiss etdiyini bilmək istəyirsinizsə, bu hisslər müxtəlif olur. Məsələn, həmkarlarımdan bəziləri qorxu, bəziləri yüngüllük hiss etdiklərini, bəziləri isə sanki göyün yeddinci qatında olduğunu deyirdilər. Onu da qeyd edim ki, burada böyüklərlə yanaşı uşaqlar da uça bilərlər.

İndisə “Playnaton” barədə. Burada geniş əraziyə malik uşaqların müxtəlif oyunlar və yarışlar keçirməsi üçün attraksionlar, yelləncəklər, oyun kabinələri quraşdırılıb, balacaların məntiqi biliklərini yoxlamaq üçün oyuncaq aparatlar qoyulub. Müxtəlif oyuncaq heyvanlar var ki, onları xüsusi yerə qoyursan və həmin heyvanın səsini eşidirsən. Yaxud lövhəyə istənilən adı yazıb, düyməni basmaqla həmin ad səsləndirilir. Mərkəzin meneceri Yuliya Diboş kompleksin yaradılması ideyasının ona məxsus olduğunu deyib. Diboşun sözlərinə görə, burada 2 – 7 yaşarası uşaqların istirahət edə bilməsi üçün bütün şərait var. Qeyd edək ki, burada uşaqların istirahəti müddətsizdir və bu zaman valideynlərin iştirakı vacib deyil. Yəni onlar nəzarətsiz buraxılmırlar. Əyləncənin qiymətinə gəldikdə isə menecer bunun 1 gün üçün 1300 dirhəm olduğunu dedi. Bura böyüklər üçün də o qədər maraqlı idi ki, biz jurnalistlər də uşaqlar üçün yaradılan imkanlardan yararlandıq...

Mərkəzdə süni stadion da yaradılıb. Stadiona daxil olanda alqış səsləri gəlir, sonra isə oyunçular çıxır. Göydən isə toplar tökülür. Əgər həmin topları oyunçulara vura bilsən, bununla da qələbə çalırsan.

 

AZƏRBAYCAN LÜLƏKABABI LİVAN MƏTBƏXİNDƏ

 

Gəzib yorğunluğumuzu çıxarmaq üçün də uzağa getmədik. Mərkəzdə 20-yə yaxın ölkənin milli mətbəxi təqdim olunur. Burada hərə öz zövqünə uyğun yemək növü seçə bilərdi. Həmkarlarımdan bəziləri dolma, bəziləri plov arzulayırdılar. Düzdür, bu yeməklər əcnəbi mətbəxlərdə təqdim olunurdu. Amma dadını bildiyimizdən onlardan sifariş etmirdik. Demək olar ki, bütün ticarət mərkəzlərində “MCDonalds” yeməklərini, Çin, Livan, türk, hind, İran, yunan və s. ölkələrin mətbəxləri təqdim olunsa da, zənginliyi ilə fəxr etdiyimiz Azərbaycan mətbəxinə rast gəlmədik. Əvəzində, Azərbaycanın milli yeməyi olan lüləkabab Livan mətbəxində təqdim olunurdu. Dubayda azərbaycanlılar sözsüz ki, müxtəlif sahələrdə iş qurublar. Hər halda ölkənin tanıdılması kiçik elementlərdən başlayır. Bütün dünyanın axışdığı Dubayda Azərbaycan mətbəxini yaratmağın nəyi pisdir ki?!

 

 

(davamı növbəti sayımızda)

 

 P.SULTANOVA 

 

525-ci qəzet.- 2010.- 2 iyun.- S.7.