Suzen Dark və ya məhəbbət piri
( Əvvəli ötən saylarımızda)
Axşam işdən gələndə
Elimin darvazasının qabağında Süsən Nazlı ilə
qarşılaşdı. Süsənin əlində içi ərzaqla
dolu bağlama vardı. Ağasəfin qucağında
ayaqları bir-birinə bağlanmış toyuq, çolpa,
xoruz. Ağasəfin xoşbəxt gözlərindən
qığılcım yağırdı. Nazlı Ağasəfə
müraciət elədi:
– Hardan belə, ay Ağasəf.
Nə çox toyuq-cücən var?
– Gəlinbacı, uşaqlara
qoşulub mal qabağına çıxmışdım.
Qayıdanda təsadüfən idarənin yanından gəldim,
gördüm Süsən doxdur məni çağırdı.
Dedi gəl kömək elə.
– Toyuqları satın
aldız?
– Yox, pay veriblər. Süsən
doxdura veriblər.
– Axşamın xeyir,
Nazlı bacı – Süsən qəsdən növbəti
sualın qarşısını aldı.
– Xoş gördük. Qoy
görək, ay qız, mən bunu danışdırmaqdan ləzzət
alıram.
Ağasəfin utanıb
qızardığını havanın alatoranı da gizlədə
bilmədi, başını aşağı dikdi. Süsən
Ağasəfə diqqətlə baxdı, oğlanın bu
halı ürəyini ağrıtdı.
– Uşağı
utandırma – dedi. “uşaq” sözü Ağasəfi daha pis vəziyyətə
qoydu.
Nazlı ərklə:
– Ədə, nə durub burda
arvadların sözünə qulaq asırsan. Maşallah, yekə
kişisən. Get həyətə toyuq-cücəni hinə
sal. Samovarı qaynat.
– Yaxşı, gəlinbacı,
yaxşı. – Təqsirkar uşaq kimi başını
qaldırmadan həyətə yollandı.
– Sən də təsadüfən
yola çıxmısan? – Süsən Nazlıya dedi.
– Yox, yalan demiyəcəyəm.
Bu qarnımdakı oğlan dedi gedək Süsən xalanı
qarşılıyaq. Görək iş günü necə
keçib. Elim dedi, vallah, kəndin bütün arvadları
birdən azarlayıb. Hamısı baxdırmağa, baxmağa
gəlmişdi. Mən də mane olmadım.
– Hə, qəribə
adamlardı. Yalan da tapmırlar danışmağa, dağdan,
bağdan danışırlar.
– Eh, Elim məni
qaçırdanda bugünkü kimi yenə hamısı
azarladı, amma heç kəs həkim məntəqəsinə
getmədi, hamı basıldı həyətə. “Ay doxdur
filandı, ay doxtur beşməkandır”. Axırda Elim dözmədi,
qışqırdı Nazlı, çıx çölə.
Qoy səni görsünlən, yoxsa bunlar sağalan deyil!
– Amma bu gün xəstələrdən
biri dedi ki, eşitmişəm yaxşı dərzisən.
Nazlı bir an tutuldu.
Özünü o yerə qoymadı.
– Ay qız, sən bu
camaatı yaxşı tanımırsan. Mən evdə
yorğanı başıma çəkib xorulduyuram. Onlar kəndin
o başında eşidir. Havayı yerə demirlər ki, yerin
də qulağı var.
– Var, var, bacı – Süsənin
təsdiq eləməkdən başqa çarəsi
qalmamışdı. – Mən gedim bir az dincəlim.
– Sən arada Ağasəfi
göndər gəlib “zingeri” aparsın.
Görüş
Nazlının istədiyi, gözlədiyi kimi alınmamışdı.
Elə bilirdi Süsən ona qırın-qırtıq,
dil-ağız edəcək. Çünki o, Elim doxturun
arvadı idi. Yəni Süsənin müdirinin. Həm də
dünən ona xeyirxahlıq eləmişdi. “İnsana
yaxşılıq yoxdu” düşündü.
– Gedək, oğul, gedək
– deyib həyətə girdi.
Süsən gələndə
Ağasəf artıq həyətin ortasında ocaq
qalamışdı. Ocaqdan düşən közlərdən
somavara atırdı. Somavar elə bil hansısa qədim bir
mahnını mızıldayırdı. Ocağın
başında çömbəltmə oturan Ağasəf elə
bil indicə o qədim nağıllardan çıxıb gəlmişdi.
Enli kürəkli, uzun güclü qolları köynəyə
sığmırdı. Qıvrım qara saçları,
çatma qaşları, iri qara gözləri, çiyələk
kimi qırmızı dodaqlarının üstündə yeni
çıxmış, hələ qaralmamış
bığları ona xüsusi yaraşıq verirdi. Hələ
uşaqlığını qoruyub saxlamış girdə
yanaqları ocağın şöləsi düşdükcə
elə bil yanırdı. Süsən bu axşamı, bu həyəti,
bu ocağı, bu oğlan oyuncağı ötüb keçən
bütün həyatına dəyişməzdi. Samovara baxmaq bəhanəsi
ilə Ağasəfə yaxınlaşdı, bu zaman burnuna nəyinsə
qıcqırmış iyi, tər iyi, kirli paltar iyi gəldi.
Özünün də baş açmadığı bir ərklə:
– Ay Ağasəf, sən
heç çimmirsən.
Ağasəf sualı
çox təbii qarşıladı.
– Çimirəm ey – istədi
müəllim desin özünü saxladı – çimirəm,
Süsən doxdur.
– Harda?
– Yayda çayda çimirəm
uşaqlarnan.
– Vəssalam?
– Hə də...
– Arvadlar da çayda
çimir?
– Yox.
– Bəs harda çimillər?
– Nə bilim, bilmirəm.
– Xəbərin var ki, səndən
qıcqırmış iyi gəlir? Yekə oğlansan,
özünə fikir ver. Çim, başa düşdün?
– Bəli – Ağasəf
sakitcə ayağa qalxdı, həyətdən
çıxdı. Süsən onun arxasınca baxdı:
“baxanda pəhləvan kimi nəhəng adamdı.
Danışdırırsan olur birinci sinif uşağı. Qoy
ağlı başına gəlsin!”. Süsən çay dəmlədi,
samovarı apardı evə. Ağasəfə də çay
süzdü. Çayını içdi, şirin çay eləyib
pendirlə çörək yedi, qulağı səsdə,
gözü qapıda idi. Amma Ağasəf gəlib
çıxmadı. “Yəqin xətrinə dəyib,
küsüb. Olsun, daha da yaxşı, ayılar, bəlkə
çağırım, yedizdirim, başa salım. Yox, belə
yaxşıdı. Səhər könlünü alaram”.
İşığı söndürüb çarpayıya
uzandı. Səhər xoruzun səsinə oyandı. Ağasəf
həyətdə yox idi. Eyvana çıxdı, gərnəşdi.
Mirzə Hüseyn bəy həyətində
üzbəüz iki ev tikmişdi. Biri indi Süsənin
qaldığı üç otaqlı hündür
kürsülü qonaq evi idi. İkinci onunla üzbəüz
olan iki otaqlı, yerdən bir daş yuxarı olan özlərinin
qaldığı ev idi. Ağasəf o evdə qalırdı.
Süsən gəlincə qonaq evinin qapısı cəftəsi
keçirikli idi. Nəinki evə girən, heç eyvanına
da çıxan yox idi. Ağasəf özü də o evə
girmirdi. Ona elə gəlirdi ki, o ev tamam başqa bir insana
aiddir. Nə zamansa o insan gəlib qapını açacaq,
işığı yandıracaq. Ağasəf elə bilirdi o
evin sahibi gəlib, evin işığı yanıb. Ağasəfin
özünə də aydın olmayan arzuları, ümidləri
cana gəlirdi, reallaşırdı. Süsən “çim” deyəndən
sonra həyətdən çıxdı, bir də
gördü çayın başındadı. Qayanın
üstündə qayadan çaya dar cığır enirdi.
Çaya böyürtkən kollarının arasından
burula-burula düşən cığır, çay,
çayın səsi ona çox vahiməli
görünürdü. O qorxunu ayağının altına
yıxıb, tapdalaya-tapdalaya cığırla endi. Süsən
ona çim demişdi. O da çimməli idi. Çayın
qırağında, daşlıqda paltarını soyundu. Ən
vahiməlisi çayın səsi idi. Dəli çayın səsi
qayalara dəyib qayıdıb çaya
tökülürdü. İkiqat güclənirdi. Su soyuq idi.
Ağasəf gördü suya yavaş-yavaş girə bilməyəcək.
Bir çarə vardı; suya atılmaq. Atıldı. Nəfəsi
bir an içində boğuldu. Sonra suya cumdu. Elə bil su
isindi. İndi də sudan çıxanda soyuq olurdu. Əli ilə
başını, bədənini sürtdü. Birdən ona elə
gəldi ki, yad səs eşitdi, hənir duydu. İrtindi, tez
sahilə çıxdı. Tələsik geyinməyə
başladı. Cığırla qaçıb qayanın
üstünə qalxdı. Elə bildi ayaq səsləri gəlir.
Arxaya baxmadan evə qaçdı. Ayaq səslərini lap
yaxında, sonra boynunun dalında, həyətə girəndə
lap boğazında, ağzının içində eşitdi.
Dayandı, o yan-bu yana boylandı, sakitlik idi. Birdən başa
düşdü ki, bu ayaq səsləri deyil, öz ürəyinin
döyüntüsü imiş. O səslər
boğazından sinəsinə endi. Əlini sinəsinə
qoyub gülümsündü. Bərk üşüdü, evə
qaçdı. Elə paltarlı-paltarlı yorğana
büründü. Nə vaxt yatdığını
özü də bilmədi.
–Ağasəf, ay Ağasəf
–Süsən onu çağırdı. Ağasəf Süsənin
səsini eşitdi, cavab vermək istədi, ağzını
aça bilmədi, dişləri dişlərinə
sıxılmışdı. Titrəyib, bir-birinə dəyib
şaqqıldayırdı. Qalxmaq istədi. Bacarmadı, bədəni
yara kimi idi. Sümükləri göynəyirdi. Qapı
aralandı. Süsən içəri boylandı. Ağasəf
taxtın üstündə uzanmışdı. Bütün bədəni
titrəyirdi. Süsən cəld hərəkətlə ona
yanaşdı.
– Nə olub sənə?..
– Bi..bi.bilmirəm,
üşüdüm.
–Od içində
yanırsan. Harda belə özünü soyuğa verdin?
– Çimdim.
– Harda?
– Çayda.
– Gecə?
– Hə.
– Gecə, soyuqda, çayda?!
Niyə!
– Dedin çim! Çimdim
da!
– Qorxmadın!?
– Qorxdum, bir az!
– Can...paltarın da
sudu...dayan, indi gəlirəm – həyətə
düşdü. Özünün yetim ikən qorxduğu gecələr
yadına düşdü – can...dilim qurusun mənim, dilim
qurusun! Boy-buxununa niyə aldanırsan, görmürsən
uşaqdı – Süsənin içindəki illərlə
isti görməyən buzlar birdən-birə əridi, gözlərindən
axdı. Çalışdı gözlərini silib,
özünü toxdayıb Elimgili köməyə
çağırsın. Göz yaşları sözünə
baxmırdı. Axırı təslim oldu – caaan...- deyib
hıçqıra-hıçqıra ağladı. Sonra qəfil
səsini kəsdi. Gözlərini sildi, Elimgilə
qaçdı.
lll
Əşrəf Qəfər
kişidən məktub aldı, açdı.
Çox hörmətli Əşrəf
müəllim, salam! Məni təcili kəndə
çağırdılar. Qarım şalaxlıyıb.
Öyrənmişəm ki, Süsən kəndə gəlincə
14¹li sənət məktəbində oxuyub, dərzilikdə.
Soyadı Yolçuyeva olub. Səndən xahiş edirəm onu
öyrən. Türməyə orda oxuyanda düşüb.
Yazası olmasan da, yazsan da, bu öz işindi. Heç olmasa mənim
üçün öyrən. Qardaşoğlu, bilirəm
işinin çox vaxtında sənə zəhmət verirəm.
Bir də xahiş edirəm onu öyrən. Mən məşğul
olardım. Amma bu işi mən sənin kimi bacarmaram. Həm də
sən qəzet işçisisən, məşhur yazarsan. Mən
kiməm? Ərk etdiyimə görə bağışla.
Hörmətlə, Qəfər.
Məktubu oxuyub uzun müddət
kağıza baxdı. Bu işsiz qocaların əlində
qalmadım. İndi gəl 14 ¹li peşə məktəbini
tap, arxivini açdır. Qəfər kişi mənə
qaçmağa da yol qoymayıb. Ağzımı dağa dirəyib.
Məktəbi tapsam bəlkə orda köhnə müəllimlərdən
qalmış ola. Məlumat bürosundan məktəbin
ünvanını, direktorun telefon nömrəsini öyrəndi.
Katibə: – məktəbin direktoru Dəmir müəllimdir
dedi. Onları calaşdırdı. Dəmir müəllimə:
– Mən Əşrəf Sarıqayalıyam, “İrəli” qəzetinin
şöbə müdiriyəm. Sizin məktəb çox qədim
və şan-şöhrətli məktəbdir. Bir geniş
material yazmaq istəyirəm. Məktəbin keçmişi və
bugünü məni maraqlandırır.
Dəmir müəllim
böyük həvəslə razılaşdı, dedi ki, iki nəfər
köhnə müəllimlərdən də var.
Yaşları çoxdu, amma yaddaşları saat kimi işləyir.
Görüşmək üçün vədələşdilər.
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 17 iyun.- S.7.