Dubay – müasir dövrün möcüzəsi
(əvvəli ötən sayımızda)
“Burc Xəlifə”nin yaxınlığında yerləşən “Dubai Mall” həm də dünyada ən böyük ticarət mərkəzlərindən biri sayılır. Ticarət mərkəzi deyəndə ağlınıza yalnız alış-veriş gəlməsin. Əvvəlki yazımda qeyd etmişdim, Dubaydakı ticarət mərkəzlərinin birinə daxil olmaqla insan bütün istəklərini həyata keçirə bilir. Yəni həm rahatlıqla alış-veriş edə, həm əylənə, həm də istirahət etmək olar. “Dubai Mall”ı gəzməyə bir gün yetmir. Ticarət mərkəzinin giriş-çıxışları da çoxdur. Ona görə mütləq xəritə ilə hərəkət etmək lazımdır. Ümumiyyətlə, Dubayda bütün ticarət, istirahət mərkəzlərində xəritələr təqdim olunur ki, ünvanı asan tapmaq mümkün olsun. Həmçinin elektron lövhələr də quraşdırılıb. Adətən belə gəzintilər zamanı görüş vaxtı və yeri təyin ediləndən sonra 17 nəfərlik qrupumuz kiçik qruplara ayrılırdı. Ticarət mərkəzində iri şəlalədən tutmuş, nəhəng akvariumadək hər şeyə rast gəlmək olar. Burda satılan mallar isə yüksək keyfiyyəti və markaları ilə fərqlənir. “Dubay Mall”dakı akvariumda müxtəlif növ irili-xırdalı balıqların, hətta akulaların aram-aram üzməsini seyr etmək insanın həm də yorğunluğunu çıxarır...
40 DƏRƏCƏ İSTİDƏN
4 DƏRƏCƏ ŞAXTAYA
Dubayda yay ayları
tempuratur 40 dərəcəni
keçir. Amma birdən-birə 4 dərəcə
şaxtalı qışla
da qarşılaşmaq
mümkündür. Təbii ki,
bu istəkdən asılıdır. İnanmıram
ki, Dubayda bayırdakı dəhşətli
istilərdən bezib,
bir neçə saatlığa da olsa özünüzü qış fəslində hiss edib, qartopu
oynamaq, xizmək sürmək ürəyinizdən
keçməsin. “Mall of the Emirates”ə
gəzinti səfərimizin
sonuncu günündə
nəzərdə tutulmuşdu. Bu iri ticarət mərkəzində öncə
“SKİ Dubay”a baş çəkməli idik.
Amma vaxtımızın
az olduğunu
bilirdik. Çünki həmin gün
axşam Bakıya qayıdacaqdıq. Ona görə
tələsməli idik.
Dubayda insan əli ilə hər şey yaratmaq mümkün olub. Hansı ki, insanların yaratdıqları elə insanlara möcüzə kimi görünür.
Bircə
təbiətə qalib
gəlmək, iqlimi dəyişmək mümkün
olmayıb. Amma təbii
iqlim şəraiti imkan verməsə belə, Dubay şəhərə üz
tutanlara bütün fəsillərin gözəlliklərini
duymağa nail olunub.
Beləliklə isti yayda qışın ləzzətini
yaşamaq fürsətini
əldən vermədən
bizə təqdim olunan isti corab,
xüsusi paltar və çəkmələri
geyib buz meydançasına daxil olduq. Bu geyimdə o qədər də soyuq hiss etmirsən, amma hər ehtimala
qarşı Dubaya gedərkən buz meydançasında olmağı
planlaşdırsanız, onda
nisbətən isti paltar götürməyi unutmayın. Çünki
əvvəl hiss etməsəniz
də sonra üşüməyə başlayırsan.
Necə ki, geyinərkən şüşənin arxasından
meydançaya tamaşa
edib bizi qarlı şaxtalı qış gözlədiyini
bilsək də, əlcək, papaq götürməkdən imtina
etdik. Hələ də inanmaq
olmurdu ki, doğurdan da şüşənin bir üzündə isti yay, digər üzündə isə qarlı qış hakim kəsilib. Xizək meydaçasına daxil olan da daha
da təəccübləndik.
Burada əsl qış hökm sürürdü.
Qartopu oynayanda isə əlcək götürməməyimizə
peşiman olduq. Bununla belə həmkarlarım bir-birlərinə qar yedirtməyi də unutmadılar. Hər tərəfi
şüşə ilə
örtülü böyük
bir ərazini əhatə edən “SKY Dubay”da xüsusi aparatlar vasitəsilə qar düzəldilir. Qışa, qara aid olan bir
çox atributu burada görmək olar – qar adamı,
pinqvin, şam ağacları, buzdan düzəldilmiş kiçik
domiklər, mağaralar...
və təəccüblü
də olsa qızmar Dubayda 4 dərəcə şaxta.
Xizək
meydanının uzunluğu
400 metrdən çoxdur.
Tikintisinə milyardlarla dollar xərclənən
bu xizək meydançasında istirahət
isə elə də baha deyil.
Qiymət orada keçirilən
vaxta görə dəyişir. Buradakı
buz əjdaha, ev və
digər əşyalar
buz şəhərciyini
xatırladır. Mərkəzlə yerləşdiyi ərazini
şəffaf şüşə
örtük ayırdığından
bayırdakı insanların
nazik yay geyimində, içəridə
isə insanların şaxtalı havada xizək sürməsi kimi ideya insanı
həqiqətən heyrətləndirməyə
bilmir. “Yarım
saata çıxarıq”dediyimiz
meydançadan isə
iki saata elə ki, ayrıldıq.
Xizək
meydançasında keçirdiyimiz
vaxt səfər müddətinin ən yadda qalan əyləncələrindən
biri oldu.
“Mall of the Emirates”də gəzinti isə çox çəkmədi. Düzdür, bura alış-veriş
üçün çox
sərfəlidir. Qiymətlər digər mərkəzlərə
nisbətən bir qədər ucuzdur. Amma vaxtımız çox az
idi. Ümumiyyətlə, Dubayda ticarət
mərkəzlərində bütün
dünyada tanınan markaların məhsullarına
daha çox rast gəlmək olur. Bu da
təbiidir. Çünki Dubayda istirahətə gələn əcnəbilər
sözsüz ki, varlı təbəqəyə
məxsusdurlar. Amma Dubayda
satılan malların bir üstünlüyü
də keyfiyyətlə
bağlıdır. Azərbaycanda satılan eyni firmaya məxsus mala Dubayda satılanlar
arasında keyfiyyət
baxımından yerlə
göy qədər fərq var. Qiymətlərə
gəlincə, Dubayda bir qədər ucuzdur. Burada elektronika məhsulları həm keyfiyyətli, həm də Bakıdan 20-30 faiz ucuzdur...
“Mall of the Emirates”də nahar edib yığışmaq
üçün tələsik
otelə gəlirik. Bunun üçünsə beş dəqiqəmiz
var. Əks halda təyyarəyə gecikə
bilərdik. Amma bu dəfə
həmkarlarım alman
dəqiqliyi nümayiş
etdirib deyilən vaxtda artıq otelin foyesində idilər.
Beləcə, Dubayla vidalaşırıq. Həmkarlarımdan biri “görəsən Dubaya bir də
nə vaxt gələcəyik?”deyir. Səfərimizin
təşkilatçılarından olan Tariyel Cəlallı
isə zarafatla “öz hesabınıza nə vaxt istəsəniz”dedi.
Çətin ki, azərbaycanlı
jurnalistlər öz hesablarına nəinki Dubayda, Azərbaycanın rayonlarından birində belə istirahət etsinlər.
İstirahət imkanı olanlara isə Dubayı görmək fürsətini
qaçırmamaq məsləhətdir. Çünki
Dubayda sizi həqiqətən
möcüzələr gözləyir...
P.SULTANOVA
525-ci qəzet.- 2010.-
4 iyun.- S.2.