150 xəzinə
(söhbət
150 cildlik dünya ədəbiyyatı seriyasından
gedir)
Ölkə prezidentinin
2007-ci il 24 avqust tarixli sərəncamı ilə
150 cildlik dünya ədəbiyyatı seriyasından
kitabların Azərbaycan
türkcəsində çapına
başlanılması ölkənin
ədəbi-mədəni həyatında
böyük səs-küyə
səbəb oldu. Bu kitabların kimlər
tərəfindən tərcümə
olunması, çapa necə və hansı səviyyədə
hazırlanması çox
böyük dartışmalara
meydan açdı.
İnsanlar belə böyük
bir mədəni layihənin başdansovdu, tez-tələsik həyata
keçirilməsini istəmirdilər.
Səviyyəli tərcüməçilərin, dünya ədəbiyyatı
mütəxəssislərinin azlıq təşkil etdiyi,
sovetlərdən sonra redaktə, korrektə işinin, az qala, məhv olduğu bir dövrdə belə
proyektlərin uğursuzluğa düçar olması
ehtimalı çoxlarını narahat edirdi. Nə
yaxşı ki, belə olmadı...
Kitabların tərtibatının,
tərcüməsinin, redaktə və korrektəsinin məsuliyyətini
öz üzərinə götürən Bakı Slavyan
Universiteti görkəmli yazıçı-alim Kamal
Abdullanın rəhbərliyi ilə ölkənin ən səviyyəli
tərcüməçilərini, mütəxəssislərini
iş başına gətirdi. Etdikləri tərcümələrlə
dünya ədəbiyyatı nümunələrini, Mirzə Cəlil
demiş, “türkün ana dilində” səsləndirən
Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Hamlet Qoca,
Yaşar, Etimad Başkeçid, İlqar Əlfioğlu, Nadir
Qocabəyli, Tehran Bəliyev, Azad Yaşar, Nəriman Əbdülrəhmanlı
kimi peşəkar tərcüməçilər layihəyə
cəlb olundu. Artıq işıq üzü
görən 31 cild kitabın tərcüməsinin, redaktə
və korrektəsinin, bədii tərtibatının səviyyəsinə
baxanda layihənin uğuru bəri başdan aydın olur.
Universitetin prorektoru, professor Asif Hacıyevin
mətbuata verdiyi açıqlamaya görə layihədəki
120-yə yaxın müəllif indiyə qədər Azərbaycan
türkcəsində ilk dəfə tərcümə olunan
yazıçılardır. Onlardan Per Lagerkvistin, Jorji Amadunun,
Con Apdaykın, Joze Saramaqonun, Akutaqava Rünoskenin, Vladimir Nabokovun,
Ayzek Azimovun, Brextin, Con Fauzun, Fridrix Dürrenmartın, Stiven
Kinqin, Luis Sinklerin adını çəkmək olar. Əvvəllər tərcümə olunub müxtəlif
ədəbi dərgilərə təqdim olunan azsaylı hekayələrdən
fərqli olaraq, bu kitablarda müəlliflərin
yaradıcılığının mümkün qədər əhatə
olunmasına səy göstərilib. Kitablarda
yazıçıların əsərləriylə bərabər,
onların həyatı, ədəbi xarakteristikası barədə
ətraflı məlumatlar verilir ki, bu da oxuculara dünya ədəbiyyatının
nəhəng simalarının zəngin ədəbi
dünyasına daxil olmağa kömək edir. Sovet dövrünün senzurasından keçməyən
bəzi klassik əsərlərin ixtisara düşmüş
hissələri bərpa olunur. Kitabların
üz qabığının tərtibatı
yazıçıların və yazılan əsərlərin
ruhuna uyğun şəkildə böyük zövq və
istedadla hazırlanır ki, bu işi də “Tutu” nəşriyyatı
görür.
Kitablara abunə
yazılışını “Kitab Klubu” həyata keçirir. İlkin olaraq
20 manat ödəyib abunə olursunuz və kitablar çap
olunduqca onları əldə etmək imkanı
qazanırsınız.
Müxtəlif ölkə xalqlarının – ingilis, alman, fransız, yapon, ərəb, ispan ədəbiyyatları antologiyaları həmin ölkələrin ədəbi dünyası barədə ətraflı məlumat almağa kömək edir. Slavyan Universitetində layihənin iş şəraiti ilə tanış olanlar yaxşı bilir ki, kitablar çapa hazırlanarkən bəzən bir cümlənin, bir sözün, hətta bir durğu işarəsinin üstündə gərgin müzakirələr gedir, əməkdaşlar ən uğurlu variantı tapmağa çalışırlar. Etiraf etmək lazımdır ki, istisna halları nəzərə almasaq, son dövrlərdə Slavyan universitetində yeni formalaşan tərcümə, redaktə və korrektə məktəbi indiyəcən mövcud olmayıb.
Tərcümə olunmuş əsərlərin redaktorları – Salam Sarvan, Tahir Kazımlı, Aqşin Yenisey, Mahir N. Qarayev, Fəxri Əliyev, Nərgiz Cabbarlı kimi vicdanlı və istedadlı qələm adamlarının səyi nəticəsində hətta köhnə nəşrlər də dilimizin yenilik tələblərinə uyğunlaşdırılıb.
Çağdaş dünyada – silah mübarizələrini ideoloji mübarizələrin əvəz etdiyi bir zamanda dünya ədəbiyyatına bələd olmaq, onu milli ədəbiyyatımızla birlikdə öz dilimizdə oxuyub öyrənmək kimi bir imkanı yaratdıqlarına görə bu işdə əməyi keçən hər kəsə, ən azı, təşəkkür düşür.
Bu gün bəşər ədəbiyyatını öyrənib bəşəri dəyərlərlə tanış olan gənc yazıçı və şairlərimiz, əsl yazıçılığı qrafomanlıqdan, düşük sızıldamaları böyük insani ağrılardan ayıra biləcək (bu dəfə də ayıra bilməsələr babalı öz boyunlarına). Bu kitabları oxuyub və xalqımızın ədəbi ənənələrindən güc alaraq dünya ədəbiyyatı karvanına qoşulacaqlar. Və nə zamansa planetin harasındasa çıxan “Dünya Ədəbiyyatı 150 cildliyində” Azərbaycan yazıçısının da adı olacaq.
Mən buna bütün qəlbimlə inanıram!
Mövlud MÖVLUD
525-ci qəzet.-
2010.- 5 iyun.- S.23.