Canı öz canımız –
ÖMƏR ÖZCANımız
YAZARDAN BİR NEÇƏ SÖZ
Qardaş Türkiyədə bir çox dostlarım var. Hamısı araşdırmaçı, hamısı qələm əhlidir: Azərbaycan ədəbiyyatı üzrə Türkiyədə ən görkəmli mütəxəssislərdən biri, ölkəmizdə də yaxşı tanınan professor Yavuz Akpınar, Türkiyə Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Kurulunun başçılarından biri Ömər Özcan, hüquqşünas professor, üç il öncə Bakıdan böyük sevgilərlə ayrılmış Fəthi Gədikli, qəzetəçi-araşdırmaçı Mina Tansel və başqaları. Bu kişilərin hər biri Türklüyün yenilməz mücahididir. Onlarla ünsiyyətdə bulunduqca beyincə gəncləşir, ürəkcə mətinləşir, Türkiyə ilə Azərbaycanın gerçəkdən iki dövlət, bir millət olduğuna sarsılmaz inam bəsləyirsən. Bu yazıda onlardan yalnız birindən – Ömər Özcan bəydən söz açmaq istəyirəm. Onunla ilk dəfə 1993-də Ankarada – Təlim və Tərbiyə Kurulunda olduğum zaman ayaqüstü görüşsək də sonralar heç bir əlaqəmiz olmadı. 2005-ci ildə “525-ci qəzet”də yazılarımı oxuduqdan sonra mənə məktub yazdı. O zamandan fasiləsiz yazışır, bir-birimizlə bilgi alış-verişində bulunuruq. Azərbaycanla bağlı çox dəyərli araşdırmaları olsa da, təəssüf ki, yurddaşlarımız onu, demək olar ki, tanımır. Bu məqalə onu Azərbaycan oxucusuna tanıtmağa ilk cəhddir.
ÖMÜR YOLUNA ÖTƏRİ
BAXIŞ
Ömər Özcan 17
sentyabr 1948-də İsparta Senirkent’də anadan olub. İbtidai
və orta məktəbi, sonra da liseyi Aydın Nazilli ilçəsində
bitirib. 1966-da girdiyi İstanbul Universiteti ədəbiyyat
fakültəsinin tarix bölümünü 1970-də
başa vurub. Universitetdə türk tarixinin böyük
uzmanlarından professor Zəki Vəlidi Toğan’ın tələbəsi
olub.
1971-də Aydın
Bozdoğan Liseyində müəllimliyə başladıqdan
sonrakı bütün fəaliyyəti Türkiyə Milli
Eğitim Bakanlığı (Milli Təhsil Nazirliyi) sistemiylə
bağlıdır. O, 1975-1976 illəri arasında Aydın
Koçarlı Liseyində müdir, 1976-1981 illəri
arasında Aydın Milli Təhsil Şöbəsində
müdir müavini, 1981-1984 illəri arasında Aydın Sənaye
Məslək Liseyində tarix müəllimi, 1984-1987 illəri
arası yenidən Aydın Milli Təhsil Şöbəsində
müdir müavini, 1987-1993 illəri arasında Aydın Milli Təhsil
Şöbəsinin müdiri vəzifələrində
çalışıb.
1993-də Ömər bəy
Milli Təhsil Nazirliyinin Təlim və Tərbiyə Kuruluna
üzv (rəhbərlərdən biri) təyin edilib və
bugünədək həmin görəvini sürdürməktədir.
1997-2004 illəri arasında əsas vəzifəsiylə
yanaşı, Başbakanlık müşavirliyi də
etmişdir. Təlim və Tərbiyə Kurulu Türkiyənin
universitetədək olan bütün məktəbləri
üçün proqram və dərsliklər hazırlayan
çox güclü bir metodik mərkəzdir.
Ömər bəy sıradan
bir bürokrat deyil, yorulmaz və məhsuldar bir
araşdırmaçı alimdir. Onun maraq dairəsi çox
genişdir: türk təhsil tarixi, tarix təhsili, yaxın
dönəm türk siyasi həyatı... Bu problemlərlə
bağlı araşdırmalar apararaq bir-birindən dəyərli
elmi monoqrafiya və məqalələr nəşr etdirib.
Üzərində ən
çox dayandığı problem Sovetlər yarandıqdan
sonrakı dönəmdə siyasi mühacir durumuna
düşmüş Rusiya türk uruqları öndərlərinin
fəaliyyətidir. Cəsarətlə deyə bilərik ki,
Türkiyədə bu sahə üzrə ən bilgili
uzmanlardan bəlkə də birincisi məhz Ömər bəydir.
Onun sözügedən mövzuyla bağlı dəyərli
incələmələri, özəlliklə Məhəmmədəmin
Rəsulzadə, Mustafa Çokayoğlu, Ayaz İshaki, Cəfər
Seydahmət Kırımər və onlarca
başqalarının həyatını çoxlu nadir bəlgələrlə
işıqlandırdığı geniş tutumlu
yazıları yalnız Türkiyədə deyil,
bugünkü bağımsız türk cümhuriyyətlərində
də araşdırıcıların ən çox üz
tutduğu qaynaqlardandır. Burası daha önəmlidir ki,
bütün bu işləri Ömər bəy hansısa
tapşırıq, plan əsasında deyil, özəl
marağı, təşəbbüsü ilə görür.
Onun yaxın gələcəkdə ortaya qoyacağını
düşündüyü kitabı, inşallah, türk siyasi
mühacirətinin ən önəmli kişilərinin
yaşam və fəaliyyətini əks etdirəcək
sanballı bir nəşr olacaq.
Ömər Özcan bəy həm
də örnək olacaq bir ailə
başçısıdır. Həyat yoldaşı Yüksəl
Özcan əməkli (təqaüddə olan) kimya müəllimidir.
Oğlu Dr. İsmayıl Çağrı Özcan Ortadoğu
Texnik Universiteti mühəndislik fakültəsini bitirib və
indi Başbakanlık Dövlət Planlama Təşkilatı
uzmanıdır; yoldaşı və oğlu ilə iki ildir
Amerikadadır. Qızı İdil Özcan Ankara Universitetinin
hüquq fakültəsinin yetirməsidir. O, Bilgi Texnolojiləri
və İlətişim Kurumunda uzman
yardımçısıdır, eyni zamanda Qazi Universitetinin
hüquq fakültəsində idarə hüququ üzrə
yüksək lisans yapmaqdadır (bizim anlayışla desək,
aspiranturada oxumaqdadır). Oğlundan Ömər Tuğrul
adlı bir nəvəsi var.
AZƏRBAYCAN ÖMƏR ÖZCAN QƏLƏMİNDƏ
Ömər bəy, bildirdiyim
kimi, çox məhsuldar yazarlardandır; indiyədək onun 3
kitabı, ən sanballı dərgilərdəki 200-ə
yaxın elmi məqaləsi işıq üzü
görüb. Bu yazılarının bir çoxunu o bəzən
imzasız, bəzən taxma adlarla (gizli imzalarla), bəzən
də açıq imzayla buraxdırıb.
Azərbaycan mövzusu Ömər Özcan yaradıcılığında xüsusi yer tutur. Əlimizin altında onun yalnız Azərbaycanla bağlı 24 məqaləsi var. Unutmayaq ki, bunlar publisist qəzet-jurnal yazıları yox, ciddi elmi araşdırmaların məhsuludur. Yazılarından ən önəmlilərini yazılma ardıcıllığıyla xatırladıram (məqalələrin adını orijinaldakı kimi saxladım): Azerbaycan’ın Yakın Tarihi ile İlgili Yeni Yayınlar (“Yeni Forum”, sayı 262, mart 1991); Mehmet Emin Resulzade’nin Bir Mektubu (“Kırım”, sayı 17, 1997); Ağaoğlu Ailesi Hakkında (“Kırım”, sayı 20, 1997); Mehmet Emin Resulzade’nin Dr. Tahir Çağatay’a Bir Mektubu (“Kardaş Edebiyatlar” , sayı 41, 1997); Azerbaycan’ın Yakın Tarihi İle İlgili Bir Hatırat (“Türk Yurdu”, sayı 138, 1999); Mirza Kazım Bey Üzerine Notlar (“Türk Yurdu”, sayı 151, 2000); Azerbaycan Lejyonerleri (“Emel’imiz Kırım”, sayı 45, 2003); Muhacerette Bir Lider: Ali Merdan Topçubaşı (“Emel’imiz Kırım”, sayı 47, 2004); Muhaceret Neslinden Bir İsim: Cebbar Ertürk (“Türk Yurdu”, sayı 214, 2005); Azerbaycan Lejyon Edebiyatı (“Emel’imiz Kırım”, sayı 52-53, 2005); En Kıdemli Müsavatçı Dr. Mehmet Kengerli (“Emel’imiz Kırım”, sayı 56, 2006); Azerbaycan Siyasi Düşünce Tarihi ve Mirza Bala Mehmetzade (“Türk Yurdu”, sayı 236, 2007); Nasreddin Hoca’dan Molla Nasreddin’e (“Türk Yurdu”, sayı 255, 2008); Azerbaycan’da Milli Mesele: Siyasi Rehberlik ve Ziyalılar (prof. Cəmil Həsənlinin eyni adlı kitabına rəy) (“Türk Yurdu”, sayı 258, 2009); Türk Kültürünün Büyük Araştırmacısı İrene Melikoff (“Türk Yurdu”, sayı 259, 2009); Cafer Seydahmet Kırımer’in Mehmet Sadık Aran İle İlişkileri ve Finlandiya Türkleri (“Turan”, sayı 7, 2009); Hasan Sabri Ayvazof’un Hüseyinzade Ali’ye Mektupları (“Yeni Türk Edebiyatı”, sayı 1, 2010) və b. Ömər bəyin bir çox yazıları (6 məqalə) hamının haqlı olaraq Azərbaycan alimi kimi tanıdığı professor Bəkir Çobanzadə haqqındadır.
Azərbaycanla bağlı araşdırmalarında Ömər Özcanın ən bəyənməli üstün cəhətlərindən biri mühacirət tarixini gözəl bilməsi və mühacirətlə bağlı ən geniş həcmdə bəlgə və bilgilərin onun əlinin altında bulunmasıdır. İllərcə axtardığım, ancaq istər dövlət kitabxanalarımızdan, istərsə də şəxsi kitabxanalardan heç cür tapa bilmədiyim bir çox nadir əski və yeni kitab və qəzet-jurnalları, siyasi mühacirət mətbuatının biblioqrafiyalarını, ayrı-ayrı sənədləri Ömər bəy özəl kitabxanasından əliaçıqlıqla mənə göndərib (təbii ki, mən də öz növbəmdə ona borclu qalmamağa çalışıram).
Ömər Özcan araşdırmalarındakı başqa üstün cəhətsə onun Azərbaycan hadisələrinə və kişilərinə dışarıdan baxaraq daha tərəfsiz dəyərləndirə bilməsidir. Kimsəyə gizli deyil ki, Rusiyanın “şinelindən çıxmış” bütün siyasi mühacir qruplarında olduğu kimi Azərbaycan mühacirəti arasında da istər Moskvanın əmrindəki xüsusi servislərin (burada ilk yeri “ÇeKa” tutur) fəaliyyəti nəticəsində, istərsə də başqa obyektiv və subyektiv amillər sonucunda bəzən sürəkli, bəzən də keçici dartışma və çəkişmələr baş verib. Bu gün bunları dəyərləndirən Azərbaycan araşdırıcısı istər-istəməz az, ya çox dərəcədə subyektivliyə qapılaraq hakimlik edir, kimisə “mükafatlandırır”, kimisə “cəzalandırır”, kimisə “böyüdür”, kimisə “kiçildir”, hətta bəzən bütövlükdə mühacirətə qara yaxacaq mənfi nəticələrə belə gedib çıxır. Ömər Özcansa hakimlikdən uzaqdır – o, bu düşüncədədir ki, məsələn, Şəfi bəy Rüstəmbəyli’nin “Yıxılan bütlər”də yazdıqları, Məhəmmədəmin Rəsulzadə’ninsə ona “Şəfibəyçilik”də cavabları işin içində bəlkə də indiki zamanımız şərtlərində dəyərləndirildiyində bəyənilməyən, ancaq öz zamanında xoş qarşılana biləcək fərqliliklər ortaya çıxarmışdı. Ömər bəy öz yazılarında Məhəmmədəmin Rəsulzadə’yə də, Əlimərdan bəy Topçubaşı’ya da, Əli bəy Hüseynzadə’yə də, Xəlil bəy Xasməhəmmədbəyli’yə də, Şəfi bəy Rüstəmbəyli’yə də, Məhəmmədsadıq Aran’a da... tərəf gözləmədən, eyni gözlə, eyni sevgi və tələbkarlıqla siyasi yox, elmi baxımdan yanaşır, onların yaşam və siyasi çarpışmalarının ən incə nöqtələrini belə işıqlandırmağa can atır, oxucusunda həmin kişilər haqqında daha geniş təsəvvür yaratmağa, indiyədək kimsənin bilmədiyi bəlgə və bilgiləri ortaya qoymağa çalışır.
Azərbaycan və azərbaycanlılar haqqında Ömər bəyin yazılarının hamısını hətta qısaca xülasə etsək buna qəzetin bir neçə səhifəsini ayırmalı olarıq. Bu üzdən də yalnız bir-ikisi haqqında ötəricə söz açaq. Onun Məhəmmədsadıq Axundzadə (MəhəmmədsadıqAran, Sadıq Aran) ilə bağlı yazısına baxaq. Bu görkəmli şəxs haqqında həm qardaş Türkiyədə, həm də Azərbaycanda bir-iki yazı işıq üzü görübsə də onları məzmunca bir-birindən fərqləndirmək çox çətindir. Ömər Özcansa başqalarının yazdığını təkrarlamaqdan qaçaraq gerçək araşdırıcıya yaraşacaq, özü demişkən, “iynə ilə quyu qazmaq” kimi əziyyətli bir yol seçib – öncə Məhəmmədsadıq Aranın əsərlərini, nəşr etdiyi qəzet-jurnalları bir yerə toplamaqçün hətta əcnəbi ölkələrə (məsələn, Finlandiyaya) yollanaraq oralarda axtarış aparıb, sonra onun ən geniş biblioqrafiyasını tərtib edib (təbii ki, bunun üçün neçə illərini xərcləyib) və nəhayət, “Turan” elm, fikir və siyasət dərgisində (2009, ¹7, ss. 90-109) M.Aran haqqında indiyədək yazılmış və bundan sonra yazılacaq ən mükəmməl əsəri ortaya qoyub: “Cafer Seydahmet Kırımerin Mehmet Sadık Aran ile ilışkileri ve Finlandiya türkleri”. Bu 20 səhifəlik möhtəşəm məqalədə Məhəmmədsadıq Aranın istər həyatının, istərsə də siyasi mücadilə və jurnalistlik fəaliyyətinin indiyədək bilinməyən anları ən yüksək peşəkarlıqla incələnib, onun əsərlərinin və haqqındakı əsərlərin 162 qaynaqdan ibarət (!) çox dəyərli biblioqrafiyası verilib. Doğrudur, bu biblioqrafiyaya M.Axundzadə-Aranın Azərbaycanda yaşadığı vaxt mətbuatda (özəlliklə Cümhuriyyətin “Azərbaycan” qəzetində 1918-1920-ci illərdə) yazdığı məqalələri də artırmağa ehtiyac var, ancaq Ömər bəy Türkiyə şəraitində mümkün olan hər şeyi edib və biblioqrafiyaya əlavələrin edilməsi artıq azərbaycandakı bizlərin boynuna düşür.
Bütün başqa yazıları kimi, “Həsən Səbri Ayvazovun Hüseynzadə Əliyə məktubları” məqaləsi də büsbütün yeni faktlarla doludur və xüsusən Azərbaycan oxucusu üçün maraqlıdır. Eləcə ilk cümləsinə diqqət yetirək: “Azərbaycanda yetişib məmləkətində və Türkiyədə, siyasət və fikir dünyasında önəmli izlər buraxan Hüseynzadə Əli Turan bəyin qızları tərəfindən mühaqfizə edilərək günümüzə qalması təmin edilən və qızı Feyzavər Apsar xanım əfəndi tərəfindən Ege Universiteti ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümü arxivinə bağışlanan əvraq (sənədlər) arasında Həsən Səbri Ayvazov tərəfindən yazılan dörd məktub bulunmaqdadır”. Bir cümlədə nə qədər informasiya olarmış! Sonadək də beləcə davam edir. Əli bəylə Həsən Səbri bəyin bütün ömürləri boyunca isti özəl münasibətləri incəliklə açıqlanır və ərəb əlifbasında yazılmış 4 məktubun həm mətni, həm də təhlili verilir. (Ömər bəy ərəb və kiril qrafikalarını da eyni dərəcədə yaxşı oxuyur).
İndi də Ömər bəyin Türkiyədə elmi fəaliyyətlə məşğul olan gənc azərbaycanlı araşdırıcı Vüqar İmanov’un “Əlimərdan Topçubaşı (1865-1934). Lider bir aydın və bağımsız Azərbaycan Cümhuriyyətinin təmsili” (İstanbul, 2003) kitabı haqqında yazdığı “Mühacirətdə bir lider: Əlimərdan Topçubaşı” adlı rəyinə göz yetirək. Bunu rəy deyil, hələ qələmi bərkiməmiş təcrübəsiz araşdırıcıya yetkin bir alimin keçdiyi mükəmməl dərs də adlandırmaq olar. Bu dərs başdan-ayağa faktlara sayğı və sevgi bəsləməyi aşılayır, faktla sübut edilə bilməyən düşüncəni irəli sürməməyi, elmi siyasətə qurban verməməyi təlqin edir. Özü də dediklərinə gözəl örnəklər gətirir. Müəllifin Topçubaşının özəl arxivinin dağılmasıyla bağlı fikirlərinə tənqidi yanaşan Ömər bəy bildirir: “İsmayıl Qaspıralının qızı və Azərbaycan Cümhuriyyətinin son başbakanı Nəsib Yusifbəylinin eşi olan Şəfiqə Qaspıralının əvraqı (sənədləri) Nəcir Habləmitoğluna intiqal etmişdir (keşmişdir). Habləmitoğlu, Musa Carullah Bigiyev ilə əlaqəli bir simpoziumda etdiyi məruzədə Qaspıralının özəl arxiviylə yanaşı Əlimərdan Topçubaşının əvraqının da onda bulunduğunu ifadə etmişdir”. Və əlavə edir: “Prometey hərəkatı haqqında araşdırmalar yapan Etienne Capeaux, Topçubaşının şəxsi arxivi və kitabxanasının Parisdə Cernuschi Muzeyinə qoyulmuş olmaqla birlikdə, bunlara əl yetmədiyini bəlirtməkdədir”. Azərbaycanlılar üçün bu bilgilər nə qədər önəmlidir!
“Mühacirət nəslindən bir isim: Cabbar Ərtürk” adlı dəyərli məqaləsində Ömər Özcan,babaları XVII yüzilin başlarında Qarabağdan gələrək Türkiyənin siyasi sınırları yaxınlarına yerləşmiş Gövhəroğlu uruğunun yetirməsi, 1915-də İrəvanın 8 km güneyindəki Xaçaparaq kəndində doğulmuş, Gövhəroğlu Ibrahim’lə (?-1937) Gülüş xanım’ın (?-1983) oğlu Cabbar Ərtürk’ün ürək göynədən həyatını incəliklə qələmə alıb. O, Aydın ilçəsində işləyərkən şəxsən tanıyaraq haqqında bilgi topladığı C.Ərtürkün İrəvan və Bakıda oxuması, sovet ordusunda vuruşaraq 1942-də əsir düşməsi, müxtəlif dövlətlərin əsir düşərgələrində 7 il ölümlə çarpışması, nəhayət, 1949-da Türkiyəyə gəlməsi, 1950-dən Türkiyə vətəndaşı olması, 1990-dan sonra qardaşı Əsəd, bacıları Zəhra və Rübabə’ni tapması, 10 avqust 2004-də vəfat etməsi, Türkiyənin müxtəlif bölgələrində müəllimlik etməsi və mətbuatda yaradıcılığı haqqında ilk dəfə söz açan geniş bir elmi oçerk yazıb.
Fikrimcə, bu bir-iki yazısı haqqında qeydlərimiz Ömər Özcanın Azərbaycanı nə qədər yaxından tanıdığını və sevdiyini əyani şəkildə açıqlayır.
O, Bakıya vur-tut üç dəfə gəlib: 1990, 1992 və 2008-ci illərdə. Ancaq onunla burada hələ görüşə bilməmişəm. Məktublarının birində yazır: “Son gəlişimdə Elmlər Akademiyasının kitabxanasına getdim. Mən oraya 20 ildir “Türk Yurdu” dərgisi göndərirdim. İlgisizlikləri səbəbiylə indi vaz keçdim”. Deməyə heç bir söz qalmır – yazıqlar olsun bizə!..
Yeri gəlmişkən, Ömər bəyin yazdığı məktubların özü də maraqlı bilgilərlə doludur. Məsələn, ondan Cümhuriyyət Parlamanının üzvü, Cümhuriyyətin naziri olmuş Əbdüləli bəy Əmircanov’un Türkiyədəki yaşamı haqqında mənə bilgi verməsini xahiş etmişdim. Poçtla bəzi bəlgələr göndərməklə yanaşı, cavab məktubunda da bildirdi ki, Əbdüləli bəy kürəkəni qəzetəçi Ziyat Əbüzziya’nın “Təsvir” qəzetində silsilə yazılar buraxdırıb və bu yazılar ermənilərin törətdiyi qətli-amlarla bağlıdır. Məktubdan bunu da öyrənirik ki, Əbdüləli bəyin oğlu Fuad Əmircan’ın sənədləri mərhum Məhəmməd Kəngərli’dəydi; onların arasında nələrin olduğusa məchuldur...
Beləliklə,
“bismillah” edərək Azərbaycanın gözəl bir dostunu
xalqımıza az da varsa tanıtdıq. İnşallah, bundan
sonra onun haqqında daha sanballı yazılar mətbuatımızı
bəzəyər.
26-28 may 2010.
Ədalət TAHİRZADƏ
525-ci qəzet.- 2010.- 5 iyun.-
S.14-15.