Suzen Dark və ya məhəbbət piri
Əvvəli ötən saylarımızda
Yeməkxanadan
çıxanda Suzen astaca pıçıldadı:
– Yeməkdən sonra hərəkət
eləmək yaxşıdı. Bir az həyətdə gəzinsək
pis olmaz.
– Nə deyirəm – Fatma hiss
eləyirdi ki, hamının diqqət mərkəzindədi. Bilirdi
ki, Suzenə görə ona yanaşmırlar. Suzen də
yaxşı bilirdi qoca arvadların, elə kişilərin də
ürəyini söz deşir. Təkliyə düşən
kimi yazıq Fatmanın başına suallar yağacaq. Hərə
öz məsləhətini verəcək. Deyəcəkdirlər,
axı sən nazir müavininin anasısan. Suzen kimi adamla
oturub-durmaq, hətta bir otaqda qalmaq sənə heç
yaraşmaz. Yaxşı, müdir səhv eləyib səni
Suzenlə bir otağa salıb. İndi səhvini düzəldib.
Sənə başqa otaq təklif eləyir, başqa yemək
stolu göstərir. “Yox, bura yaxşıdı”. Suzen
yaxşı bilirdi bir balaca aralansa, Fatmanı araya alacaqlar. Biri
deyəcək sənin ad-sanına yaraşmaz. Müdir
özü sənin üstünə qaçır,
başına dolanır, qulluq göstərir. Sən
yapışmısan Suzenin ətəyindən. Deyəcəklər
“Suzen ermənidi”, “Suzen cuhuddu”, “Suzen rusdu”, “Suzen dəlidi”.
– Gör nə
hündürlükdə hasar çəkiblər. Adamın
ürəyi darıxır. Nə olub axı? Bizi insanlardan
qoruyurlar, yoxsa insanları bizdən qoruyurlar?
– Bu qalanın kökü
insanların beynindədi bacı, bacı ha...İlk dəfədi
kiməsə bacı deyirəm. Bağışla.
– Bağışla nədi.
Çox yaxşı. Bacı sözünün nəyi pisdi?
– Bacı sözü
yaxşıdı, mən yaxşı deyiləm. Sənə
deyəcəklər, Suzen ermənidi, rusdu, cuhuddu,
moltanıdı...Yox, təmiz müsəlmanam.
– Lap erməni də olsan fərqi
yoxdu. Mənim üçün yaxşı insan var, pis adam
var.
– Mən ilk dəfədi hiss
eliyirəm, kiminsə xoşuna gəlmək istəyirəm.
Bilirəm, mən aralanan kimi nələr deyəcəklər.
– Nə deyirlər-desinlər,
qulaq asacam, sonra da deyəcəm: yaxşı tanıyıram,
köhnə rəfiqəmdi.
– Ha-ha- ha- Suzen bərkdən
güldü. Yeməkxanadan çıxanlar gülüş səsi
gələn tərəfə baxdılar. Gülənin Suzen
olduğunu görüb məəttəl qaldılar. –
Ömrümdə türmədən sonra heç belə
gülməmişdim.
– Boooy, bacı, sən
türmədə də olmusan? Orda neynirdin?
– Heç, ekskursiyaya
aparmışdılar.
– Dolama məni.
– Yox cavanlıqda bir qələt
eləmişdim. İndi də peşman döyüləm.
Dörd il iş vermişdilər. Gülməli də olsa
ömrümün xoşbəxt illəri orda keçib.
– Can bacı, –Fatma onu
qucaqladı – ürəyimi Qana dönədərdin.
– Amma onu burda bilən yoxdu,
heç müdir də bilmir. Bu söhbət aramızda
qalsın.
– Arxayın ol, elə bil
quyuya daş atmısan.
Suzen söhbəti dəyişdi.
– Fatma, bu divar, bu qala ki var, əslində,
insanların içindəki eqoizmin heykəlidi. “Bu ərazi mənimdi”
demək onun hikkəsini soyutmur, onu təsdiq eləyən sənədlər
gözünü doyurmur, qala çəkir, ərazini hasara
alır. Bura mənimdi hikkəsini Daşa döndərir.
Axı bu torpaq təkcə bizim deyil, qarışqaların,
atların, böcəklərin, incil ağaclarının,
damdakı göyərçinlərin də, bu torpağın
üstündə, altında görüb-görmədiyimiz
canlıların da bizim qədər hüququ var. Bu qalanı
çəkəndə onlardan soruşmuşuq? Bu sərhədləri
çəkəndə yer üzünü yaradan Allahdan
soruşmuşuq? Başdan-ayağa hikkəyik. Mən gedim bir
az otaqda uzanım. Bu ürəyini söz deşənlər
girəvə tapsın sənə yaxınlaşmağa. Sənə
səbr, dözüm arzusu ilə...
–Suzen, sən mənə
türmədən danışacaqdın. Bəs nə oldu?
– Danışaram da... hara tələsirik.
Elə bura da türmədi. Ömürlük türmə.
Danışmağa vaxtımız olacaq.
Suzen altdan-altdan fikir verirdi,
o, uzaqlaşdıqca ətrafdakılar Fatmaya
yaxınlaşırdı. “Yazıq Fatma indii o qədər səfeh
suallar, çürük öyüd-nəsihətlər
eşidəcək ki. Fatma da o qədər yazıq deyil. Hər
sözə – booy, – deyib onları ürəyində dolayacaq”.
lll
Axşam Elim evə gələndə
Nazlının qaş-qabağı yer süpürürdü.
Elim Nazlını qonşu rayondan bir ilə yaxın idi
götürüb qaçmışdı. Hələ
Nazlının ailəsigilə barışığa getməmişdilər.
Əhd eləmişdilər: “qucağımızda bir uşaq
gedərik”. Nəhayət, Nazlı üç ay idi hamilə
idi. Nazlı arada-bir xəlvət anası ilə telefonla
danışırdı. Anasına bu şad xəbəri deyəndən,
burda Nazlı, orda da anası günləri, ayları
sayırdılar. Vaxt da qurbağa udmuş ilan kimi
sürünüb keçib getmək bilmirdi. Nazlı qəsdən
dabanını döşəməyə döyə-döyə
yeriyirdi ki, Elim onun çox hirsli olduğunu başa
düşsün.
– Nazka, xeyir ola. Havan adam
yıxır. Nə olub?
– Nə zəhmətdi
çəkib evə gəlmisən. Elə yatıb
qalaydın o qızın yanında.
– Bu bədbəxtin
qızı dörd-beş saatdı kəndə gəlib,
bütün kənd adamı dəyib bir-birinə. Neynəyim?
Mənə baş həkim işçi göndərib. Ona ev
tapmalı idim. Gətirdim Ağasəfin boş qalmış
evinə. O iki evin arasında uşaq qalıb tək.
– Hə...Əlbət ki, həm
də sənə yaxın olar.
– Nazka, bu helə adam
döyül.
– Əlbət ki, elə adam
deyil, deyir tumanının qırmızısı göz
deşir.
– Tuman deyil, dondu.
– Ay gözüm aydın.
– Nazka, bəsdi. Məni
hövsələdən çıxarma, nazlı, nazlı, bu
qədər də nazlı yox da... Acam, yemək gətir görüm.
– Yemək vermədi?
– Dedim ki, bu elə adamlardan
deyil. Başa düş.
– Nədi? Prinsesadı?
– Ay qız, bu başqa
adamdı.
– Bu başqa adamı sənin
yanına niyə göndəriblər? Rayonda qırx kənd
var, hərəsində də bir həkim məntəqəsi.
– Baş həkim mənim xətrimi
çox istəyir. Milis rəisi ilə məsləhətləşiblər.
Məni məsləhət biliblər.
– Milisin nə dəxli var?
– Dedim da, bu elə adamlardan
deyil – Səsini aşağı salıb az qala
pıçıltı ilə, əsəbi dilləndi –
Türmədən çıxıb, dörd il iş veriblər,
ikisini türmədə çəkib. Özünü
yaxşı apardığına görə iki ilini məcburi
əməklə əvəz eləyiblər. Amma gərək
kənddə işləsin. Şəhərə getməyə
ixtiyarı yoxdu.
– Vaxsey, qıza...bu neyleyib
helə?
– Bu sirdi ha...danışmaq
olmaz.
– Mən lal. Mumladım. Neynəyib
axı?
– Nazka, qazın yatdı.
– Hə, Eliş, neyləyib,
ürəyim partladı, de görüm neyləyib? De...mənə
darıxmaq olmaz – əlini qarnına vurub – buna görə həyəcan
keçirə bilmərəm.
– Yaxşı Nazka, bax ha...
qulağını bura gətir...
– Evdə kim var ki eşitsin,
danış.
– Uşağımız
eşidər.
Nazlı gülüb onun
boynunu qucaqladı, qulağını Elimin ağzına
yaxınlaşdırdı. Elim pıçıldadıqca
Nazlı həyəcanla “Yox aaa! Vay! Vay! Vaxsey!...vay...vay”.
– Bəs ona neyləyiblər?
– Heç nə, milisdən
qovublar. Partiyadan çıxarıblar. Tısbağanı ya
öldürdün, ya da arxası üstə çevirdin, nə
fərqi var. Mənə yemək ver. Yazıqdı, o qıza
da bir şey apar yesin, yəqin bütün günü
acdı.
– Adı nədi?
– Süsən, Süsən
xanım de. Qoy şellənsin. Bax ha, türmədən-zaddan
söz salma.
– Helə şey olar?
– Qorxmazsan ki?
– Niyə qorxuram, mənim nəyimi
kəsəcək...
– Hi-hi-hi. Ay səni Nazka, aləmsən
vallah...
Nazlı çörək,
qatıq, pendir, soyutma yumurta götürüb qonşu həyətə
keçdi. Nazlı son vaxtlar heç hind kinosuna da belə
böyük həvəslə getməmişdi.
İşıq yalnız Süsənə verilmiş mənzildə
yanırdı. Düşündü ki, “Ağasəf yəqin
yatıb”, qapını döymək heç ağlına da gəlmədi,
içəri keçdi. Ağasəf qapının yanında
oturub Süsənə gözünü zilləmişdi.
Nazlını görüb ayağa qalxdı.
– Gəlinbacı, xoş gəlmisən.
– Sağ ol. Siz də xoş
gəlmisiz Süsən xanım. – Əlindəki sinini stolun
üstünə qoydu. Üstündən örtüyü
götürdü. Yeməyi görüb Süsənin gözləri
parladı. – Ədə, nə ağzını ayırıb
qıza tamaşa eliyirsən, get samovara od sal. Quru çay
yadımdan çıxıb. Get bizdən çay gətir.
– İndi, bu saat, samovarı
çöldə qoyum?
– Əlbət ki, evdə bizi
tüstüdə boğarsan. Qaç.
Bu ucaboylu, enlikürək, nəhəng
oğlan uşaq hərəkəti ilə çölə
qaçdı.
Süsən onun arxasınca
baxıb gülümsündü.
– Qəribə
oğlandı, bayaqdan gəlib oturub qapının
ağzında, gözlərini döyə-döyə mənə
baxır.
– Ay qız, oğlan nədi?
Ağasəf uşaqdı, boyu çıxdığına baxma,
17 yaşı gələn Novruz bayramında olacaq. Sulu yerin
qamışı kimi vızz eləyib çıxıb
göyə, Allaha pay aparır. Baxırsan, maşallah yekə
kişidi. Amma ağlı uşaqdı hələ.
– 17 yaşı var?
Maşallah, deyirəm axı, baxışı dumdurudu.
Yaxşı ki, gəldin, yoxsa durub getmək heç
ağlına da gəlmirdi. Burda lampa da yox idi., getdi öz evindəkini
çıxardıb gətirdi. Lovğalandı “mən
qaranlıqda yatıram, qorxmuram” –dedi. Elə bəlkə
uşaq qorxurmuş, ona görə durub getmirmiş?
– Səni görüb mən
arvadlığımla sənə vurulmuşam. Çörəyə
dəvət eləmək yadımdan çıxıb.
Yaxın otur. Bu sənin payındı. Mənə baxma ye!
Adım Nazlıdı, Elimin arvadıyam, Elimin.
– Hə?... Çox
yaxşı. Tanış olmağımıza şadam.
– Mən də. Tibb
bacısısız?
– Yox, əslində, dərzilik
üzrə peşə məktəbini bitirmişəm. Sonra həkim
yanında çalışdım. Yara sarımaq, nə bilim,
belə şeylər. İki il işlədim. İndi bəzi
şeyləri bilirəm. Göndərdilər burda Elim doktorun
yanına.
– Elim yaxşı həkimdir,
kənddə hamı onun başına and içir. Hörmətini
saxlayır.
– Bəs siz yemirsiz? –Süsən
stola yanaşdı, təndir çörəyini
götürüb qoxladı – Oxqay, nə gözəl ətri
var.
– Sən ye, biz – deyib əlini
qarnına çəkdi – bundan bir az əvvəl yemişik.
– Xəbər var?
– Hə. Üç
aylıqdı.
– Sağ-sağlam olsun,
salamat qurtar, təbrik edirəm. Yaman acmışam. Gözəl
pendirdi. Çox sağ ol, Nazlı bacı. Nə gizlədim səhərdən
acam.
– Biz lap yaxındayıq. Nə
sözün, nə çətinliyin olsa, gəl. Hər
şey yaxşı olacaq. Deyirsən dərzisən?
– Hə, amma çoxdandı
məşğul olmamışam.
– Boş vaxtında bizə
don tikərsən.
– Tikiş maşınım
yoxdu.
– Eliş mənə
alıb. Zingerdi. Köhnədi, amma deyirlər yaxşı
maşındı.
– Hə, o məşhur
firmadı. Parça alarsan görək nə
çıxır.
– Əla, bəxtimiz gətirdi
– Yenə əlini qarnına çəkdi – əsas buna görə
deyirəm, çoxlu pal-paltar lazım olacaq. Səni Allah mənim
üçün göndərib. Qaldı Ağasəfə, tərbiyəli
uşaqdı, avamdı, nə tapşırsan onu da eliyəcək.
Yatmaq vaxtında ona de ki, get yat, gedib yatacaq.
– İndi siz deyəndə
başa düşdü. Yoxsa baxırsan, maşallah yekə
kişidi. Oturub qalıb yanımda. Qatıq da ləzzətlidi.
Getmir, get deməyə də adam qıymır.
– Öz
camışımızın qatığıdı.
Çörəyi də özüm bişirmişəm.
– Əlin-qolun var olsun.
Nazlı, çətini bura kimi idi. Qalanını özüm
idarə edərəm. Sən də o qarnındakı cavan
oğlanı apar yatızdır.
–Allah ağzından
eşitsin. Oğlan olsun. Sənə yaxşı bir hədiyyə
məndən.
Ağasəf əlində
çay, qənd otağa girdi. Tövşüyə-tövşüyə
onları stolun üstünə qoydu. Süsənin
çörək yediyini görüb təəcüblə
baxdı.
– Hə, Ağasəf, nə
oldu?
– Heç-heç – Ağasəf
elə bil səksəndi – gülümsünü
bpıçıltı ilə – çörək yeyir – dedi.
– Yoxsa elə bilirsən qəşəng
qızlar çörək yemir?
– Yox, gəlinbacı. Bilirəm
yeyir. – Ağasəf çaşdı – bilirəm yeyir. Samavar
indi qaynayar. Gətirim?
– Hə, Ağasəf,
samavarı gətir, çay dəmlə.
– Özüm dəmləyərəm
– Süsən udquna-udquna dedi.
– Ağasəf, stəkanları
da gətir, özün də çay iç, çörək
ye.
– Yemişəm.
– Lap yaxşı. Çay da
iç, sonra get öz otağına yat. Qız yorulub, qoy
yeyib-içib dincəlsin. Yaxşı?
– Hə, yaxşı, gəlinbacı.
Gedim stəkanları gətirim – otaqdan çıxdı.
Süsən Nazlıya baxıb gülümsündü.
– Çox sağ ol, Nazlı
bacı, dərs cədvəlini verdin. Lap acından
ölürəmmiş.
– Yaxşı, gecən xeyrə
qalsın.
– Xeyrə qarşı gəl
– Süsən ağzındakı loxmanı çeynəyib
udub bu sözləri deyincə Nazlı artıq qapıdan
çıxmışdı.
Ertəsi gün kəndin
bütün qadınları xəstələnmişdi. Tibb məntəqəsinə
gələnlər, biri çolpa, biri toyuq, o biri beş
yumurta, biri xoruz, xülasə, kimin nəyə gücü
çatırdı, onu gətirib gəlmişdi. Əslində,
qızın haqqında hər evdə bir əfsanə
danışılmışdı. Amma bir şeyi hamı
deyirdi, qız gözəldi, kimsəsizdi, milis nəzarəti
altındadı. Payların çoxu ona görə idi. Onsuz da
kənddə həkimə əliboş getmək layiqsiz iş
sayılırdı. Kəndə milislə gələn sinəsi
açıq, qırmızı don geymiş o qızı hər
kəs öz gözü ilə görmək,
danışdırmaq istəyirdi.
Xəstəlik bir gecədə
bütün qadınlara yoluxmuşdu. Elim doktor da onların xəstəliyini
yaxşı bilirdi. Elə ona görə otaqdan
çıxdı, qapını açıq qoydu.
– Bahoo, nə çox xəstəmiz
var. Xoş gəlmisiz.
Güldəstə arvad
özünü qabağa verdi.
– Elim doxdur, mənim dərdim
sənə deyiləsi deyil, arvad xəstəliyidi. O təzə
gələn doxdura demək istəyirəm.
–Güldəstə xala, bu
gün nə çox adam xəstələnib.
– Ədə, havaların dəyişən
vaxtıdı dayna. Arvad xeylağı havadan nəm çəkən
şeydi.
– Bilirəm ey, Güldəstə
xala, bilirəm. Onsuz da mənim bu gün işim çoxdu,
şəhərə gedirəm. Amma siz də burda qarğa
bazarı açmayın. Təzə adamdı. Hürkütməyin.
Güldəstə səsini
pıçıltıya döndərdi:
– Deyirlər hürkən
bala deyil.
Elim də eyni
pıçıltı ilə:
– Yaxşı, yaxşı,
qərib adamdı.
Sonra səsini
qaldırdı:
– Süsən doktor.
– Bəli, həkim- deyib
qız eyvana çıxdı. Hamı susdu. Güldəstənin
dalınca gəlmiş toplan it də baxıb əvvəl
quyruğunu buladı, bir ağız hürüb
gözünü qıza zillədi. Güldəstə elə
bil yuxudan ayıldı:
– Sus, quduz dəysin sənə,
nədi, doxdur görməmisən?
– Süsən doxdur, mənim
bu gün İşim çoxdu. Bunlar sənin xəstələrindi.
Bir-bir qəbul elə. Gətirdikləri payları da
götür. Xətirlərinə dəymə. O göy dəftərə
qey delə.
– Toyuq-cücəni?
– Yox, xəstələrin
adlarını. Mən getdim.
(Ardı var)
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 12 iyun.- S.29