Bakıda “Yunus Əmrədən Füzuliyə
insan sevgisi” adlı beynəlxalq simpozium keçirilib
Simpoziumun iştirakçıları Şəhidlər Xiyabanını, buradakı türk şəhidlərinin xatirə kompleksini ziyarət ediblər.
Dünya Gənc Türk Yazarlar Birliyi, Gəncliyə Yardım Fondu, Azərbaycanda Atatürk Mərkəzi, Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf Dairəsinin (TİKA) birgə təşkil etdikləri tədbirdə giriş sözü ilə çıxış edən AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov türk dünyasının iki dahi sənətkarına həsr olunmuş simpoziumun məqsədləri, əhəmiyyəti haqqında danışıb. Millət vəkili bu gün dünyanın həmişəkindən artıq insansevərliyə, humanizmə ehtiyac duyduğunu bildirib.
Akademik Vasim Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Tehran Vəliyev, Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşı Nihat Civaner və başqaları tarix boyu həyat tərzi, dini inancları, mədəni dəyərləri, elmi nailiyyətləri, yetişdirdiyi dahi şəxsiyyətləri ilə öyünən türk dünyasının tanınmış simalarından olan Yunus Əmrə və Məhəmməd Füzulinin xidmətlərindən söz açıblar: “Yaşadıqları dövrün mürəkkəb ictimai-siyasi proseslərinə, ziddiyyətlərinə baxmayaraq, türk poeziyasının zirvəsi sayılan hər iki dahi söz xiridarı türk dilini, ana dilini yaşatmağı, onu zirvələrə qaldırmağı bacarıblar”.
Simpoziumda Türkiyədən Avrasya Yazarlar Birliyinin sədri Yakup Deliömeroğlu, professorlar Hasan Kamil Yılmaz, Mustafa Uzun, Bilal Kemikli, Mustafa Tatcı, Azərbaycandan şairlər Məmməd Aslan, Zəlimxan Yaqub, alimlər Nəsib Göyüşov, Azadə Musayeva, Marifə Hacıyeva, Mehman İsmayılov, Səadət Şıxıyeva, Xuraman Hümmətova, “Qafqaz” universitetinin müəllimi Mehmet Rıhtım və digər elm adamları Yunus Əmrədən Məhəmməd Füzuliyə qədər olan yaradıcı insanlar haqqında məlumat veriblər, onların türk ədəbiyyatına təsirləri, türk İslam cəmiyyətinin formalaşmasında rolu mövzusunda maraqlı fikirlər səsləndiriblər. Hər iki ölkənin tanınmış alimləri “Məhəmməd Füzulinin “Su” qəsidəsində sevgi”, “Yunus Əmrə və Məhəmməd Füzulini qovuşduran könül dünyası”, “Yunus Əmrə və XV-XVI əsrlərdə Azərbaycan əlyazmaları”, “Yunus Əmrənin söz dünyası”, “Eşqin və şeirin sultanları” və digər mövzularda məruzələrlə çıxış ediblər.
Simpoziumda səslənən məruzələrin xarici dillərə tərcümə olunacağı və nəşr ediləcəyi bildirilib.
SARA
525-ci qəzet.-
2010.- 12 iyun.- S.21.