Yazıçılar Birliyində
“Mingəçevir leysanı”
Yazıçılar Birliyində (AYB) yaradılmasının 2-ci ildönümü münasibətilə “Mingəçevir leysanı” jurnalının 8-ci nömrəsinin təqdimatı keçirilib. Birliyin mətbuat katibi, şair Ədalət Əsgəroğlunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə qurumun katibi, xalq şairi Fikrət Qoca açıb. Xalq şairir jurnalın kollektivini Yazıçılar Birliyində salamlamaqdan məmnunluq duyduğunu bildirərək ədəbi-bədii jurnalın təkcə forma cəhətdən deyil, həm də məzmun zənginliyi ilə diqqət çəkdiyini söyləyib: “Kollektivin oxuculara təqdim etdiyi əsərlərin çoxu maraqla qarşılanır. Bu jurnal artıq Mingəçevirin güzgüsünə çevrilib”.
Jurnalın redaksiya heyətinin üzvü, təqdim olunan nömrədəki “Aşıq Pəriyə böhtan atmayın” məqaləsinin müəllifi, filologiya elmləri namizədi Tariyel Abbaslı “Mingəçevir leysanı”nın əməkdaşlarını iştirakçılara təqdim edib. Jurnalın uğurlu fəaliyyətində, orada ədəbi mühitin formalaşmasında toplunun təsisçisi və baş redaktoru İsmayıl İmanzadənin (Mərcanlı) əməyini yüksək qiymətləndirən T.Abbaslı tədbirin Yazıçılar Birliyində keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb.
Jurnalın fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdıran millət vəkili Aydın Mirzəzadə redaksiyada çalışanların əksəriyyətinin yaradıcılığına bələd olduğunu, özünün də şeir yazdığını qeyd edib. Millət vəkili çıxışında Bəsti Bərdəlinin şeirlərini Azərbaycan poeziyasının yaxşı nümunələri kimi dəyərləndirib.
Tanınmış şair Musa Ələkbərli bir neçə ay bundan əvvəl “Mingəçevir leysanı”nda qonaq olduğunu xatırladaraq ona göstərdikləri səmimi münasibət üçün kollektivə dərin minnətdarlığını bildirib. Elşən Əzimin jurnalda verilmiş şeirini oxuyan şair, onu müasir poeziyamızın gözəl nümünəsi hesab etdiyini deyib.
Tədbirdə jurnal əməkdaşlarının yaradıcılığından nümunələr səsləndirilib. Sonda çıxış edən İsmayıl İmanzadə tədbirin keçirilməsinə yaratdığı şəraitə görə Yazıçılar Birliyinin idarə heyətinə və iştirakçılara təşəkkür edib.
SARA
525-ci qəzet.-
2010.- 12 iyun.- S.25.