Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri

 

Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.

 

Şirməmməd HÜSEYNOV

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

 

AVROPA VƏ ALƏMİ-İSLAM

 

Avropanın Asiyada, Afrikada kiçik yerli məmləkətləri zəbt edib əhalisinə vəhşiyanə cəbr və zülmlər rəva görməgi ilə edamlarına çalışmağı o yanda dursun, böyük və müntəzəm dövlətləri dəxi əl uzadıb, oraları da dairəyi-təsərrifə çəkməkdə yek digərləri ilə rəqabət ediyorlar. Çin kimi bir əjdaha məmləkət Avropa hücumundan özünü qoruya bilməyib düvəli-müəzzəmənin yumruqları altında bir qədər əzildi. Yalnız bu səbəbə ki, avropalıların tamahkaranə düxuli-yolunu içərisinə məsdud eləmişdi. Osmanlı və İran isə müdam avropa dövlətlərinin “yədi-himayəsi” altında əriyib öz istiqlaliyyətlərini, tamamiyyəti-mülkiyyələrini müruri-zaman ilə əldən buraxmağa məcburdurlar. Əgər Avropa düvəli-müəzzəməsi arasında rəqabət olmasa idi, bu iki islam dövləti çoxdan bəri münqəriz olmuşlardı. Şimdi övzai-hal böylədir ki, İran və yaxud Osmanlı dövləti öz yerində bir qədər məsafədə dəmir yol çəkmək, bir şirkət təşkil vermək, bir mədən kəşf etmək, bir liman açmaq və sair bu gunə iqdamatda bulunmaq istədikdə, bunların hamısının imtiyazatını Avropa düvəli-müəzzəməsindən birinə verməgə məcburdur. Yəni öz dövlətinin böyük mədaxilini lap nahaqca yerə özgəyə verməlidir... Osmanlı dövləti Məkkəyi-mükərrəmə dəmir yolunun imtiyazatını Almaniyaya tərk etdi. İmtiyazata artıq göz qıçartmış İngilis dövləti, Osmanlıya qəzəbi tutub, onun başına dürlü-dürlü bəlalar gətirməgə çalışdı və əlan çalışmaqdadır. İranda kredit bankları açıb, Avropa çay və qəlyan vasitəsilə cəmaəti o banklara cəlb edir və cəlb edib də zahirdə “kömək” edib, pul verib, batində xəlayiqi istaətdən salır, bütün sərvət və miknəti-təbiisini bu nəhvilə əlindən alır....

Əvvəlcə Avropa böylə bir iştəha gətirmə niyyətdə idi ki, bütün Asiyanı axırda özünə bir müstəmləkə (koloniya) qayırsın. Məlumdur ki, Avropa bu niyyətinə nail ola bilərdi. Əgər öz içində ittifaqı olsa idi. Lakin düvəli-müəzzəmə arasında ittifaq yox idi və Asiyanın nicatına səbəb olan rəqabət bəzən o mərtəbədə şiddətlənir ki, birdən hamısını kor edib qoymuyor ki, baxıb görsünlər ki, üstündə rəqabət etdikləri məmləkətin və ya ölkənin içində nə gunə münqəlibat, təğyirat və təbəddülat törəməkdədir. Biri gördükdə dəxi o birisinə xəbər vermək istəmiyor. Əgər Yaponiyanın birdən birə vəhşilik və istibdad qara örtügünü kənara tullayıb məşrutiyyət və mədəniyyət libasi- müşəşşəyinə geyinməgini “Əşi, Asiya mənim degilmi?” sözlərilə gözlərini kor etmiş bir dövlət görmüyordusa da sair dövlət görürdü. Lakin görüb də korun gözlərini açmaq istəmiyordu. Onun qüvvət və əzəmətini təhdid edən bir şeyə diqqətini cəlb etdirmiyordu. Zira o qüvvət və əzəmətli kor ilə rəqabətdə bulunurdu. Fəqət bununla belə öz qorxusunu dəxi nəzərə almaq istəmiyordu. Çun o qorxunu özü üçün cüzi hesab ediyordu və yaxud öz hiylələrinə ümidvar idi. İştə Yaponiya getdikcə mədəniyyət və ədəmi-istibdad əsasları üzrə nəşvü-nüma tapıb o məqami-tərəqqiyə çatdı ki, cürətli zərbəsini yalnız bir rus degil, bütün Avropa üzərinə çırpdı, çırpıb da böylə bir zərbəyi heç bir vəqt gözləmiyən Avropanı lap gicləndirdi, çaşdırdı və ...... bütün Asiyanı udmaq niyyəti-təmahkaranəsindən ahəstə, ahəstə dəstbərdar olmağa məcbur etdi.

Odur ki, indi Avropa Əqsayi-Şərqdən sərf-nəzər edib var diqqətini Əqsayi-Qərbə, yəni aləmi-islam mərkəzlərinə cəlb edibdir. Rusiya Yapon ilə bədbəxt müharibədən başı açıldıqdan sonra İranda itmiş nüfuzunu yenidən bərqərar etməgə qeyrət etdi. Bunu görüb ingilis dövləti İranda rəqabətini bir qat daha artırdı. Düvəli-müəzzəmə Osmanlının başına yenə bir demonstrasiya kələgi açmaqdan çəkinmədi, daxilində ixtilallar törətdi. Haman düvəli-müəzzəmə Fas (Mərakeş) məmləkəti-islamiyyəsi üzərinə tökülüb “islahat” qoymağa bel bağladı. Tunis və Trablisi dəxi o günə salmaq istədi....

Xülasə aləmi-islama çağrılmamış, istənilməmiş bir qəyyum oldu, o qəyyumluq ki, ictimaiyyət aləmi onun fəsx və ləğvini tələb ediyor. Lakin heyfa ki, bu ictimaiyyət aləmi Avropada olub, yalnız Avropa əhalilərini himayət ediyor, Asiya və afrikalıları isə, baxırsan ki, insan övladından hesab etmiyor, onları hüquqi-insaniyyədən ari bilir, həqlərində olan vəhşiyanə zülmləri nəzəri-etinayə almıyor. Təhəkküm altında əzilib minlərcə tərki-dünyayə məcbur olduqlarına qarşı bir etiraz etmiyor....

Yaponiya zərbəyi-müəssirəsilə verilmiş dərsi imdi Avropa unutmaq istəmiyor, odur ki, əlan qəyyumluğu əlinə almış aləmi-islamda büruz edən hərəkat və cünbişi müşahidə etdikcə bir cür təlaşə düşür.

İranda hökuməti-məşrutə təsisi Avropaya xoş gəlmiyor. Bu da təbiidir. Zira ki, indiyə qədər Avropanın “dilənçi payı” silə dolanan İran, bu hökuməti-məşrutə sayəsində dönüb ikinci bir Yaponiya ola bilər. Əgər ingilis səfarəti İran inqilabiyunlarına Tehranda himayə edirdisə, bu onunla bəyan olunur ki, ingilis dövləti rəqibi Rusiyanın gözü qabağında iranlıların ona tərəf pənah gətirməsini görüb də böylə bir müvəffəqiyyətdən naşi hasil olmuş şadlığından şıllaq atırdı. Bu şadlıq bir müddət gələcək mülahizatı onun fikrindən kənar ediyordu. Və bir də ingilis İranın içini, çölünü dürüst bildiginə görə əsil qanun əsası veriləcəginə inanmayıb bədbinanə baxıyordu. Avropa mətbuatı, daha doğrusu mətbuatı-rəsmisi, İran qanuni-əsası xüsusunda görünür ki, müəyyən bir fikir izhar etmək istəmiyor. Çün ki, bu qanuni-əsası Avropanın niyyətinə, planlarına müvafiq degildir və bir də “hələ gözlüyor ki, görək nə olacaqdır”. İmdi ingilis paytaxtı olan London şəhərində mövsuq şayeələr dövr ediyor ki, Sultan Əbdülhəmid həzrətləri buraxdığı məclisi-məbusanı (parlament) təkrar qurmaq istiyor. Yəni 1876-ncı sənədə Osmanlıda verilmiş Midhəd Paşa qanuni əsasisini təkrar cari etmək istiyor. Bu isə İran qanuni-əsasisi kibi diqqətsiz qalmıyıb Avropanı əndişəyə salmaqdadır. Zira İran qanuni-əsasisinin Avropadan ötrü acı olan nəticələri bir əlli-altmış ildən sonra yer edəcəkdirsə, Osmanlı hökuməti-məşrutiyyəsi, lap elan olunan günü Avropanın Osmanlıya qarşı ittixaz etdigi politikasının ləğv və fəsxinə və ya bari heç olmasa təbdil və təğyirinə səbəb olar. Çün ki, Osmanlı cəmaəti maarifcə rusiyalılardan qabaq olduqlarına görə qanuni-əsasinin nədən ibarət olub-olmadığını, mənasını, mənafeini gözəlcə düşünürlər. Binaənileyhə öz məclisi-məbusanlarını yədi-iqtidarlarında saxlayıb layiqincə istifadə etməgə qadirdirlər. Və bir də Osmanlıda öylə bir mədəniyyət və mərifətli zəvat vardır ki, onlar əqli-səlim zəkavət və qabiliyyətdə Avropanın ən böyük alimlərindən geri durmazlar. Qanuni-əsasi elanından sonra bunlar çürüdükləri mənfalərdən və istibdad təzyiqi-təhəmmül fərsasından qaçıb pənah apardıqları yerlərdən təkrar vətənə övdət edib bir az zamanda Osmanlını düvəli-müəzzəmə cərgəsinə salarlar. Daha o surətdə ingilisin Almaniyaya qarşı demonstrasiya qurmağa cürəti olmuyan kibi, Osmanlıya qarşı dəxi öylə bir hərəkati-təcavüzkaranə ittixazına heç bir dövlətin hədd və hesabı olamaz. Avropa “Balkanda sabitqədəm olmaq”, “müqəddəs Konstantiyyəni basurmanlardan təmizləmək” fikri-həsədəngizindən bir dəfə qəti surətdə əl çəkməgə məcbur olar. İştə bu mülahizə səbəbindəndir ki, “Novoye vremya” qəzetəsinin London müxbiri kəmali-təəssüflə diyor:

“Əlbəttə, düvəli-müəzzəmə Osmanlıda parlamanın təkrar açılmasına müxalifət edə bilməz. Halbu ki, bu parlament onlara bir-bir çox qayğılar vədə ediyor”.......

 

Üzeyir

“İrşad” qəzeti, 13, 14 avqust 1906,

¹ 190, 191

xəzain- xəzinələr

təəddi-insafsızlıq

təmmə-son dərəcə tamahkar

mütəhəyyir-heyrətə salma

yəd-əl, vasitə

münqəlib-şəklini dəyişmiş

təğyirat-başqalaşdırma, xarab etmə

 

Ordan-burdan

 

İrandan baş götürüb Rusiyaya qaçmış və Rusiyadan da baş götürüb Osmanlıya qaçmış və Osmanlıdan da baş götürüb lap uzaq və lap azad bir məmləkətə qaçmış yoldaşımdan dünən bir məktub aldım.

Rəfiqim məni üç şeydən xəbərdar ediyor və diyor ki, cəmaətin bədbəxtligi bu üç şeydəndir:

Bunlar budur:

Pulpərəstlik, şan qazanmaq və bir də riyakarlıq. Dostum yazır ki, əslinə baxsan pulpərəstlik öylə bir alçaq sifətlərdən degil, çün ki, məlumdur ki, bu dünyada pul diriligimizin ümdə vasitəsidir. Məsələn: bu gün mənim cibimdə pul olmasa ac qalmaq, lüt gəzmək o yanda dursun, ən yavuq rəfiqlərim belə mənim üzümə baxmaq da istəməzlər və niyə də baxsınlar? Vəqta ki mənim qarnım ac və əgnim yalavacdır-o binəvalar məndən nə feyz apara bilərlər!... Qərəz, onu diyoram ki, pulpərəstlik pis şey degil. Amma bu şərtlə ki, həddindən çıxmıyasan!

Mənə deyirlər ki: necə yəni həddindən çıxmayasan.. Yəni milyoner olmayasan?! Onda deyirəm ki, xeyr, mən onu demirəm. Mənim dedigim budur ki, pul qazanmaqda sairlərinin mənafeinə əl uzatmayasan. Məsələn: tutalım ki, sənin əlində bir qədər maya vardır ki, sən onunla özünü dolandıra bilirsən. Amma sairisi bədbəxtlik üz verib pulsuz qalıbdır. Birdən görürsən ki, sənin də və onun da pul qazanmaq üçün əlinizə bir fürsət düşür. Sən haman saət səy edirsən ki, fürsət ilə istifadə edib o pulu öz əlinə salasan. Dəxi bunu fikr etmiyorsan ki, axı sənin barı heç olmasa bir qədər pulun vardır. Amma bu kişi acından ölür. Qoysanamı ki, o pulu qazanmaq fürsəti bunun əlinə düşsün!

 

Şan qazanmaq

 

Şan qazanmaq özü də əslinə baxsan yaxşı sifətlərin biridir. Nə lazımdır ki, dünyayə gəlib bir qırx il ömür sürüb sonra dinməz-söyləməzcə öləsən. Heç bilmiyələr ki, hardan gəldin və haraya getdin və nə səbəbə gəlib-getdin! Amma iş buradadır ki, şanı yaxşı yolda qazanmaq lazımdır ki, layiqli şan olsun. Burası da vardır ki, yalandan mənəm-mənəm demək ilə, çığırıb-bağırmaqla, adam görəndə gözünün ucu ilə, həqarət nəzərilə baxmaqla, layiqli adamları töhmətləndirib əbəs yerə öz döşünü gərməklə, cüzi bir əməlini dağ böyüklügündə bir hünər bilib fəxr və təkəbbür etməklə şan qazana bilməzsən. Zahirdə özünü “şanlı” görüb axırda məsxərə aləti olarsan, sonra bir qədər fikr etsən özün də-özünə gülərsən və adam görəndə utandığından yerə girməgə razı olarsan...

 

Riyakarlıq

 

İkiüzlülük isə, daha heç belə fəna sifət ola bilməz. Riyakarlığı iki mənzur eliyorlar. Bir mənzur yaxşı ad qazanmaqdır, yəni hər qabağına çıxanın üzünə gülüb, quyruğunu buluyub, istiyorsan ki, sənin həqqində bir pis söz danışmasınlar, düşmənin və bədxahın olmasın və hamı sənin barəndə desin ki, əcəb yaxşı oğlandı ya! İkinci mənzur “dəgmə mənə, dəgmiyim sənə” nöqteyi-nəzərindədir ki, bu da insanın aciz, zəif, əqidəsiz, məsləksizligini bildirir. Bu adam diyor ki: mən dünyaya gəlmişəm ki, beş gün farağat ömür sürüb başımı qoyam yerə, heç bir kəs ilə mənim işim yoxdur! Müsadimneyi-əfkar, əqaid, inqilabati-zəmanə ilə bu adamların əlaqəsi olmaz. Bunlar diri ölüdürlər, dostum!

Rəfiqimin məktubunu oxuyub çox mükəddər oldum, çün ki kimin nə həqqi və nə dəlili var desin ki, bizim cəmaətimiz bu cürə adamlardan təmizdir?...

 

Filankəs

“İrşad” qəz. 20 avqust 1906, ¹ 196

mənzur-məqsəd, niyyət

əqaid-əqidələr

 

BÖYLƏ DƏ OLMAZ!

 

İndiyə qədər biz millətimizin ünsürlərini ətalət və kəsalətdə ittiham ediyorduq və ediyoruz. İşləməgə qabil olan və işləməməsi vacib görülən ünsürlərimizin hərəkətsiz qalıb millət qeydində olmamağı bizə xoş gəlmiyor, onların fürsət məqamında ehmal ilə hərəkət etmələri, fürsəti əldən buraxmaları bizi hali-təbiədən çıxarıb qələm vasitəsilə üzərlərinə hücum etməgə vadar ediyor. İndi isə, ünsürlərimizin içində öylə ifratpərəstlər zühur edibdir ki, onlara qarşı qələm çalmağı, bununla onları ifratçilikdən mən etməgi özümüzə borc biliriz. Burada rus ədibi-şəhiri Krılovun “Oboz” (Karvan) adlı əfsanəsində olan at yadımıza düşür. Bəli, bizim ifratçılar milləti qabağa aparmaqda haman bu atın rolun oynamaq istiyorlar. Lakin nədəndirsə atın başına gələni və işin aqibəti nəyə müncər olduğunu yaddan çıxardırlar. İfratçılarımız öz əqideyi-ifratpərvəranələrini onunla bəyan ediyorlar ki, millətə rəva görülən zülm və sitəm onlar üçün o qədər açıq və aydındır ki, daha bunlara “soyuq-soyuq” baxmaq olmaz: hərçənd bu sözlərin səmimiliginə inanmaq bəzi səbəblərə görə çox çətindir. Amma yenə də təki öylə olsun. Lakin burasını unutmamalıdır ki, milləti zülm və sitəmdən azad etmək üçün indiki zamanda, bu şəraiti-mövcudə hüzurunda ifratçılıq ilə heç bir xeyir iş görmək olmaz. Bu halda bizim millət quyu dibinə düşmüş zəlil bir adamdan ibarətdir. Bu binəvani quyudan çıxartmaq üçün əldə nazik bir ip vardır ki, bu da indiki idarə (rejim) dən kinayədir. Söz yoxdur ki, əgər ifratçılıq edib var qüvvətinlə ipi dartsan, ip üzülüb zəlili təxlisdən məhrum və məyus edərsən. Vaqeən adama sui-təsir edən budur ki, ifratçılar gözlərini örtüb işin aqibətini təsəvvürə almaq istəmiyorlar, onlar diyorlar: zərər yoxdur, biz işimizi görək, qoy bizə nə edəcəklər etsinlər... Lakin bu bir hünər degil, bu dürüst fikir etməməkdən nəşət edən boş və vahi bir mülahizədir; Lakin bu gunə mülahizələr ilə iş görməgin nəticəsi millətimiz üçün artıq təhlükəlidir! Çün ki, bizim hamımıza məlumdur ki, “qoy nə edəcəkdirlər etsinlər”-deyən ifratçıların əllərində heç bir qüvvə yoxdur ki, “nə edəcəkdirlər” edənlərin etmələrinə qarşı qalxıb milləti mühafizə və müdafiəyə çalışsınlar. Pəs, aşkardır ki, “qoy, nə edəcəkdir etsinlər” fikri ilə iş görmək istəyən ifratçıların məqsudi millətə kömək etmək degil, milləti düşdügi quyudan da dərin bir quyuya salıb, sonra da aciz-aciz baxıb durmaqdır. Bu isə, millətə qarşı edilən böyük bir xəyanətdir!

Binaənileyh, bütün ifratçılarımıza tövsiyəmiz budur ki, işə əhəmiyyət nəzərilə baxsınlar, dərin fikir etsinlər, ifratçılığı filanı kənara qoyub kəmali-etidal ilə iş görsünlər. Və illa axırda onların boynuna öylə bir ağır məsuliyyət düşər ki, heç bir vəqt öhdəsindən gələ bilməzlər, vəssəlam!

Üzeyir

“İrşad” qəz. 20 avqust 1906, ¹196

mənzur-məqsəd, niyyət

əqaid-əqidələr

 

ÜÇÜNCÜ ÜMUMRUSİYA  MÜSƏLMAN İCTİMAİNƏ DAİR

 

Həmin bu günlərdə Rusiyada iki böyük ictimai vaqe olmaqdadır. Bunların biri bu halda Üçkilsə (Eçmiyadzin) də külli-əraminə katalikosu hüzurunda iniqad edən “erməni deleqat ictimai” dir. Digəri isə Nijni-Novqorodda açılmış Ümumrusiya müsəlman yığıncağıdır. Hal-hazırda bu iki ictimaın ikisi də millətlərinin ehtiyacatı xüsusunda müzakirə ediyorlar və rəfi üçün çarə və tədbirlər arayırlar. Lakin əhəmiyyətli burasıdır ki, “erməni deleqat ictimaı” bütün erməni millətinin hər bir fərdinə məlum olduğu halda Rusiya müsəlman ictimaı haqqında müsəlmanlardan bir çoxunun xəbərdarlığı yoxdur. Sair yerlərin müsəlmanlarını bilmiyoram, amma bizim Qafqaz müsəlmanları bir ictimai-kəbir müslimindən baxəbər degildirlər. Buna ümdə səbəb odur ki, Rusiya müsəlmanları ictimaı qurmaq lüzumunu görüb haman ictimayə hazırlaşdıqları vəqt, biz Qafqaz müsəlmanlarının başı Qarabağ qırğınına qatışmışdı. Və bir də bu ictimainin vüqu olacağı pişəzvəqt bizə məlum degil idi. Odur ki, Qafqaz haman ictimai-kəbir müsliminə öz vəkillərini göndərməkdən məhrum oldu.

Biz gördük ki, erməni taifəsi katalikos hüzurunda ictima qurmağa birdən-birə qalxmadı. Onlar bu əmri-əzimə əvvəlcə hazırlaşmağı lazım bilib hər yerdə pişəzvəqt məclislər qurub vəkillər seçdilər və onlara müəyyən bir dəstürüləməl verib ondan sonra ictimaə göndərdilər. Bizim müsəlmanlar isə ictimaə hazırlaşmaq kibi xeyirli və lüzumlu təşəbbüsdən sərf-nəzər edib, ictimainin zamani-güşadını belə bilaistina bütün Rusiya islamlarına elan etməksizin ictimaə şitab etdilər. Rusiya islam qardaşlarımız çox gözəlcə bilirdilər ki, qafqazlıların fikri-zikrini Qarabağ hadiseyi-musiffəsi işğal edibdir. İctima qurulsa da o halımızda xəbərdarlıqları olmayacaqdır, vəkil göndərə bilməyəcəklər. Lakin bunu bilib də nəzərlərində tutmadılar və ixtişaş dumanının Qafqaz dağlarından çəkilməsini və çəkilib də xəlqi sakitlik, rahatlıq işığına çıxartmasını gözləmiyib ictimaiyə tələsidilər.

Əsasən, ümumrusiya müsəlmanlarının bu üçüncü ictmai, Qafqazda, Bakıda vaqe olmalı idi. Söz yoxdur ki, əgər iş böylə olsa idi bizim cəmaətimiz də ictimaiyə əhəmiyyət nəzərilə baxıb bir də bu gunə bir təşəbbüsi-alidən həmin ağlar zamanında bir qədər təsəlliyab olardı. Bundan əlavə Qafqaz müsəlmanları kazanlı qardaşlarının uzaq Rusiyadan qalxıb Qafqaza ictimaiyə gəldiklərini müşahidə edib ittifaq və ittihad sarıdan mütəməddin olardılar və ümdə budur ki, ictimai erməni-müsəlman ixtişaşı məsələsilə müfəssəl surətdə aşina olub, bu qanlı məsələnin də müzakirə və həllinə qədəm qoyardılar. Amma təəssüflər olsun ki, bu iş nədən isə Bakıda baş tutmadı. Biz çox arzu edərdik ki, Qafqaz müsəlmanlarına ariz olmuş bü müsibətə Rusiya müsəlman ictimai əhəmiyyət nəzərilə baxıb mövqei müzakirəyə qoya idi. Çün ki, bu iş yalnız bir hökumətin provakatorluğundan naşi degil, burada erməni taifəsinin xüsusi politikaları vardır ki, Qafqaz müsəlmanları da o politikaya qurban olurlar. Fəqət məəttəəssüf görünür ki, bizim arzumuz haman arzu halındaca qalacaqdır. Zira ictimai bu məsələyə dürüst aşina edəcək vəkil yoxdur ki, orada bu məsələ xüsusunda danışsın.....

Biz bilmirik burada biz Qafqaz müsəlmanlarımı, yaxud ictima qurmaq məsələsini çıxardan zəvati-girami bütün əhali arasında ictimadan müqəddəm icab edən təşviqati ehmal edib, əhaliyə böylə bir böyük işdən bir qədər baş açmaq, müxbir olmaq üçün vəqt və fürsət vermiyibdirlər ki, onlar da doğru vəkillər seçib göndərə idilər. Tutalım ki, erməni-müsəlman ixtişaşı məsələsi Qafqazın xüsusi və müvəqqəti bir bəlasıdır ki, ümumrusiya müsəlmanlarının ona dəxli yoxdur. Amma burası da var ki, Qafqazın idarəsi daxili Rusiyada olan idarədən fərqli olduğuna görə Rusiya müsəlmanlarına dair məsələlərin həlli dəxi Qafqaza gəldikdə fərqli olmalıdır. Məsəla: məktəb və mədrəsə məsələsində əgər Rusiya müsəlmanları üçün ümumi və cəbri təlim nəfli ədd olunursa, biz Qafqaz müsəlmanları üçün məkatib və mədaris istiqlaliyyəti lüzumludur. Rusiya müsəlmanları zemstvolar xidmətində müstəfid olurlarsa, biz bu gunə xidmətlərdən məhrumuz. Bunları ictimaidə bəyan etmək üçün orada Qafqazdan vəkillər lazım idi...

Hər halda ictimainin müvəffəqiyyətini əməl ediriz. Bizi artıq məmnun edən ictimain ümummüsəlmanlar üçün siyasi bir firqə təşkili xüsusunda olan qərarı oldu. Çün ki, bundan sonra müsəlman karkən və mücahidlərinin səyi və cəhdləri müəyyən bir məslək üzrə icra olunacaqdır. Hər kəs dəxi öz vəzifəsini düşünüb müəyyən bir yolda, bir təriqdə işləyəcəkdir. Və bu səbəbə görə işləmələrinin də nəticələri artıq məhsuldar olacaqdır. Ancaq görək haman siyasi firqənin məramnaməsi ümummüsəlmanlar nəzdində qəbula keçəcəkdirmi, yoxsa araya partiyabazlıq düşəcəkdir!...

Üzeyir

“İrşad”, 21 avqust 1906, ¹ 197

iniqad-təşkil edilmə

baxəbər-məlumatlı

şitab-tələsmə, tələsik

 

BƏYANİ-HƏQİQƏT

 

Qarelərimizin diqqətini qəzetəmizin 198-ci nömrəsində mündəric “Şayani-diqqətdir” ünvanlı məqaləyə cəlb ediriz. Mühərriri məqalə, qəzetəmizdə iki-üç dəfə məqalə yazmaqla bir qədər bizə tanış olan erməni Abraham Əmirxanyans cənablarıdır. Bu cənab birinci məqaləsində bu erməni-müsəlman ixtişaşından naşi biz türk müsəlmanlarından şikayət edən kibi, bu üçüncü məqaləsini dəxi haman tərz ilə yazıb bizi dəlil və sübutlar ilə inandırmağa qeyrət ediyor ki, guya biz türk müsəlmanları tərəfindən ermənilərə qarşı ittixaz edilən məslək və təriq istər ermənilərdən, istər bizlərdən ötrü müzurr olub, yalnız bir müfəttinlər və şeytanları barındırıyor, nəfbərdar ediyor.

Cənab Əmirxanyansın qəzetəmizdə yazdığı məqalələri hərçəndi həqiqətə müxalifdir, amma yenə də öylə səmimi, həqcuyanə bir tərzlə yazıbdır ki, ona cavab verib həqiqət halı bəyan etməmək bizdən ötrü günahdır, gəz hədərdir, bir də o səbəbə ki, bizim ilə müsahibə etmək istəyən Əmirxanyans o erməni şovinist millətçilərdən degildir ki, qərəz və tərəfgirlik hissi onların insaf və mürüvvətlərinə qələbə etməklə bədbəxtləri gündən də işıqraq bir həqiqətə qarşı etirazə və cavaba məcbur ediyor. O əramilərdən degil zənn ediyoruz ki, onlar üçün həqiqət hali-bəyan və təlqin etmək Sədi əleyhirrəhmə həzrətləri demişkən: “Çun girdəkan bər künbədəst”*. Yazdıqları məqalələrdən tərşih edən səmimiyyət və bəzi məlumatsızlıq bizi ümidvar ediyor ki, Əmirxanyans cənabları nədən isə hələ erməni politikasının sər məxfi varan pünhanlarına vaqif degildir. Binaənileyh onun qəlbi saf və içərisi də hələ təmizdir. O, deməli safdı, bir avropalıdır ki, onu aldatmaq hiyləgər ermənilərdən ötrü cindən müşkül degildir, Kopenhagen kibi Qafqazdan neçə min verst uzaq olan bir mahalda oturub da erməni-müsəlman ixtişaşından məlumat kəsb etmək üçün yalnız bir erməni qəzetələri oxuyan adam hiyləgərlər sözlərinə inanmaya, feillərinə aldanmaya bilməz. Biz isən, yalnız bir özümüzü savabə çıxartmaq degil, cahi-zəlalətə düşmüş safdərun bir şəxsi meydani-həqiqətə tuş etmək üçün doğrunu izhar və ifadəyə məcburuz. İmdi qoy Əmirxanyans cənabları eşitsin.

Vəqtiki, Əmirxanyans kimi adamlar baxüsus mədəniyyət və mərifət sayəsində qəlbləri hürriyyətpərvərlik hissilə dolmuş ruslar və sairlər erməni-müsəlman ixtişaşına dair öz təsəvvürlərini izhar edib hökumətin provakatorluğunu və “panislamizm” məsələsini də araya soxurlar və müsəlmanları mədəniyyətdən ari bilib təqsirin əksərini onların üstünə yıxırlar və erməniləri məzlum bir taifə ədd edib şikayətlərinə, sözlərinə inanırlar,- biz mədəniyyətdən ari olan müsəlmanlar bu adamların bəsirətsizliginə gutahbinliginə, safdırlılığına onluğuna təəccüb edib bu məsələdə mütərəddid qalıyoruz. Aya, mədəniyyət insanın əqlini vüsətləndirirmi, bəsirətini artırırmı, yoxsa əqlini, dərrakəsini alıb yalnız bir hissiyyatınımı tərvic ediyor? Sözün doğrusu bu məsələ gülməli də olsa-bizim əqlimizə gəlmiyor və hətta ... bizi mütəfəkkir qoyur ... Zira o mübabəntlər, bir-birinə zidd olan mülahizələr, məntiqsizliklər ki, erməni mənbəindən əşar olunan “izahat” və “bəyanat” da mövcuddur, öylə aydın və aşkardır ki, əqil, bəsirət və dərrakə sahibi olan şəxs onları müşahidə etməyə bilməz. Şayani-heyrət və təəccüb burasıdır ki, cənab Əmirxanyans söylədigi kibi “bütün dünya bu fikirdədir ki, ruslar Yapon ilə müharibə başladığında Qafqaz erməniləri və türkləri birləşib rus hökumətinin bəndlərini boyunlarından qırıb atacaqlarını anladıqda bunları biri-birilə qanlı davalar içinə salmaq lazımdır dedilər və elə də elədilər”. Böylə olan surətdə əcəba bəs “panislamizm” məsələsi nərədən çıxdı?? Yox əgər bu işin hamısı “panislamizm”dən əmələ gəlir-deyirsələr, pəs neçün bir də ixtişaşı büsbütün hökumətin provakatorluğuna istinad verirlər?? Qoy bütün mədəni millətlərin cənab Əmirxanyansları bu suallara cavab verə bilsinlər!..

Təkrar söyləməgimiz artıqdırsa da, yenə də təkrar qəti surətdə söyləyiriz ki, biz bu erməni-müsəlman ixtişaşını tamamilə erməni politikasına istinad veririz. Burada bizim qəsəmxor olmağımız dəlil və sübutlar meydana çıxartmağımız lazım degil. Qoy bu işə əhəmiyyət verən Əmirxanyanslar erməni hınçaksakan firqəsinə müraciət edib onlardan sorsunlar ki, neçün daşnaksakanlarınız ilə boğuşursunuz, bir-birinizi tələf və məhv etməgə çalışırsınız? Bu hində Üçkilsədə külli-erməni katalikosu hüzurunda iniqad edən “erməni deleqat məclisi” nəyin nəticəsidir?... Ermənilər öz yalançı “məzlumluq”larını isbat etmək üçün qışqırıqları ilə bütün aləmə səs saldılar, kizb, böhtan və iftiralar ilə safdərun, kütahbin, bəsirətsiz adamları aldadıb “məzlum erməni” sözlərini onlara təlqin etdilər. Biz müsəlmanlar isə öz günahsızlığımızı, təqsirsizliyimizi, erməni politikası qurbanı olduğumuzu heç kəsə demədik. O idi ki, bir müddət yalan doğrunun üzünü örtüb hamını zəlalətə saldı. Lakin nahaqqın haqqa qalib gələ bilməməgi təbii olduğuna görə ermənilər özləri öz yalan, hiylə və təzvirlərini aşkar etməgə məcbur oldular. Həqiqəti, həqqi meydana çıxartdılar. Fəqət, təəccüb ediyorum, Əmirxanyans cənabları bundan xəbərdar degilmi??

 

Üzeyir

“İrşad”, 24, 25 avqust 1906,

¹ 200, 201

 

(Ardı var)

 

Üzeyir HACIBƏYLİ

 

Hüseynov Şirməmməd

 

525-ci qəzet.- 2010.- 5 iyun.- S.18-19.