Astarada Canəli Əkbərovun
yubileyi qeyd olunub
Astara rayon mədəniyyət evində xalq artisti, professor Canəli Əkbərovun 70 illik yubileyi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasimdə çıxış edən Astara rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Gülyaz Məmmədova, Gülüstan Əliyeva, əməkdar incəsənət xadimi Ədalət Dəlidağlı, “Muğam” müsabiqəsinin qalibi Babək Niftəliyev və başqaları tanınmış muğam ustasının 70 illik yubileyi münasibətilə təbrik ediblər, ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muğamlarımızın qorunub saxlanmasına və onun daha da inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından danışıblar, muğamlarımızın dünyada tanınmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər. Xalq artisti Cənəli Əkbərov əməyinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Yubiley mərasimində tanınmış muğam ifaçılarının iştirakı ilə konsert təqdim edilib. Mədəniyyət evinin foyesində tanınmış muğam ustasının ömür yolunu və yaradıcılığını əks etdirən fotostend sərgilənib, sənədli film nümayiş etdirilib.
SARA
525-ci qəzet.- 2010.- 17 iyun.- S.7.