AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ
(Əvvəli ötən şənbə
sayımızda)
(Sevimli övladının – “Əkinçi” qəzetinin
ilk sayının 50 illiyi münasibəti ilə Həsən bəy
Zərdabiyə ithaf edilir)
(Yazını Vilayət Quliyev Azərbaycan dilinə çevirib
və “525-ci qəzet”ə təqdim edib)
Həyatının mühüm bir faktı Həsən bəyə hücumları daha da gücləndirmişdi. Bu da ailə həyatı qurması ilə bağlı idi. Tale onun qarşısına gənc və yaxşı təhsil görmüş dağlı qızı Hənifə Abayevanı çıxarmışdı. Hənifə xanım mənşəcə balkar idi. Qarlı Elbrusun ətəklərində yaşayan türk əsilli kiçik Balkar (Bulqar, Valkar) xalqının təmsilçisi idi. Abayev familiyası bu xalq arasında geniş yayılmışdı. Abayevlər məşhur Kabardin, çərkəz və osetin ailələri ilə də qohum idilər. Hənifə xanım 8-9 yaşlarında kiçik qız ikən Tiflisdəki Müqəddəs Nina məktəbinin pansionatına göndərilmiş, təhsil kursunu böyük uğurla başa vurmuşdu. Lakin gənc xanım Abayeva məktəbin kandarından kənara ayaq basmamış Həsən bəyin elçisi qapını kəsmişdi. Mövcud adət-ənənələrin ziddinə olaraq elçi elə Həsən bəyin özü idi. O, yanında molla gətirmiş, kəbini də burada kəsdirmişdi. Və beləcə gənc Hənifə xanım Məlik-Zərdabi sevimli Balkariya və onun ecazkar dağları əvəzinə Xəzər sahillərinə gəlib çıxmışdı. Burada isə onu gərgin fəaliyyət və taleyini bağladığı insanın şöhrəti gözləyirdi.
Belə qeyri-adi evlənmə hadisəsi müsəlmanlar arasında çoxlu söz-söhbətin yaranmasına səbəb olmuşdu. Uşaqlarının müəllimi Həsən bəyin cavan xanımını cəmiyyət arasına çadrasız çıxardığını görən müsəlmanların necə hiddətləndiklərini təsəvvürə gətirmək isə çətin deyildir. Bu dövrdə Bakının Zaqafqaziyanın müsəlman mərkəzləri içərisində dədə-baba qaydalarına daha çox əməl edən bir yer kimi şöhrət qazandığını da yaddan çıxarmaq olmazdı. Şəhər sakinlərinin fikrincə, müsəlman qadının hətta çadra altında küçədə görünməsi də tək onun yaxınları və doğmaları deyil, hətta bütün həmdinləri üçün də təhqiramiz və alçaldıcı hərəkət sayılırdı. Şəriət qanunlarının cahil şərhçiləri bunu islamın tələblərinin açıq-aşkar pozulması kimi dəyərləndirirdilər. Nəticədə Həsən bəyin “əleyhdarları” hücumlarını kəskinləşdirir, onun ünvanına təhqir yağdırmaqdam, hətta özünə və xanımına daş-kəsək atmaqdan da çəkinmirdilər.
Lakin Həsən bəy kimlərlə üzləşdiyini yaxşı bilirdi. Bilirdi ki, bu günkü əleyhdarları qadını qapalı vəziyyətdə, əsarət altında saxlamağın faydasızlığını anlayandan, onun kişinin ən yaxın dostu olduğunun fərqinə varandan, birgə həyatlarının çətinlik və məhrumiyyətlərini bölüşmək üçün xanımına lazımi imkan yaradılmasının zəruriliyini başa düşəndən sonr dost və müttəfiqlərinə çevriləcəklər.Odur ki, heç nəyə baxmadan seçdiyi yolla irəliləyirdi. İlk növbədə ailəsinin nümunəsi ilə müsəlman qadının vəziyyətini yüngülləşdirmək və yaxşılaşdırmaq istiqamətində mümkün olan hər şeyi etməyə çalışırdı. Həm də xoşbəxtlikdən o, gənc, enerjili xanımının simasında cəmiyyətdə qadının rolu məsələsində yaxın tərəfdarını, fikirlərinin ən yaxşı ifadəçisini tapmışdı. Hənifə xanım Məlik-Zərdabi Həsən bəyin sağlığında üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən yüksək bacarıq və ləyaqətlə gəlmişdi.
Bir sözlə, indi Həsən bəy tək deyildi. Hənifə xanımın simasında o, sevinc və kədərini bölə bildiyi səmimi dostunu, fəal yardımçısını, qiymətli əqidə yoldaşını tapmışdı. Xalq mənafeyi uğrundakı birgə fəaliyyət zəminində qazanacaqları uğur və başarıların cəlbedici mənzərələrini göz önündə canlandırdıqca ürəkləri həyat və yaradıcılıq eşqi ilə dolan bu gənc insanların mənəvi ittifaqı onların gözləri önündə yeni perspektivlər açır, məqsədə çatmaq üçün yeni yollar və vasitələr axtarmalarına təkan verirdi.
Pedaqoji fəaliyyətə böyük məhəbbətinə və xalq üçün təhsilin faydasına bəslədiyi inama baxmayaraq dövlət tədris müəssisəsinin məhdud çərçivəsi daha Həsən bəyi təmin etmirdi. Rəsmi qulluq onun kütlələrlə daha yaxın ünsiyyət saxlamaq, daha geniş auditoriya ilə təmas qurmaq, fikir və düşüncələrini daha çox insanla bölüşmək istəyinin qarşısında maneəyə çevrilirdi.
Həsən bəy artıq ana dilində mətbuat orqanı yaratmaq arzusu ilə yaşayırdı. Dövrün senzura ilə bağlı tələblərinin çətinlik və sərtliyinə baxmayaraq o, mətbuatın timsalında xalqın gələcək rifahının, mədəni və iqtisadi inkişafının, milli şüurunun hərəkətə gətirilməsinin ən mühüm vasitəsini görürdü.
Həyatının mənasına çevrilən bu xoşbəxt fikri gerçəkləşdirmək üçün Həsən bəy həm inzibati, həm də texniki xarakterli çoxlu maneələri aradan qaldırmalı olmuşdu. İlk növbədə, hökumətin nəzərində siyasi etibarlılığını sübuta yetirmək üçün müxtəlif dəftərxanalara baş vurub müvafiq sənədlər əldə etmək zərurəti yaranmışdı. Həmin müraciətlərlə əlaqədar bütün keçmiş Bakı quberniyası yazırdı, Tiflisdən Qafqaz canişinliyi isə cavab verirdi.
Nəhayət,
günlərin birində arzu həqiqətə çevrildi. Olduqca sevindirici bir gün
idi! Həsən bəy Məlik-Zərdabiyə
Bakıda, doğma ana dilində “Əkinçi” qəzetini
çap etməyə icazə vermişdilər.
“Əkinçi”! Bu 1875-ci ildə olmuşdu.
“Əkinçi!”
Bu sözü
qəlb çırpıntısı, ürək həyəcanı
olmadan söyləmək çətindir. Bu sözdə hər bir azərbaycanlı
kişi və qadın üçün ən
müqəddəs sayılan duyğular öz əksini
tapmışdı. “Əkinçi” azad əməyin
layiqli mükafat simvolu sayıla bilərdi. “Əkinçi” yeni Azərbaycanın, onun dilinin,
şeriyyətinin, xalq nəğmələrinin, ədəbiyyatının,
tarixinin həyəcan doğuran rəmzinə
çevrilmişdi.
“Əkinçi”
və Həsən bəy Məlik-Zərdabi. Həsən bəy
Məlik-Zərdabi və “Əkinçi”-bu adlar mədəniyyət
tarixində, xalq yaddaşında sıx bağlı
olduğundan onları ayırmaq əsla mümkün deyil.
Azərbaycan haqqda danışarkən, Azərbaycanı
göz önünə gətirərkən bu adlar yalnız
bir ölkənin deyil, bütün Qafqazın maarif və mədəniyyət
tarixində, siyasi və iqtisadi inkişaf salnaməsində son
dərəcə şərəfli yer tutmağa layiqdir.
“Əkinçi”nin ərsəyə gəlməsi Həsən
bəyin bir sıra sahələrdə birinci olmaq şərti
ilə doğma xalqına xidmətinin ən yüksək zirvəsi
idi. Bu mühüm işi görməklə Həsən
bəy xalq yaddaşından silinməyən, öz milləti
üçün qaranlıqda yol göstərən mayak
ucaltmış oldu. Həmin mayakı zəkasının
nuru ilə işıqlandırdı. Artıq
aradan yarın əsr keçməsinə baxmayaraq o
işıq sönməyib, yenə də xalqın yolunu nura,
aydınlığa qərq edir.
İnsanlara yol göstərən
bu maarif mayakını, işıq mənbəyini ehtiramla
salamlamaq indi Azərbaycanın, kişi və
ya qadınlığından asılı olmayaraq hər bir Azərbaycan
vətəndaşının mənəvi vəzifəsi, vətənpərvərlik
borcudur.
Əgər indinin
özündə də xalq mənafeyinə sədaqətlə
xidmət edən, onun hüquqlarını qoruyan ciddi, obyektiv,
həqiqi qəzet nəşri böyük çətinliklərlə
bağlıdırsa, “Əkinçi”nin
meydana gəldiyi dövrdə heç bir mübaliğəyə
yol vermədən bunun əsl qəhrəmanlıq olduğunu
söyləmək mümkündür. Məhz
belə bir dəyanət və qəhrəmanlıq sayəsində
daxili və xarici, maddi və texniki səciyyəli
saya-hesabsız maneələri dəf etmək mümkün
idi. Məhz Həsən bəyin ideyalarına sonsuz sədaqəti,
güclü iradəsi, başladığı işin mütləq
zəfər çalacağına qəti inamı, eləcə
də bütün çətinlikləri həyat əri ilə
bölüşən, gələcəyə eyni səmimiyyətlə
inanan, bu yolda heç nədən çəkinməyən,
qüvvə və bacarığını əsirgəməyən
Hənifə xanımın dəyanəti, bir sözlə, cəsur
ailə ittifaqının birgə səyi nəticəsində
“Əkinçi”nin nəşri ilə bağlı yaradılan
əngəlləri dəf etmək mümkün oldu.
Həsən bəy
yalnız naşir və redaktor deyildi. O, həm də qəzetin yeganə əməkdaşı,
müxbiri, xronikaçısı idi. Qəzetin
səhifələrinin doldurulması yalnız onun fəaliyyətinə
bağlıydı. Həsən bəy eyni
zamanda həm də mətbəə məsələləri
ilə məşğul olurdu, korrekturanı oxuyur,
yazışmaları aparırdı. Nəşrlə
bağlı inzibati və texniki məsələlərin həlli
isə Hənifə xanımın üzərinə
düşürdü. O, “Əkinçi”nin
mümkün qədər geniş dairədə
yayılmasına çalışırdı, hər bir
nüsxəni büküb banderol kimi bağlayır, üzərinə
ünvanları yazır, yerlərə çatdırmaq
üçün poçta təhvil verirdi.
Beləliklə,
bütün işlər yalnız Həsən bəy və Hənifə
xanımın üzərinə düşürdü. Nəşrin
yeganə maddi mənbəyini isə Həsən bəyin o qədər
də böyük olmayan müəllim maaşı təşkil
edirdi.
“Əkinçi”nin
meydana gəlməsi görünməmiş hadisə idi. Qəzet
bütün Qafqaz müsəlmanlarına, ilk növbədə
isə Bakı, Şamaxı, Gəncə və s. şəhərlərin
savadlı əhalisinə böyük təsir
bağışladı. Həmin təəssüratın
yaranmasında qəzetin istər zahiri
görünüşü, istərsə də məzmunu
mühüm rol oynamışdı.
İlk vaxtlar kiçik
formatda çıxmasına baxmayaraq ana dilində gözəl
və aydın şriftlə nəşr edilən “Əkinçi”ni əldə tutmaq həm qeyri-adi, həm də
çox xoş idi. Ölkə daxilində, habelə onun
hüdudlarından kənarda (əsasən İranda) məktəb
və mədrəsələrdə təhsil alanlar
üçün ərəb və fars
sözlərinin bol-bol işlənmədiyi açıq ana
dilində, türk-Azərbaycan dilində nəşr olunan qəzeti
oxumaq müəyyən mənada hətta gözlənilməz
idi. Çünki həmin dövrdə yerli
müsəlmanların savadlı hissəsi-imtiyazlı təbəqələr,
ruhanilər, tacirlər və s.fərqli məqsədlərlə
üç Şərq dilindən yararlanırdılar.
Onlar ərəb dilində dua edir, fars
dilində oxuyub-yazır, evdə isə türk-Azərbaycan
dilində danışırdılar. Amma bu zaman əvvəlki
iki dilin söz və ifadələrindən də bol-bol
yararlanırdılar.
Həsən bəy
özünəməxsus qətiyyət və enerji ilə ana
dilinin müdafiəsinə qalxdı. O, mövcud terminologiyanın imkan
verdiyi tərzdə “Əkinçi”də fars
və ərəb sözlərindən mümkün qədər
istifadə etməməyə, istisnasız şəkildə
türk-Azərbaycan dilində yazmağa
çalışırdı. Bu zaman xalqın
daha yaxşı anladığı, adi danışıq dilindən,
gündəlik həyat və məişətdən
götürülmüş hamının başa
düşdüyü söz və ifadələrə daha
çox üstünlük verirdi. Yuxarıda
xatırlatdığım savadlı müsəlmanların
dilin sadələşdirilməsi ilə bağlı məsələdəki
mövqeyi Həsən bəyi tutduğu yoldan qətiyyən
çəkindirmirdi. Həmin adamlar “Əkinçi”
naşirini məsxərəyə qoyurdu, ərəb və fars dillərini bilmədiyindən “tərəkəmə
ləhcəsində” yazdığını iddia edirdilər. Lakin müəyyən müddətdən sonra belə
“tənqidçilərin” özləri, xüsusən də
onların övladları milli şüurun əsas
qaynaqlarından, qida mənbələrindən biri kimi ana
dilinin dirçəldilməsində Həsən bəyin xidmətlərinin
əhəmiyyətini minnətdarlıqla yad etməyə bilməzdilər.
“Əkinçi”nin yalnız zahiri forması və dili deyil, hər
şeydən öncə məzmunu diqqəti çəkirdi. Qəzet keçmiş Rusiyanın, Qafqazın, habelə
bir sıra xarici ölkələrin daxili və xarici həyatı
ilə bağlı məsələlərə toxunur, söz
açdığı mətləbləri sadə və
anlaşıqlı tərzdə oxucularına
çatdırmağa çalışırdı. Həm də bu zaman “qazları ayıq salmamaq”,
hakimiyyəti qəzəbləndirməmək
üçün müxtəlif vasitələrə əl
atılırdı. Həsən bəyin
geniş auditoriyaya müraciətinin əsas mövzusu isə
bütünlükdə həmin dövrdə, xüsusən də
Qafqaz müsəlmanları mühitində daha çox nəzərə
çarpan yarıtmaz həyat şərtləri idi. Bu barədə “Əkinçi” özünün hər
sayında yorulmadan söz açırdı. Zavallı xalqın hiylə və riya toruna
salınmasına səy göstərən qara qüvvələr
qəzet naşirinin diqqətini daha çox çəkirdi.
Cahil mollalar, qolçomaqlar, yerlərdəki satqın hakimiyyət
nümayəndələri, acgöz mülkədarlar,
qudurğan bəylər, aralıq vəkilləri biri-birinin
ardınca “Əkinçi”nin səhifələrinə
çıxarılıb sorğu-suala tutulurdu. Ehtiyatlı
ifadələrlə də olsa, məhkəmə və idarəçilik
orqanlarının fəaliyyətindəki yarıtmaz cəhətlər
tənqid olunurdu. Qəzet redaksiyası
oxuculara üz tutaraq belə faktlar, ümumən diqqəti
çəkən hadisələr barəsində xəbər
verməyi xahiş edirdi.
Müsbət,
təqdiredici yazılarda isə Həsən bəy maarifə,
torpaq hüququna və ondan istifadə qaydalarına,
yolların və suvarma kanallarının çəkilməsinə,
bəndlərin tikilməsinə, alqı-satqının təşkilinə
və s. məsələlərə diqqət yetirirdi. Həmvətənlərinin
ümumi həyat şərtləri ilə bağlı işlərdə
Həsən bəy adətən yol göstərir, təsərrüfat,
yaxud təcrübi əhəmiyyətli məsləhətlər
verirdi. Bu mənada kənd sakinlərinə
əkinçilik, torpağa qulluq və gigiyena qaydaları ilə
bağlı verilən məsləhət və nəsihətlər
daha qiymətli idi. Yüksək təhsilə malik təbiətşünas-alim
nüfuzu ona torpağın becərilməsi, əkinçilik
alətlərindən səmərəli istifadə, bitkilərə
qulluq və s. barəsində elmi cəhətdən əsaslandırılmış
faydalı fikir və mülahizələr söyləməyə
imkan yaradırdı. Həsən bəy şəhər
və kəndlərdə hökm sürən antisanitariyaya,
şəxsi gigiyenanın vacibliyinə daha çox diqqət
yetirir, yaşayış məskənlərini, həyətləri,
küçələri, su mənbələrini təmiz
saxlamağın vacibliyini göstərirdi. O, kəndlilərə
süddən necə yağ çəkməyi,
müxtəlif ağartı məhsullarından istifadə
qaydalarını, ərzaqları uzun müddət qoruyub
saxlamaq yollarını öyrətməyi də yaddan
çıxarmırdı.
Sırf təsərrüfat
səciyyəli məsləhət və göstərişlərlə
bir sırada Həsən bəyin xalqı qəflət
yuxusundan ayılmağa, cəhalət pəncəsindən
xilas olmağa, sağlam və mədəni həyata, milli
şüura səsləyən
çağırışları “Əkinçi”yə
xüsusi məna verirdi. Lakin bütün ehtiyat tədbirlərinə,
hətta “siyasət” və “siyasi” kimi istilahlardan hər vasitə
ilə uzaq qaçılmasına baxmayaraq “Əkinçi”yə
senzura təzyiqləri get-gedə şiddətlənirdi. Əvəzində isə qəzet getdikcə daha
çox rəğbət qazanırdı. “Əkinçi”
ilə xalq arasındakı mənəvi əlaqələr
genişlənir və möhkəmlənirdi. Oxucular artıq müxtəlif məsələlərlə
bağlı Həsən bəyə müraciət edirdilər,
ondan məsləhət almaq istəyirdilər. “Əkinçi”nin hər növbəti sayını səbirsizliklə
gözləyirdilər. Qəzetlə
tanışlıq çox vaxt kollektiv səciyyə
daşıyırdı. Adamlar dəstə
ilə karvansaralarda, küçə və meydanlarda
toplaşırdılar. Bir nəfər
oxuyur, qalanları isə qulaq kəsilirdilər. Qiraət bir qayda olaraq materialın məzmunu və təbii
ki, dinləyicilərin əhvali-ruhiyyəsi ilə
bağlı müxtəlif şərhlərlə
müşayiət edilirdi. Dinləyicilər
müzakirə edir, mübahisəyə girişir, tərifləyir
və... söyürdülər. Çox
vaxt elə yerindəcə qəzetə cavab göndərmək
qərara alınırdı.
Redaksiya qəzetə
oxucu diqqətinin təzahürü, yazılanların hədəfə
çatmasının göstəricisi kimi bu “cavablara”
böyük əhəmiyyət verirdi. Həsən bəy qəzetə
gələn bütün məktublara, etiraz və şərhlərə
son dərəcə diqqətlə yanaşırdı, “Əkinçi”nin səhifələrində onlara vicdanla və
səxavətlə yer ayırırdı. Həm
də redaksiya yalnız öz xeyrinə olan mülahizə və
etirazları çap etmirdi. Kəskin, bədniyyət tənqidlə
dolu, “Əkinçi”nin
yürütdüyü maarifçilik siyasətinə,
xalqı qəflət yuxusundan ayıltmaq mübarizəsinə
mənfi münasibət bildirən materiallara da yer
ayırırdı. Üstəlik, “Əkinçi” Həsən
bəyin şəxsiyyəti əleyhinə yönəlmiş
, hətta bəzən ləyaqət çərçivəsini
aşan satirik xarakterli hərbə-zorbaları çap etməkdən
də çəkinmirdi. Belə müəlliflərin
sırasında o zaman Azərbaycanda tanınan satirik şairlərdən
Hacı Seyid Əzim Şirvani də vardı*.
Həsən bəy
heç zaman əleyhdarlarının qabağından
qaçmırdı. Onların cızmaqaralarını qəzetdə
yerləşdirməklə bir sırada bu yazıların
heç birini cavabsız qoymurdu. Onlara
dostlarını və pərəstişkarlarını
şövqə gətirən kəskin cavablar verirdi.
Getdikcə abunəçilərin sayı daha da artırdı
və nəşrinin ikinci
* Ə.Topçubaşi
burada müəyyən dolaşıqlığa yol
vermişdir. S.Ə.Şirvani Həsən bəyin ardıcıl
ideya müttəfiqlərindən biri idi. Onun
qəzetdə çap olunan şerlərində H.Zərdabinin
şəxsiyyəti və mübarizəsi yüksək qiymətləndirilir,
maarifçilik ideyaları təqdir olunurdu. Müəllif
çox ehtimal ki, “Əkinçi”nin kapitan
Sultanov, Həsən Qara Hadi kimi qaragüruhçu əleyhdarlarını
nəzərdə tutmuşdur. (Tərc.)
ilində (1876-cı ildə) “Əkinçi”
artıq müxtəlif zümrələri təmsil edən
ayrı-ayrı şəxslərin “əməkdaşlığından”
yararlanmaq imkanı qazanmışdı. Əlbəttə,
həmin şəxslərin qəzetdə iştirakı
sözün həqiqi mənasında ciddi və ardıcıl
əməkdaşlıq sayıla bilməzdi. Çünki əksər hallarda ötəri və
təsadüfi xarakter daşıyırdı. Lakin redaksiya hətta belə təsadüfi müəlliflərə
də yüksək dəyər verirdi. Onların
sırasında bir neçə keçmiş şagirdinin
olması isə Həsən bəy üçün mənəvi
qələbə kimi xüsusilə əhəmiyyətli idi.
Çox ehtimal ki, valideynləri tam təqdir etməsələr
də, bu gənclər ilk dəfə doğma türk-Azərbaycan
dilində “Əkinçi” səhifələrində
çıxış etmək üçün özlərində
istək və cəsarət tapmışdılar. Milli ruhlu əsilzadələr, hətta ruhanilər
arasında da “Əkinçi” ilə əməkdaşlıq
edənlər vardı. Həsən bəy
hətta ötəri, təsadüfi səciyyə
daşısa da, xalq içərisindən
çıxmış savadlı adamlarla əməkdaşlığa
çox yüksək dəyər verirdi. Çünki
onlarda daha böyük səmimiyyət və inam
görürdü. Təbii ki, belə
adamlar hələ sayca çox deyildi. Lakin
təbiət etibarı ilə xalqçı olan Həsən
bəy bu azsaylı adamlarla işləmək, onları təşviq
etmək və həvəsləndirmək üçün
bütün qüvvə və imkanlarını ortaya qoyurdu.
Yerlərdəki müxbirlərin məktub və
məlumatları dil və imla qüsurlarına baxmayaraq dərhal
qəzet səhifələrində yerləşdirilirdi. Üstəlik redaksiya onlara minnətdarlığını
bildirir, əməkdaşlığı davam etdirməyə
çağırırdı.
Xalq içərisindən
çıxmış müəllifləri əməkdaşlığa
həvəsləndirməklə Həsən bəy kütlələr
arasında daha etibarlı mövqe qazanmaq, cəmiyyəti qəzet
səhifələrində toxunduğu mətləblərlə
daha yaxından maraqlandırmaq istəyirdi. O, “Əkinçi”ni Azərbaycan xalqının yalnız nüvəsini
deyil, həm də əsas istiqamətverici gücünü təşkil
edən kəndli sinfinin maraq və mənafelərinin
müdafiəsinə yönəlmiş tam xəlqi mahiyyətli
həqiqi kəndli tribunasına çevirməklə
bağlı niyyətlərini heç zaman gizlətmirdi.
İki illik
mövcudluğu ərzində “Əkinçi” həqiqətən
də doğma xalqın salnaməsinə çevrilmişdi. Təmiz, ləkəsiz
güzgü kimi təmsil etdiyi milləti bütün təbii
keyfiyyət və çatışmazlıqları, zəngin
mədəni keçmişi, Şərqin böyük tarixi
yolundakı bütün qəhrəmanlıq və faciələri,
yad qüvvələrin hakimiyyəti altında üzləşdiyi
məhrumiyyət və sarsıntıları ilə göstərirdi.
Həsən bəy əziz vətəni Azərbaycanın – bu
əbədi və tarixi odlar yurdunun yenidən öz müstəqilliyinə
qovuşması ilə bağlı ürəklərdə
ümid və inam qığılcımları
alovlandırmağa çalışırdı... Belə salnamədə hansısa
ayrıseçkiliklər salmaq, hansısa xüsusi ilə
maraqlı və diqqətəlayiq səhifələr axtarmaq
doğru olmazdı. Çünki bu salnamənin
hər səhifəsi bütün qələbə və məğlubiyyətləri,
sevinc və kədərləri ilə Azərbaycan
xalqının müxtəlif tarixi mərhələlərdə
keçdiyi mürəkkəb yoldan bəhs edirdi. Gələcəyin hər bir tədqiqatçısı,
hər bir tarixçisi “Əkinçi” səhifələrində
xalq həyatının heç bir əlavə bəzək-düzəyin,
heç bir artırıb-əksiltmənin yer
almadığı həqiqi və parlaq təsviri ilə
üzləşəcəkdir.
Tədqiqatçı
və tarixçi üçün 1875-1876-cı illərin “Əkinçi”si
xalqımızın yarım əsr əvvəlki mədəni
inkişafı və intellektual tərəqqisi ilə
bağlı məsələlərdə ən etibarlı masaüstü
kitab rolunu oynamalıdır. Türk-Azərbaycan mətbu
sözünün əsası “Əkinçi” ilə
qoyulmuşdur. “Əkinçi” yalnız Azərbaycanda
və Qafqazda deyil, bütün Rusiya müsəlmanları
içərisində ana dilində mətbuatın banisidir.
Müxtəlif vaxtlarda Tiflisdə Ünsizadə qardaşları
tərəfindən çap olunan “Ziya” və “Kəşkül”
qəzetlərinin materialları ərəb və fars sözlərinin
böyük üstünlük təşkil etdiyi dillə
yazılırdı, ideya baxımından isə Azərbaycandakı
xalq kütlələrinin həyatının gerçək
inikasından çox uzaq idilər. İndi haqqın rəhmətinə
qovuşmuş məşhur krımlı ictimai xadim, 1885*-ci
ildən bəri Bağçasarayda çıxan “Tərcüman”
qəzetinin naşiri və redaktoru İsmayıl bəy
Qasprinski isə həmişə Rusiyadakı türk mətbuatının
tarixinin “Əkinçi”dən başladığını
etiraf edir, Həsən bəyi bu sahənin patriarxı,
özünün müəllimi adlandırırdı.
“Əkinçi”nin
nəşrinin ikinci ili-1876-cı il Rusiya-Türkiyə
müharibəsinin alovlandığı vaxta təsadüf
etdi. Üstlərinə çar hökumətinin silinməz
“pantürkizm” damğası vurulan Qafqaz müsəlmanları
müharibənin başlanması ilə özlərinə
şübhəli münasibətin
ağrı-acısını daha kəskin şəkildə
hiss etdilər. Təzyiqlər gücləndi, həbslər və
inzibati sürgünlər çoxaldı, hətta
Həddini
aşmış hakimiyyətin təqib, basqı və
haqsızlıqlarına dözmək, bütün bunları
cavabsız buraxmaq üçün böyük
soyuqqanlılıq, səbr və dözüm tələb
olunurdu. Hakim dairələrin vəhşi, yırtıcı
təbiətinə yaxşı bələd olan Həsən bəy
üçün doğma xalqının taleyi ilə
bağlı çətin mənəvi əzablar dövrü
başlanmışdı.
Müharibə
ilə bağlı meydana çıxan bir hadisə onu daha
çox narahat edirdi. Sonradan elə həmin hadisə də onun üzləşdiyi
fəlakətin əsas səbəblərindən birinə
* Mətndə belə
getmişdir. Əslində 1883-cü il
olmalıdır. (Tərc.)
çevrildi. Dağıstanda
üsyan başlandı. Çoxlu adam
həbsxanaya salındı. Üsyanın təşkilatçıları
dar ağacından asıldı. Lakin hakim
dairələr yenə sakitləşmək bilmirdilər.
Onlar hər yerdə üsyanın yeni-yeni
iştirakçılarını axtarırdılar. Belələri sırasına Həsən bəyin bəzi
dostları və keçmiş şagirdləri də daxil
edilmişdi. Haqlı olaraq hiddətlənən
Həsən bəy yaxından tanıdığı
adamları müdafiə etmək qərarına gəldi.
Hakimiyyətin bu təşəbbüsdən necə
qəzəbləndiyini təsəvvürə gətirmək
çətin deyildir. Tezliklə Həsən bəy
özü də az qala üsyanda
iştirakda və “cinayət törədən” şəxsləri
gizlətməkdə ittiham olundu.
Məhkəmə
və cəzanı çox gözləmək lazım gəlmədi. Qafqaz
Canişinliyinin göstərişi ilə Həsən bəy
Məlik-Zərdabi Bakı real məktəbinin müəllimi
vəzifəsindən azad edildi və 5 illiyinə
Beləliklə, “Əkinçi”nin mövcudluğuna məcburi şəkildə
son qoyuldu.
(Ardı var)
Əlimərdan bəy Topçubaşi
525-ci qəzet.- 2010.- 5 iyun.- S.20-21.