1 İyun Uşaqları Beynəlxalq
Müdafiə Günü
silsilə tədbirlərlə
qeyd olunub
Ölkənin müxtəlif mədəniyyət ocaqlarında 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Uşaq İncəsənət Festivalı-2010” mövzusunda xeyriyyə tədbiri olub.
Muzeyin direktoru, professor Çingiz Fərzəliyev uşaqları bayram münasibətilə təbrik edərək hamını festivalda fəal iştiraka çağırıb: “Bir ömrü xilas etsən, bütün dünyanı xilas etmiş olarsan” devizi altında keçirilən tədbirin məqsədi respublikamızda fəaliyyət göstərən beynəlxalq icmalar təmsil edən yaradıcı uşaqlarla azərbaycanlı uşaqların birgə təcrübə və fikir mübadiləsi üçün şərait yaratmaq, uşaqlarda humanizm və vətənpərvərlik hissləri oyatmaq, onları xeyriyyə aksiyalarına cəlb etməkdir”. Sonra balacalar dünya xalqlarının milli geyimlərini nümayiş etdiriblər, ingilis dilində mahnılar oxuyublar. “Xoşbəxtlik planeti” adlanan satış-sərgidə uşaqların yaradıcılıq işləri nümayiş etdirilib. Tədbirdən əldə olunan vəsaitin kardiocərrahiyyə əməliyyatına ehtiyacı olan uşaqlara sərf olunması nəzərdə tutulub. Festivalda Azərbaycan Beynəlxalq məktəbi (TİSA), Bakı Oksford məktəbi, Bakı Britaniya məktəbi, T.İsmayılov adına uşaq və gənclər yaradıcılıq studiyası, digər məktəb və dərnəklərdə təhsil alan istedadlı uşaqlar iştirak ediblər.
İ.Əbilov adına mədəniyyət mərkəzində keçirilən tədbirdə mərkəzin bədii rəhbəri Mirəhməd Əsgərov çıxış edərək bu günün 1950-ci ildən dünyanın bir çox ölkələrində qeyd olunduğunu, ölkəmizdə isə müstəqillik qazanılandan sonra hər il bayram edildiyini diqqətə çatdırıb: “Prezident İlham Əliyevin sərəncamı ilə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, ölkənin uşaqlarla bağlı demokratik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 2009-cu il “Uşaq ili” elan edilib”.
Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov, filologiya elmləri namizədi Firudin Qurbansoy, əməkdar müəllimlər Nafilə Abuzərli, Məlahət Həsənova uşaq hüquqlarının qorunmasının vacibliyindən, ölkəmizdə uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan danışıblar.
Sonra mərkəzin nəzdindəki “Mədəniyyət inciləri” uşaq teatr məktəbinin ifasında əməkdar incəsənət xadimi, dramaturq Rəhman Əlizadənin “Laləli düzən” əsəri əsasında Racu Şıxlının quruluş verdiyi eyniadlı tamaşa göstərilib. Rolları gənc aktyorlar Sərdar Hüseynli, Miryusif Yusifov, Taleh Əliyev, Mərbiyyə Quliyeva, Əliağa Vəlizadə və başqaları ifa ediblər. Tədbirdə 2008-2010-cu teatr ili çərçivəsində fərqlənən gənc aktyorlara diplom təqdim olunub.
N.Nərimanov adına kütləvi kitabxanada da “Yeni istedadlar” uşaq və gənclər təşkilatı, anayam.az informasiya portalının birgə təşkilatçılığı, ABŞ-ın ölkəmizdəki səfirliyi və “Exxon” neft şirkətinin dəstəyi ilə 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə və “Ekologiya ili – 2010” layihəsi çərçivəsində “Təbiət mənəm” mövzusunda tədbir keçirilib. Kitabxananın direktoru Arzu Soltan Uşaqları Beynəlxalq Müdafiə Gününün tarixi, əhəmiyyəti, uşaq hüquqlarının qorunmasının vacibliyi haqqında söz açıb, məktəbliləri bayram münasibətilə təbrik edib. Direktor kitabxanada uşaqlara həsr olunan silsilə tədbirlərin, layihələrin həyata keçirildiyini və yeniyetmələrin bu tədbirlərdə fəal iştirakını qeyd edib.
“Ekologiya ili – 2010” layihəsi çərçivəsində silsilə tədbirlərdən danışan “Yeni istedadlar” uşaq və gənclər təşkilatının sədri Cəfər Mənsimi rəhbəri olduğu “Təbiət mənəm” layihəsinin məqsədini açıqlayıb: “Bu layihə yeniyetmələrdə təbiətə, ətraf mühitə müsbət münasibət yaratmaq, onları ekoloji sahədə maarifləndirmək məqsədi daşıyır”. Tədbir çərçivəsində səyyar kitabxana-sərgi, Bakıdakı 6, 91, 162, 236, 239 nömrəli məktəblərin şagirdlərinin təbiət mövzusunda rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Gənclər üçün Təhsil Mərkəzi də uşaqlar üçün maraqlı tədbirlər proqramı təqdim edib. Mərkəzin təşkilatçılığı ilə regionlarda uşaq hüquqlarının təbliği məqsədi ilə həvəskar gənclərin iştirakı ilə maarifləndirici tamaşalar göstərilib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli və Beyləqan rayonlarında səhnəyə qoyulmuş tamaşalara yüzlərlə məktəbli və yeniyetmə baxıb, uşaq hüquqlarının qorunması mexanizmi barədə praktiki məlumatlar əldə ediblər: “Mərkəzin mədəniyyət bölümündə çalışan yaradıcı gənclərin hazırladığı tamaşalarda uşaq hüquqlarının əksər hallarda necə pozulduğu, onların necə və kim tərəfindən qorunduğu, qanunun işləmədiyi belə hallarda nə edilməli və sair suallara cavab tapmaq imkanı yaradılıb”.
Mərkəz tərəfindən keçirilən belə tədbirlərin sentyabr ayından etibarən digər regionlarda da davam etdiriləcəyi nəzərdə tutulub.
Heydər Əliyev adına Sarayda da 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan “Göyərçinlərik biz” adlı ikihissəli konsert proqramı təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Uşaq Filarmoniyasının təşəbbüsü, Heydər Əliyev adına Sarayın təşkilatçılığı ilə keçirilən konsertdə “Aysel” musiqili uşaq teatrı, “Can bala” estrada qrupu, “Noğullar” qrupu, folklor rəqs ansambları, kamera orkestri, uşaq xor kollektivləri çıxış ediblər.
SARA
525-ci qəzet.-
2010.- 3 iyun.- S.7.