AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ

 

(Yazını Vilayət Quliyev Azərbaycan dilinə çevirib və “525-ci qəzet”ə təqdim edib)

 

(Sevimli övladının – “Əkinçi” qəzetinin ilk sayının 50 illiyi münasibəti ilə Həsən bəy Zərdabiyə ithaf edilir)

 

Həsən bəyin həyatının təqiblərlə dolu dövrü başlandı. Ailəsi ilə birlikdə inzibati qaydada Bakıdan Stavropola köçürülməsi onun maddi cəhətdən tamam müflisləşməsinə səbəb oldu. Həsən bəy yeganə gəlir mənbəyini-müəllim maaşını itirdi. Lakin o, maddiyyat məsələlərinə həmişə laqeyd yanaşdığından şəxsi problemlərini bir tərəfə buraxaraq daha çox xalqla ünsiyyət vasitəsi və kütlələri qəflət yuxusundan oyatmaq sahəsində əsas silahı saydığı “Əkinçi”nin bağlanmasına təəssüflənirdi. Həsən bəy Qafqaz hakim dairələrinin nəzərində etibarını itirməsi və siyasi cəhətdən şübhəli şəxs sayılması nəticəsində “Əkinçi”nin nəşrini yeniləmək, yaxud yeni mətbuat orqanı təsis etmək imkanından həmişəlik məhrum olduğunu çox yaxşı başa düşürdü. Üzləşdiyi acı həqiqət onu hədsiz əsəbiləşdirirdi. Bir sıra hallarda Həsən bəy bədbinliyə qapılır, bəzən isə gələcəklə bağlı bütün ümidlərindən əlini üzürdü. Ona elə gəlirdi ki, “Əkinçi”nin bağlanması ilə artıq hər şey həmişəlik itirilmişdir, bütün həyatını həsr etdiyi ideya və ideallar iflasa uğramışdır.

Stavropolda üzləşdiyi yad mühit və şərait, bütün yaşayış vasitələrindən məhrum edilərək qürbətə göndərilməsi, ən başlıcası isə işindən və sevimli fəaliyyətindən ayrılması, haqsız təzyiq və təqiblərə məruz qalması biri-birini tamamlayaraq Həsən bəyin fiziki və psixi vəziyyətində əks olunmaya bilməzdi.

Doğrudur, burada ziyalı dairəsinin əhatəsinə düşmüşdü. Yeni tanışları Həsən bəyi yüksək qiymətləndirir və sevirdilər. Burada da müəllimlik işini davam etdirirdi. Öz bilik və təcrübəsi ilə dağlıların (çərkəzlərin və b.) müasir təhsilə yiyələnmələrinə yardım göstərirdi. Maarif və xeyriyyə cəmiyyətlərinin təşkilinə yardımçı olurdu. Əlbəttə, bütün bu fəaliyyət sahələri diqqətini müəyyən dərəcədə məşğul edirdi. Lakin doğma xalqı üçün çalışmaq imkanından zorla məhrum edilən Həsən bəy kimi enerjili və cəsarətli insana heç bir yolla qəlb rahatlığı və sakitlik gətirmirdi.

Daim fikir çəkmək və mənəvi əzablar Stavropolun soyuq iqlimi ilə birləşərək tezliklə Həsən bəyin sağlamlığına öz mənfi təsirini göstərdi. Bu ilk növbədə özünü onun əsəb sistemində büruzə verirdi. Həsən bəy get-gedə daha əsəbi olurdu, hər xırda şey onu haldan çıxarırdı. Təzyiqi yüksəlir, xəstəliklərə müqavimət qabiliyyəti azalırdı. Zahiri görünüşü ilə də artıq əvvəlki sağlam, qədd-qamətli, enli kürəkli, sıx və qara saqqallı, azacıq qıyılmış gözləri işıq saçan adam deyildi.

Bütün bunları sədaqətli ömür-gün yoldaşı Hənifə xanım yaxşı görürdü. O, daxilən sarsılır, qəzəblənirdi. Lakin Həsən bəyi daimi qayğı ilə əhatə etməkdən, ərinə mənəvi yardım göstərməkdən bir an da olsa geri çəkilmirdi.

Nəhayət sıxıntılarla dolu mərhələnin sonu çatdı. 1881-ci ildə Həsən bəy ailəsi ilə birlikdə Göyçay qəzasındakı doğma Zərdab kəndinə köçdü. Əkinçilik və bağbanlıqla məşğul olmaq qərarına gəldiyindən özünə kiçik təsərrüfat düzəltdi. İlk vaxtlar bu işlərə həqiqətən də böyük maraq göstərirdi. Zərdab kəndliləri və ortabab torpaq mülkiyyətçiləri Həsən bəyin aralarında olmasından çox razı idilər. Həsən bəy onlara təsərrüfatın düzgün idarə edilməsi ilə bağlı nəzəri, xüsusən də təcrübi cəhətdən əsaslandırılmış faydalı, gərəkli məsləhətlər verirdi. Əgər Zərdabdakı fəaliyyəti göstərilən istiqamətlə məhdudlaşsaydı, yəqin ki, hələ uzun illər sakit yaşaması mümkün olardı. Həm ailəsini yaxşı dolandırmaq üçün yetərincə vəsait əldə edər, həm də başqaları üçün nümunə sayılacaq gözəl təsərrüfat qura bilərdi. Lakin Həsən bəy təbiəti etibarı ilə bu cür sakit həyat üçün yaradılmamışdı. Doğrudur, kənd təsərrüfatında da təbiətlə, onun gözlənilməz fəsadları ilə mübarizə mövcuddur. Həsən bəy isə təbiətlə mübarizədən daha çox insanlara münasibətdə yol verilən ədalətsizliklərə qarşı savaşa, zəifin güclü üzərindəki ağalığına, yalan və riyakarlığa, qanunsuzluqların at oynatmasına, zora və xəyanətə qarşı mücadiləyə can atırdı.

Həmin dövrdə bütün Şərqi Zaqafqaziyada, xüsusən də kənd və qəzalarda sadalanan mənfi hallar geniş yayılmışdı. Hakimiyyətin sərhəd tanımayan özbaşınalıqları, heç nədən çəkinməyən saxtakarlıq və riyakarlıqları vəziyyətin belə şəkil almasına daha da rəvac verirdi. Kənddə yaşayan Həsən bəy hər gün qəza hakimiyyəti təmsilçilərinin, məmurların, polisin kəndliləri incitdiklərini, özbaşınalıqlara yol verdiklərini, rüşvət aldıqlarını, xalqın hesabına yaşadıqları halda ona fiziki və maddi ziyan yetirdiklərini, mənəvi zərbə vurduqlarını görməyə bilməzdi.

Belə şəraitdə kəndlilərin, bütünlükdə yerli hakimiyyətdən incik düşən sakinlərin ruhən özlərinə yaxın əsilzadə saydıqları, sözünün kəsərinə və nüfuzuna hələ “Əkinçi”nin timsalında yaxşı bələd olduqları Həsən bəyə üz tutmaları tamamilə təbii idi. Həsən bəy haqqı tapdanan hər kəsin yanında olmağa çalışırdı. Kəndlilər üçün şikayət ərizələri və izahatlar yazırdı. Şikayətçilərin əksəriyyətinin savadsızlığı ucbatından bəzən bu sənədləri özü də imzalamalı olurdu. Tez-tez yerli hakimiyyət dairələri qarşısında şikayətçilərin pozulmuş hüquqlarını müdafiə edirdi.

Sahə pristavlarının dəftərxanasına, balıq vətəgələrinin nəzarətçilərinə, dövlət əmlakı agentlərinə, vergi müfəttişliyi və məhkəmə məmurlarına edilən müraciətlərin və şikayət ərizələrinin sayı artmağa başladı. Bu şikayətlər hamısı Həsən bəy Məlik-Zərdabinin sakit, aydın və səliqəli xətti ilə yazılırdı. Əməllərinin üzə çıxmasından utanan, ən başlıcası isə sakitlikləri pozulduğuna görə qəzəblənən məmurlar özündə hakimiyyət əleyhinə çıxmağa cəsarət tapan, xalqın vəkili rolunu könüllü şəkildə üzərinə götürən olduqca fəal və cəsarətli Zərdab bəyinə qarşı mübarizədə qüvvələrini birləşdirdilər.

Həsən bəy döyüş çağırışını qəbul etdi. O, ailəsini Zərdabda qoydu, təsərrüfatını başlı-başına buraxdı, səliqə ilə salınmış bağ-bağçasını yaddan çıxardı. Qəza mərkəzinə, habelə Bakıya və Tiflisə daha yaxın olmaq üçün dəmiryol xəttinin üzərindəki Ucar stansiyasına köçdü. Hətta müraciət edən şəxslərin məsələləri ilə məşğul olmaqdan ötəri müvafiq şəhadətnamə də aldı. Həsən bəy bu yolla fərdi vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyirdi. Əslində yeni fəaliyyət sahəsi ona həm də yaxşı qazanc gətirə bilərdi. Lakin həmişə belə hallarda olduğu kimi Həsən bəy üçün əsas məsələ qazanmaq deyil, haqsızlıqlara qarşı mübarizəsini yeni vasitələrlə davam etdirmək idi. Hətta məhkəmələrdəki çıxışları da qanunun, Senatın kassasiya qərarlarının müvafiq bəndlərinə əsaslanan müdafiə nitqi kimi səslənmirdi. Onlar bir qayda olaraq hakimiyyət nümayəndələrinin əleyhinə çevrilmiş kəskin, ifşaedici nitqlər idi.

Bu arada Həsən bəy ərizələr, xüsusən də ayrı-ayrı kəndli qrupları, bəzən bütöv kənd icmaları adından şikayətlər yazmaq işinin miqyasını daha da genişləndirmişdi. Hamıdan çox hədəfə çevrilən qəza polis idarəsi idi. Həsən bəy yalnız polis məmurlarının özbaşınalıqları, yaxud rüşvət almaları haqqında deyil, onların soyğunçu quldur dəstələri yaratmaları, belə dəstələrin başçıları ilə birləşərək xalqı soyub-talamaları barəsində də faktlar ortaya qoyurdu.

Yerli məmurlar bütün bu şikayətləri quberniya rəisləri qarşısında yalana çıxarmaq üçün müxtəlif yollar və vasitələr axtarıb tapırdılar. Onların özlərinə “haqq qazandırmaları” əksər hallarda Həsən bəyin bilərəkdən məmurları gözdən salan hadisələr uydurması, əhalini qanuni hakimiyyət nümayəndələrinə qarşı ayağa qaldırması haqqındakı iddialarla yekunlaşırdı.

Polis məmurlarının əlində Həsən bəyin müxtəlif şikayətçilərin dilindən yazdığı ərizələri yalana çıxarmaq o qədər də çətin məsələ deyildi. Əlləri hər yerə çatan bu adamlar hakimiyyət və güclərinə arxalanaraq ərizələrdəki şikayətləri təkzib edən dəlil-sübutlar toplaya, yaxud şikayət sahiblərini sözlərindən imtinaya vadar edə bilərdilər. Müxtəlif vasitələrlə ələ aldıqları adamları yeni ərizələr yazmağa, əvvəlki şikayətlərini geri götürməyə, hər şeydən boyun qaçırmağa vadar edir, onların öz dili ilə yazılanların Həsən bəyin uydurması olduğunu sübuta yetirməyə çalışırdılar. Belə hallarda Həsən bəy sadəcə Yan Qusun ardınca onun məşhur “O santa simplicitas!”* sözlərini təkrarlaya bilərdi. Amma əslinə qalanda yerli hakimiyyət dairələrinin özləri “tövbə” ərizələrinə ciddi fikir vermirdilər. Onların hansı yolla, hansı məqsədlə yazdırıldığını bildiklərindən bəzən heç qeydiyyata almır, sadəcə öz əməllərini ört-basdır etmək üçün həmin “sənədlərdən” yararlanmaqla kifayətlənirdilər.

Lakin bu, öz yaramaz əməllərini gizlətməyə çalışan, vicdanları ləkəli olduğundan aşkarlıq və işıqdan qorxan adamların düşüncəsi idi. Həsən bəy isə əksinə, yerli hakimiyyətin fəaliyyəti ilə bağlı hər bir məsələyə aydınlıq gətirməyə çalışırdı. Qanunsuzluqla üzləşdiyi məqamlarda polisin özbaşınalıqları ilə əlaqədar, necə deyərlər, bütün aləmə car çəkməkdə onun qarşısını heç bir qüvvə ala bilməzdi. O, adətən belə təsadüflərlə bağlı dərhal Tiflis qəzetlərinə sərt, kəskin məqalələr yazır, yeni təhqiqatlar aparılmasını tələb edirdi.

Həsən bəyin Tiflis mətbuatındakı fəaliyyəti ayrıca qeyd edilməlidir. Həmin əməkdaşlıq onun yuxarıda haqqında danışdığımız yerli hakimiyyətlə mübarizə çağları ilə üst-üstə düşür və 1881-1895-ci illəri, təxminən 15 illik dövrü əhatə edirdi. Əslində bu, Şərqi Zaqafqaziya-indiki Azərbaycanda yaşayan milyonlarla müsəlmanın mənafeyini qorumaq, onların pozulmuş haqlarını müdafiə etmək istiqamətində aparılan işlərin davamı, yaxud mahiyyət etibarı ilə yeni üsullarla həyata keçirilməsi idi. “Əkinçi”nin bağlanmasından sonra Həsən bəyin milyonlarla həmvətəninin həyatı, intellektual və iqtisadi maraqları tamamilə kölgədə qalmış, mətbuatın diqqətindən uzaq düşmüşdü. Bir tərəfdən Zaqafqaziyanın şərq hissəsinin mərkəzi sayılan Bakıda rus dilində ilk qeyri-hökumət qəzeti 80-ci illərin başlanğıcında (əvvəlcə c-b Kuzminin, sonra isə c-b Sokolinskinin redaktorluğu ilə nəşr olunan “Kaspi” qəzeti) meydana çıxmışdı. Digər tərəfdən isə hətta ictimai və zemstvo məsələləri barəsində geniş təsəvvürə malik olanlar bir yana qalsın, ümumiyyətlə bu qəzetə yazan, onunla əməkdaşlıq edən adamlar tapılmırdı. Sevimli övladının- ”Əkinçi”nin sıradan çıxarılmasını bir an da unutmayan Həsən bəy mövcud reallıqları nəzərə almaya bilməzdi. Kifayət qədər nəzərə çarpan boşluğu doldurmaq, ara-sıra da olsa doğma xalqının həyatı ilə bağlı məlumat vermək, onun sonsuz əzablarını və kəskin ehtiyaclarını hakim dairələrə xatırlatmaq üçün yazmaq son dərəcə zəruri idi.

O zaman böyük qızının və oğlunun təhsil aldıqları Tiflisə səfərləri zamanı Həsən bəy məşhur gürcü ictimai xadimi, gürcü ziyalılarının əsas mətbu orqanı sayılan “Obzor” qəzetinin naşiri və redaktoru N.Y.Nikoladze ilə yaxından tanış

* Deyilənə görə inkvizisiya məhkəməsinin qərarı ilə edama məhkum edilmiş məşhur çex maarifçisi Yan Qus tonqalda yandırılarkən ayaq üstdə güclə dayanan zəif, halsız bir qarının da alova bir neçə çırpı atdığını görmüşdü. Özünü saxlaya bilməyən Yan Qus “O, santa simplicitas!” (“Ah, müqəddəs sadəlövhlük!”)-deyə kilsə təbliğatının sadədil qurbanına çevrilmiş qarının hərəkətinə münasibətini bildirmişdi. (Tərc.)

olmuşdu. Tezliklə Həsən bəy Qafqaz müsəlmanlarının həyatı ilə bağlı müxtəlif mövzularda həmin qəzetdə ardıcıl çıxış etməyə başlamışdı. Əslində bu Həsən bəyin vaxtı ilə “Əkinçi” səhifələrində başladığı xalqı maarifə, iqtisadi tərəqqiyə, milli şüurun inkişafına çağıran ehtiraslı çıxışlarının davamı idi. Həm də müəllif bir tərəfdən rusdilli oxucuların rəğbətini qazanmaq, digər tərəfdən isə Tiflisdəki yüksək inzibati dairələrin diqqətini çəkmək üçün çağırışların hansı formada səsləndirilməsini də kifayət qədər yaxşı bilirdi.

Müsəlman həyatının təxirəsalınmaz məsələləri ilə bir sırada Həsən bəy dövrün diqqətəlayiq hadisələri və çevrəsindəki fərəhsiz həyat lövhələri haqqında da geniş söz açırdı. Zaqafqaziyada kənd təsərrüfatına yararlı yerlərin mərzlənməsi ilə əlaqədar kəndlilərə torpaq paylarının ayrılması onu daha çox maraqlandıran məsələlərdən idi. Həsən bəy hökumət məmurlarının qanunsuz, saxtakar hərəkətlərinin heç birini diqqətdən qaçırmayaraq hə belə təsadüf haqqında “Obzor” qəzetini kifayət qədər materiallarla təmin edirdi. Öz xəbər və məqalələrində o, yerli hakimiyyət dairələrinin özbaşınalıqları, məhkəmələrin tərəfkeşliyi, dövlət əmlakı məmurlarının qanunsuzluqları haqqında yaddaqalan lövhələr yaradırdı. 80-ci illərin ikinci yarısında Qafqazda qiuldurçuluq və soyğunçuluq halları genişlənəndə isə Həsən bəy diqqətini bu fəlakətli vəziyyətə yönəltmişdi. Həsən bəyin fikrincə, yeni ictimai bəlanın əsas səbəbkarları qanunu saya salmayan, pul xatirinə hər cür yaramazlığa hazır olan hakimiyyət nümayəndələrinin özləri idi.

Həsən bəyin məqalələri və yerlərdən göndərdiyi xəbərlər “Obzor” qəzeti üçün bir sıra problem və narahatlıqlar yaradırdı. Qəzet tez-tez Senzura Komitəsi, habelə yazılardakı fakt və məlumatların həqiqətə uyğunluğunu yoxlamaq məcburiyyəti qarşısında qalan Qafqaz hakimiyyət dairələri qarşısında izahat verməli olurdu. Lakin hər bir belə yoxlama müəllifin xeyrinə çıxarılan qərarla nəticələnir, onun həqiqəti söylədiyi bir daha sübuta yetirilirdi.

Həsən bəyin qələminin gücü və Qafqaz administrasiyası qarşısında dilinin uzunluğu da məhz belə məqamlarda özünü aydın şəkildə göstərirdi. Əgər müəllifin həqiqətə sadiqliyi və toxunduğu məsələlərin həqiqiliyinə dərin inamı olmasaydı, o yenidən və çox asanlıqla əli hər yerə çatan Qafqaz hakimiyyət dairələrinin hədəfinə çevrilə bilərdi. Qafqaz administrasiyası nümayəndələri hələ “Əkinçi”nin yaratdığı baş ağrılarını, eləcə də onun naşir-redaktorunun Stavropola sürgün edilməsini yaddan çıxarmamışdılar. Cəmiyyətdəki sakitliyi pozan, hökumətə problemlər yaradan təhlükəli ünsür kimi Həsən bəyin yenidən Qafqaz hüdudları xaricinə sürgün edilməsi üçün bəhanə axtarılırdı.

Haqlı olduğuna ürəkdən inanan, könüllü şəkildə seçdiyi xalqa sona qədər sədaqətli xidmət yolundan çəkilməyi ağlına da gətirməyən Həsən bəy fəaliyyətini əvvəlki kimi əzmlə davam etdirirdi. Amma bir müddət sonra “Obzor”un sahiblik hüququ Tumanov qardaşlarına verildi və qəzet, artıq “Novoe obozrenie” adı ilə Qafqazdakı erməni ziyalılarının mətbuat orqanı kimi nəşr olunmağa başlandı. Həsən bəy nəşrdə iştirakla bağlı dəvət aldı. “Novoe obozrenie” də öz sələfi kimi öz səhifələrində azərbaycanlı müəllifin Şərqi Zaqafqaziya həyatı ilə bağlı məqalə və oçerklərinə həvəslə yer verirdi.

Lakin bu yazılar, əgər belə demək mümkünsə, artıq Həsən bəyin həyatının gur dövrünün, onun əli hər yerə çatan hakimiyyətə qarşı təkbaşına, cəsur və qeyri-bərabər mübarizəsinin akkordları idi. Əleyhdarlarına qarşı açıq çıxışları, habelə Tiflis mətbuatındakı publisist fəaliyyəti ilə “Əkinçi”nin yaradıcısı tutduğu yoldan çəkinmədiyini bariz şəkildə ortaya qoymuşdu. Lakin apardığı qeyri-bərabər mübarizə Həsən bəyə də ucuz başa gəlməmişdi. O, bir zamanlar kifayət qədər möhkəm olan orqanizmini üzüb əldən salmış, əsəblərini tamam korlamışdı. Əsəb nəticəsində sifətinin bir tərəfinin və gözünün birinin əyilməsi ilə nəticələnən apopleksik zərbəyə məruz qalmışdı. Həsən bəy indi milli paltar-çuxa geyir, papaq qoyurdu. Zahiri görünüşündən xeyli yaşlı adama bənzəyirdi. Başında demək olar ki, tük qalmamışdı, bığ-saqqalı isə tamam ağarmışdı. Zahirən belə göründüyü 1895-ci ildə Həsən bəyin cəmisi 58 yaşı vardı.

Nəhayət, biz Həsən bəy Məlik-Zərdabinin həyatının son dövrünün təsvirinə keçirik. On iki illik bu dövr onun yaşam tarixinin son çağını- 1896-cı ildən 1907-ci ilə qədərki vaxtı əhatə edir.

Həsən bəy yenə Bakıdadır. Bura sonuncu dəfə və artıq həmişəlik gəlmişdir. Sürgündən qayıtdıqdan sonra o, müxtəlif məsələlərlə bağlı dəfələrlə Bakıda olmuşdu. Bir dəfə isə namizədliyini şəhər Duması üzvlüyünə irəli sürmək istəyən bir qrup Bakı sakininin dəvəti ilə gəlmişdi. Lakin həmin vaxt müxtəlif cərəyanlar arasındakı fikir ayrılıqları və ziddiyyətlər nəticəsində nəzərdə tutulan planı həyata keçirmək mümkün olmamışdı. O vaxtdan sonra Həsən bəy bir daha Bakıya ayaq basmamışdı.

Onun 1896-cı ildə Bakıya gəlib yerləşməsi eyni ildə kürəkəni Əlimərdan bəy Topçubaşovun da Tiflisdən Azərbaycanın mərkəzi şəhərinə köçməsi ilə bağlı idi. Həmin il Əlimərdan bəy andlı iclasçı vəzifəsinə yüksəlmiş və Bakı Dairə Məhkəməsinin vəkilləri sırasına qeyd olunmuşdu. Amma onu vəkillik fəaliyyətindən daha çox ictimai işlər, ilk növbədə isə doğma xalqına xidmət maraqlandırırdı. Həmin vaxta qədər Əlimərdan bəy Tiflis qəzetlərində, habelə hüquq jurnallarında ictimai məsələlərlə bağlı yazılar yazmış, məhkəmə sistemində xidmət etmiş, Tiflis kənd təsərrüfatı məktəbində mülki hüquq və mərzçəkmə dərslərini aparmış, Tiflis müsəlmanlarının ictimai işləri ilə məşğul olmuş, nəhayət, Qafqaz Hüquq Cəmiyyətinin kitabxanaçısı və katibi kimi fəaliyyət göstərmişdi. Bakıya köçəndən sonra həm Həsən bəy, həm də Əlimərdan bəy Bakı Dumasının üzvü seçilmişdilər. Təxminən elə həmin vaxtda Ə.Topçubaşov “Kaspi” qəzetini Hacı Zeynalabdin Tağıyevdən mətbəəsi ilə birlikdə icarəyə götürmüşdü. 1897-ci ildən onların həm “Kaspi”də və Bakı müsəlmanlarının ictimai həyatında birgə fəaliyyətləri başlanmışdı.

Biz həyatının son dövrü ilə əlaqəli şəkildə burada yalnız Həsən bəyin gördüyü işlər barəsində danışacağıq.

1897-ci ildən başlayaraq ömrünün axır günlərinə qədər Həsən bəy Ə. Topçubaşovun naşir-redaktoru olduğu “Kaspi” qəzetində əməkdaşlıq etmişdi. Nəticədə böyük təcrübəyə malik jurnalist və publisist kimi Həsən bəy Şərqi Zaqafqaziyanın, hətta demək olar ki, bütün Qafqazın mövcud həyat şərtlərini və ümumi mənzərəsini tənqidi şəkildə nəzərdən keçirib dəyərləndirmək üçün geniş imkan qazanmışdı. O, yenidən öz sevimli qəzetçilik işi ilə məşğul olmaq fürsəti əldə etmişdi. Aydın məsələdir ki, həmin dövrün iş və həyat şərtləri “Əkinçi” dövründə olduğundan bir qədər fərqlənirdi. Bu sırada ilk növbədə “Kaspi”nin türk-Azərbaycan deyil, rus dilində nəşri ayrıca qeyd edilməlidir. Təbii ki, ana dilindən imtina məcburiyyət üzündən yol verilmiş mənfi cəhət kimi qiymətləndirilməlidir. Çünki Qafqaz rəhbərliyi həmin dövrdə müsəlmanlara öz doğma ana dilində qəzet çapına, ümumiyyətlə hər hansı nəşriyyat fəaliyyətinə icazə vermirdi. Hətta rus dilindəki nəşrlərin sayı da o qədər çox deyildi. “Kaspi” uzun müddət bütün Zaqafqaziya miqyasında yeganə gündəlik qəzet sayılırdı. Yalnız 1905-ci ildə Əlimərdan bəy Topçubaşov Peterburqdan Bakıda “Həyat” adlı qəzet çıxarmaq üçün icazə ala bilmişdi.

Əslində bütün Qafqazın eləcə də onun müsəlman əhalisinin ümumi maraqları baxımından rus dilində qəzet nəşrinin böyük əhəmiyyəti vardı. Belə nəşrlər vasitəsi ilə digər xalqların dövrü mətbuatı izləmək imkanına malik nümayəndələri mədəni inkişaf baxımından nisbətən geri qalmış qonşularının həyatı ilə tanış olmaq imkanı qazanır, ümumqafqaz işinin tərəqqisinə onların da töhfə vermələrinə müəyyən səy göstərirdilər. Xüsusən Qafqazda həyata keçirilməsi nəzərdə tutulan islahatlar baxımından belə qarşılıqlı əlaqənin yaranması son dərəcə əhəmiyyətli idi və gələcək üçün ümidli vədlər verirdi.

Bölgə xalqlarının yaxınlaşması, ümumi maraqların əlbir səylərlə qorunması, habelə zemstvolar, kəndli məsələsi, vergi və məhkəmə sistemi, şəhər həyatı, xalq təhsili sahələrində islahatların hazırlanması və həyata keçirilməsi baxımından “Kaspi” qəzeti uzun müddət ictimai fikrin dəqiq, obyektiv ifadəçisi kimi mühüm rol oynamışdı.

Həsən bəy qazandığı həyat təcrübəsinə əsaslanaraq bütün bu məsələlər barəsində öz məqalələrində söz açırdı. Həm də bu zaman təkcə şəxsi intuisiyasına deyil, redaksiyanın sərəncamında olan materiallara da əsaslanırdı. “Kaspi”nin Şərqi Zaqafqaziyanın demək olar ki, bütün mərkəzlərində fəaliyyət göstərən müxbirləri ilə yanaşı Həsən bəy qəzaların əksəriyyətində vaxtı ilə qurduğu əlaqələr sayəsində geniş bir dairə təşkil edən tanışlarının və dostlarının xidmətindən də yararlanırdı. Belə “xüsusi müxbirlər” cari həyatın diqqətəlayiq yenilikləri ilə bağlı dərhal Həsən bəyə məlumat ötürürdülər. Nəticədə yerlərdəki hadisələrlə əlaqədar “Kaspi”də hökumət məmurlarının mövqeyini sərt şəkildə qınayan yazılar çap olunurdu. Həmin yazılardan qırmızı xətlə keçən tənqidi münasibət, orada səslənən kəskin və cəsarətli fikirlər əvvəlki illərin heç nədən qorxub-çəkinməyən gənc, odlu-alovlu Həsən bəyini xatırladırdı. Təbii ki, indi həmin dövrlə müqayisədə daha cəsarətlə çıxış edə bilərdi. Çünki köhnə vaxtlardakı kimi tək deyildi. Çünki “Kaspi”də müsəlman həyatı ilə yaxından tanış olan Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Rza bəy Xəlilov kimi bacarıqlı türk-azərbaycanlı müəlliflər yaxından iştirak edirdilər.”Kaspi” bir müddət yalnız həmin dövr Azərbaycanının deyil, Qafqazın, hətta deyərdik ki, bütün Rusiya müsəlmanlarının əsas tribunası və ətrafında sıx birləşdikləri mədəni-ictimai mərkəz rolunu oynamışdı. Qəzet Volqaboyundakı, xüsusən də Nijni-Novqorod, Qazan, Ufa, Orenburq kimi şəhərlərdə, habelə Krımda yaşayan müsəlmanlarla sıx mənəvi əlaqə saxlayırdı. Digər müsəlman ölkələrində də “Kaspi”nin oxucuları və abunəçiləri vardı. Qəzetin ümumi xarakterli daxili və xarici məsələlərə dair baş məqalələri, müsəlmanların həyatı ilə əlaqədar Əhməd bəy Ağayevin qələmindən çıxan cümə felyetonları, Həsən bəyin ictimai problemlərə, habelə zemstvo və şəhər təsərrüfatına dair yazıları, Firudin bəy Köçərlinin ədəbi oçerkləri və s. oxucularda böyük təəssürat yaradır, müsəlman xalqlarının dillərinin, məişət, mədəniyyət və tarixlərinin öyrənilməsinə marağı artırır, eyni zamanda onların dövrün ictimai prosesləri ilə daha sıx təmas saxlamalarına təkan verirdi. Bu baxımdan “Kaspi” özünün 1906-cı ilə qədərki fəaliyyəti ilə bölgənin, ilk növbədə isə Azərbaycanın siyasi-iqtisadi və mənəvi həyatında silinməz izlər buraxmışdır. Əminəm ki, ölkənin gələcək tarixçisi “Kaspi” redaksiyasının və onun əməkdaşlarının həyata keçirdikləri böyük mədəniləşdirici fəalyyətə mütləq lazımi diqqət yetirəcəkdir. Həmin əməkdaşların arasında Həsən bəy Məlik-Zərdabinin böyük işinə və çəkdiyi zəhmətlərə layiqli yer veriləcəkdir.

“Kaspi” ilə bir sırada Həsən bəy 1905-ci ildən başlayaraq Bakıda Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadənin redaktorluğu ilə nəşr olunan “Həyat” qəzeti üçün də məqalələr yazırdı. Maraqlandığı və “Kaspi” səhifələrində ardıcıl işıqlandırdığı məsələləri xalq üçün daha aydın, anlaşıqlı şəkildə “Həyat” qəzetində də əks etdirirdi. Həm də bu yazılar Həsən bəyin sadələşdirilməsi, ərəb və fars sözlərindən təmizlənməsi uğrunda uzun illər inadla mübarizə apardığı türk-Azərbaycan dilində qələmə alınırdı.

 

 

(Ardı var)

 

Əlimərdan bəy Topçubaşi

 

525-ci qəzet.- 2010.- 12 iyun.- S.22-23.