Azərbaycan kitabları Moskvadakı beynəlxalq müsabiqədə mükafatlar qazanıb  

 

Bugünlərdə Moskvada “Kitab sənəti–2010” beynəlxalq müsabiqəsi yekunlaşıb. Ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat sektorunun müdiri, əməkdar mədəniyyət xadimi, şair Çingiz Əlioğlunun “Çərçivə” kitabı müsabiqənin “Qran pri”sinə layiq görülüb. Bu barədə sözügedən nazirlikdən məlumat verilib. Kitabın tərtibçisi A.Bəhruz, redaktoru Gülər Mehdiyeva, fotoşəkillərin müəllifi isə Orxan Çingizoğludur.

Ç.Əlioğlunun verdiyi məlumata görə, MDB üzvü olan dövlətlərin hər il keçirilən “Kitab sənəti” beynəlxalq müsabiqəsində müsabiqə şurasının yaradılması barədə saziş imzalamış dövlətlərdən əlavə, Özbəkistan, Ukrayna, Latviya, Litva və Estoniya naşirləri də qatıldığı, sayca yeddinci müsabiqədə Azərbaycan hər il iştirak edib: “Bu il 10 dövlətin nəşriyyatları tərəfindən müsabiqəyə 9 nominasiyada 155 kitab təqdim olunub. Qəbul edilmiş qaydaya görə, müsabiqə gizli səsvermə yolu ilə iki turda keçirilir. Birinci, ikinci və üçüncü yerlərə namizəd olan 54 kitab ikinci tura vəsiqə alıb. Əvvəlki illərdə olduğu kimi budəfəki müsabiqə də Azərbaycan üçün uğurlu olub. Belə ki, Azərbaycan kitabları müsabiqədə ikinci, üçüncü yerləri tutub və “Qran pri”yə layiq görülüb”. Münsiflər heyəti Miniatür Kitab Muzeyi tərəfindən nəşr edilmiş 7 kitabdan ibarət miniatür silsiləni “Birlik” nominasiyasında ikinci mükafata layiq görüb: “Müasirimiz” nominasiyasında isə Mədəniyyət və Turizm Nazirliyinin “Əfəndi” nəşriyyatı tərəfindən buraxılmış “Kataloq”u üçüncü yerə sahib olub. Üç dildə – Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş bu kataloq təkcə tərtibatına və zövqlə seçilmiş fotoqrafiyalara görə deyil, həm də ölkəmizin mədəni həyatı haqqında təqdim edilən informasiyanın tamlığına görə diqqəti cəlb edir”.

Ç.Əlioğlu Azərbaycanın “Təhsil”, “Aspoliqraf”, “Çinarçap” və “Tutu” nəşriyyatlarının müsabiqədə qızıl və gümüş medallar qazanmasından, MDB məkanında yeganə miniatür kitab muzeyinin təsisçisi və direktoru Zərifə Salahovanın fəaliyyətindən məmnunluqla söz açıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 12 iyun.- S.25.