Qəşəm Çıraqlının yeni şeirlər kitabı işıq üzü görüb
Bu yaxınlarda “Çinar-Çap” nəşriyyatında şair Qəşəm Çıraqlının “Bir işıq ucundan tutub gedirəm” kitabı nəşr olunub.
Kitabın redaktoru, Vahid Poeziya məclisinin sədri Hacı Rafiq Əliyev nəşrə “Təxəllüsü şeirinə işıq saçır” adlı ön söz yazıb. Ön sözdə şairin yaradıcılığına müxtəlif aspektdən yanaşılıb, poeziyada onun öz yolunun olduğu diqqətə çatdırılıb: “ Onun poetik fikirləri sanki nura bələnib oxucuların qəlbinə süzülür, onların ruhuna, düşüncəsinə çıraq kimi işıq saçır, yeniləşməyə çağırır, bizim üçün adi görünən, çoxdan öyrəşdiyimiz həyat həqiqətlərini tamam başqa bucaq altında, başqa gözlə görməyə və qavramağa vadar edir. Qəşəm Çıraqlı, demək olar ki, bütün şeirlərində öz yolunu seçir, öz yolunu tutur. Onun fikirləri yeni olduğu kimi, yazı tərzi, üslubu da yenidir”. Ön sözün müəllifi Q. Çıraqlının yaradıcılığında vətənpərvərlik hisslərinin ön plana çəkildiyiin vurğulayıb: “Ümumiyyətlə, Vətənin problemləri, xüsusən xalqımızın ürəyinə, hissiyatına zorla hopdurulmuş, sirayət etdirilmiş Qarabağ dərdi, bu problemin aradan qaldırılması yolları Qəşəm Çıraqlının yaradıcılığında nəzərəçarpacaq bir xətt təşkil edir”. Q. Çıraqlını zəngin söz ehtiyatına malik şair kimi səciyyələndirən R. Əliyev onun həmişə axtarışda olduğunu, mənbəyi xalqa söykənən bu yaradıcılıq axtarışlarının səmərəli olacağına inandığını yazısında önə çəkib.
Kitabda vətənpərvərlik, insansevərlik mövzusunda qələmə alınmış şeirlərlə bərabər, ictimai-siyasi həyatımızda baş verən hadisələrə-super dövlətlərin ikili siyasətinə qarşı kəskin münasibət ifadə edən poetik nümunələr toplanıb.
SARA
525-ci qəzet.-
2010.- 3 iyun.- S.7.