Musiqili Komediya Teatrından balaca tamaşaçılara 1 iyun
töhfəsi
Ötən ilin sentyabr ayından başlayaraq, “Bizim 100 yaşımız var” layihəsi çərçivəsində öz sevimli tamaşaçıları ilə müxtəlif maraqlı görüşlər keçirən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı balaca seyrçilərini də unutmur. Həftənin şənbə və bazar günləri göstərilən uşaq tamaşalarından öncə onlar gənc rejissor Elvin Mirzəyevin “Teatr dərsləri”ndə iştirak edirlər. Teatrda fəaliyyət göstərən Yaradıcılıq Studiyasının üzvləri tamaşaların nümayişindən qabaq balaca tamaşaçılara böyük teatr aləmi barədə maraqlı məlumatlar verirlər. Tamaşa öncəsi müxtəlif kostyumların təqdimatı, Yaradıcılıq Studiyası üzvlərinin ifasında nağıl qəhrəmanlarının rəqsləri, rejissor Elvin Mirzəyevin teatrın işıq, səs avadanlıqları, səhnə texnikası barədə cəlbedici söhbətləri balaca tamaşaçıları sehrli teatr aləminə aparır.
Teatrın kollektivi öz ənənəsinə sadiq qalaraq 1 iyun –Uşaqların Beynəlxalq Müdafiə Günündə də balaca tamaşaçılarını unutmayıb. Bu dəfə teatr onlar üçün təntənəli bayram şənliyi təşkil edib və “Açıq qapı” günü keçirib. “Açıq qapı” gününün iştirakçıları Yaradıcılıq Studiyası üzvlərinin teatrın foyesində sərgilədikləri, müxtəlif səhnə əsərləri üçün hazırlanan teatr kostyumlarına baxıb, daha sonra isə balacaların ifasında teatr studiyasının yeni işinə – dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” komediyasına tamaşa ediblər. Təntənəli bayram şənliyinə müxtəlif uşaq evlərində tərbiyə alan valideyn himayəsindən məhrum olmuş uşaqlar da qatılıblar.
HÜSNİYYƏ
525-ci qəzet.-
2010.- 4 iyun.- S.6.