Suzen Dark və ya məhəbbət piri
Azərbaycanın
xalq şairi Fikrət Qocanın
yaradıcılığında nəsr nümunələri
önəmli yer tutur. Görkəmli şair
yaradıcılığının hələ lap ilk dövrlərindən
öz ədəbi missiyasını proza və poeziyanın vəhdətində
görüb və ədəbiyyatın hər iki qolundan
zaman-zaman böyük ustalıqla bəhrələnə bilib.
Fikrət Qocanın bu yaxınlarda qələmə
aldığı Süzen Dark və ya Məhəbbət piri”
povesti də geniş oxucu marağına səbəb olub.
Həmin əsəri qəzetimizin oxucularına
da təqdim edirik.
Oxucu məktubu
Azərbaycan xalqının
sevimli şair və nasiri, hətta ən ucqar nöqtələrdə
belə sevilə-sevilə oxunan Fikrət müəllim!
Yardımlıdan
tər çiçəklərə bükülmüş
öz səmimi salamlarımı sizə yetirirəm. Hələ
uşaq yaşlarımda da dəyərli əsərləri
oxuduqdan sonra həmin kitabı bir tərəfə qoyaraq, hadisələrdən
qəhərlənib, hönkür-hönkür
ağlamışam.
Bədii əsərlərdə
qələmə alınmış hadisələr mənimçün
həmişə həqiqət kimi görünüb. Özüm
şair olsam da, hisslərimi cilovlaya bilməmişəm.
Bir sıra kitablarım nəşr olunub,
yaradıcılığımın əsasını “əruz”
vəzni təşkil edir. Dörd yüzdən
artıq qəzəllərim nəşr olunub. Bütün bunlar öz yerində. Onsuz da olmayan vaxtınızın beş-on dəqiqəsini
almağı məni öz hisslərim məcbur etdi.
Çox hörmətli
şair, sizin “Suzen Dark və ya Məhəmməd piri”
povestinizi oxudum və əvvəllərdə olduğu kimi yenə
də acı göz yaşları axıtdım. Bu qəzəli yazdıqdan sonra nisbətən sakitləşdim.
Fikrət Qocanın “Suzen Dark
və ya Məhəbbət piri” povestinin təəssüratları
altında
Orda Leylisi ölən qəhrilə
Məcnun yaşadı,
Ağasəf
oldu bu vaxt zülmü Süsənbər daşıdı.
Çərxi
dönmüş fələyin işləri lap möcüzədir,
Səadət,
zülmü-sitəmlərlə necə baş-başadı.
Qəfərin fitnə-feli
eşqə ziyankarlıq imiş,
Nə qədər
dövrü-zaman var məzarı qarğışadı.
Çox nahaq işləri də
fəsli-gülüstan bürüyür,
Haqqın axır bir ucu don
götürən qar, qışadı.
Niyə bilməm Fikrət,
doğru yalanla tən olub,
Cəmiyyət
içrə riya, pak ilə bahəm, qoşadı.
Süsənə
alqış o, fərsiz milisə damğa vurub,
Tarixən biz
bilirik lənət özü əyyaşadı.
Nanəcib harda ki, var
Zöhrab, ölüm vaxtı çata,
O ümid Əzrayıl
adlı can alan fərraşadı.
Hörmətlə: Zöhrab
ZÖVÜNLÜ
Yardımlı rayonu
Gecə
yarıdan keçmişdi. Havada qara bir sükut
vardı. Deyəsən, sükutun
özü də qara pişik kimi qıvrılıb
yatmışdı. Fatmanın yuxusu ərşə
çəkilmişdi. Burada ilk gecəsi
idi. Yorğan-döşək yumşaq olsa
da yastığın çəmini tapa bilmirdi. Başı, qulağı yastıqla dil
tapmırdı. Yastığı o üzə,
bu üzə çevirirdi, əlini yastığın
altına qoyurdu, yastığın üstündən əlini
qulağının altına qoyurdu, olmurdu ki, olmurdu. Rahatlıq tapa bilmirdi. Pəncərənin
pərdəsini azacıq qaldırıb həyətə, dirəklərin
başında mürgüləyən işıqlara baxdı.
Yuxarıda göy yox idi. Elə
bil binanın damına kimi enmişdi. Uzaqdan
gələn dalğaların səsi sanki daş kimi
yatmış qara buludların mışıltısı idi.
Dənizlə evin arası azı dörd yüz
metr olardı, dalğaların səsini aydın eşidirdi.
Gecə səs nə uzağa gedirmiş. Gündüz deyilən bir sözü eşitmək,
başa düşmək üçün iki-üç dəfə
“haaay” – deyib soruşuram. Amma indi dörd
yüz metr o yanda dəniz pıçıldayır, mən
eşidirəm. Sakit yerdir, hava təmizdir,
bircə Allah rahatlıq versin yata bilim” –
düşündü. O biri böyrü üstə
döndü, çarpayı cığıldadı. Üzbəüz çarpayıya, otaq
yoldaşına baxdı. Süzen xanıma
baxdı, yatmışdı. “Qəribə
adı var, Süzen. Görəsən
hansı millətdəndir? Eh, nəyimə qalıb. Əsas odur ki, xoruldamır, rahat yatır. Bəxtəvər uzanan kimi küt gedir, quzu kimi
yatır. Müdir deyirdi yaxın vaxtda yer
boşalan kimi yerini dəyişəcəm. İndi Amerikada – gün günortadı”. –
Yadına düşdü ki, mobil telefonunu söndürməyib.
Pəncərənin qabağından telefonu
götürdü, söndürdü. “Qız
Amerikadan zəng eliyər. Qonşumu oyadar,
yaxşı düşməz”. Fatmanın
qızı Gülnar altı ay idi ki, oğlunu da
götürüb ərinin yarına getmişdi. Qız elə sevinirdi, elə xoşbəxt idi ki,
Fatma heç ağzını açıb deyə bilmədi
ki, ay bala hara gedirsən, dünayanın o başına?
Mənim bu yaşımda... Başa
düşdü ki, bu sözlər artıqdı. Kürəkəni
beş il idi Amerkada idi. İndi
dəvət göndərmişdi, indi onlar xoşbəxt idilər,
gedirdilər. Fatma baş aça bilmirdi,
qızı ərinin yanına getdiyinə sevinirdi, yoxsa
Amerikaya getdiyinə görə. Hər
halda sevinirdi. Həm də elə sevinirdi
bu yerdə ana məsləhəti, sözü artıq idi.
Fatmanın canı-ciyəri, ruhu, canının
ovqatı, nəvəsi Aslan Amerikaya getdiyinə görə
sevinirdi. “Nənə, sən qorxma,
darıxma. Mən sənə çoxlu
yaxşı şeylər alacam. Nənə,
götür cib telefonumu da sənə verirəm”.
Gülnar oğluna
acıqlandı:
– Ədə, nənən
telefonu neyləyir?”, oyun çıxartma!
Aslan nənəsini
bir də öpdü.
– Yox, qoy qalsın nənəmdə.
Neynirəm bunu, atam mənə amerkanskisin alacaq.
Aslan gedəndən
sonra Fatmanın dünyası bomboş qalmışdı. O xaraba dünyanın içində
bir cib telefonundan başqa heç nə yox idi. O da susurdu,
yatmışdı. Bu otaq kimi susurdu. Çöldə, evin üstündə
uzanmış qara buludlar kimi susurdu. “Nənəsi
qurban olmuşun səsini eşitsəydim, ölsəm də dərdim
olmazdı. Telefonu yerinə qoyub yenidən
dənizin səsini eşitməyə çalışdı.
Fatma bu yaşında da o dənizin səsində
layla eşitmək istəyirdi. Anasını
xatırladan uzaq-uzaq bir layla səsi. Birdən
qəfil, xırıltılı səs otaqdakı sükutu
daş kimi qırdı, sükut şüşə kimi
çiliklənib otağa, Fatmanın üstünə,
üzünə, yorğana, döşəməyə səpildi.
Fatma qorxub dik atıldı. İşığı
yandırdı. Süzen titrəyən əllərini
qaldırıb boğuq, xırıltılı bir səslə
bağırırdı. “Qan! Qaaan!
Qaan!”. Fatma ona yanaşdı,
Suzenin gözləri yumulu idi, bütün bədəni titrəyirdi.
Baxdı, əlləri tərtəmiz idi. Fatma
onu yuxudan ayıltmağa çalışdı:
– Suzen! Suzen
xanım, qorxma, yuxudu. Oyan. Oyan, qorxma, qan-zad yoxdu. Oyan.
Suzen gözlərini
açdı, əllərinə baxdı, gözləri heyrətdən
bərəldi.
Əlləri daha çox titrədi.
– Qan! Qaaan?
– deyib qalxdı, qapının yanında su
kranını açdı. Əlini yuya-yuya – Qaan, qaan, qan! Əlimdən getmir.
Fatma onu
qucaqladı, onun üzünə, alnına su vurdu.
– Qorxma, vallah əllərin tər-təmizdi.
Qan yoxdu. Bax da, bax! Qan nə
gəzir?
Suzen tam
ayıldı, onun üzünə baxdı, gözləri
aydınlaşmışdı. Diqqətlə
Fatmanı süzdü. Sonra öz əllərinə
baxdı.
– Hə, yuyuldu. Hə, qan yuyuldu, getdi. Səni də
qorxuzdum, bağışla. Məndə
olur. Ayılıram, görürəm əllərim
qana batıb, yuyuram sonra gedir.
– Sən qışqıranda
gözlərin yumulu idi. Yuxuda
görmüşdün qanı.
– Hə, düzdü yuxuda
görmüşdüm. Amma gözümü
açandan sonra da əllərim qanlı idi, yudum, yudum, sonra
getdi. Məndə belə olur...
Fatma mübahisə
eləmək istəmədi. Suzeni yavaş-yavaş
öz yerinə gətirib otuzdurdu. Amma
– Mən hələ
yatmamışdım. Süsən bacı...
– Hə... Təzə
yerdə yuxuya getmək olmur.
– Sən qışqıranda
işığı yandırdım, gözlərin yumulu idi. Düzdü, qorxmuşdun. Əllərin
tir-tir əsirdi. Amma tər-təmiz idi.
Qan-zad yox idi əlində.
– Sonra gözümü
açdım. Əlimi yuyunca əllərim qan
içində idi. Yudum, təmizləndi.
Bu birinci dəfə deyil.
Fatma vahimələndi. Mübahisə
etmək istəmədi. Yorğanı
Suzenin üstünə çəkib öz
çarpayısına uzandı.
– Nə bilim – dedi – bəlkə
yaxşı görməmişəm.
– Çox sağ
ol ki, məni oyatdın. Yoxsa tək olanda
ölüb-dirilirəm. Həmişə də
eyni yuxudu. Nə deyim, sənin kimi
yanımda olub məni o vəziyyətdə görənlər
də deyir əlində qan görməmişik. Az qala inanıram. Amma qan
görürəm axı?! Hələ deməyə
utanıram. Hərdən görürəm
adamların bəzisinin gözündən yaş kimi qan
axır. Görürəm heç kəs fikir vermir, bir
söz demir, deməli, görmürlər. Sonra
o adamlarla danışıram, görürəm dərdlidirlər.
Ürəkləri qan ağlayır. Ağlamağa bəhanə axtarırlar. Hər halda, bunlar səbəbsiz deyil.
Fatma
gülümsündü:
– Sən məni qorxuzmaq istəyirsən,
ay Suzen? Vallah əməlli-başlı vahimələndim.
Mənim bərkdə o qədər də əlim
yoxdu. Qorxağın biriyəm – deyib
yorğanı başına çəkdi –
işığı sən söndür.
Suzen qalxıb
işığı söndürdü, dönüb yerində
uzandı.
Gileyli adam kimi deyindi:
– Axı niyə səni
qorxuzmalıyam? Gələnlər hamısı
məndən qaçır. Yəqin sənə
də müdir deyib ki, hələlik burda qal, yer boşalan kimi
səni başqa otağa köçürərəm.
– Hə, dedi. Hardan
bilirsən?
– Belədi da hamı məndən
qaçır.
– Yer boşalan kimi nə deməkdi?
Yəni burdan çıxıb gedən çox
olur?
– Yox, qoca adamlarıq da,
ölən olur, yerləri boşalır. Sən
də məni qoyub qaçacaqsan. Bütün
ömrüm boyu tək yaşamışam. Səni niyə qorxuzum ki?
– Yox, mən qaçmaram. Amma yəqin oğlum gəlib məni aparacaq.
– Oğlun var?
– Hə, oğlum da var,
qızım da.
– Bəs nə yoz
qızın bura gəlməyinə razı olub?
– Amerikadadır, orda
yaşayırlar. Ordakı nəvəmdən
ötrü burnumun ucu göynəyir.
– Bəs oğlun niyə bura
gətirib səni?
– İşi
çoxdu, nazir müavinidi. İndi işlərin
qızğın vaxtıdı. Həmişə
nazirin yanında olur.
– Bəs ondan nəvələrin
yoxdu?
– Var, gəlin rusdu,
uşaqlar da rusca danışır. Qulluqçu da rus
arvadıdı...
– Hə, məlumdu... Oğlun da həmişə nazirin yanındadı.
O qədər məşğuldu, nazirin yanından
başını çıxardıb anasına baxmağa da
vaxtı yoxdu...
– Suzen xanım, xətrimə
dəyirsən vallah... Uşağın
günün qara eləməli deyiləm ki, uşaqlar bizim dili
bilmir, mən də o dili bilmirəm. Belə
fəhminən anlayıram ey, amma danışa bilmirəm.
Uşaqlar gülür.
– Ay Fatma xanım, yat
bacı... Yat. Sakit yerdi, təmiz
havadı, gör yata bilərsənmi. Yuxun
şirin olsun.
Fatma
yorğanı başına çəkmişdi. Yaxşı
ki, gecə idi. Yaxşı ki, otaq
qaranlıq idi... dinmədi, yatmadı. Elə
bil kimsə əlini atıb içəridə Fatmanın
ürəyini ovucunda sıxırdı. Elə
sıxırdı ki, ürəyinin suyu gözlərindən
süzülüb yanağına, boğazına
yayılırdı, burnunun ucundan damcılayırdı. Nəvəsi Aslan könlünə düşdü.
“Nənən sənə qurban, səndən
başqa heç kəsim yox imiş dünyada. Canımın güvənci, ürəyimin istisi
balam, hardasan? Nənən sənsiz yetimdi.
Bu yazıq qonşumun heç nəvəsi də
yoxdu”. Suzenin pıçıltılı səsi
onu fikirdən ayırdı.
– Fatma, ay Fatma.
Fatma qəsdən
cavab vermədi. Qorxdu onun gözündəki yaşı
Suzen qan bilər. Yenidən halı pozular.
– Hə, yatmısan? Nə deyirəm, yat – Suzen bilirdi ki, Fatma yatmayıb,
yatmaq istəyir, danışmaq istəmir. – Mənim təvdirim
çaşıb. Allah sənə rahatlıq versin
.
Sovet dönəmində
respublikada cəmi dörd qəzet çap olunurdu. İkisi
kommunist partiyasının orqanı idi. Biri
rus dilində, o biri də öz dilimizdə. Tək bizdə
yox, on beş respublikanın
hamısında eyni vəziyyət idi. İki qəzet
də gənclərin (komsomolun) qəzeti idi. Kommunistlərin qəzeti həm rusca, həm də
yerli dildə birinci səhifədə Moskva kommunist rəhbərliyini
tərifləyirdi, onların müdrik və humanist rəhbərliyindən
söz açırdı, dünyada sülhün və
azadlığın ümid yeri olduğunu hər gün bir
daha xatırladırdı. İkinci səhifədə
yerli partiya rəhbərlərinin müdrikliyi “tutarlı
faktlarla” yazılırdı, təriflənirdi. Onların da ilham mənbəyinin kremldə, onun
ulduzlarında parladığı göstərilirdi. Yerli partiya rəhbərlərinin Kremlə,
oradakı şanlı rəhbərlərə məhəbbəti,
sədaqəti əsas mövzu olurdu. Üçüncü
səhifəni rayonlarda yaşayan partiya rəhbərlərinin
sosializm yarışı, onların kənd təsərrüfatı
sahəsində göstərdikləri qəhrəmanlıqlar,
partiyaya və şanlı partiya rəhbərlərimizə sədaqətləri
mövzusu bəzəyirdi. Dördüncü
səhifədə qalan bütün xırda-para xəbərlər
verilirdi. Məsələn, filan
kolxozçu qadın on dörd uşaq anasıdır. Qəhrəman
ana adına layiq görülüb. Filan qabaqcıl sağıcının inəyi iki
bala doğub. Filan çoban hər yüz
qoyundan iki yüz bala alıb. Hərdən
bu səhifədə kəskin felyetonlar da işıq
üzü görürdü; şübhəsiz, felyeton
dövlət əhəmiyyətli mövzuda
yazılmış olurdusa. Məsələn,
filan rayonda milis mayoru oğluna sünnət toyu eləyib.
Əlbət ki, bu
biabırçılığa görə rütbəsi
alınıb, sistemdən qovulub, partiyadan
çıxarılıb. Komsomol (yəni gənclər)
qəzetləri də yuxarıda sadaladığımız məsələləri
gənclər səviyyəsində
işıqlandırırdı.
Birdən-birə,
Fatmanın, Suzenin yuxusu kimi Sovetlər ittifaqı
dağıldı. Qəzetlər, jurnallar bəndi-bərəni
aşıb sel kimi gəldi. Hətta qəzetlərdən
birinin sahibi qəzetinə heç ad da tapmamışdı.
Qeydiyyatda soruşanda ki, “qəzetinizin adı nə olacaq?”.
– Qeydiyyat nömrəmiz
neçədir?
– “525”-ci qəzetsiz.
– Elə yazın beş yüz iyirmi beşinci qəzet.
Hələ o qəzetdən
sonra qeydiyyat üçün, türk demiş, növbədə
uzun bir quyruq vardı. Mətbuat jurnalist sarıdan korluq çəkmirdi.
Çünkü yetmiş il sovet dönəmində
hamı bir-birindən gizli, aşkar, imzalı, imzasız
yazıb bu gün üçün məşq edirdi. İndi onların zamanı gəlmişdi,
yazırdılar. Bir-birini
söyürdülər. Bir-birinin
yorğanının altına, cibinə, baxçasına,
boxçasına baxıb, qeydiyyat aparıb yazır,
qeydiyyatı satır, ya da çap etdirirdi. Həyat qazan kimi qaynayırdı. Amma bu qazanda istedadlılar da bişib yaxşı
jurnalist kimi yetişirdi. Əşrəf
onlardan idi. Qəfər kişinin yerlisi, kəndçisi,
dostunun oğlu Əşrəf.
Sovetlər
dağılandan sonra hər şey dəyişmişdi. Bir Qəfər kişidən,
onun hər il yayda istirahət elədiyi
“Günəşli” istirahət evindən, bir də Qəfər
kişinin üç istirahət yoldaşından başqa. Qəfər kişiyə görə
yoldaşları da Əşrəfin yazılarını
oxuyurdular. Xüsusilə son zamanlar Əşrəfin
“ünsiyyət mədəniyyəti”, “hörmət və mərhəmət”
mövzusunda yazdığı silsilə məqalələr
onların ürəyindən olmuşdu. Qəfərə
demişdilər, mütləq Əşrəf
Sarıqayalını gətir, bizi
Əşrəfin işlədiyi
qəzetin ünvanını da, iş
telefonunu da tapmışdılar. Amma Qəfər müəllim
müdrik bir el misalını çəkdi, “sifarişlə həcc
qəbul olunmaz” – dedi, gərək özüm gedib
görüşüm. Hal-əhval tutum, dəvət
edim.
– Əşrəf,
bala, sən bizim kənddən çıxmış ən
böyük adamsan.
Əşrəf
düşündü ki, bu sözlərin dalınca xahiş gələcək,
kişinin sözünü yarımçıq qoydu.
– Elə demə, Qəfər
əmi. Mən hara, böyüklük hara?
Jurnalist babayam. Sovet
dövrü deyil ha, müxbir görəndə düşələr
əl-ayağa. İndi bizi sayan yoxdu.
Xahişimizin də pullu adamlar yanında bir qara
qəpiklik qiyməti yoxdu.
Qəfər kişi
gülüb başını yırğaladı.
– Bilirəm, ay oğul, bilirəm.
Xahişə gəlməmişəm.
– Bağışla sən allah. Gözüm üstə
yerin var. Atamın dostusan. Xahiş yox, mənə
əmr edə bilərsən.
– Yox, ay bala, heç əmr
də eləməyə gəlməmişəm. Mən istəyirəm sənin sözün keçərli
olsun. Silsilə məqalələrini
oxumuşam. Əxlaq, mədəniyyət, mərhəmət,
ünsiyyət mədəniyyəti haqqında qiymətli
düşüncələrin var. Sən bu fikirləri səpirsən
çölə, verirsən küləyə...
– Neyləyim, Qəfər əmi,
əlimdən gələn budur. Çörəyim
bundan çıxır.
– Sən ondan bir tikə
çörək çıxarırsan, amma başqa biri sənin
fikirlərini götürüb salır hekayəsinə,
povestinə, romanına, ad-san qazanır.
– Neyləyim, taleyim belə
imiş.
– Yox, qardaşoğlu, sənin
taleyin öz ovcunun içində, beynində, ürəyindədir.
Yazıçı olanlar səndən
artıqdı? Bir bax, dünyanın ən
məşhur yazıçıları əvvəl jurnalistlik
edib. Sonra keçib
yazıçılığa. Mən gəlmişəm
səndən xahiş eləyim ki, ilhamını, ürəyini,
beynini ciddi, ölməz işə sərf elə.
Əşrəf
günahkar uşaq kimi Qəfər müəllimi dinləyirdi,
sıxılırdı, kiçilirdi.
– Məndə o istedad yoxdu – Əşrəf
bu sözləri yorulmuş, ümidini itirmiş, təslim
olmuş adam kimi dedi.
– Var! Var! – Qəfər kişi bu sözləri elə qətiyyətlə
dedi ki, Əşrəf belini düzəldib Qəfər
kişinin düz gözlərinə baxdı. – Var deyirəm sənə.
Sarıqayalı ləqəbini sənə
götüzdürən, yazdırtdıran ürəyinin
içindəki o istedaddır. Zəhmət
çək, öz ürəyini pərt eləmə, öz
ürəyinin zəndini yanıltma. Kimin
Sarıqaya kimi kəndi var. Hansı kənddə, hansı
şəhərdə məhəbbət piri var. O pir
yadındadı?
– Bəli, bəli, bəs necə?
– Yəqin sən də o
ağaca ip bağlamısan.
Əşrəf
gülüb başı ilə təsdiq etdi.
– Kim bağlamayıb ki?!
– Ağasəflə
Süsənin əfsanəsini bilirsən?
– Yaxşı yox, belə də...
– Ağasəflə
Süsən həqiqətdi. Əfsanə deyil.
Ağasəfin həqiqətinin yanında Leyli Məcnun
əfsanəsi heç nədi. O Leylisiz Məcnun
idi.
– O ağac durur hələ...
– Durur. Bilirsən
ki, o ağacı mən əkmişəm.
– Yox, bilmirdim.
– Əkməmişəm
ey... Ağasəfi dəfn eləyəndə
daş yox idi üstünə döşəməyə.
Heç ağac da kəsib
yonmamışdılar. Məndən
başqa heç kəsi yox idi. Mən bir
ağac budağı kəsib baş daşı yerinə
basdırdım. Bir vaxt gördüm ki,
ağac elə-helə başı aşağı göyərib.
Arada su verdim. Göyərdi
qalxdı. Budaqları üstdən aşağı
uzanan qəribə bir ağac oldu. Qəbiristanlıq
düzləndi. Bir Ağasəfin qəbri
qaldı, bir də o pir olmuş ağac. – Əlbət
ki, mən qəbrin üstünü götürdüm.
– Qəfər müəllim,
harda qalırsan?
– Bilirəm, vaxtın
azdı, gedirəm. “Günəşli” istirahət
evindəyik. Orda sənin yaxşı oxucuların var. Səni
görmək istəyirlər! Mən
lovğalandım ki, yerlimdir, deyərəm gələr.
– Bağışla, Qəfər
əmi, qəzetə, nömrəyə təcili material verməliyəm.
– İndi yox,
bu həftənin altıncı günü, saat ikidə səni
gözləyəcəyik. Gəlsən şad olarıq.
Kafedə hazırlıq da görəcəyik.
– Mütləq gələcəyəm,
mütləq, sağ ol, Qəfər əmi.
Əşrəfin
ağlı, ürəyi elə bil illərin yuxusundan
ayılmışdı. Özü öz içinə
sığmırdı. Onun içində
özündən, boyundan, bədənindən böyük bir
Əşrəf oyanmışdı. Onu
özü də tanımadığı bir Əşrəf
yeridirdi. Başını dik tutmuşdu, qəti,
hökmlü addımlarla irəliləyirdi. Sinəsi özündən qabaqda gedirdi. Əslində, ayaqları kənara çəkilib
ona yol verirdi.
Qəfər
müəllim bir qədər onun arxasınca baxdı. Gülümsünüb
“hə, gələcəksən, qardaşoğlu, mütləq
gələcəksən” – düşündü. Qəfər
kişi ağ xalatlı çay paylayan
oğlana əli ilə “gəl” işarəsi etdi.
– Bala, çayının
pulunu çıx. Çayın bu gözəl
bulvara yaraşan çaydı. Sağ ol! Xırdalar
qalsın!
1937-ci ilin
yağışlı bir payız axşamı idi. Süsən
yuxuya getmişdi. Səlim kişi
uşağı oyatmamaq üçün Xanıma
yaxınlaşıb pıçıltı ilə dedi:
– Bunlar gəlib
çıxmadı. Uşağın üst
paltarını bəlkə çıxardasan? Tərliyəcək. Çölə
çıxanda soyuq olar.
– İndi gələrlər. Oyansa
ağlayar. Qoy yatsın. Tamaşa qurtarmış olar. İndi
gəlib çıxarlar. Həvəsə bax da... Körpə uşağı qonşuya verib teatra
gedirlər.
– Bunlar üçün
uşaq elə bil oyuncaqdı. Allah bunlara gül
kimi övlad verib. Gündüz qoyub işə
gedirlər, axşam da belə; tamaşaya gediblər. Bu oxumuşlar üçün uşağın bir
quruşluq qiyməti yoxdu. Qoyasan boş-boş
danışalar, bəzənib gəzələr.
– Ay kişi,
cavandılar da...
– Biz cavan
olmamışıq?!
– Bizə nə olub. Elə
indi də cavanıq da... Sən də sənət
tapdın özünə.
– Sənətimə nə
olub, ən məşhur papaqçıyam. Papaq tikib qoyuram
adamların başına, olurlar kişi.
– Bəlkə özün də
o papaqlardan birini başına qoyasan – kişinin yanını
çimdikləyir – hıy...öz uşağımıza
baxaq, hıy...
– Tövbə, tövbə...
Gecənin bu vaxtı məni...qızışmısan?
Allah vermiyəndə zornan olmur ki, qismət
başqa şeydi. Odu ey... Verib qədrini
bilməyənlər. Uşaq ata-ana üzü
görür ki...
Həyətdə
ayaq səsləri eşitdilər. Xanım pəncərədən
baxdı, Səlim qapıya getdi.
– Gəldilər, axır
ki...
Xanım onu əlinin
işarəsi ilə saxladı. Barmağını
dodağının üstünə qoyub susmasına işarə
elədi.
– Nə olub?
– Açma qapını,
meşin şapkalılardı. Orda-burda bir
söz danışmamısan ki?
– Haşa heyvər... Allah eləməsin, Xaçik köpəyoğlu
çoxdandı dükanıma göz dikib. Bəlkə məndən yazıb?
– Vaşş... Evimiz yıxıldı. Özümüzü
yatmışlığa vuraq. Elə bu anda
qonşunun qapısı döyüldü. Səs çıxmadı. Bir də
döyüldü.
– Bəlkə deyim
tamaşaya gediblər? – Səlim pıçıldadı.
– Qurbağa kimi ilanın
ağzına özün girirsən?
– Bəlkə deyim uşaq
bizdədi?
– Dilini qarnına qoy! Onlar bu top-tüfənglə uşaqdan ötəri gəliblər?
Sus!
Elə bu zaman
onların qapısı döyüldü. Kişini əsmə
tutdu.
– Öyümüz
yıxıldı, arvad.
– Sırıxlını
çıxar, qoy elə bilsinlər ki, yuxudan oyanmısan. Allah kərimdi. Bibiheybətə
nəzir deyirəm. Qorxma. Allaha təvəkkül. Aç
qapını. Bissmillahir-rəhmanir-rəhim.
Qapı bir də
döyüldü. Səlim üst paltarını soyunub
qapıya yanaşdı.
– Kimdi?
– Aç!
Səlim kişi
qapını açdı. Meşin pencəkli,
meşin şapkalı bir oğlan dayanmışdı. Şapkasının alın yerində ulduz vardı.
– Xoş gəlmisiz – dedi –
yatmışdıq.
– Qonşunuz hardadı?
– Tamaşaya gediblər, indilərdə
gələrlər.
– Çox yaxşı.
İndi qapını ört! Get yat!
– Baş üstə – dedi.
İstədi desin ki, onların uşağı bizdədi. Oğlan ona danışmağa aman vermədi.
– Get yat! – dedi, qapını
çəkib örtdü.
Baş üstə! – Səlim
bu sözü örtülmüş qapıya baş əyib
dedi. Barmaqlarının ucunda Xanıma
yanaşdı. – Arvad, gedək yataq, qoy elə bilsinlər
yatmışıq.
– Səlim, səs salma,
görək nə məsələdi?
– Bilmirsən nə məsələdi?
– Bilirəm ey, qoy görək
da...
– Gəl uşağı elə
bu başdan verək onlara.
– Dəlisən? Deyərlər belə yaxınsan olara,
uşağı sizə etibar eliyirlər? Bizi
də olara qoşsunlar?
– Hə, düz deyirsən, bəs
onda neyləyək?
– Görək da... Allaha təvəkkül. Allah bizi
bu bəladan qurtarar, inşallah, nəzir demişəm. Yusifi quyudan çıxardan Allahım bizi də
qurtarar.
Bu zaman həyətdə səslər
eşidildi
– Vətəndaş Əbilovdu?
– Bəli.
– Siz də
Şahsuvarovasız?
– Bəli.
– Gözəl familiyanız
var. Yığışın gedək.
– Hara?
– Gəzməyə. Siz konturalar bizim idarəyə dəniz
qırağı deyirsiniz. Dəniz
qırağına gedəcəyik, təmiz havaya.
Əbilovun
sakit səsi eşidildi.
– Nə
yığışacayıq... dərziyə dedilər
yığış, iynəsini sancdı yaxasına.
– Dərzi siz deyilsiniz. Dərzi qonşunuzdur, papaq tikir. Siz
konturasız. Siz şeytana papış
tikirsiz. Orda-burda hökumətin əleyhinə
danışırsınız. Gedək,
burcuy qalıqları.
Səslər
uzaqlaşdı. Səlim dərin bir nəfəs aldı.
– Bah atonnan. Bunlar
mənim papaqçı olduğumu da bilirlərmiş. Gör ey. Gözümüzün
qabağında, qulağımızın dibində vraq narod
yaşayıb, xəbərimiz olmayıb ey... Bundan
sonra kimə inanasan?
– Ay kişi
nə biləsən?
– Kəs səsini! Az qala getmişdik əlli-ayaqlı. Sən hambal Həsənin qızısan. Gör sənə bir söz deyirlər? Deməzlər, çünkü sən əsil
proletarsan. Bunlar konturadı, burcuydu. Uşağı üstümüzə atıb o
tyatır sənin, bu kino... – birdən Səlim susdu – Xanım,
uşağı neyləyəcəyik?
– Saxlayaq. Körpədi.
Hələ gələn novruzda üç
yaşı olacaq. Sakit uşaqdı.
– Tufu... tövbə, tövbə
vraq narodun uşağını saxlayacaqsan? Könlünə
Sibir düşüb? Adın da əladı
– Xanım. Gördün Şahsuvarova
familiyasından necə xoşları gəldi? Xanım ha, xanıma bax. Kasıb
itinin adını gümüş qoyar. Hambal
Həsənin qızı Xanım.
– A kişi
həmişəlik demirəm ki, qoy hay-küy yatsın, sonra
görək səssiz bir yana ötürək.
– Bax ha – Səlim sevincək
– gör heç yadıma düşürmü? Ay qız, mənim
dayım qızı Gülzarı tanımırsan?
– Niyə tanımıram!
– Yetimxananın müdiridi. Verək yetimxanaya.
– Amma qəşəng
uşaqdı ey, Səlim, hı?..
– Tövbə, tövbə,
məni hövsələdən çıxartma.
– Yaxşı hirslənmə...
nə deyib verəcəyik?
– Deyək
tapmışıq, sahib çıxan yoxdu. Adını
biz qoymuşuq Süsən, familiyasını da özü nə
yazır-yazsın.
– Bəlkə qayıdıb
gəldilər, bir-iki gün gözləyək.
Səlim fikrə
getdi. Bir az susdu.
– Nə deyirəm, bir-iki
gün gözləyək, uşağı çölə-bayıra
çıxarma. İndiyəcən gedənlərin
qayıtdığını görmüsən?
– Yox. Amma gənə
gözləyək.
Ardı var.
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 5 iyun.- S.28-29.