Bakıdakı “Belarus bu gün” sərgisi
başa çatıb
Muzey Mərkəzinin sərgi qalereyasında “Belarus bu
gün” fotosərgisi keçirilib. Belarus Dövlət
Teleqraf Agentliyi – BELTA,
Belarusun ölkəmizdəki
səfirliyi və “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq
Cəmiyyəti tərəfindən
təşkil olunan epozisiyada BELTA xəbər
agentliyi fotomüxbirlərinin
Belarusun təbiəti,
siyasət, mədəniyyət,
elm, sənaye və s.
sahələrinə aid 80-ə yaxın işi nümayiş olunub. Sərginin
rəsmi açılış mərasimində “Azərbaycan-Belarus”
Dostluq və Əməkdaşlıq Cəmiyyətinin
üzvü Mehriban Alışanova çıxış edərək
Azərbaycanla Belarusun artıq 17 ildir müstəqil ölkələr
kimi hərtərəfli əməkdaşlıq etdiyini diqqətə
çatdırıb. Belarusun ölkəmizdəki səfiri
Nikolay Pastkeviç sərginin iki mühüm hadisə – Azərbaycan-Belarus
hökumətlərarası komissiyanın iclası və
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri
ərəfəsində təşkil olunduğunu
vurğulayaraq sərgi ilə tanışlığın əlaqələrimiz
üçün geniş imkanlar yaradacağına, yeni birgə
layihələrin həyata keçirilməsinə təkan verəcəyinə
əminliyini ifadə edib. Səfir bu
yaxınlarda Bakı Slavyan Universitetində
belarusşünaslıq kabinetinin
açılacağını bildirib. Belarusun
BELTA agentliyinin baş direktoru Dmitri Juk sərginin keçirilməsi
ideyasının məhz Bakıda yarandığını qeyd
edib. “Azərbaycan-Belarus” Dostluq və Əməkdaşlıq
Cəmiyyətinin sədri Arif Mehdiyev də ölkələrimiz
arasında dostluq münasibətlərindən
danışaraq, sərgini Belarusun Azərbaycanda bir hissəsi
kimi təqdim edib.
SARA
525-ci qəzet.-
2010.- 5 iyun.- S.17.