Azərbaycanlı gənc bəstəkarın musiqisi Litvada səsləndirilib

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Nyu York Manhetten Konservatoriyasının bəstəkarlıq üzrə magistraturasında təhsilini davam etdirən gənc musiqiçi Türkər Qasımzadə yeni uğurlara imza atmaqdadır. OnunBoş otaqlaradlanan yeni əsəri bu yaxınlarda Litvada keçirilən “Druskomanija-2010” Beynəlxalq Müasir Musiqi Festivalı çərçivəsində Druskininkai şəhərində səsləndirilib. Əsər müasir musiqi təbliğatçıları kimi kifayət qədər tanınan “Oneplusone” ansamblının ifaçıları Anna Veismane (pianica, piano) və Timo Kinnunen (akkordion) tərəfindən uğurla ifa olunub. Litvada keçirilən bu festivala dünyanın bir çox ölkələrindən gənc bəstəkarlar, ifaçılar dəvət edilirlər. Ölkəmizin ilk dəfə bu festivalda təmsil olunması da musiqi sərhədlərimizin genişlənməsi baxımından təqdirəlayiq haldır. Türkər Qasımzadənin digər bir uğuru isə bununla bağlıdır ki, o, İtaliyada keçirilən “Fəzada əbədiliyin nadir formaları” beynəlxalq bəstəkarlıq müsabiqəsinin finalçısı seçilib. Bəstəkar bu il İtaliyada oktyabrın 11-14-də keçiriləcək müasir musiqi festivalına dəvət alıb. Festival çərçivəsindəki konsertlərdə azərbaycanlı musiqiçinin əsərlərinin ifası nəzərdə tutulur.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 8 iyun.- S.7.