Suzen Dark və ya məhəbbət piri
( Əvvəli ötən saylarımızda)
Qəfər kişi Əşrəfi
“Günəşli”nin qapısında qarşıladı.
– Xoş gəldin. Az qala
ümidimi üzürdüm.
– Gecə çox gec
yatdım. Səhər də gec oyandım. Bir az ləngidim.
Bağışlayın.
– Allah
bağışlasın. Yox, istirahət evinə yox,
yaxında balaca bağ var, xudmani bir yerdi, gözəl yeməklər
verirlər. Sənin iki oxucun, mənim dostlarım oturub bizi
gözləyir. Gedək.
Bir müddət
yanaşı addımladılar. Sükutu Əşrəf
pozdu:
– Səni gördüm,
uçdum o illərə. Səndən kəndimizin ətrini
aldım.
– Ona görə yata bilmədin.
– Yox! Əslində hə...o
illəri xatırladım. Az şey yadımda qalıb.
– Uşaq idin axı.
– O qızın kəndimizə
ilk gəlişi yadımdadı. Milisoner Mustafa gətirmişdi.
– Düz deyirsən. Milisoner
gətirmişdi. Sən hardan gördün onu? Uşaq idin
axı.
– Biz uşaqlarla idarənin həyətində
dirədöymə oynayırdıq. O qırmızı
qızın uça-uça gəldiyini görüb oyun
yadımızdan çıxdı.
– Yadınızdan
çıxardı...Əlbət ki, çıxardı. Kəndimiz
o qız gələndə ağ-qara kino idi. O qız kəndə
gələn andan oldu rəngli kino.
– Nə gözəl dedin, Qəfər
əmi?!
Qəfər kişi
şüşəbəndi göstərdi. İçrəi
keçdilər. Stolun üstünə su, limonad, bir araq, bir də
çaxır qoyulmuşdu. Soyuq yeməklər
düzülmüşdü. Dörd adamlıq çəngəl,
bıçaq, boşqab səliqə ilə
düzülmüşdü. Onları görüb stol
arxasındakılar ayağa qalxdı.
– A kişilər, gəlin
da...Sizi gözləməkdən soyuq yeməklər
üşüdü.
Bunu deyən arıq, uzun,
panamalı bir kişi idi.
–
Həzi müəllim
aşılanmış köhnə foto neqativinə
oxşayırdı. Bığ ağ, qaşlar ağ,
saç ağ, sir-sifət qapqara. Gülüb Əşrəfə
baxdı.
– Bu o deməkdi ki, mən gənc
kiçik elmi işçiyəm. Əşrəf müəllim
bu imiş? Yazılarına görə mən saqqalı,
bığı ağarmış, öyüd-nəsihət
verən bir qoca gözləyirdim. Əyləşin.
– Soltan müəllimin bir
sözü var. Deyir, stolda soyuq qəlyanaltılar adamı
üşütməsin deyə, gərək bir şeylə
qızdırasan. Çayla, çaxırla, yoxsa qaçayla,
– deyib Qəfər kişi güldü.
– Qəfər əmi,
qaça nədi?
– Qoca kişilərik,
çay deyə bilirik, çaxır da demək olur, amma araq
deyən kimi hamı yaşımıza, başımıza
baxır.
Əşrəf bura gəldiynə
artıq peşman olmuşdu. Ona elə gəldi ki, əlifbasını
tanımadığı kağızlar saxlanan köhnə bir
arxivdə idi. İndi hansı bəhanə ilə buradan can
qurtaracağını fikirləşirdi. Soltan müəllim
xidmətçi oğlana əl elədi.
– Gətir yeməkləri –
dedi. Özünü stulda rahatladı, başından
panamanı çıxartdı – qoy aramızda
örtülü heç nə qalmasın – əlini daz
başına çəkdi – qardaşoğlu, bu
şlyapanı nə kefdən qoyuram, nə də
ziyalılığımı göstərmək
üçün. Keçəlimi görməsinlər deyə
qoyuram. Biz bəzən göz yaşlarımızı gizlətmək
üçün gülürük. Gözünə
döndüyüm sovet quruluşu bizi sıxdı, şirəmizi
çəkdi, hərəmizə bir-iki manat təqaüd kəsib
bizi sildi orasına, atdı yana.
Qəfər kişi
narazılıqla başını buladı.
– Eh... Soltan müəllim, sən
Allah, yaxşı, qoy görək.
– Bunun harasıdı
yaxşı. Düz otuz ildi hər il bu ayda, bu yerdə
görüşürük, dincəlirik. Əslində bu bir
oyundu. Təklikdən, kimsəsizlikdən boğulub ölməmək
üçün bizim qurduğumuz bir oyundu. Burdan gedəndən
sonra on bir ay bu bir ay üçün, bu görüş
üçün hazırlaşırıq, pul
yığırıq. Bura gəlmək üçün
yaşayırıq. Burda da başlayrıq “mən birinci katib
olanda belə elədim, helə elədim”. Həzi müəllim
deyir ki, “elmi kəşfim vardı, dedilər öz
adının yuxarısından bizim adımızı yazsan
keçər, yazmadım, keçmədi”. Qəfər müəllim
deyir, mən tarix dərsi deyəndə otaqda milçək
uçsa səsi eşidilərdi.
– Helədi, mən tələbəsiyəm,
təsdiq eliyirəm, helədi.
– Mən o dərslərimə
görə səndən üzür istəyirəm. Mən
sizə o adamların kitabları əsasında dərs
demişəm ki, indi görürəm bu millətin ən
qatı düşməni onlar imiş.
Xidmətçi kababları
gətirdi.
– Gəl da, gəl
çıx da, bu başqa məsələ.
Həzi kişi
gülümsündü, ağır-ağır dilləndi:
– Soltanın qəzəbli
söhbəti qarnının aclığındandı.
Kababı görən kimi üzü güldü – Həzi
danışanda adama elə gəlirdi onun yuxusu gəlir və
yaxud yuxuda danışır. Söz arası havadaca kababdan bir
tikə götürüb dişinə çəkdi. Onun burnu
da, iri qara dodaqları da sümüksüz qara kabab tikəsinə
oxşayırdı. Əşrəf bakalına su
tökdü, bir qurtum içdi. Soltan müəllimin
üzünə baxdı.
– Mənnən
görüşmək də yəqin sizin oyunun bir hissəsidi.
– Ay Əşrəf, o nə
sözdü? Sən Qəfər əmi haqqında belə
fikirdəsən?
– Soltan müəllimin
sözündən helə çıxdı.
Həzi yuxudan ayılıb
udqundu.
– Yooox-dedi, növbəti tikəni
çeynəməyə başladı.
Soltan özünə araq
süzdü.
– Mən əlli vuracam. Əziz
Əşrəf, elə hesab elə ki, bu oyunun bir hissəsisən.
Axı, adam işi cavanlığında görür, sonra
gördüyü işlərdən danışır. Sənin
böyük istedadın var. Məqalələr, rəylər,
hətta lap bu gün üçün problematik məsələlərin
araşdırılmasına yönələn materiallar ciddi
yaradıcılıq deyil. İstedad əsəri deyil. Nə qədər
ki, cavansan, otur bədii əsər yaz.
– Harda oturum? Bir azdan qırx
yaşım olacaq, hələ evim yoxdu. Kirayədə
yaşayıram. Yazmaq o yana, heç evlənə bilmirəm.
“Otur, yaz” demək asandı, harda oturum?
– Adam yazanda harda olsa oturub
yazır. Yazır, ad-san qazanır. Özünü sübut eləyir.
Sonra evi də olur. Evlənir də. Bax da bizə, bizim
ömrümüz küləyə verilmiş küləş
kimi, saman kimi sovrulub gedib.
–Soltan müəllim – Əşrəf
ona baxıb gülümsündü – deyəsən siz belə
şeylərlə məşğul olmusunuz.
– Nə gizlədim,
çalışmışam yazım, alınmayıb. Gecələrlə
yatmamışam, yazmışam, səhər oxuyub
görmüşəm adam dili deyil. Cümlələr
dolaşıq. Demək istədiyimi yazı ilə ifadə eləyincə
gedib o dünyanı görüb gəlirdim.
Əşrəf gülüb
ona baxdı.
– Bağışlayın, o
dünya necədi?
Soltan elə bil bu sualı
gözləyirmiş, gülümsündü.
– Eyniynən burdakı kimi,
ağlamayana məmə yoxdu. Orda da yaltaqların,
yalmananların işi xod gedir. Kim ki Allahın ətəyindən
yapışıb, ona tərif deyir, gecə-gündüz ona
yalvarır, yaltaqlanır, yalmanır, Allah da
bağışlayandı. Bunlar kimi bic deyil axı.
Qonşu stolda oturan bir nəfər
əl çaldı.
– Halal olsun sənə,
ağsaqqal. Lap quran ayəsi kimi düz söz deyirsən.
– Sağ ol, bala – dedi. Susdu,
diqqətlə Əşrəfə baxdı. Bir az da ona tərəf
əyilib , asta səslə dilləndi – hər yerdə, həmişə
bir qulaq asan tapılır – Səsini yenidən qaldırdı
– sən də balaca bala deyilsən. Söz azdırmağı
yaxşı bacarırsan. Onu deyirdim axı. Əsər yazmaq
çox ağır işdi. Sənin yazılarında rəvan
dil var. İddiasız, azad, sərbəst yazı üslubun
var. Bu Allah payıdı. Qocalanda bu hünər, bu güc
qalmayacaq, indi yaz. Sən özün üçün oyun
qurmusan, özünə kələk gəlirsən. “Evim yoxdu,
ev kirəsi üçün yazıb pul qazanmalıyam”. Çünki
bunları yazmaq asandı. Əsər yazmağa oturmaq, zəhmət
çəkmək, hər çətinliyə qatlaşmaq
lazımdı. İndi məndən inciyirsən.
– Yox, yox, qətiyyən
incimirəm.
– İnciyirsən. Amma mənim
bu dediklərim səni kölgən kimi izləyəcək. Qulağında,
beynində səslənəcək. Burdan durub qaça bilərsən,
özündən hara qaçacaqsan?
– İcazənizlə, Qəfər
müəllim, mən də bir az içim. Heç olmasa bir qədəh,
bu söhbət boğazımdan araqsız keçmir.
– Axırı ki, mətləb
üstünə gəldik. Hərəyə bir az
süzün. İyirmi ildi araq içmirəm, amma indi içəcəm.
Sənin şərəfinə, qardaşoğlu.
– Qəfər əmi, icazə
verin, sizin kimi dostun sağlığına içim. Mənə
qalsa, insanları yaşa görə yox, ruhunun
qocalığına görə təqaüdə
çıxarardım. Kim axtarıb tapa bilirsə, o da
cavandı. Siz məni tapmısınız, siz məndən
cavansınız. Sizin şərəfinizə.
Az sonra onların arasında
yaş fərqi götürülmüşdü. Zarafatlar, lətifələr
işə düşmüşdü. Arada Əşrəf:
– Qəfər müəllim,
o qız kəndə gələndə siz də idarənin
qabağında idiniz?
– Hə, biz hər axşam
orda olurduq.
– Elim doxdur milisoneri yola
salanda pul verdi manat Mustafaya, Mustafa da onun qulağına nəsə
pıçıldadı. Doxdurun gözü bərələ
qaldı. Nə demişdi?
– Deyirəm da...Həzi, bu
bir əlcə uşaq idi. İdarənin həyətində
uşaqlarla oynayırdı. Gör nəyi müşahidə
eləyib və yadında bu günə kimi saxlayıb.
İstedad budu, heç kəsin əhəmiyyət vermədiyini,
heç kəsin görmədiyini görəsən.
Gördün Soltan kişi?
– Çinarı bir
yarpağından da tanımaq olur. Havayı yerə onun hisslərini
cırmaqlamırdım. Baxma, bu lələşin də
havayı yerə partiya məktəbi keçməyib ki?
– Qəfər əmi,
milisoner nə demişdi? Bilmiş olarsız.
– Mən bilməyənə
qurd düşər. Bilirəm. Bir arxayın vaxtda bu söhbəti
davam eliyərik.
– Onda kəndə
qayıtmazdan əvvəl bir də görüşək.
– Bəlkə sən kəndə
gələsən. Məktəbdə görüş
keçirək.
– Mən neyləmişəm
ki, görüş də keçirək.
– Eləmisən. Amma daha
çox şey eləyə bilərsən. Əsas odur ki,
uşaqlar özlərinə inanacaq. Biləcəklər ki, bu
kənddə doğulub, bu məktəbdə oxuyub, gedib
Bakıda qəzetdə çalışmaq, əsər yazmaq,
televiziyada çıxış eləmək olar.
Uşaqların özünə inamı artar.
– Gələrəm.
– Sən gəl, gör sənin
yaradıcılığını necə bilirlər. Həm
də o məsələləri danışarıq. Çox
maraqlı material var. Ağasəf mənim dayım oğlu
idi. O qızın eşqindən dəli oldu. Bu məsələdə
mənim də günahım var.
Ağasəfdən
yadımda qalan onun gecə-gündüz oxuması idi.
Oxuduğu da yalnız bu idi:
Süsən, sünbül bitirmişəm,
Mən yarımı
itirmişəm,
A balam, itirmişəm.
Qəfər əmi, mütləq
gələrəm.
lll
Bu görüşdən
neçə gün keçdiyini dəqiq deyə bilmərəm.
Əşrəf redaksiyada köhnə iş reciminə təzə
qayıdırdı. O görüş Əşrəfin
içində hər şeyi alt-üst eləmişdi. Bir
neçə gün redaksiyada özünü üsyankar gənc
şair kimi apardı, dalaşdı, deyindi. Mübahisələr
elədi, yoruldu, sakitləşdi. Hər qəzetin mətbuat
aləmində öz mərtəbəsi var. Əşrəf də,
nəhayət, işlədiyi qəzetin mərtəbəsinə
qayıtdı. Öz yerində oturdu. İti zəncirdə
çox saxlayanda açan kimi baş götürüb
qaçır. Məqsədsiz, mətləbsiz, yönü
hara düşdü, ora qaçır, qaçır, yorulur.
Axırda qayıdır bağlandığı yerə. Hər
bir yaradıcı insanın içində helə bir zənciri
var. Ya onu zaman-zaman açıb buraxmaq lazımdır, ya da
arada zəncirini qırıb qaçmalıdır. Havası
alınınca atılıb-düşməli, taleylə
güləşməlidir. Yoxsa ruhu zəncirdə
havasızlıqdan boğular, ölər. Yəni sonra zəncirini
açanda da qaçmaz. Bu da son deməkdi.
Əşrəfi cavanlar
yaşlı sayırdı; yaşlılar cavan. Ömrün
veyil dərəsində idi. Ona görə özünün
son vaxtlar havasızlıqdan boğulduğunu da hiss
etmirmiş. Bu günlər ərzində elə bil
gözü açılmışdı. Beyni yuyulmuşdu.
Yüngülləşmişdi. Allah, Allah, nə qədər
gözəl qızlar varmış bu şəhərdə?!
Qızlar necə gözəlləşib! Yol yanlarında,
bağlarda, xiyabanlarda nə qədər gül-çiçək
varmış. Musiqili, musiqisiz fəvvarələr, yollar,
körpülər, işıqlar... Bu günlər Əşrəf
elə bil tanımadığı, görmədiyi bir gözəl
şəhərə gəlmişdi. Çoxdan oxuduğu bir
şeiri ürəyində tez-tez təkrar edirdi:
Axşam bütün yollar
bizim evə gedir,
Səhər bizim idarəyə.
Düşmüşəm
belə bir dairəyə
yaşayıram.
Ömrümü yükləmişəm
avtobuslara
Səhər idarəyə,
axşam evə daşıyıram.
Bir gün göz yumub zamana,
burularam yana-yana.
Başım üstə mavi
səma,
Sinəmin üstə bir topa
çiçək,
Arxada yetim qalmış xatirələr...
Xatırlayarlar...
deyərlər...
Əşrəfdə belə
şeylər olur. Bir də görürsən bir mahnıdan
bir bənd ürəyində, beynində ilişib
öz-özünə səslənir. Xüsusilə, bir xalq
mahnısından bu hissə:
Mən gəlmişəm sənə
qonaq,
Ceyran, mənə bax, bax.
Mənə bişir bir
qayğanaq
Ceyran, mənə bax, bax.
Qayğanaq məsələsində
onu gülmək tuturdu. Mahnını ürəyində
oxuduğundan adam arasında yersiz gülüşünə bəhanə
tapmayıb hərdən özü gülünc vəziyyətə
düşürdü. “Məhəbbətin bu yanıqlı
yerində qayğanaq hardan çıxdı ortaya? Xalq
yaradıcılığında təfəkkür tərzi
gözlənilməz və sürprizlərlə doludur. Nənəm
deyərdi, dırnağını kəsdin, yerə basdır.
Yoxsa şeytan tapar, dırnağından özünə
qılınc düzəldər. Bütün pislikləri
şeytanın boynuna atan xalq gör şeytanı nə qədər
kiçik bir şey təsəvvür edir”. Qapının
döyülməsi Əşrəfi fikirdən ayırdı.
– Gəlin, buyurun – dedi.
Qapı aralandı. Girdə
burun, burnunun altında yanıb qaralmış iki kabab tikəsinə
oxşayan dodaqlar, ağ bığlar, ağ qaşlar, ağ
saçlar, parıldayan qara gözlər ona baxırdı. Elə
bil qapının arasından yox, sudan çıxıb
baxırdı. Əşrəf gülümsünüb
ayağa qalxdı. Onu içəri dəvət elədi.
– Mane olmuram ki?
– O nə sözdü,
xoş gəlmisiz, əyləşin. Nə yaxşı belə?
Həzi kişi stulda oturub
sağa-sola yırğalanıb yerini rahatladı.
– Dedim getməmişdən sənə
dəyim.
– Yaxşı eləmisiz.
Çay gətirsinlər?
– Yox, yox, sağ ol!
İçmirəm.
–Soltan müəllim, Qəfər
əmi necədi. Onlar niyə gəlmədi?
–Onlar gəldiyimi bilmir. Qəfər
səni öz balası kimi istəyir. O qədər səndən
danışır ki, Soltan da, Həzi də səni öz
balası sayır.
– Çox sağ olun. Həzi
siz deyilsiz? – deyib gülümsündü.
– Mənəm. Amma bəzən
özümü də bir az özümdən kənarda,
aralıda görürəm. Bəzən Həzinin çox hərəkətləri
xoşuma gəlmir. Mənim razı olmadığım
şeylər eliyir. Elə bu gəlişim də elə bir
işdi. Ona görə özümdən kənar bir adam kimi
danışıram.
– Özünüzə
qarşı qəddar olmayın.
– Özümə yox,
qocalığa qarşı qəddaram.
– Mən guya cavan
sayılıram. Mənim də ixtiyarsız hərəkətlərim,
sözlərim olur. O gün çox gözəl
görüş oldu. Əla görüş idi. Yaş fərqimiz
heç bilinmirdi.
–Soltan o gün, əvvəl
bir az əsəbi danışırdı, içi
ağrıyırdı. O ağrını gizlədə bilən
adam deyil.
– Nə olmuşdu?
– Bizim dördüncü
yoldaşımız bu il gəlmədi. Yəni başladı
“nəslimizin yarpaq tökümü”. Allah Nazim Hikmətə rəhmət
eləsin, yaxşı deyib. Dostumuz Hacı bu il gəlmədi.
Səni onun yerində oturtmuşduq. Soltan da səninlə yox,
çox vaxt üzünü Hacıya tutub qəzəblənirdi,
danışırdı. “Niyə bu il gəlmədin?” – deyirdi.
– Sözün bu yerində Həzi kişinin gözləri
doldu. Gözünü sildi. Dərin bir nəfəs alıb
toxdadı – bağışla, bala. Bu qocalıq əlamətidi.
Kişilər tez-tez kövrəlməyə, gözü
yaşarmağa başlayanda fil qəbiristanlığına
gedən fillərə bənzəyirlər.
– Allah eləməsin, Həzi
dayı. Maşallah, yüz cavana dəyərsiz.
– Məşdibad demiş, sənnən
danışmaq asandı. Başqası deyər ki, fil niyə
qəbirstana gedir. İndi gəl buna nağıl danış.
– Fillər
ölümünü hiss edirlər, ölmək
üçün fil qəbiristanına gedirlər...
– Helədi. Mənim də
axır vaxtlar ürəyim lap kövrək olub. Ən adi isti
sözdən kövrəlirəm, gözüm yaşarır.
Gəldim səndən bir xahiş edim.
– Buyur, Həzi dayı.
–Mən bir kəşf eləmişdim,
adi şeydi. Amma bu adi ən böyük kəşflərin
açarıdı. Gələcəyin enerci mənbəyidi,
daimi mühərrikdi. Hər bir canlının içində
onun müstəqil yaşaması üçün daimi mühərriki
çalışır. Ürək mühərrikdi, qan onun
daimi yanacağı. Günəşdən istini alıb enerciyə
çeviririk. Enercini yenidən istiyə çevirib
qızınırıq. İnsan bədənində daim 36%-dən
artıq istilik var. Niyə saata batereya əvəzinə bədənimdən
aldığı istini enerciyə çevirən element
qoymayaq? Saat da mən sağ olan qədər qolumda
çalışacaq. Niyə əl fanarı əlimin istisindən
enercini alıb yanmasın? Bunu sonsuza qədər sadalamaq olar.
Bu tükənməz bir enerci mənbəyidi. Xülasə, mən
bunları, hesablarımı bir dəftərə
yazmışam. Gedən kimi sənin ünvanına göndərəcəm.
Bir xahişim də var.
– Buyur.
– Bura gəldiyimi, bu söhbəti
eldiyimi dostlarıma demə. Mənə sataşacaqlar. Onlar mənim
işimi ciddiyə almırlar. Amma mən bunun içində
bir sağlam toxum görürəm. Bunu cücərtməyə
cavan alim ağlı, yorulmaz, dönməz alim
çalışqanlığı lazımdır. Elmi tamam
yeni bir yola yönəltmək olar. Yoxsa elmi enerci sahəsi həyatın
əleyhinə işləyir. Çayların yolunu kəsib dəryaçalar
yaradırlar. Su canlıdır. O, hərəkət edəndə
diridir. Göllərdə, baratlarda ölümdən qurtarmaq
üçün çalışır, bəndləri
partladır. Yer də, təbiət də canlıdır. Bu
tufanlar, zəlzələlər, təbiət fəlakətləri
insanların müdaxiləsinə cavabdı.
– Vallah, nə deyim. Mən bu
sahəni bilmirəm. Maraqlı fərziyyədir. Bunları mənə
niyə deyirsiz? Dəftəri mənə niyə göndərirsiz?
– Heç, elə belə.
Bununla əlaqədar heç bir məsuliyyət hissi
keçirmə. Cavansan, göz qabağındasan.
İnşallah, çox yaşayacaqsan, hörmətin də
artacaq. “Saxla samanı, gələr zamanı” məsələsidir.
– Gəlməsə?
– Heç gəlməsin. Nə
itiririk? Mən gedim. Durma!
– Sizi yola salardım. Amma
işim çoxdu. Sizi görməyimə şad oldum. Gələn
il bu vaxt görüşərik.
–Təki görüşək,
qismət olsun. Onlara demə. Mənsiz darıxarlar – qapıya
çatanda dönüb Əşrəfə baxdı,
gülümsündü. Sifəti gözəlləşdi,
dodaqları nazildi – elə mənnən də bir yerdə
olanda darıxırlar – deyib qapıdan çıxdı.
(Ardı var)
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 10 iyun.- S.7.