Alim Qasımov və David Vendettanın
klipinin təqdimatı
olub
Böyük xanəndə Alim Qasımovla məşhur fransalı dicey və bəstəkar David Vendettanın birgə oxuduqları “İ am your goddes” mahnısına çəkilən klipin təqdimatı keçirilib. APA-nın məlumatına görə, layihəni həyata keçirən “Mamedia” şirkətinin prezidenti və layihənin prodüseri Mübariz Abdullayev bildirib ki, “İ am your goddes” mahnısı 2010-cu ilin mart ayında D.Vendettanın “Vendetta” adlı albomunda 4-cü sırada yer alıb: “Bu layihə ilk dəfə olaraq azərbaycanlı ifaçı ilə dünya şöhrətli dicey və bəstəkarın birgə işidir. Qısa vaxtda bu mahnı dünyanın ən məşhur radiostansiyalarında top-onluqlarda ön sıralarda səsləndi və artıq bu yayın super hitinə çevrilməkdədir”. M.Abdullayev deyib ki, klipin bir hissəsi Bakıda – İçərişəhər və Qız qalasında, digər hissəsi isə Mərakeşdə çəkilib: “Klip iyunun 6-dan etibarən dünyanın aparıcı musiqi kanallarında gündəlik rotasiyaya girəcək. Vendettanın klipləri hər zaman MC, MTV, “Viva”, “Europa 2” və digər məşhur dünya kanallarında yayınlanıb. Bu layihənin bütün xərcini David Vendetta özü çəkib. Layihəyə ümumilikdə 150 min avro xərclənib”.
Alim Qasımov da bu əməkdaşlıqdan razı qaldığını qeyd edib və bu işin onun üçün çox ürəkaçan olduğunu söyləyib: “Sözsüz ki, bu cür layihələrdə iştirak hər zaman yaxşıdır. Məni dəvət etdilər və razılaşdım, nəticə isə göz önündədir”. A.Qasımov bu layihəyə görə ona müəyyən məbləğdə qonorar təklif etsələr də, bundan imtina etdiyini açıqlayıb.
525-ci
qəzet.- 2010.- 4 iyun.-
S.7.