Kim nə deyər bizdə olan Sabirə?!
Deyirlər, böyük
insanlar haqqında yazmaq çətindir. Başa
düşürəm, çətin olmaqla bərabər həm
də məsuliyyətli işdir. Amma lütfən, icazə
verin, xofu və hürküsü adamı uzaqdan vuran, daha
doğrusu, qarabasma qədər vahiməli olan bu gəlişigözəl
sözlərin mənim üçün Bakıdan
Şamaxıya qədər uzaq olduğunu bəri başdan nəzərinizə
çatdırım. Bir az böyük çıxdı hə?
Amma nə edim ki, M.Ə.Sabir və onun xatirəsinə həsr
olunan poeziya günündən yazmaq üçün
böyük sevgi və sayğı üstündə köklənib
də, küncüt toxumu boyda çətinlik və faciəvi
məsuliyyət-filan hiss eləmirəm.
Bu mənim Sabir haqqında
üçüncü yazımdır. Əvvəlki ikisini orta
məktəb illərində qiymət almaq, evdəki “
hesabatlardan” üzüağ çıxmaq xətrinə
sinfimizin yaxşı oxuyanlarından böyük məharətlə
köçürmüşəm. Düzünü deyəndə
nə olar, mənim aləmimdə Sabirin ruhu
qarşısında yalan danışmaq vicdan məsələsidir
!
Əslində, mayın 30-u
Bakının hələ mürgülədiyi vaxtda şairin
kədərli heykəli qarşısında toplaşan sabirsevərlərin
USTAD deyib üzü Şamaxıya doğru dayanmaları da,
vicdan və qeyrət məsələsiydi. Diksinməyin,
ömrünü yabançı və yazıq intilgentlər,
allah deyib şeytanlıq edən cahil mollalar yolunda şam kimi əridən
insanın işıqlı xatirəsinə ehtiram duyub, onun məzarını
ziyarət etməkdən ötrü saatlarla yol getməyin
bundan savayı adını tanımıram.
Xalq yazıçısı,
AYB sədri Anar, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı,
bədii qiraət ustası Ağalar Bayramov, şairlər Əjdər
Ol, Vaqif Bəhmənli, tənqidçi dostumuz Əsəd
Cahangir, yazıçı Şərif Ağayar, gənc
yazarlar Qismət, Rəbiqə Nazimqızı və başqalarının
təmsil olunduğu söz karvanı üzü Sabir yurduna səmt
almazdan qabaq, eyninizi açmaq üçün Ağalar
Bayramovun Əjdər Olla etdiyi zarafatı yazım, sonra
yolçu yolunda gərək.
Əjdər müəllim
şəkilcanlı olduğunu bir daha sübut edib
dostlarını başına yığanda, Ağalar Bayramov
fotoaparat qarşısındakı
narahatçılığını çox gizlədə
bilmədi. Deyəsən, may ayında ciddi böhran keçirən
bədii-qiraətçi yarızarafat-yarıgerçək vəziyyətini
başa salmaq istədi.
– Əjdər müəllim,
şəkilin pulunu pensiyanı alandan sonra vermək olar?
Pıçıldaşan baş daşları və ya Sabirin
baxımsız məqbərəsi
Yola düşməzdən əvvəl
Sabir poeziya günlərinə həsr olunmuş qovluqlar, qeyd dəftərləri,
şeir broşürü və döş nişanları tədbir
iştirakçılarına təqdim olundu. Qeyd eləyim ki,
sözügedən məhsullar Mədəniyyət və
Turizm Nazirliyi və Yazıçılar Birliyinin xüsusi
sifarişi ilə hazırlanmışdı.
Nə qədər sentimental
olsa da, bizi Şamaxıya aparan avtobusun qara şüşələrindən
Sabirin arxada qalan qayğılı və kədərli heykəlinə
baxıb düşündüm ki, illərdir soyuq daş
üstündə oturmaqdan yorulan KİŞİNİN dili
olsaydı onu da doğma yurdundakı evinə, məzarına
aparmağımızı istərdi. Hətta bu fikiri
Şamaxının yaşıl çöllərindən
keçən dolanbac yollarında da başımdan
çıxara bilmədim. Bir vaxtlar dostu Abbas Səhhətə
yazdığı məktubunu xatırladım:
“Dünyadan, həyatımdan
bezaram. Bəradər, yəqin et ki, şərən məsul
olmasaydım özümü məsmum edərdim. Bir dəfəlik
dünyanın əzabından xilas olardım. Lakin nə etməli,
tərbiyə ibtidaiyyənin təsirindənmi,
dindarlıqdanmıdır ki, buna vicdanən razı olmuram. Nə
qədər cismən narahatam...”
Rayona çathaçatda
havanın üzü döndü. Deyəsən, Şamaxı
bizi tutqun və qaşqabaqlı ovqatda qarşılamaq niyyətindəydi.
Çox çəkmədi ki, yağış yağdı. Mən
yenə mistik və metafizik duyğuların təsiri altına
düşərək, yolların tozunu alan yağışı
arxamızca su atıb yaxşı yol arzulayan Sabirin xeyirxah
işi kimi başa düşdüm. Qəribəydi, yol
üstündəki qəbiristanlıqda bəlkə səfər
yoldaşlarımızdan çoxunun fikir vermədiyi iki məzar
daşı “ baş-başa” verib elə bil ki,bizim gəlməyimizi
bir-birinin qulağına pıçıldayıb sevinirdilər.
Nə qədər
ağrılı və çətin olsa da, yazmaq məcburiyyətindəyəm:
Sabirin məqbərəsinə aparan yol çox bərbad vəziyyətdədir.
Amma böyük avtobusun belə çətinliklə irəlilədiyi
bu kələ-kötür yoldan da betərini məqbərə
haqqında demək olar. Divarları qaralıb kif bağlayan
kompleks-abidə bir neçə il öncə xeyriyyəçi-şair
Gülağa Tənhanın vəsaiti hesabına inşa edilməyinə
rəğmən, baxımsızlıq və laqeydlikdən
acınacaqlı vəziyyətə düşüb. Sabir
Rüstəmxanlının çıxışı
zamanı məlum oldu ki, abidənin tavanından içəri
su sızır. Maraqlı başqa tərəfidir, həmin
gün Şamaxı rəsmilərindən kimsəni Sabirin məzarı
üstündə görmədik. Əlbəttə, quruca ziyarətdən
ötrü canlarını əziyyətə salmayanlar
üçün Sabirin xatirəsi əziz ola bilməz. Ortada
belə bir ögey münasibət varsa deməli, bir vaxtlar
“arizi-qəmlər əlindən ürəyi şişən”,
çərləyib ölən şairin indi də məzarı
zülm çəkir. Yüz il qabaq yazdığı
misraları oxuyanda Sabirin nə qədər böyük və
uzaqgörən insan olduğunu anlamaq o qədər də
çətin deyil.
Daş qəlbli insanları
neylərdin,
ilahi?!
Bizdə bu soyuq qanları
neylərdin,
ilahi?!
Xalq yazıçısı
Anar çıxışında dedi ki, Mirzə Ələkbər
Sabirin xatirəsinə həsr olunmuş poeziya bayramı xalq
şairi Rəsul Rzanın təşəbbüsü ilə
meydana gəlib. Sonra bu işi Abbas Zamanov, Cabir Novruz, Qabil tərəfindən
davam etdirilib. Hazırda Fikrət Sadıqın rəhbərlik
etdiyi təşkilat komitəsinin işinə Əjdər Ol
yaxından köməklik göstərir.
“ ... Ağsu vətən oldu...”
Söz karvanımızın
yolu Şamaxıdan sonra Ağsudan keçirdi. Əsasnaməyə
uyğun olaraq builki təntənəli mərasim rayonun
poeziyasevərləri qarşısında keçirilməliydi.
Ağsunun dolanbac aşırımlarından görünən
göz oxşayan mənzərələri, bir-birinə duman
göndərən dağları görəndə Qismətin
yadına Ramiz Rövşənin misraları düşdü:
Dağ dağa duman göndərər
Sevgi məktubu kimi.
Ağsunun girişindəki
yeni salınan parkda bizi rayon icra hakimiyyətinin
başçısı Ənvər Seyidəliyev, millət vəkili
Ərəstun Cavadov və digər rəsmilər
qarşıladı. Ərəstun müəllim dedi ki, park
Ağsu rayonunun ən hündür yerində salınıb.
Bura istirahət üçün gələn sakinlər
bütün rayonu seyr etmək imkanı qazanırlar. Ənvər
Seyidəliyev Ağsuda aparılan quruculuq işlərindən-
meyvə şirəsi istehsal edən zavoddan, şəhidlərin
xatirəsinə həsr olunmuş abidə-kompleksi haqqında
məlumat verəndə Fikrət Qocanın şair Zülalidən
dediyi iki misra şeir yerinə düşdü. Hiss olunurdu
rayon rəhbərliyinin də ürəyincə idi.
Qürbətdə deyirdin ki,
Zülali, vətənin var,
Ensin gözünə qarə
su,
Ağsu vətən oldu.
Düzdür, bu şeirin
tarixçəsi haqqında Fikrət müəllimdən bir
şey öyrənə bilmədim (əlbəttə, zəifliyim
ucbatından ) amma “ Ağsu indi doğrudan da vətən olub”
deməsi onun əlahiddə razılığının ifadəsiydi.
Ağsunun mərkəzində
təşkil olunan tədbirə qatılmazdan öncə Heydər
Əliyev Muzeyi ilə tanış olub mərhum prezidentin heykəli
qarşısına tər çiçəklər
düzdük.
Bakıdan özümüzlə
apardığımız qovluq, broşür və döş
nişanlarını sakinlərə paylayıb qurtaranda, yeriməyə
taqəti olmayan ixtiyar bir qocanın məktəbli nəvəsi
üçün döş nişanı istəməsi diqqətimdən
yayınmadı. Payıma düşəni qocaya verməyimdən
beşcə dəqiqə sonra yaxası nişanlı bir
uşağın babasının yanında sevcək
hoppanıb düşməsi, mənim aləmimdə xəstəliyinin
şiddətləndiyi ərəfədə kiçik
yaşlı məktəblilər üçün şeirlər
yazan Sabirin ruhunun sevinməsi demək idi. Mən Sabirin olan
adına sayğı və ehtiramın onda şahidi oldum ki,
şairin yaradıcılığından nümunələr
oxunan zaman insanlar astadan olsa da, onun şeirlərini əzbər
deyirdilər. Vaxtilə M.Ə.Rəsulzadə nahaq yerə
yazmırdı ki, Sabir “Füzulidən sonra Azərbaycanın
ümum tərəfindən mənimsənmiş ikinci
şairidir”.
Ev-muzeyindəki giley-güzar
Bakıya qayıdanda
Şamaxıdakı ev-muzeyini ziyarət etdik. 1902-ci il
Şamaxı zəlzələsində Sabirin də evi
uçub və bir müddət Sabirabaddakı
qohumlarının yanında məskunlaşmaq məcburiyyətində
qalıb. 1962-ci ildə 100 illiyi münasibəti ilə
inşa olunan muzeydəki əşyaların hamısı Sabirə
aid olmasa da, onun sabun bişirdiyi qazanı, istifadə etdiyi
güzgünü, tütün qabını görmək səfərimizin
ən yaddaqalan hadisələrindən idi. Düzünü
deyim ki, bir vaxtlar bu əşyalardan Sabirin istifadə etdiyini fikirləşib
yaman duyğulandım. Muzeyin mehriban və istiqanlı
işçiləri bütün suallarımızı həvəslə
cavablandırıb, onları yolüstü yada
salmağımızdan gileyləndilər. Sən demə, onlar
tədbiri ev muzeyinin qarşısında keçirilməsini
gözləyirmişlər. Şərif Ağayar “Siz narahat
olmayın, Sabir Azərbaycanın vicdanıdır, onu sevməyən
yoxdur ” deyəndə ortalığa sərin su səpildi.
Sabirin ruhundan muğayat olmağı Şamaxı
çöllərinin qan rəngli lalələrinə
tapşırıb Bakıya yola düşdük.
Cavid ZEYNALLI
525-ci qəzet.- 2010.- 5 iyun.- S.16.