“Borcumuzdur bu ehtiram” Atatürk
Mərkəzində təqdim
olunub
Ötən gün Atatürk Mərkəzində
filologiya elmləri namizədi, professor Qəzənfər Paşayevin
“Borcumuzdur bu ehtiram” adlı kitabının təqdimat
mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan professor Nizami Cəfərov müəllifin
kifayət qədər
çətin və zəhmət tələb edən bu işi
uğurla həyata keçirdiyini çıxışında
önə çəkib:
“Qəzənfər Paşayevin
yazdığı bu kitab son dövrlərin oxunaqlı nəşrlərindən
biridir. Kitabda yer alan
məqalələrdə müəllifin
görkəmli insanlara
olan səmimi münasibəti əksini tapıb. Xatirə ədəbiyyatının zəif inkişaf etdiyi dönəmdə bu çətin janra müraciət etmək hər ziyalıya xas olan xüsusiyyət deyil. Bu bir
ədəbi xadim, bir filoloq kimi
Qəzənfər Paşayevin
böyüklüyüdür, ziyalılığıdır”.
Filologiya elmləri doktoru, professor, kitabın ön söz müəllifi Nizaməddin Şəmsizadə Azərbaycan ədəbi ictimai mühitində özünəməxsus yeri olan Q.Paşayevin yaradıcılığının son məhsulu olan kitab və kitabın qəhrəmanlarından bəhs edib: “Təqdim olunan kitabın iki əsas xarakterik cəhəti var: xatirə və zaman. Qəzənfər Paşayev yaddaşından süzülüb gələn xatirələri bu görkəmli şəxsiyyətlərin cəmiyyətimizdə tutduğu mövqeyi faktlarla bir vəhdətdə verib. Kitabın konseptual əsasını kədər və nur təşkil edir. Kədər ona görə ki, bu görkəmli şəxsiyyətlər dünyalarını dəyişiblər. Nur ona görə ki, həmin şəxsiyyətlərin bizlərə miras qoyduqları xəzinə gələcək nəsillərə, o cümlədən bizə ərmağandır”. N.Şəmsizadə XX əsrin 70-ci illərində Q.Paşayevin qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” kitabı haqqında da fikirlərin bölüşüb.
Millət vəkili Aqil Abbas çıxışında Q.Paşayevi millət üçün seçilmiş, millət adamı, ərsəyə gələn nəşri isə zəngin tarixi məxəz kimi səciyyələndirib.
“Bu mənim üçün çox çətin çıxışdır. Çünki burada millət vəkili kimi yox, Qəzənfər Paşayevin qardaşı qızı kimi çıxış edirəm. Qəzənfər Paşayevin yazdığı hər bir kitab aktuallığı ilə seçilir. Onun qələmə aldığı “Altı il Dəclə-Fərat sahillərində” kitabı insanların ən çox müraciət etdikləri nəşrlərdən olub. Bu kitab vasitəsilə insanlarımız coğrafiyamızdan uzaq, dini bir, çox az ləhcə fərqi ilə dili bir insanların varlığından xəbərdar olublar. Eləcə də İraqda bizim varlığımızdan məlumatlanıblar. Uşaqlığımdan kitabda yer alan qəhrəmanlardan çoxunu görmüşəm. Əmimin onlara necə hörmət və sevgilə yanaşdığının şahidi olmuşam. Bu kitabda əmim həmin insanlara olan dərin rəğbətinin, hörmətinin bir daha şahidi oluram. Məncə bu kitabın ən böyük uğuru səmimiyyətdir. Dili olduqca rahat olan kitab məktəblilər, tələbələr üçün çox maraqlı ensiklopediya rolunu oynaya bilər”. Bu fikirləri mərasimdə millət vəkili Qənirə Paşayeva səsləndirib.
Tədbirdə çıxış edən millət vəkili Gülər Əhmədova, publisist Flora Xəlilzadə, professor Qəzənfər Kazımov, folklorşünas Bəhlul Abdulla, filologiya elmləri doktoru Muxtar İmanov, şair Əlirza Xələfli və digərləri çıxışlarında Q.Paşayevi Azərbaycan ədəbi mühitində sanballı mövqeyə, yüksək insani keyfiyyətlərə malik bir ziyalı kimi dəyərləndiriblər.
Sonda çıxış edən Qəzənfər Paşayev mərasimdə iştirak edən hər kəsə, kitab haqqında fikir söyləyənlərə minnətdarlığını bildirib.
Kitabda Qəzənfər Paşayevin ünsiyyətdə olduğu, əksəriyyəti ilə illər boyu dostluq etdiyi, dünyasını dəyişmiş dəyərli insanlar haqqında düşüncələri, fikirləri yer alıb.
Hüsniyyə İSMƏTQIZI
525-ci qəzet.-
2010.- 12 iyun.- S.20.