Mikayıl Mirzə təbiəti
Atam təbiəti çox sevərdi. O təbiətə çoxlarının baxa bilmədiyi gözlə baxırdı. Elə bir gözlə ki orada yaradıcı təxəyyül və bu təxəyyüldən ürəkdə məhəbbət, dəli bir təbiət vurğunluğu baş qaldırırdı. Hərdən təbiətə biganə münasibət görəndə kövrəlirdi də. Ən çox sevdiyi təbiət mənzərəsindən Ağsu aşırımından baxmaqla zövq alırdı. Aşırımdan Ağsu, onu iki yerə ayıran çay, evlərin oraq-çəkic nişanlı ala-bəzək damları, hərdən quruyub azalan Cavanşir gölü, babalarımızın uyuduğu Şeyx Dursun qəbiristanlığı, göyə ucalan Əbrişim ağacları, zəhmətkeş kənd camaatının naxırdan, işdən qayıtması, palçıqlı ara yolları, tikanlı kol-kosdan hörülmüş evin dövr bərisi aydın görünürdü. Atam bütün bunları seyr etdikcə sanki təmiz bir havaya ehtiyac duyurmuş kimi dərindən bir nəfəs alar, eyni zamanda nəyəsə heyifslənirmiş kimi bir ah çəkərdi. Bu ah bir ox olub ürəyimə sancılardı. Çünki bilirdim ki, atam yenə də kəndin güzəranına acıyırdı. Yenə də kəndin dərdini ürəyinə dərd edirdi. Bəlkə ürəyinin dərin qatlarında artıq monoloqu da hazır idi atamın. Nə vaxtsa yaradacağı obrazda, təbiət haqqında söyləyəcəyi şeirdə gördüklərinin təsir gücünü şeir vasitəsilə dinləyiciyə çatdıracaqdı. Həqiqətən də belə idi. Ona görə də Mikayıl Mirzənin dilindən səslənən şeirin, sözün auditoriyaya emosiyasız çatdırılması qeyri-mümkün idi. Çünki Mikayıl gördüklərini, duyduqlarını tamaşaçıya çatdırmağın həqiqi ustası idi. Bir zamanlar yaddaşına köçürdüyü hansısa bir məqamı zamanında istifadə etmək bacarığı idi. Ona görə də Mikayılın dilindən səslənən şeir monoloq, cəsur söz, yetkin poeziya anlamına gəlirdi.
Bu dağlar yastı dağlar,
Qar üstün basdı dağlar,
Üç ay toylu büsatlı,
Doqquz ay yasdı dağlar.
Ağ saçı pəri dağlar,
Bir baxmır bəri dağlar.
Yadlara məskən
oldun
Bir utan, əri dağlar.
Deyirlər bu dağın beş milyon yaşı,
Bu çayın
üç milyon yaşı tamamdır.
Geoloq qardaşım,
alim qardaşım
Sıyır inadını
məni inandır.
Məni inandır
ki, beş milyon ildir
Dağlar əyilmədən
şah durur belə.
Məni inandır
ki, üç milyon ildir
Çaylar nəğməsini
oxuyur belə.
O dağ
ətəyində, o çay
yanında
Bir qoca yaşayır,
Yüz yaşı
tamam.
Onun ürəyində,
onun qanında
Nə təltifə
umu,
Nə paya tamah.
Bəlkə də bir qəfil salama möhtac,
Bəlkə də bir kəlmə duzlu söz istər.
O heç
nə istəməz.
Tək süfrə
üstdə
Palçıq daxmasının
qapısını aç,
Süz onu alnından çənəsinədək...
Böyük şairimiz
Məmməd Arazın
qələmindən çıxan
fəlsəfi şeiri
Mikayıl Mirzənin dilindən videonun yaddaşında vətəndən
uzaqda – İndoneziyada dinlədikcə xatirələr
məni yenidən atamla bağlı xatirələrə aparır.
Atamla vaxt tapıb doğma kəndimiz Ağsuya gedəndə həyətimizdəki
tut ağacının
altına saysız-hesabsız
insanlar, ağsaqqal və ağbirçəklər
toplaşardı. Onlar
atamı uşaq bağrına basan kimi bağırlarına basar, Mikayılın cəmiyyətdə şan-şöhrət
sahibi olmasına sevinər, onunla qürur duyar, atam isə onları
görəndə kövrələrdi.
Soruşanda deyərdi
ki, torpaq təəssübkeşliyi onların
qəddini yaman əyib.
Və yaxud yol kənarında kiminsə sökülmüş
çəpərini görəndə
deyərdi ki, bu kişi vaxtilə
çörək verən
olub, indi çəpərini dikəldən
yoxdur.
Amma bir vaxtlar uşaq müşahidələrimə əsaslanıb
deyərdim ki, onların biri də həyatlarından gileylənmirdilər. Hələ
icazə versəydin, həyətindəki bircə
cöngəni də kəsib, səni qonaq edərdilər. Atam kənddən Bakıya qayıdanda özü ilə ürəyində bir ah gətirərdi. Və bu ahı sonradan
şeirlərə qatıb
onu dinləyən dinləyiciyə təsəlli
verərdi.
Doğrudan da yuxarıda Məmməd Arazın şeirini təhlil etsək görərik ki, kənd camaatının qəlbində nə təltifə, nə də paya tamah
olmayıb. İstəyi
yalnız palçıq
daxmasının qapısını
açıb onu saymaq olub. Və
Mikayıl Mirzənin də ifasında bu şeir ona
görə təsirli
və bənzərsizdir
ki, o daima xalq, el içində olub, xalqın yaşantılarına yaxın
olub. Xalqın gözü tərəzi gözüdür deyiblər.
Mikayıl tərəzinin
bir gözündə şeiri, digər gözündə isə haqla nahaqqı, yaxşıynan yamanı, doğruynan əyrini, qorxu ilə cəsurluğu, mərdliklə
namərdliyi, sadiqliklə
xəyanəti, məhəbbətlə
nifrəti və s. yeri gələndə əyə, lazım gələndə bərabər
saxlaya bilirdi. Elə ona görə
də dinləyici və tamaşaçıda
deyilənə, söylədiklərinə
rəğbət və
həyəcan aşılaya
bilirdi. Mikayıl Mirzəyə həyəcansız
qulaq asmaq mümkün deyildi. Ona diqqət kəsilənlər “Mikayıl
bu dəqiqə nə isə deyəcək, əlbəttə,
deyəcək” – deyə
düşünürdülər. Ona görə də onun çıxışı
və şəxsiyyəti
daima uşaqdan-böyüyə,
torpaq adamından-məmura
qədər diqqət
mərkəzində olurdu.
Mikayıl Mirzənin
özünü də
elə cəmiyyətin
diqqət mərkəzində
saxlayan onun ödkəmliyi, mübarizliyi,
azad fikir söyləmək xarakteri,
sənətə məhəbbəti,
dramaturgiyamızda prinsipial
mövgeyi, vətəninə,
xalqına, prezidentinə
təmənnasız xidməti,
səmimiliyi, sadiqliyi olmuşdur.
Bir sənətkar
kimi onun üçün mövzu qıtlığı yox idi. Ətrafda cərəyan edən hər bir hadisədə
o bir yenilik, yaradıcılıq üçün
mövzu görürdü.
O bu dünyada yaşamaqla bərabər,
özünün yaratdığı,
öz təxəyyülünün
məhsulu olan bir dünyada da yaşayırdı. Onun dünyasında nə paxıllıq, nə də həsəd, nə qorxu, nə də cəsarətsizlik, nə qəlbi qara, nə də
satqınlar ordusu var idi. Onun
dünyasında hər
şey təmənnasız
idi, hər kəs səxa əhli, sözünə
sahib çıxan, alnıaçıq,
halal tikə yeyən, qəlbi təmiz idi. Bəlkə elə ona görə idi ki, o halal
tikəsini heç zaman heç kəslə bölməkdən
çəkinmirdi, həm
maddiyyat, həm də mənəviyyat baxımından həddən
artıq səxavət
əhli idi. Dostlarını biri-birinə
Mikayılın çox
saf və bənövşə kimi ürəyi kövrək idi. Bənövşə kovrəkli ürək Mikayılın təbiətinə,
zamanın gərdişinə
davam gətirə bilmədi.
Mikayıl da aramızdan erkən getdi. O da onu
sevənləri yandıra-yandıra,
yaxa-yaxa, sinələrinə
dağ çəkə-çəkə,
kövrəldərək getdi.
Sağlığında bədii
qiraətiynən nahaqqı,
riyakarlığı, xəbisliyi,
acgödənliyi, buqələmunluğu,
hər cür hərisliyi yandırıb-yaxan
Mikayıl Mirzə, onu sevənləri ölümüynən yandırıb-yaxdı.
Mən də əvvəllər Ağsu
aşırımındakı təbiəti çox sevərdim. Lakin atam dünyadan köç edəndən,
dörd il olar ki, sevdiyim
sakit təbiət, yaşıllıq, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin,
ictimai xadimlərinin uyuduğu fəxri xiyabandır. Bir vaxtlar Mikayıl Mirzənin ifasında səslənən Məmməd
Araz poeziyasındakı
o yüz yaşlı qocadan mərhumların fərqi yalnız ondadır ki, dəmir darvazanın qapısını açaraq
qəbirləri üstünə
bir dəstə gül qoyulmasına, ruhlarına dualar oxunmasına, adlarının
hər zaman uca tutulmasına ehtiyacdan başqa, onların da təmənnaları yoxdur
və sağlıqlarında
da olmayıb.
Cakarta, 1 iyun
2010.
Mətin MİRZƏ
525-ci qəzet.- 2010.- 3 iyun.- S.7.