“İstanbul reysi” ictimaiyyətə təqdim edilib
Heydər Əliyev Sarayında rejissor Eldar Quliyevin “İstanbul reysi” bədii filminin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda yeni filmin ekranlara çıxmasını böyük və sevindirici hadisə kimi qiymətləndirib: “Sevinirik ki, Azərbaycan kino sahəsi proseslərdən, çəkilişlərdən geri qalmır və bu sahənin mütəxəssisləri Azərbaycan kinosuna layiqli işlər təhvil verirlər. Bu işlərdə uzun illərin sənətkarları ilə yanaşı gənclərin də olması diqqətəlayiq bir haldır. Bu gün ekranlara çıxan bu film bizim həyatımızı əks etdirir.”
Tədbirdə Eldar Quliyev hər bir filmini təhvil verərkən böyük imtahandan keçdiyini qeyd edib: “Bu gün mən bir daha sizlərin qarşınızda imtahan verirəm. Baxmayaraq ki, bu zamana kimi çoxsaylı filmlər çəkmişəm, ancaq hər birinin ilk nümayişi zamanı böyük həyəcan keçirirəm. Bu həyəcan azalmır, getdikcə artır. Görək bu gün bu imtahanı necə verəcəyik”.
Filmdə təsadüfi görüş nəticəsində iki insan arasında yaranan romantik münasibətlər gözlənilməz və dramatik şəkildə kəsilir. Filmin quruluşçu rejissoru Eldar Quliyev, ssenari müəllifləri Eldar Quliyev, Ramiz Fətəliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamları Rafiz İsmayılov, Rafiq Nəsirov, icraçı prodüseri Vladimir Dudniçenko, bəstəkarı isə Müslüm Maqomayevdir. Rollarda Elşən Rüstəmov, İlhamə Bədəlova, Yaşar Nuri, Ramiz Məlik, Gülşad Baxşıyeva, Qurban İsmayılov, Elçin İmanov, Eldəniz Rəsulov, Ömür Nağıyev, Elxan Quliyev, Loğman Kərimov və başqaları çəkiliblər.
SARA
525-ci qəzet.-
2010.- 12 iyun.- S.21.