Sarsılmaz mövqe cəngavərləri
Hekayə
Çexov həyatda olmasa da, qələmi ilə həyat verdiyi buqələmunlar hələ də ömür sürürlər.
O, maşınını yeni salınmış parkın yanında saxlayıb, küçənin əks tərəfindəki zirzəmiyə, nəyisə kompyuterdə çap etdirməyə getmişdi. Oğlu maşında oturub, atasının aldığı dönər bükülmüş kökəni iştahla yeyirdi. Birdən yaxındakı it onun əlindəki iri kökəni görüb, maşının sağ qapısını cırmaqlamağa başladı. Uşaq qorxub sola, sükana tərəf qısıldı. Bu vaxt it tullanıb maşının kapotunun üstünə çıxdı, burnu ilə az qala şüşəni sındırmaq istəyirdi, ayaqları isə əvvəlki işini görməkdə davam edirdi. Uşaq dözə bilməyib, qapını açdı və kökənin qalığını itə tulladı. Qorxusu ötüb keçmədiyindən ağlaya-ağlaya adamları köməyə çağırdı.
Atası gəlib çıxanda çox sayda qoca-cavan, ayaqlarını qabağa uzadıb uzanan itin ətrafına dövrə vuraraq toplaşmışdı. İt kökəni yeyib qurtardığından dili ilə dodaqlarını, çənəsini yalayırdı. Maşın sahibi nə baş verdiyini anlamağa başladı. Bu ədalı adam barmağını itə tərəf tuşlayıb qəzəblə qışqıra-qışqıra dedi:
Vallah, bu saatca bunu öldürəcəyəm. Gör bir təptəzə maşınımı nə günə salıb. Görünür, oğlundan çox onu bu qiymətli mülkiyyəti maraqlandırırdı.
İri bədəni, həm də qarnının qeyri-adi ölçüsü ilə başqalarından seçilən biri dedi:
Belə ziyankarı, əlbəttə, öldürmək lazımdır. Daha nəyi gözləyirsən?
Onun yanında duran, çətin bir sirri açırmış kimi, əlavə etdi:
Onu da fikirləşmək lazımdır ki, birdən hörmətli bir yiyəsi çıxdı, onda necə olsun? Görürsünüz, bu, heç kənd itinə də oxşamır, cins itdir.
Başqa birisi ona etiraz edirmiş kimi səsləndi:
Yox, lap
çempiondur. Adi ac, yiyəsiz itdir. Beləsindən xətər
əskik deyil, aman vermək olmaz.
Bu vaxt televiziya ekranından heyvanlar barədə bayağı söhbəti
ilə tanınan
professor irəli çıxıb
səsini qaldırdı:
Bizim şəhərdə sahibsiz
it yoxdur. Burada hər şeyin, hər kəsin öz sahibi, arxası var. İndi itin xətrinə dəysən, sonra yiyəsinə cavab verə biləcəksənmi?
Sahibi nüfuzlu adam olsa necə?
Maşın sahibi eyhamı diqqətsiz qoymadı:
Mən
itə nə etdim ki, sahibi
də məndən incisin. Bəs, dərdimi kimə deyim, uşaq da tir-tir əsir,
qorxudan xəstələnə
bilər.
Bu vaxt kütləyə polis nəfəri
yaxınlaşdı. Amiranə
səslə dedi:
Nə səs-küy salmısınız?
Dağılışın!
Biri cəsarətlənib
ona izah etdi ki, ortadakı
çöməlmiş it maşının
xeyli yerini cızıb, içərisində
oturan uşağı
da qorxuzub. Ancaq bu məsələyə
görə toplaşmışıq.
Polis əlinə
yaxşı fürsət
düşdüyünü hiss edib soruşdu:
İtin
sahibi kimdir? Qabağa çıx, özünü nişan ver!
Heç kəsdən
səs çıxmadı.
Bu vaxt yenicə dəstəyə qoşulan
tələbə oğlan
dedi ki, bu, xilasetmə dəstəsinin itlərinə
bənzəyir. Onları
baha qiymətə alıblar, özləri də xüsusi uçotdadırlar.
Özünü psixiatr-həkim
kimi qələmə verən sallaq dodaqlı biri maşın sahibinə üzünü tutaraq xırıltılı səsə
qışqırdı:
Belə
itlər neçə-neçə
adamı xilas edib. Əgər uşağında Parkinson xəstəliyi
varsa, get müalicə
etdir. Sonra deyəcəksən ki, itdən uşağıma
exnakok da keçmişdir. Adamlara böhtan atdığınız
azmış kimi, indi də qiymətli
itlərə iftira yağdırırsınız.
Polis belə
rəyləri eşidəndə
bir qədər diksinən kimi oldu və özünü
cəmləşdirib dedi:
Xilaskar
itə hamı qayğı göstərməlidir.
Lap səhv edibsə, onu başqa xətaya yol verənlərdən biri kimi bağışlamağı
bacarmalıyıq.
Başqalarını daim inkar etməkdən həzz alan dəstə üzvü bu dəfə də fürsəti əldən vermək istəmədi:
Bəziləri
burada yuxuda gördüklərini danışır.
Bu yiyəsiz itdir, bəlkə də quduzdur, çoxuq deyə bizi tutmur. Onu hökmən
zərərsizləşdirmək lazımdır.
Əlində çəlik
olan beli bükülmüş pensiyaçı
yaxında yaşadığından
qonşuların itlərini
də bu parkın hesabına yaxşı tanıyırdı.
Söhbətə qarışıb
bildirdi ki, it çox güman ki, yaxındakı imarətin sahibinindir. Əvvəllər bunu deyəsən onun yanında görmüşdür.
O da elə belə adam deyil. Böyük bir məmurun yaxın qohumudur. Özü də çox kinli vücuddur. Deyirlər ki, xəstə olduğuna görə, sanitariya nöqteyi-nəzərindən
həkimlərin məsləhəti
ilə itdən uzaqlaşmaq üçün
onu evdən qovmuşdur. Ancaq nə qədər olmasa da, adı
üstündədir.
Yekəpər söhbətə
müdaxilə edib çoxbilmiş adam kimi dedi ki,
o kişi ilə zarafat etmək olmaz. Hələ heç kəs onun zərbəsindən qurtulmayıb. Hərə burada ağlına gələni danışmasın,
adlı-sanlı bir evin itini də
hallandırmasın.
Özünü akademiyanın
elmi işçisi kimi təqdim edən uzunboylu adam hər sözünü
höccələyə-höccələyə
dedi:
Biz XXI əsrdə
yaşayırıq. İtlər
də böyük təkamülə uğramışlar.
Onlar sahiblərindən
yaxşı olan nə varsa götürürlər.
Olduqları evdə tərbiyə məktəbi
keçirlər. Ona görə də çox vaxt xasiyyətcə yiyələrinə
bənzəyirlər. Nəcib
tərbiyə görmüş
məxluqlarla adekvat qaydada da davranmaq
lazımdır.
Bu dəfə
əvvəlki ədasından
heç bir əsər-əlamət qalmayan
maşın sahibi daha çox qorxmağa başladı:
Mən
necə hərəkət
etdiyini bilən adamam. Mənə ziyan dəysə də, itlə yaxud onun hörmətli
sahibi ilə nə işim var. Ağrımaz başıma
niyə buz bağlamalıyam?
Cəsarəti ilə qarnının ölçüsü
tərs mütənasibdə
olan adam onun belə fağırlığını görüb bu dəfə daha da ürəkləndi:
Təqsirkar
özünsən, itdə
nə təqsir var ki? Niyə
qoyurdun uşağın
ac itin gözünün
qabağında dönər
yesin? İt də canlıdır, yemək istəyir. Adam ac olanda başını itirir, it də onun kimi.
O, belə
uzun danışırdı
ki, nüfuzlu it sahibi üzə çıxsa, necə müdafiə istehkamı qurduğunu adamlar ona çatdırsınlar,
bunun özü də kiçik məsələ deyil.
Polis hay-küyün
hadisənin sonrakı
davamından ehtiyatlanıb,
məsələni yoluna
qoymaq tərzində dedi:
Hələ
maşınını da
icazə verilməyən
yerdə saxlamısan,
adamların parka gediş-gəlişinə
mane olmusan. Tez çıx get ki, mərəkə böyüməsin,
yoxsa təqsirkar kimi səni cəzaya cəlb etməli olacağam.
Maşın sahibi artıq oğlunu da, əmlakını da yaddan çıxarmışdı,
təhlükənin böyüyəcəyindən
ehtiyatlanırdı:
Düz
deyirsiniz, bir də belə hərəkət etmərəm.
Heç bir iddiam da yoxdur.
Yaxşı anlayıram
ki, öz səhvim üzündən
bu hadisə baş verib. Qoy itin sahibi
də məndən inciməsin. Lazım gəlsə, lap ondan üzr də istəyərəm.
İt isə dağılışan adamlara
baxmaqda davam edirdi, deyəsən hərdən bir başını da silkələyirdi. Bəlkə
o da Apuleyin eşşəyi kimi insanları daha dərindən öyrənməyə
başlamışdı.
Telman ORUCOV
525-ci qəzet.- 2010.- 8 iyun.- S.7.