Dəyişən saçın rəngidir
(“Bu gün dünəndən
başlayır” silsiləsindən)
Yadımdadır, ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində eyni redaksiyada birlikdə çalışdığım şair dostum Dilsuz Mustafayevi o çağlarda hansısa bayram ərəfəsində Xalq şairimiz Süleyman Rüstəmdən müsahibə almağa göndərmişdilər. Son dərəcə həssas olan və o zamanacan hörmətli şairə bir o qədər də rəğbət bəsləməyən Dilsuz o görüşdən çox qəribə, fərqli, bir az da sarsılmış ovqatla qayıdıb gəlmişdi. Süleyman müəllimlə görüş onu mütəəssir etmiş, fikir və duyğularında təbəddülat yaratmışdı. Danışırdı ki, yox, hər şey biz bildiyimiz, bizə öyrədilən kimi deyil. Kişilər o dünyanı görüb gəlmiş, kirpikləri ilə od götürmüşlər. O vaxt mənə Dilsuz çox şey danışmışdı. Tək bircəsini bu yazıya daxil etməsəm olmaz. Deyirdi, soruşdum ki, Süleyman müəllim, ən çox istəmədiyiniz, arzu etmədiyiniz nədir? Dünya görmüş şair cavab verir ki, ildə bir kərə yolumuz üstə çıxan 28 Aprel, 1 May bayramları. Dərd məni bürüyür ki, yenə qəzetlər hücum çəkəcək üstümə ki, şair, bu münasibətlə bizə yeni şeirlərini ver. Əşşi, nə qədər yazmaq olar, məndən başqa şair yoxdur begəm?
Repressiv üsullarını bir qədər səngidib yumşaltsa da sovetlər son nəfəsinəcən öz xislətini dəyişmədi. Bildiyini eləməyindən qalmadı. O illərdən taleyinə pay düşmüş əli qələmli biz “60-cılar”ın da ildə bir – neçə kərə canına vicvicə düşərdi ki, bəli də “yenə gəldi yaz ayları”. Yaz ayları öz yerində, bir də bir- neçə ildən bir SSRİ Xalq deputatlığına namizədlərin seçki kompaniyası başlarkən redaksiya əməkdaşlarının işi başından aşardı. Hər redaksiya öz profilinə uyğun olaraq xalqın guya ki, namizəd göstərdiyi şəxsin – məsələn çobanın, pambıqçının, neftçinin, yazıçının, alimin qapısını döyməli, yaxud onu işlədiyi yerə dəvət edib müsahibə almalı, haqqında veriliş hazırlamalıydı. Bu mənada mənim işim bir o qədər çətin deyildi. Çalışdığım Ədəbi-Dram Verilişləri redaksiyasının xətti ilə demək olar əksər sənət adamlarını tanıyır, bəziləri ilə hətta dostluq edir, yeri gələndə haqlarında verilişlər hazırlayırdım.
O ola ki, Anar ola.
80-ci illərin çətin
ayları, illəri idi. Dayandığımız yerdə
şərə-böhtana tuş gəlmiş, erməni məkrinə
urcah olmuşduq. O vaxtacan sovet qardaşlığına,
sülhə, bərabərliyə “ura” deyən xalqımız
səksənib 70 illik qəflət yuxusundan ayılmış,
gördüklərinin, eşitdiklərinin ilğım
olduğunu dərk eləmişdi. Və
çıxmışdı yuxarılarda onun sözünü
deyə biləcək, onu ləyaqətlə təmsil edəcək
ziyalı axtarışına. İlkin ağlına gələnsə
məhz o vaxtacan artıq sözünün çəkisi,
elmiliyi, yeri gələndə yazılarının batman-batman
zəhəri ilə seçilən sevimli
yazıçısı Anar olmuşdu. Bəli, hələ
sovetin bərk getdiyi illərdə özünün “Molla Nəsrəddin
– 66”, “Şəhərin yay günləri”, “Ağ liman”, “Səhra
yuxuları” ilə quruluşun eybəcərliklərini oynaq
priyomlarla üzünə çappıldadan Anar o günlər
elliyin dilində dolaşmaqda idi və Anar da o çoxluğun
tələbi ilə xalq hərəkatının elə ilk
günlərində Ağ ev adlanan Azərbaycan KP.MK-nın
binası önündə izdihamın qənşərinə
çıxmış, öz səsini kütlənin səsinə
qataraq özünəməxsus əsəblə, dəmir kimi
məntiqi, kəskin satirik vüsəti və şübhəsiz
ki, diplomat səriştəsi ilə sovet imperiyasının
ikili siyasətinə “yox” demişdi. Xalqın bu
qarşısıalınmaz istəyi müqabilində artıq
laxladığını hiss edən rejim Azərbaycan
ziyalılığına yalmanmağa, onu öz tərəfinə
çəkmək yolları barədə düşünməyə
başlamışdı.
1989-cu ilin may ayı idi və
Anar da artıq SSRİ Xalq deputatları sovetinə üzv
seçilmişdi. O zamankı radio rəhbərliyinin
tapşırığı ilə Anarla görüşüb
haqqında veriliş hazırlamaq mənə həvalə olundu.
O vaxta qədərki “möhtəşəm” seçki
kampaniyalarında olduğu kimi narahat deyildim. Əksinə, mən
belə bir görüşün arzusundaydım. Anarı
tanıyırdım. Bir neçə dəfə müxtəlif
münasibətlərlə onunla görüşmüş, səsini
lentə alıb efirdə səsləndirmiş, hətta bir
süfrə arxasında çörək də kəsmişdik.
Bilirdim ki, özü də bir vaxtlar radionun əməkdaşı
olmuş, zamanında mənim müdiri olduğum İncəsənət
şöbəsini yaratmışdı. Efirə, onun özəlliklərinə
yaxşı bəllidir. Başlıcası isə
özünü- sözünü biləndir, nə
montajlıq problemim olacaq, nə də qayçılıq.
Anar Anardır də, işim yağ kimi gedəcək. Həm
də ölkəmizin tarixində bu narahat, müstəsna dərəcədə
çətin olan günlərdən bir nişanə qalar bizlərdən.
İndiki kimi
yadımdadır, görüşümüz onun
Yazıçılar İttifaqındakı kabinetində
baş tutdu. Telefon zəngləri ara vermirdi. Onu tanıyanlar
da, tanımayanlar da telefon açır, həyəcanla, az qala
yalvara-yalvara xahiş edirdilər ki, SSRİ tarixində ilk dəfə
keçiriləcək Xalq Deputatlarının qurultayında
Qorbaçovun “pişiyini ağaca dırmaşdırsın”.
Ölkənin başı üzərindən elə küləklər
əsirdi ki, bəzilərinə elə gəlirdi hətta bir
yazıçının sözüylə işlər sahmana
düşə bilər. Amma onu bilmirdilər ki, 70
yaşlı əjdaha canını asanlıqla tapşıran
deyil, əksinə, 1990-nın 20 yanvarının pusqusunda
dayanıb. Bizimsə müsahibəmizin baş tutduğu
günlərdə hələ 1989 –cu ilin may günləri idi
və Anarın da saçlarına təzə-təzə dən
düşməyə başlamışdı. Artıq 9-cu ilə
gedirdi ki, ata-anasından məhrum olmuşdu. Və bu itkilər
səmtindən əsən acı rüzgarlar qamətini əyməyə
başlamışdı. Qarşıdasa onu daha ağır
sınaqlar – o zamankı SSRİ paytaxtının ən ali
kürsülərində çıxışlar, ölkə
rəhbəri Qorbaçovla sözlərinin çəp gəlməsi,
dilləşmələri, xalqının da, şəxsən
özünün də düçar olduğu amansız
haqsızlıqlar...
Artıq Azərbaycan Teleradio
Verilişləri Şirkətinin “Ekran-efir” qəzetində
verilişin anonsu çap edilmişdi və çoxsaylı
radio dinləyiciləri SSRİ Xalq deputatı Anarın nələr
söyləyəcəyini gözləyirdilər.
Bakımız isə mitinqlər
dalğasında üzürdü.
İndi həmin müsahibədir ki, bu gün də Azərbaycan radiosunun səslər xəzinəsində qorunmaqdadır.
– Anar müəllim, əvvələn Sizi – sevimli yazıçımızı pərəstişkarlarınız adından SSRİ Xalq deputatı seçilməyiniz münasibəti ilə ürəkdən təbrik edirəm.
– Çox sağ olun.
– İnanırıq və ümid edirik ki, bu vaxta qədər müxtəlif janrlı əsərlərinizdə toxunduğunuz problemlərin həlli yolunda innən belə yazıçı-vətəndaş kimi deyil, həm də bir deputat- xalqın elçisi kimi ardıcıl, səmərəli fəaliyyət göstərəcəksiz. Bir neçə gündən sonra ölkə tarixində ilk dəfə xalq deputatlarının qurutlayı başlayır, Siz də qurultay nümayəndəsi kimi Moskvaya yollanırsız. Sizə yaxşı yol deyir, uğurlu səfər arzulayırıq. İstərdim söhbətimizə bir qədər əvvəlki günləri xatırlamaqla başlayaq. O günləri ki, Siz həm seçməyə, həm də seçilməyə hazırlaşırdınız. Deputat kimi Sizə ilk sualımız da elə həmin günlərlə bağlıdır. Bu il martın 26-da Bakının dairə Zabitlər evində Qaradağ, Oktyabr, Kirov, Abşeron rayonlarının zəhmətkeşləri Sizə səs vərərkən Siz öz seçki dairənizdə kimə səs verdiniz?
– Qəribə təsadüfdür ki, mən səs verdiyim dairədə özüm də səsə qoyulmuşdum və mən şəxsən Millətlər Sovetinə seçilməsi üçün Vəli Məmmədova səs verdim.
– Keçən seçkilərlə bu dəfəki seçkilər arasında hə kimi fərqlər var və bunlar ürəyinizcədirmi?
– Əlbəttə ürəyimcədir. Fərq çox böyükdür. Ötənlərdə heç yadıma gəlmir ki, mən haçan seçkilərdə iştirak eləmişəm. Qutunu gətirirdilər evlərə və biz tanımadığımız, nadir hallarda tanıdığımız deputatın adını görüb vərəqi qutuya atırdıq. Bu seçki kampaniyasının fərqi orasındaydı ki, bir yox, iki və daha artıq namizədin adları vardı və bu namizədlər də seçilmək üçün özlərini tanıtmağa, seçkiqabağı kampaniya keçirməyə, öz proqramlarını, qayələrini, amallarını camaata çatdırmağa məcbur idilər və bu gözəl məcburiyyətdir. Mən də 20 gün ərzində təxminən otuz görüş keçirdim zəhmətkeşlərlə və bu seçkinin də elə ən gözəl xüsusiyyəti oydu ki, adamlara sərbəst seçmək imkanı verilmişdi.
– Həmin görüşləriniz vaxtı ən çox qarşınıza hansı suallar çıxırdı?
– Çoxdan çox suallar çıxırdı. Konkret deyə bilmərəm ki, hansı sual çox idi, hansılar az. Amma daha çox yadımda qalanlar insanların sosial vəziyyəti, ekoloji məsələlər, işlə təminat, nəqliyyat şəraiti, ərzaq şəraiti ilə bağlı mənə ünvanlanan sorğular idi. Etiraf edək ki, bu sahələrdə bizdəki durum çox acınacaqlıdır. Əvvəllər niyə bu məsələlər barədə danışılmırdı. Ona görə yox ki, belə problemlər mövcud deyildi, sadəcə ona görə ki, artıq insanlar inanmışdılar ki, danışmaqla, boğaz yırtmaqla heç bir şey düzələsi deyil. Amma indi bu ümid insanlara qayıdıb. Deyir, hər şey qıt olsa da ümid boldur. Ona görə də insanlar danışmaq imkanı əldə ediblər, dərdlərini deyə bilirlər. Mən onlarla görüşlərdə açıq danışırdım. Döşümə döymürdüm ki, sizin bütün problemlərinizi yoluna qoyacağam. Bu mənim tərəfimdən Don Kixotluq olardı. Seçilmək naminə camaata yalan vədlər vermək mənim əxlaqıma yaddır. Mən onlara qulaq asıb yalnız onu deyirdim ki, mən əlimdən gələn hər şeyi edəcəm ki, bir qədər də olsa bu işlər sahmana düşsün.
– Uzun illərdir ki, biz Sizi xalqımızın, cəmiyyətimizin yaxasından asılıb qalmış bir sıra qayğıların, bəlaların, dərd-sərlərin aradan qalxması yolunda fədakarlıqla çarpışan yazıçı, ziyalı, vətəndaş, eloğlu kimi tanımışıq. İndi durub sual versəm ki, deputatlıq dövründə hansı məsələlərin həllində xalqın köməyinə gələcəksiz, yəqin ki, buna özünüzə xas olan tərzdə, yığcam cavab verəcəksiz. Və bu sayaq müsahibələrinizin də axır vaxtlar az şahidi olmamışıq. Amma hər halda son vaxtlarda xalqımızın həyatında baş verən ictimai, sosial, siyasi olaylarla bağlı bir deputat, bir Azərbaycanlı kimi şəxsi proqramınıza yeni bəndlər, maddələr əlavə olunubmu?
– Yox. Çünki bu problemlər
elə əvvəlki problemlərdir. Demək olmaz ki,
seçkilərdən qabaq başqa problem vardı, indi
başqa. Məni narahat edən əsas məsələ mədəniyyət
və ekologiya sahələrinə aiddir. Və mən məhz
bu sahələrlə bağlı əlimdən gələni
necə deyərlər, beş qaba çəkəcəyəm.
Çünki bunlar da vacib məsələlərdi. Bizim
günlərdə ekologiya həyat deməkdir, mədəniyyət
isə millətlər yarışında millətimizin layiqli
yer tutması deməkdir. Bizim mədəniyyətimiz geri olsa
biz digər sahələrdə də geridə
qalacağıq, səsimizə kimsə qulaq asmayacaq, mədəniyyətimizi
tanımasalar, bizi də tanımayacaqlar, dərd-sərimizi,
problemlərimizi bilməyəcəklər. Mən bir daha
seçicilərimə də, xalqımızın digər
nümayəndələrinə də çatdırmaq istərdim
ki, istər sosial-məişət bəlalarının, istər
iqtisadi çökmələrin, dolanışıq çətinliklərinin
başında mədəniyyətimizlə bağlı əyər-əskikliklər
dayanır. Mən istər deputat, istərsə də adi vətəndaş
kimi xalqa xidmətin əsas göstəricisi kimi mədəni
inkişafımıza əl tutmağı önəmli
sayıram.
– Şahidiyəm ki, hələ
deputat seçilməzdən öncə Azərbaycan
Yazıçılar İttifaqının sədri kimi də,
lap elə yazıçı Anar kimi də Sizə
yanaşıb çoxları kömək, məsləhət,
yardım umurdular. Yəqin ki, deputat Anardan innən belə daha
çox umacaqlar.
– Vallah mənim iş yerimdəki
saatlarımın çoxu qəbuluma gələnlərlə
söhbət, gələn məktublara cavab verməklə
ötüşür. Arada 20 gün Bakıda olmadım, gəlib
gördüm masamın üstündə mindən çox məktub
qalaqlanıb. Efir vasitəsilə mənə üz tutan,
kömək diləyən yurddaşlarıma deyirəm ki,
onları başa düşür, dərdlərinə, problemlərinə
sayğı ilə yanaşıram. Amma bir daha bildirirəm ki,
mən öz boyumdan yuxarı tullana bilmərəm. Hər
adamın özünə, tutduğu vəzifəyə və
nəhayət fiziki gücünə uyğun imkanı, səlahiyyəti
var və ondan artığına qadir deyil. Çox xahiş
edirəm ki, seçildiyim dairənin 300 mindən çox olan
seçiciləri şəxsi problemləri ilə
bağlı mənə üz tutmasınlar. Buna sadəcə
olaraq mənim fiziki imkanım yoxdur. Qoy mən, ümumi, bir az
daha qlobal məsələlərin həllində onlara kömək
edim. Mənə nəfəs dərməyə imkan versinlər.
– Bu günlərdə bizlər
mətbuat səhifələrində yer tutmuş çox həyəcanlı
bir sənədin şahidi olduq. Dağlıq Qarabağda
baş verən hadisələrlə bağlı bir qrup Azərbaycan
ziyalısının Sovet İttifaqı Kommunist Partiyasının
Baş katibi Mixail Qorbaçova müraciətini nəzərdə
tuturam. Yəqin ki, həmin müraciət qarşıdan gələn
qurultay kürsüsündən də hallanacaq, bir daha
nümayəndələrin nəzərinə
çatdıracaq. Bir xalq elçisi kimi bu məsələyə
sizin münasibətinizi bilmək istərdik.
– O müraciət qəzetdə
dərc olunarkən mən Bakıda yox idim. Ona görə də
mənim orda imzam yoxdur. Amma burda olsaydım məmnuniyyətlə
mən də ora imza atardım. Çünki orada ifadə
olunan fikirlər mənim də fikirlərimdir,
düşünürəm ki, belə bir müraciətin
şübhəsiz xeyri olar.
– Azərbaycanı təmsil
edəcək deputat həmyerlilərimiz arasında Sizin ürəyinizcə
olan, ideallarınıza yaxın nümayəndələr
varmı, ümumiyyətlə xalq elçisini necə təsəvvür
edirsiniz?
– Tək Azərbaycandan yox,
Sovet İttifaqının digər yerlərindən də
seçilən deputatların bir çoxunu şəxsən,
bəzilərini qiyabi tanıyıram. Mənə elə gəlir
ki, qarşıdakı qurultayda iştirak edəcək
deputatların əksəriyyəti xalqın həqiqi
arzularını, fikirlərini ifadə edə bilən şəxslərdən
ibarətdir.
– Sizinlə bir vaxtda SSRİ
Xalq deputatlığına namizədliyini vermiş, amma
seçkilərdə xal toplaya bilməmiş
yurddaşlarımıza sözünüz nədir, onlara nə
arzulardınız?
– Mən onların bəzilərinin
seçki platformaları ilə tanışam və elə
bilirəm ki, həmin platformalardakı fikirlər bizim
xalqımız, ölkəmiz üçün son dərəcə
faydalıdır və məncə seçilən deputatlar da
bir növ deputat seçilməyənlərin elçisi olaraq
onların arzularını sovet parlamentində həyata
keçirməyə çalışacaqlar.
– Söhbətimizin əvvəlində
də vurğuladığım kimi Siz bu vaxtacan
xalqımızın mənəvi tərəqqisi yolunda
boynunuza götürdüyünüz bir sıra missiyaları
ləyaqətlə daşımış, yerinə yetirmisiniz.
Yazıçı kimi, dramaturq kimi, publisist,
kinematoqrafçı, esseçi, hətta mən deyərdim tədqiqatçı-
alim kimi. Bundan sonra öhtənizə daha bir vəzifə
götürmüş olacaqsız- ictimai xadim kimi yüksək
tribunalardan xalqımızı təmsil eləmək.
Çingiz Aytmatovun təbirincə desək, durğunluq illərindən
qalmış hasarlar əyilsə də hələlik
davamlığını, möhkəmliyini qorumaqdadır. Bu
Sizi qorxutmur ki, Anar müəllim, necə bilirsiz, Sizin
üçün çətin olmayacaq ki, heç bu barədə
düşünmüsünüz?
– Atalar məsəlidir, qorxan
gözə çöp düşər. Bəli, çətinliklər
var, amma onları qovmaq üçün gərəkdir
bütün iradəmizi toplayaq, ağlımızı,
bacarığımızı səfərbər edək.
– Bu çətin yolda, siyasi
abu-havaların günü-gündən sərtləşdiyi
bu dönəmdə Sizə böyük iradə, səbr, əzmkarlıq
arzulayır, xalqımızı ən uca kürsülərdən
ləyaqətlə təmsil etməyinizi gözləyirik. Və
bu söhbətin sonunda Moskvaya yola düşmək ərəfəsində
bilmək istərdik, xalqımıza nə arzulardınız?
– Səadət, dinc əmək,
səbr, dözüm, ağıl, təmkin və bunlara bənzər
çox şeylər.
P.S. Yox, bu olmadı.
Yazının əvvəlində işarə vurduğum
Süleyman Rüstəmlə Dilsuzun arasındakı söhbətə
bir də qayıtmalıyam. Dilsuz dostumuz o vaxt Süleyman
Rüstəmə ünvanladığı daha bir suala Xalq
şairimizdən gözləmədiyi cavab almışdı.
Soruşanda ki, ay Süleyman müəllim, bəs sizi bu
vaxtacan ən çox ağrıdan nə olub, şair
deyibmiş ki, məni ən çox sarsıdan istedadlı ədəbiyyatşünasımız
Salman Mümtazın 37-cı ildə tutulandan sonra çox zəngin
kitabxanasının və dünyanın hər yerindən
toplayıb şəxsi arxivində saxladığı qədim
mənbələrin, əlyazmalarının çekistlər
tərəfindən müsadirə edilərək
gözümüzün qabağındaca alovu ərşə
qalxan tonqala atıb yandırmaları olub. O səhnəyə
baxa-baxa biz də yanıb qovrulurduq, amma səsimizi
çıxara bilmirdik. Zaman elə zamanıydı, oğlum...
İntiqam Mehdizadə
525-ci qəzet.- 2010.- 5 iyun.- S.22.