Görkəmli xanəndə
Ağabala Abdullayevin
100 illiyi qeyd olunub
Sumqayıtdakı “28 May” mədəniyyət evində görkəmli xanəndə Ağabala Abdullayevin 100 illik yubileyi qeyd olunub. Bu barədə mədəniyyət evindən məlumat verilib. Qubadlı və Füzuli rayonlarının rəhbərliyi tərəfindən təşkil olunan gecənin aparıcısı, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli yubilyarın həyat və fəaliyyət yolundan söz açıb: “Qubadlı rayonunun Çərəli kəndində anadan olmuş Ağabala Abdullayev yetkinlik yaşına çatandan ömrünün sonuna qədər Füzuli rayonunda yaşayıb”.
Tədbirdə A. Abdullayevə həsr olunan videofilm nümayiş etdirilib.
Qubadlı və Füzuli rayonlarının icra hakimiyyətinin başçıları Malik İsaqov və Nəbi Muxtarov çıxışlarında adlı-sanlı xanəndənin yubileyinin təntənəli şəkildə qeyd edilməsini dövlətimizin Azərbaycan xalqının qiymətli sərvəti olan muğama qayğısının əyani sübutu kimi dəyərləndiriblər: “Bu işdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, milət vəkili Mehriban Əliyevanın misilsiz xidməti var. Məhz onun təşəbbüsü ilə muğam YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilib”.
Mərasimdə çıxış edənlər tanınmış xanəndənin zəngin yaradıcılığının, bənzərsiz ifaçılıq məharətinin muğamsevərlərin diqqətini cəlb etdiyini vurğulayıblar: “Muğam sənətinin incəliklərinə bələd olan Ağabala Abdullayev öz ifaçılıq məktəbini yaradıb. Yaşlı nəslin nümayəndələri Ağabala Abdullayevin bənzərsiz ifasında “Zabul” və “Rast” kimi muğamları, eləcə də “Boz at” mahnısını hələ də yaxşı xatırlayırlar. Xalqın öz sevimli xanəndəsinə “Zabul Ağabala” adını verməsi də təsadüfi deyil”.
Xanəndənin yaradıcılığının ilk tədqiqatçısı, onun haqqında kitabın müəllifi, yazıçı Seyran Səxavət onu Seyid Şuşinskinin muğam məktəbinin mahir davamçısı kimi səciyyələndirib: “Ağabala Abdullayev yaradıcı mühitdə boya-başa çatıb. Onun qardaşı Zöhrab Abdullayev gözəl şeirlər yazırdı, bir sıra mahnıların sözlərinin müəllifi idi. Yubilyarın sənəti onun oğlu Nizami Abdullayevin yaradıcılıq potensialının formalaşmasında da müsbət rol oynayıb”.
Yubiley gecəsində xalq artistləri Teymur Mustafayev, Qəndab Quliyeva, respublika muğam müsabiqəsinin laureatı Qoçaq Əsgərov, tanınmış xanəndə Süleyman Abdullayev muğam ifa ediblər.
Tədbirin sonunda xanəndənin oğlu Nizami Abdullayev atasının xatirəsinə göstərilən diqqətə görə gecənin iştirakçılarına minnətdarlığını bildirib, muğam sənətinin qorunub saxlanması və inkişafına dövlətimizin böyük qayğı göstərdiyini diqqətə çatdırıb.
Mədəniyyət evinin foyesində yubilyarın həyat və yaradıcılığından bəhs edən fotosərgi nümayiş etdirilib.
SARA
525-ci qəzet.-
2010.- 3 iyun.- S.7.