AMEA Mərkəzi Elmi
Kitabxanası müasir informasiya məkanında
Son illər ərzində
milli elmi potensialın güclənməsi, elmi infrastrukturun
genişlənməsi və inkişaf etməsi, yeni tədqiqatlar,
yanaşma və metodologiyalarla zənginləşməsi,
qlobal xarakter alması, inteqrasiyaya açıq və hərtərəfli
olması ölkədə gedən proseslərlə sıx əlaqədardır.
Son 15 ildə əldə olunan elmi nailiyyətlər,
uğurlar, yeniliklər ayrı-ayrı sahələrə
olduğu kimi, elm və təhsil sahəsinə də dövlət
qayğısının artması ilə izah
olunmalıdır. Təsadüfi deyil ki, məhz bu illər ərzində
Azərbaycan Elmlər Akademiyası milli status alıb, Azərbaycan
elminin inkişafı ilə əlaqədar, elm sahəsində
çalışan insanların rifahının
yaxşılaşdırılması, sosial təminatının
gücləndirilməsi ilə bağlı bir-birindən əhəmiyyətli
sənədlər qəbul olunub. Bütün bunlar ölkədəki
elm və təhsil müəssisələrinin daha aktiv şəkildə
fəaliyyətinə, eyni zamanda, elmin müxtəlif sahələrində
sanballı tədqiqat işlərinin meydana gəlməsinə
əhəmiyyətli dərəcədə təsir göstərib.
Müasir dövrdə insan
informasiya-kommunikasiya mühitində yaşayaraq radio, televiziya,
mətbuat, habelə internet qlobal şəbəkəsi kimi
informasiya mənbələrindən ötürülən
çoxsaylı informasiya ilə əhatə olunub. Cəmiyyətin
indiki dinamik inkişafı və texniki, sosial infrastrukturların
mürəkkəbləşməsi şəraitində
informasiya enerji resursları kimi getdikcə strateji bir resursa
çevrilir. İnformasiya resurslarının
yaradılması, saxlanılması, yenidən işlənilməsi
və istifadəçilərə təqdim olunmasını təmin
edən müasir kitabxanalar həyatımızın
mühüm amili olub. İnformasiya texnologiyalarının
kitabxanaların fəaliyyətində geniş şəkildə
tətbiq olunması sonuncunun müasir informasiya məkanındakı
rolunu və funksiyalarını xeyli artırıb. Başqa
sözlə, fəaliyyətini doğru istiqamətdə
qurmuş kitabxanalar XXI əsrin ən dəyərli informasiya mənbələridir.
Hər bir düşüncə, elm adamı üçün,
XXI əsr həm də onunla əlamətdardır ki,
informasiya məhz bu dövrdə istehsalın aparıcı
qüvvəsinə, iqtisadiyyatın əsas amilinə-beşinci
faktora çevrilə bilib. İndi artıq iqtisadi faktorlar
yalnız torpaq, kapital və əməyə deyil, həmçinin
informasiyaya söykənir.
İnkarolunmaz faktdır ki,
bilik, informasiya XXI əsrdə xalqların qarşısında
duran ən böyük rəqabət mənbəyidir. Belə
olan halda, informasiya cəmiyyətində biliyə investisiya
qoyaraq, yenilik yarada bilənlər rəqabət edə bilər.
Müasir dövrümüzdə isə biliyin,
informasiyanın toplanıb mühafizə edildiyi,
paylaşdırıldığı institusional strukturlar
arasında kitabxanaların rolu o qədər
böyükdür ki, bütövlükdə informasiya cəmiyyətinin
əsasında onların durduğunu iddia etmək olar.
Kitabxanalar informasiya kimi əhəmiyyətli
mənbəyə sahib olduqları üçün onların
gez-tez intellektual münasibətlər bazarında
iştirakı edəcəyi hələ ötən əsrin
90-cı illərində proqnozlaşdırılırdı. İllər
sonra kitabxanalar informasiyanı əmtəə kimi
intellektuallaşdırmaqla potensial oxucularını real istifadəçilərə
çevirdilər. Məhz bunun nəticəsidir ki, hazırda
“kitabxana iqtisadiyyatı”, “kitabxana marketinqi” kimi
anlayışlar sistemi formalaşmağa başlayıb. Doğrudur,
ölkəmizdə kitabxanalar təsərrüfathesablı
müəssisələr sırasında deyillər və ilk
növbədə belə bir fikir yarana bilər ki, dövlət
tərəfindən maliyyələşən bu tip institutlarda
marketinqə ehtiyac yoxdur. Lakin nəzərə alsaq ki, il ərzində
faydalı, elmi informasiyanın həcmi dəfələrlə
artır, onların işlənməsinə, qorunmasına,
istifadəçilərin ixtiyarına verilməsinə xeyli
sayda vəsait və işçi qüvvəsi tələb
olunur, o zaman kitabxanaların müstəqil şəkildə
marketinqlə məşğul olmasına zərurət
yaranır. Kitabxanaların müasir informasiya məkanında
oynadığı rolun əhəmiyyəti bilavasitə onun
maddi-texniki, kadr potensialı ilə bağlıdır.
Azərbaycanda da elm günbəgün
inkişaf edir, ölkəmiz Qafqaz regionunda aparıcı
dövlət kimi bir sıra iri layihələrin
reallaşmasına təkan verir. Azərbaycan elm və təhsil
sahəsində regional liderliyini sürdürməklə daha
yeni dəyərlər qazanmaq əzmindədir. Qeyd etdiyimiz
kimi, ölkəmizdə elm və təhsilin inkişafına
dövlət qayğısı xeyli artıb, müvafiq sahələrin
modernləşdirilməsi və inkişaf etdirilməsi
üçün Dövlət proqramları qəbul olunub. Azərbaycan
kitabxanaları da elm və təhsilin fundamental bazası kimi bu
prosesdən kənarda qalmayıblar. Əksinə, Azərbaycanda
kitabxana işinin inkişafı üçün yeni mərhələ
başlanıb. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı
ilə ölkəmizdə kitabxana işinin inkişafına təkan
verəcək olduqca əhəmiyyətli sərəncam qəbul
olunub və kitabxanalarımızın yaxın gələcəkdə
ən qabaqcıllardan olması planlaşdırılıb.
Azərbaycanda fəaliyyət
göstərən ən iri kitabxanalardan biri də Milli Elmlər
Akadamiyasının Mərkəzi Elmi Kitabxanasıdır. 1925-ci
ildə yaradılan kitabxanamız milli və dünya əhəmiyyətli
elmi nəşrlərin zəngin fondlarına malik olan ən
iri, universal təmayüllü, aparıcı elmi
kitabxanadır. Mərkəzi Elmi Kitabxana
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab
tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət
göstərir. Kitabxanamız akademiya sistemində
araşdırılan bütün kompleks və sahəvi
problemlər üzrə ixtisaslaşdırılmıs məlumat-informasiya
mərkəzi, respublika miqyasında baş elmi-texniki informasiya
müəssisəsidir.
Kitabxana 1934-cü ildən
keçmiş sovet məkanındakı respublikalarla, eyni
zamanda ABŞ, Fransa, İsveç, İngiltərə və
başqa xarici ölkələrlə kitab mübadiləsi
aparmağa başlayıb. 1956-cı ildən etibarən isə
kitabxana beynəlxalq əlaqələrinin coğrafiyasını
daha da genişləndirib. Hazırda Mərkəzi Elmi Kitabxana
dünyanın 70 ölkəsinin 1000-dən artıq elmi müəssisə
və kitabxanası ilə kitab və informasiya mübadiləsi
aparır. Kitabxana 1993-cü ildən Beynəlxalq Kitabxana
Assosiasiyaları Federasiyasının – IFLA-nın
üzvüdür. Mərkəzi Elmi Kitabxana regionun ən
nüfuzlu kitabxanalarından biri kimi hər il dünyanın
müxtəlif ölkələrində təşkil olunan
kitab sərgilərinə dəvət alır. Bütün
kitabsevərləri, kitabxanaçı və naşirləri hər
il bir araya toplayan İstanbul kitab sərgisi, Frankfurt Beynəlxalq
kitab festivalı, Moskva və Tehran sərgi-festivalları son
illər ərzində qatıldığımız önəmli
kitab bayramlarındandır.
Kitabxanalarımızın
inkişafı ilə bağlı məlum dövlət
proqramı 2013-cü ilədək kitabxanalarımızın
hamısının yenidən qurulmasını, yeni
texnologiyalarla təmin olunmasını, dünya standartları
səviyyəsinə çatdırılmasını nəzərdə
tutur. Bu isə ölkəmizdə fəaliyyət göstərən
Mərkəzi Elmi Kitabxananın, Milli Kitabxananın, Prezident
Kitabxanasının, Respublika Gənclər
Kitabxanasının, Universitet kitabxanalarının vahid
konsepsiya əsasında inkişafını nəzərdə
tutur.
Məlumat üçün
bildirmək istəyirəm ki, Mərkəzi Elmi Kitabxana
ölkəmizdəki bütün növ sahəvi və
universal tipli kitabxanalardan fərqlənir. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 4 yanvar 2003-cü il tarixli fərmanı
ilə təsdiq edilmiş Akademiya Nizamnaməsinin 5-ci bəndinə
əsasən kitabxanamız elmi müəssisə statusu
alıb. Bu isə o deməkdir ki, Mərkəzi Elmi Kitabxana
yalnız oxuculara xidmət və cari ədəbiyyatın
toplanıb paylaşdırılması ilə məşğul
deyil, o, eyni zamanda bir elmi təşkilatdır. AMEA MEK-in elmi
şurası ölkənin ən nüfuzlu bilim
adamlarından, kitabxançılarından təşkil olunub.
Elmi şura vaxtaşırı toplaşaraq ölkədə
kitabxana sahəsində baş verənləri təhlil edir,
yeni istiqamətlər müəyyənləşdirir,
kitabxanamızın milli informasiya seqmentindəki yeri və əhəmiyyətini
təhlil edir, hər il nəşr etdiyimiz onlarca elmi əsərin
dəyərləndirilməsini həyata keçirir. Kitabxanamız
son 6-7 il ərzində bir neçə elmlər namizədi
yetişdirib və bu proses davam edir. Həmin alimlər ölkəmizin
ən aparıcı kitabxanalarına, elm və təhsil müəssisələrinə
rəhbərlik edirlər. Eyni zamanda “Azərbaycan Milli Elmlər
Akademiyasının Nizamnaməsi”nə əsaslanaraq, Respublika
Emi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi
Şurasının qərarı ilə Mərkəzi Elmi
Kitabxanada kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq, kitabşünaslıq istiqamətləri
üzrə problem şurası yaradılıb. Bu isə Azərbaycan
Respublikasının kitabxanalarında və ali təhsil müəssisələrində
aparılan elmi tədqiqatların təşkilini, əlaqələndirilməsini,
inkişafını, gedişinə və tətbiqinə nəzarəti
təmin edəcək.
Müasir dövrümüzdə
kitabxanaların informasiya məkanına təsir
imkanlarını genişləndirmək üçün
kitabxanalarda çalışan kadrlara yalnız ənənəvi
kataloqla işləmək bacarığı, oxucuya xidmət
göstərə bilmək yetənəyi kifayət etmir. Müasir
kitabxanaçı həm də yaxşı menecer
olmalıdır, müasir kitabxanaçı çoxdilli bir
şəxs kimi həm bir neçə dünya dilini mənimsəməli,
həm də müasir texnologiyalarla peşəkarcasına
davranmalıdır. Belə kadrların yetişdirilməsi isə
vaxt tələb edir. Məhz buna görə də Mərkəzi
Elmi Kitabxana kadrların seçilməsi ilə deyil,
yetişdirilməsi ilə daha çox məşğul olur. Hər
il onlarca əməkdaşımız dünyanın dörd
bir yanında təşkil olunan beynəlxalq simpoziumlara, tədbirlərə
qatılır, bilik və təcrübə mübadiləsi
aparır. Kitabxanamızın əməkdaşları ingilis,
türk, rus, alman, fransız, ərəb, fars dillərini
mükəmməl bildikləri üçün beynəlxalq əlaqələrimiz
günbəgün intensivləşir və dayanıqlı,
etibarlı partnyorluğa çevrilir. Təsadüfi deyil ki, Mərkəzi
Elmi Kitabxana Şpringer, Sviits, EBSKO kimi nəhəng elektron nəşr
paylayıcıları ilə sıx əməkdaşlıq
edir və Azərbaycan Milli Elmlər Akademiyasının 30-dan
artıq institutuna mütəmadi olaraq dünyada nəşr
olunan ən son dərgi və kitabları həm də elektron
şəkildə çatdırır.
Hazırda kitabxanamızda
150-dən artıq peşəkar kitabxanaçı
çalışır, 10-dan artıq şöbə fəaliyyət
göstərir. “Qərbi Avropa ədəbiyyatı”, “Şərq
ədəbiyyatı”, “Ədəbiyyatın elmi komplektləşdirilməsi”,
“Kitabxanaşünaslıq”, “Biblioqrafiya”,
“Kitabşünaslıq”, “Azərbaycanşünaslıq” və
“Xidmət” şöbələri ümumilikdə 50 mindən
artıq alimə xidmət göstərir. Son illər ərzində
kitabxanamızda “Kitabxana proseslərinin
avtomatlaşdırılması şöbəsi”nin fəaliyyəti
daha da aktivləşib. Şöbənin yaradılması ilə
kitabxanamızda bir çox ənənəvi iş sahələri
yeni texnologiyalarla təchiz olunub, ənənəvi kataloq
sistemi elektron kataloqla əvəzlənib, fondun elektron
daşıyıcılara köçürülməsi
işinə, elektron kitabxananın qurulmasına
başlanılıb ki, bu da AMEA MEK-in həm milli, həm də
qlobal informasiya məkanına daha intensiv inteqrasiya etməsinə
müsbət təsir göstərib.
Hazırda Mərkəzi Elmi Kitabxanada dünyanın ən qabaqcıl avtomatlaşdırılmış kitabxana-informasiya sistemi tətbiq olunur. Həmin sistemə əsasən Mərkəzi Elmi Kitabxana Milli Elmlər Akademiyasının digər institutları ilə birgə korporativ şəbəkə-toplu elektron kataloq yaradıb. Yaxın gələcəkdə Milli Elmlər Akademiyasının bütün elmi tədqiqat müəssisələrinin vahid elektron kitabxanası və elektron kataloqu olacaq.
Eyni zamanda Mərkəzi Elmi Kitabxananın 5 dildə fəaliyyət göstərən saytı vasitəsilə də oxuculara xidmət həyata keçirilir. Kitabxanamızın veb səhifəsi 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Avard” mükafatına layiq görülüb. 2009-cu ildə UNESCO-nun illik veblioqrafiyasında Mərkəzi Elmi Kitabxananın saytı haqqında məlumat dərc olunub. Bütün bunlar kitabxanamızın ən son texnologiyalardan istifadəsinin nəticəsi kimi qiymətləndirilməlidir.
Məlumdur ki, artıq Mərkəzi Elmi Kitabxana üçün yeni tipli binanın inşasınnın başlanmasına qərar verilib. Hörmətli Prezidentimizin sərəncamı ilə həyata keçiriləcək bu proses bütövlükdə ölkəmizdə elmə, təhsilə, kitabxana işininin inkişafına böyük töhfədir. Kitabxanamız üçün yaradılacaq yeni infrastruktur, tətbiq ediləcək yeni avadanlıq, yeni texnologiyalar, heç şübhəsiz ki, işimizi daha da sürətləndirəcək və çoxminli alim auditoriyasına xidmətin səviyyəsini xeyli yüksəldəcək. Bütün bunlar isə AMEA MEK-in müasir informasiya məkanındakı payını artıracaq, informasiya cəmiyyəti quruculuğu işlərinə müsbət təsir göstərəcək.
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru,
filologiya elmləri doktoru
525-ci qəzet.- 2010.- 4 iyun.- S.2.