Xəyallar gələcəyin xəbərçisidir

 

Müasir kinomuzun bu günkü vəziyyəti, onun axtarışları və şöhrəti, kinoda xəlqilik və ideyalılıq, aktyor oyunu və rejissorluq problemləri və s. bu kimi sənət məsələlərindən danışmaq şübhəsiz ki, təkcə sənət ictimaiyyətimiz üçün deyil, həm də ümumiyyətlə geniş oxucu kütləsi üçün də maraqlı olar.

Bədii sənətlər – ədəbiyyat, musiqi, rəssamlıq, heykəltəraşlıq, teatr və kino hər şeydən əvvəl məcnunluq, vurğunluq deməkdir. İnsan əməyinin bütün sahələrində yaradıcılıq məhəbbət dolu ürəyin məhsuludur. İnsan ancaq sənətini hərarətlə sevdiyi,böyük ilham və vəcd ilə işlədiyi zaman gözəl nəticə əldə edə bilər. Bədii sənətlər aləmində isə bu məhəbbət istedadla birləşərək möcüzələr yaradır..

“Söz qəlbdə qalmaz” deyiblər. Bu dediklərim sənət müəllimlərim,sənət dostlarim, eləcə də rejissura sənəti haqda, onun gələcəyi haqqinda qəlbimdə “qala bilməyən”, həmkarlarımla bölüşmək istədiyim fikirlərdir.

İnsanpərvərlik, qardaşlıq və beynəlmiləlçilik ideyaları ilə aşılanmış parlaq, işıqlı, bağımsız Azərbaycan incəsənəti ölkəmizin hüdudlarından kənarda da çox məşhurdur. Mənə elə gəlir ki, öz sənətinə laqeyd olmayan hər hansı bir sənətkar onu narahat edən məsələ barədə, ilk növbədə məhsuldar və səmərəli işləməyinə mane olan cəhədlər haqqında danışmalıdır. Vəziyyəti dogru qiymətləndirdikdə, ümumilikdə inkişafda olan rejissorluq sənətimizə maneçilik törədən böyük və kiçik “əngəllərin” olduğu da aşkar görünəcək. Hidayətzadə, A.İsgəndərov, M.Haşımov, M.Məmmədov, T.Kazımov kimi rejissor pedaqoqlarla biz fəxr edirik. Onların yaradıcılığına nəzər saldıqda parlaq istedadla yanaşı, yüksək tələbkarlıq da görürsən. Təəssüf ki, bu gün bəzi rejissorlarımız yaradıcılığın bu mühüm şərtini hərdən unudur, tələsir, özünü və ya başqalarını təkrar edir. Təqlidçilik yolu ilə gedir, rejissorluq sənətinin bu günkü səviyyəsinə, vəzifələrinə, hətta öz adına layiq olmayan zəif və solğun tamaşalar hazırlayır və ya filimlər çəkirlər. Zənnimcə, bu ciddi nöqsan çoxlarına aid olduğuna görə ad çəkməyə ehtiyac yoxdur. Lakin bu gün Azərbaycan rejissurası incəsənətin hər bir sahəsində geriləyib, zəyifləyib. Bu gün biz 20 il bundan sonra respublikamızda rejissorluq sənətinin inkişaf etməsi üçün, gələcək 20 ilin inkişafı haqqında düşünməliyik. Əsasən gələcək gənc rejissorların yaradıcılığı haqqında düşünməliyik. Respublikamızda son vaxtlar Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən bir neçə istedadlı rejissorun adını çəkmək olar. Onlar bir neçə maraqlı və ümidverici tamaşaya quruluş verib, filmlər çəkiblər. Mədəniyyət Nazirliyinin və Teatr Xadimləri İttifaqının bu sahədə işinin müvəffəqiyyətli olub-olmadığı haqda söhbət edə bilmərəm. Onların respublikamzda rejissorluğun inkişafı üçün əməlli fəaliyyətlərinin nəticəsi yəqin tez bir zamanda öz bəhrəsini verəcək. Əsl yaradıcılıq üçün sənətkarlıq və tələbkarlıq çox mühüm şərtdir. Respublikamızda rejissura sənətinin inkişafına kömək etməli olan teatr tənqidi və teatırşünaslıq da istənilən səviyyədə deyil, teatrşünaslarımız bu günlər rejissura mədəniyyətimizin bir sıra nəzəri və əməli məsələlərindən kənarda qalırlar.

Bu dediklərimizi kino sənətimizə də şamıl edə bilərik. Çünki kino rejissorluğumuz, kino əsərlərimiz, kinoşunaslığımız da heç istənilən səviyyədə deyil.

Təbii ki, incəsənətin hər bir növü kimi kinematoqrafda öz kino əsərləri ilə insanların şüuruna təsir edir. Kino milli şüurun oyanmasında, əxlaqi keyfiyyətlərin, əxlaqi dəyərlərin bərqərar olmasında, insanların mənən zənginləşməsində birbaşa iştirak edir. Kinematoqrafiya yarandığı gündən cəmiyyətə təsiri olub, indi də var. Biz hiss eləsək də eləməsək də bu təsir olur. 1930-cu illərdən başlayaraq Azərbaycan milli teatrımızın inkşafında misli görünməyən sənətkarlar yetişdirən pedaqoq, rejissor, görkəmli sənətkarlarımızdan biri və birincisi olan Ədil İsgəndərovun “Azərbaycanfilim” studiyasına rəhbərliyi dövründə kinomuza gənc istedadların gəlməsi, onların axtarışları kino sənətinin inkşafına və qanının təmizlənməsinə əhəmiyyətli təkan verdi. Görkəmli sənətkarımız Ədil İskəndərovun “Azərbaycan film” studiyasına gəlişi ilə deyə bilərik ki,“ 60-cı illərin filimçiləri kinomuzda bir dönüş yaratdı. Bu həqiqətdir. 60-cı illərin ikinci yarısında ictimai-siyasi həyatımızda müəyyən dəyişikliklər oldu və bu dövürdə daha əvvəlki nəsillərin kinoçuları da yeni təfəkkürlə çalışmağa, yeni şəkildə fəaliyyət göstərməyə başladılar. Ssenaristlər Anar, Rüstəm, Maqsud İbrahimbəylilər, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Ramiz Rövşən, Mövlüd Süleymanlı, İsa Hüseynov və s. Rejissorlar Həsən Seyidbəyli, Kamil Məmmədov, Şamil Mahmudbəyov, Eldar Quliyev, Oktay Mirqasımov, Tofiq İsmailov, Yalçın Əfəndiyev, Rasim Ocaqov, Gülbəniz Əzimzadə, Ənvər Əbluç, Ramiz Əzizbəyli, Yuli Qusman, Fikrət Əliyev, Əbdül Mahmudov və.s Bu nəsil sonralar 60-cılar adlandı. Mövzu, üslub baxımından, qaldırılan problemlər baxımından bu nəsil əvvəlki nəsillərdən çox fərqləndi. Bəlkə də altmışıncıları fərqləndirən cəhətlərdən biri yeni nəsil olmalarında idi. Bu nəsil həm sənədli filimlərdə, həm bədii kinoda, həm ssenari, həm də kinoşünaslıqda seçilən bir nəsil oldu. 60-cılar kinomuza yeni nəfəs gətirə bildi. 60- cı illərin sonu tarixi bir dönüş dövrü idi. Bu tarixi dönüş təkcə kinoda deyil, ədəbiyyatda, demək olar ki, incəsənətin bütün sahələrində, ictimai-siyasi həyatda da göründü.

Teatr və kino sənətinin, radioteatr və teleteatrın, ümumiyyətlə bütün bədii-dramatik sənətlərin nəzəri əsası eyni olsa da onların hər birinə xas ifadə üsulu, spesifik forması, ifadə vasitələri var. Bu sənətlər rejissor işi və aktyor ifasına, dramaturji materialın şərhinə görə bir-birindən fərqlənir. Bu sənətləri tamaşaçılar və dinləyicilər müxtəlif vasitələrlə qavrayırlar.

Biz əvvəllər çox istedadlı teatr rejissoru, çox istedadlı kino rejissoru və ya çox istedadlı televiziya verilişləri rejissorudur, deyərdik. İndi nədənsə biz teatr, kino və televiziyada çalışan rejissorları ayrı-ayrı deyil, bu üç sahədə öz sözünü demiş rejissor kimi qəbul edirik. Buna etirazım yox. Çünki, tibb sahəsində və ya müəllim olaraq çalışanlara ümumi müraciətdə doktor, müəllim deyilir. Lakin onların hər birinin öz profili, öz sahəsi, öz fənni var. Heç də, diş həkimi gəlib ürək əməliyyatı aparmır və ya ingilis dili ədəbiyyatı müəllimi cəbr dərsi demir.

Kino rejissorun spesifik xüsusiyyətləri ilə teatr rejissorunun, televiziya verilişləri rejissorunun spesifik xüsusiyyətləri arasındakı fərq ən azı teatrla kinonun fərqi kimidir.

Hadisələri dialoq və monoloq hesabına inkişaf etdirməyi bacaran teatr rejissorundan fərqli olaraq kino rejissoru obrazlı və ifadəli təsviri meydana çıxara bilmək bacarığına malikdir.

Səssiz-lal kino dövründə yalnız təsvir ilə kifayətlənən kino rejissoru, səsli kino meydana gəldikdən sonra teatr rejissorluğunun imkanlarından bəhrələndi. Beləliklə kino rejissoru sənətində ədəbiyyat nümunələri öz audiovizual həllini taparaq səsin və təsvirin birləşməsi sahəsində yeni ədəbi ifadə vasitəsi hesabına mükəmməl sənətə çevrildi.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində olduğu kimi dünyanın bütün incəsənət universitetlərində teatr rejissorluğu, kino rejissorluğu, televiziya verilişləri rejissorluğu və hətta kino janrına çox yaxın olan televiziya filimləri rejissorluğu fakültə kimi fəaliyyət göstrərir. Hətta bu sənətləri öyrədən ayrı-ayrı institutlar, universitetlər var. Bəs, bu halda niyə biz bu sənətlər üzrə ayrıca təhsil almış gənc rejissorlarımızı sonradan hər üç sənət üzrə çalışdırırıq? Məncə bu gün teatrımızda, kinomuzda gənc istedadlı rejissor qıtlığının səbəblərindən biri, bəlkə də birincisi budur. Kim kimdir? Teatrda bir, iki gözəçarpan maraqlı tamaşa qoyan, gənc, ümid verəcək rejissor tez bir zamanda kino çəkir, ya istedadlı bir ssenari müəllifi və ya kinoşünas ortaya çıxırsa o da kino rejissorluğu sevdasına düşür. Və nədənsə “istəyinə” də çatır. Təəssüf ki, hələ müsbət nəticə verən bir örnək göstərməyə çətinlik çəkirik. Görəsən nə üçün kino rejissorluq sənəti belə ucuz bir sənət olub ki, kənardan çox asan başa gələn bir iş kimi görünür.

Krılovun təmsili yadıma düşür. Çalğıçıların və ya çaldıqları alətlərin yerini dəyişməklə, gözəl musiqi əldə etmək olmaz. Hər musiqiçi öz alətində daha mükəmməl olmaq üçün çalışmalıdır. Bir gənc kino rejissorun cəkdiyi ilk filmi və ya tanınmış bir rejissorun çəkdiyi son əsəri zəifsə onu gözdən salmaq lazım deyil, ona öz sənətində səmərəli çalışması üçün imkan yaratmaq lazımdır. Bir cərrah həkimin əlində bir xəstə sağalmırsa və ya ölürsə o cərrahın yerinə diş həkimi gətirilirmi? Yox!

Məlik Məmməd nağılının sonunda olduğu kimi ümid edək ki, nə vaxtsa Simurq quşu peyda olub bizə hər bir bədii-dramatik sənətin öz rejissorunun olduğu işıqlı dünyanı göstərəcək. Çünki ağ qoçu, qara qoçdan ayırmaq üçün artıq zaman yetişib.

Hər bir yeni yaradıcılıq işi ilə, yeni bir uğura addım atan rejissor heç vaxt nə mövzu, nə süjet, nə də bədii xüsusiyyətlər baxımından təkrarlanmamalıdır. Çünki hər bir sənətkarın öz yaradıcılıq qayəsi, məqsədi var. Əsl rejissor hər yeni çəkdiyi filmində və ya tamaşasında bu məqsədə, qayəyə tamamilə başqa, təkrarlanmayan yolla getməyə can atmalıdır. Rejissorlarımız hər bir yeni filmi ilə, tamaşası və ya verilişi ilə yaradıcılığının yeni bir tərəfini tamaşaçısına təqdim etməlidir. Hər bir kino əsəri – istər sənədli olsun, istərsə də bədii kino əsəri olsun bənzətmələr, metaforlar, bədii təzad və suallarla zəngin gözəl ifadə və təsvir vasitələri ilə dolu olmalıdır. Təbii ki, teatr tamaşalarımız, televiziya verilişlərimiz də həmçinin.

Gənc rejissorun çəkmək üçün hazırladığı ssenarisi mövzu forma, kompozisiya, süjet xətti cəhətdən tam bir vəhdət təşkil etməlidir. Gələcək tamaşanın, verilişin və ya filmin bədii keyfiyyət və məziyyətləri bir-birini tamamlamalıdır. Əsərin ideyasıda, qayəsi kimi maraqlı olmalıdır.

Gəlin özümüzə belə bir sual verək. Bu günkü teatrımız, televiziyamız və kinomuz bir parçası olduğumuz zamanın, dövrün, yaşamın tələbinə cavab verirmi, ən azından cavab verməyə cəhd göstərirmi?!

Bu suallara cavab tapmaq üçün çağdaş kinematoqrafiyamıza, incəsənətimizin adları çəkilən digər növlərinə nəzər salmaq kifayətdir. Son illərin işlərini nəzərdən keçirməliyik. Bir-iki əsər müstəsna olaraq, ümumi mənzərə çox zəifdir.

Kinematoqrafiyanın da incəsənətin digər növləri kimi qarşısında belə bir missiyası var: zamanın tələbinə uymaq, dövrün yetişdirdiyi cəmiyyətin ruhunu duymaq və bu günkü tələblərindən çıxış edərək gələcəkdə də yararlı və aktual ola biləcək kino, teatr əsərləri və televiziya proqramları nümunələri yaratmalıyıq.

Çox vaxt bayağı, daha çox küfürlər və lağlağılarla dolu və ya boş bir ideya üzərində qurulan lazımlı-lazımsız döyüş səhnələri və ya erotik səhnələr üzərində qurulan filimlər də olur. Kino sənətini lazımınca dəyərləndirə bilməyən belə filimlərin rejissorlarının tamaşaçı kütləsi var. Bəzən belə filimlər daha çox “populyar” olursa, bu, tamaşaçının zövqsüzlüyü deyil, cəmiyyətin bədbəxtliyidir. Müəyyən müddət belə rejissorların filimləri seyr edilir, ancaq vaxt keçdikcə bu kino da, rejissorda unudulur. Həqiqi kino isə qalır, həqiqi rejissor tamaşaçısını heç vaxt itirmir.

Təbii ki, belə filmlər zövqsüz adamlardan pul qoparmaq üçün çəkilir. Avam filmlər avam adamlar üçündür. Mən heç kimi günahlandırmıram, yalnız həqiqəti anlatmaq istəyirəm. Düzdür hərənin öz həqiqəti var. Həqiqətlərdən biri də inkardır. İnkar olan yerdə inkişaf var, olub, olacaq da.

Bu əsərlər əyləncə, şöhrət və pul qazanmaq xatirinə yaranıb... Həqiqi incəsənət əsəri əbədi yaşayır.

Bu gün belə qənaətə gəlmək olar ki, Azərbaycan kinosu sovet kinosunun bir parçası olmaqla yanaşı öz keçmişinin də davamıdır. Müasirliklə ənənə bir-biri ilə paralelləşərək elə möhkəm bir vəhdət təşkil edir ki, harda nəyin bitib, nəyin başladığını müəyyənləşdirmək çox çətinləşir. Bu cür harmoniyanı qoruyan filimlərə bugünkü kinomuzun çox böyük ehtiyacı var. Bugünkü kinomuzun əsasən bu ehtiyacı ödəyə biləcək bir yaradıcılıq fəaliyətinə ehtiyacı var. Və kinomuz bununla məşğul olmalıdır.

Yalnız öz sənətinin kökünə enən, özünə etibarı olan sənətkar seçdiyi sənətdə özünə yer tuta bilər. Bu gün kino rejissoru incəsənətin digər sahələrindəki rejissorlardan daha çevik olmalıdır. Daim müasirləşən, özündə elmin – texnikanın son nailiyyətlərinı ehtiva edən kino sənəti, digər oxşar sənətlərdən tamamən ayrılır və dünya seyirçisinə daha tez çatdırılır. Rejissor diplomunu almaq, kino rejissoru üçün xas olan “motor”, “stop” sözlərini öyrənib demək, operatorun çəkdiyini, montajçının montaj etdiyi və səs operatorunun tonlaması nəticəsində ortaya çıxan kino əsərinə “kino” demək, bu sənəti mən də “bilirəm” demək deyil.

Özəlliklə kino çəkmək çox ağır bir işdir, amma təəssüf ki, bu gün hamının “bacardığı” bir işdir. Mən bir neçə ildir ki, filim çəkmirəm. Niyə? Çünki tamaşaçımız azdır. Bəli, kino çəkmək çox ağır işdir. Çəkib bitirdikdən sonra isə tamaşaçı ilə çəkdiyin filmin görüşdürülməsini düşünmək lazımdır.

Hər kəs kino çəkə bilər. Amma, hər çəkilənə kino deyilirmi?!

Mənə elə gəlir ki, Azərbaycan seyircisi Azərbaycan kinosundan uzaqlaşıb. Bəlkə də ümumən kino seyir etməkdən belə. Bir zamanlar sovet kinosunu seyir etdi, sonralar Hollivud filimlərini gecə – gündüz izlədi. Amma öz filimlərini izləmir. Televiziya ekranından başqa. Əslində bizim seyircimizin Azərbaycan filimlərini seyr etməsi üçün marağı daha çox olmalıdır. Öz dili, öz adət-ənənəsi, öz məkanı, öz tipləri, xarakterləri. Bunlara baxmayaraq seyirçimizin duyğuları itib. Məncə nə qədər gec deyil bu haqda düşünməliyik. Ola bilsin ki, bizim filmlər bir milyon tamaşaçı toplaya bilmir, amma 400 min, 500 min, heç olmasa azı 100 min toplaya bilər. Buna cəhd göstərmək lazımdır. Bakıda yalnız Azərbaycan filimlərini göstərən bir bir kino teatrımızın olmasını arzu edirəm. Şəhərimizdə “Azərbaycan” adlı bir kino teatrımız var, amma təəssüf ki, orada da bütün ölkələrin filmləri göstərilir, təkcə Azərbaycan filimlərindən başqa. Özü də hamısı rus dilində. Heç olmasa bu filmlər Azərbaycan dilinə dublyaj olunsa pis olmazdı. “Azərbaycanfilmdə” istehsal olunmuş filimləri izləmək üçün bir kino teatrımız belə yoxdur ki. Bu filmlər bizim milli sərvətimizdir. Biz onu qoruyub saxlamalıyıq. Çox təəssüf ki, bu gün çox-çox dəyərli filmlərimizin təmiz-səliqləli nüsxələri yoxdur. Bir çox filmlərimiz 15-20 ildir ki heç bir yerdə göstərilmir. Televiziyalarımız yalnız ala-babat nüsxələri nümayiş etdirir. Bir çox filmlərimiz günümüz üçün aktual olsa da, təəssüf ki, nüsxəsi olmadığına görə işıq üzü görə bilmir. Bu filmlərin neqativləri isə, haradasa Moskva kino arxivlərində yatır. Məncə, bu filmlərin istehsalı üzərində çalışan sənətkarların zəhmətinə qiymət vermək, milli sərvətimiz olan bu filmləri seyrçilərimizə çatdırmaq lazımdır. Mən inanıram bizim filimlərin gec-tez tamaşaçısı olacaq, indi gənc nəsil gəlir. Bizim seyrcimiz Amerika filmlərini seyr etməkdən bezib. Bu işə Azərbaycan televiziyaları çox yardım etdi. Seyircimiz televiziyalarda seyr etdiyi keyfiyyətsiz dubliyajın, zəif, köhnəlmiş nüsxələrini, gözqamaşdırıcı texniki çəkilişlərin və lazımsız spes effektlərin əsas olduğu filimlərdən uzaqlaşdı, əsl kino əsərlərində sujet və aktyorun oyununun əsas olduğunu anlamağa başladı.

Burada türk kinosunu tarixindən bir məqamı yada salmaq istəyirəm. 1990-cı illədə türk kinosu da təxminən bu gün bizim kinomuzun keçirdiyi böhran günlərini keçirirdi. Amerika filmləri “Yaşıl cam” filmlərini tamamən ekrandan uzaqlaşdırmışdı. Türk filimləri təkcə televiziyalarda seyr edilirdi. Türk tamaşaçısı türk kinosundan qopmuşdu. Amma indi yenidən bir bağlanma var. Bu bağlanma “Eşkiya” adlı film ilə başladı. Kino salonları doldu – daşdı. İnsanlar artıq “Eşkiya” ilə öz kinosuna bağlandı. İndi hər bir türk türk kinosuna gedir. Türk kinosu öz tamaşaçısını “İstanbul qanadları altında” adlı film ilə şirnikləndirdi. “Fahişə Bizans” adlı kino əsəri onları salonlara çağırdı. “Eşkiya” adlı filim isə türk kinosunu və türk kino sənətini tamaşaçıya sevdirdi.

“Fahişə Bizans” filmini seyr etmək üçün kinoteatrlarda bilet tapılmadı, növbələr oldu. Hər bir tamaşaçını bir sual düşündürdü: görəsən bu qədər insan bu filmə niyə gedir? Bu suala cavab axtara–axtara tamaşaçı özü də bu filmə baxmağa getdi. Bu da türk sənətçilərinə inamı gücləndirdi və hər il yeni filimlər çəkməyə ürəkləndirdi, imkan verdi. Adətin artması aradakı keyfiyyətin də artmasına səbəb oldu və türk kino sənətini daha da inkşaf etdirdi. Artıq texniki cəhətdən üstünlük təşkil edən kino əsl sənət əsəri demək deyil. Baxın son Oskarda “Avatar” filmi ən yaxşı film ödülünü almadı. Kinoteatrlar dolub daşsada, texniki yaradıcılıq “bumu” insanları sənətə bağlaya bilmədi. Deməli texniki cəhətdən ən yaxşıları belə əsl sənət olmasa bəyənilmir. Biz sənətkarlar özümüzə görə yox, tamaşaçıya görə çəkməliyik. Sənət deyə boş-boş effektlərlə dolu səhnələr çəkmək olmaz. O ki, qaldı ildə dörd film çəkilirsə... Məncə seyirçimizin zövqünə, istəyinə əsasən çəkilən bir filmdə kinomuza əvvəlki səmimiyyəti qazandırar. Seyircini yavaş-yavaş salonlara toplaya bilər. Bu işin qalan qaydalarını təcrübədə öyrənərik, çünki təcrübə olmasa heç bir işi mükəmməl öyrənmək olmaz.

Belə mürəkkəb bir zamanın tələblərinə cavab vetrmək çox çətindir. Texnologiya və informasiya mənbələrinin işıq sürəti ilə inkişaf etdiyi bir zamanda kinomuzun diqqəti özünə cəlb edə bilməsi çox yaxşıdır. Bütün o birisi sənətlər də olduğu kimi kinonu da yalnız ustalar yaradır.

Ən yaxşı əsər əvvəl ürəyində yetişir, sonra işıq üzü görür. Yaxşı şeir də belədir, gözəl musiqi də, nəsr əsəri də, tablo da, kino da. Ancaq rejissorun ürəyində, beynində hazır olan əsər lentə köçürülənə qədər qabaqcadan nəzərdə tutulan və tutulmayan neçə-neçə maneələrlə qarşılaşır. Bəlkə də rejissorluq məharəti elə bu maneələri dəf etmək sənətidir. Yağışlı havada gün gözləyirsən, günəşli havada yağış yağdırırsan. Qışda çimərliyi lentə almalı olursan, yayda şaxtanı, ayazı. Ürəyində tutduqlarına yaxınlaşdıqca sənətin ali məqsədinə yaxınlaşırsan.

Rejissor geniş maraq və fəaliyyət dairəsi olan bir insandır. O, ətrafdakı gözəllikləri görməyi, hadisə və faktlara dərindən-dərinə varmağı bacarmalıdır. Öz yaradıcılığına tələbkarlıqla yanaşmalı, rejissor sənətinin inkişafı üçün çalışmalı, onun mahiyyətinə, problemlərinə dərin maraqla yanaşmalı, Azərbaycan kino mədəniyyətinin ideyalarına sadiq olmalı, kinomuzun işıqlı sabahı üçün əlindən gələni əsirgəməməlidir.

Uşaqlara gözəllik duyğusu aşılamaq, musiqiyə, incəsənətə sevgi və hörmət duyğusu tərbiyyə etmək məktəb skamyasından başlamalıdır. Axı, estetik tərbiyə vətənpərvərlik tərbiyəsinin təməl daşıdır. Təəssüf ki, demək olar, son 10-15 ildir ki, kinomuzda sırf uşaq filmlərinə rast gəlmirik.

“Yer üzərindəki bütün sənətlər içərisində Allaha ən yaxın olanı musiqidir” deyirlər. Musiqi həmişə kino incəsənətinin ayrılmaz hissəsini təşkil edib. Səssiz kinonun yaranmasının ilk günlərindən, musiqi və musiqili filmlər dünya rejissorlarının nəzər-diqqətini özünə cəlb edib, onların böyük maraqlarına səbəb olmuşdur. Milli kinomuzu öz musiqili filmləri ilə zənginləşdirən bir çox rejissorlarımız bu sahədə çox fəal çalışıb. Nədənsə kinomuzda bu janırda da son illər bir durğunluq hiss olunur.

Rejissorluq sənətimizin qarşısında duran çox mühüm vəzifələrdən biri də gənc, istedadlı rejissorların püxtələşməsidir. Yuxarıda dediyim kimi bununla yalnız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məşğul olur. Təbii ki, universitetimizdə aparılan tədris prosesi yetişməkdə olan cavan rejissorlarımızın sənət yolunda düz , inamla irəliləmələrinə kömək göstərməlidir. Gənclər bizim gələcəyimiz, rejissorluğumuzun sabahıdır. Onların doğru istiqamətləndirilməsi şübhəsiz ki, rejissor sənətimizin gələcək inkişafını təmin edir.

Kino incəsənətin digər növlərinə nisbətən gündəlik həyatımızda daha çox qarşılaşdığımız bir sənətdir. Həyatında heç teatra getməyən, ömrü boyu heç bir muzeyi və ya sərgi salonunu gəzməyən bir çox adama rast gəlmək olar. Amma kino seyr etməyən bir adama rast gəlmək çox müşkül bir işdir.

Zəmanəmizin ən önəmli sənət növlərindən biri olan kino gündəlik həyatımızda çox mühüm bir yer tutur. Tarixi yüz on beş ilə yaxınlaşıb. Bu sənətin bu günü və sabahı haqqında düşünməyə dəyər, məncə.

 

 

Tofiq İSMAYILOV,

kinorejissor, professor,

xalq artisti

 

525-ci qəzet.- 2010.- 12 iyun.- S.24.