Suzen Dark və ya məhəbbət piri
Əvvəli ötən saylarımızda
...Əşrəfi Dəmir
müəllim özü qarşıladı. Öz kabinetinə
apardı. Çay gətirdilər. Dəmir müəllim
qarayanız, arıq, qırx-qırx beş yaşlarında
çevik bir insan idi.
Əşrəfə
danışmağa macal vermədi.
– Çay için.
– Sağ olun. Gözəl
binanız var.
– Bina köhnədi, əlli
ilin binasıdı. Çölü qaşınıb, indii
belə eləyirlər, içinə də əl gəzdirmişik.
Cavanlaşıb. İndi belədi planımız, uşaqlar da
siznən görüşmək istəyir, müəllimlər
də, mən də axırda siznən, yaxında bir
yaxşı restoran var, orda görüşmək istəyirəm.
Necədi?
– Nə?
– Planımız. İstəyirsən
tender keçirək, ən yaxşı planı seçək
– güldü – indi dəbdi axı.
– Çox sağ olun.
İcazə olarsa – Əşrəf güldü – Mən də
tenderdə öz planımla iştirak edim.
– Buyur, bir şərtlə,
restorandakı görüş müzakirə olunmayacaq.
– Düzdü, mənim insan
haqlarım pozulur. Olsun, o da olmasa biz biz olmarıq... Əvvəl
müəllimlərlə elə sizin kabinetdə
görüşək. Söhbətləşək. Əlbət
ki, burda çoxdan çalışan, yaşlı adamlara zəhmət
verib çox saxlamayaq. Sonra gənclərlə
görüşüb onları dinləyərik. Sonra da mən
sənin restoran layihəni qeydsiz-şərtsiz qəbul edirəm.
– İndi, qardaş, sən mənə
düzünü de. Bu məktəb hardan yadına
düşüb? Əsl məqsədin nədir?
– Gözü qorxmuş adama
oxşuyursan.
– Eh qardaş, vallah
müxbirlərin əlindən qaçıb gizlənirəm.
Müxbir zəng eləyən kimi, bir yazıçı dostum
var, ona zəng edirəm, soruşuram filan qəzet müxalifət
qəzetidi, yoxsa yox. Sonra müxbirin adını deyirəm,
soruşuram necə insandı. Reket deyil ki, xətrinə dəyməsin
vallah, müxbirlər indi reketlik eləyir. Səni soruşdum.
Dedi, ciddi insandı. Dedi, o helə yerlərə gedən insan
deyil. Görünür, nə isə ciddi bir şey
düşünür.
– Ciddi deyəndə, zaman dəyişib.
Gənclərə birinci növbədə peşə
lazımdı. Yoxsa hamı instituta qaçır. İnstitutu
pulla qurtarır. Yuxusunda da pul görür.
Yarımçıq bilikli yüz həkim bir xəstəni
sağalda bilməz, öldürər. Amma yüz xəstəni
bir yaxşı həkim sağalda bilər. Ondansa pul qoyub bir
yaxşı həkimi xaricdən gətirmək olar. Əslində
biz bunu eliyirik. Yaxşı futbolçunu milyonlar verib komandamıza
dəvət edirik. Yəni canımızın bir futbol
matçı qədər dəyəri yoxdur. Yaxşı
peşəkar, sənətkar yarımçıq alimdən,
yalançı akademikdən evdə də, çöldə
də min dəfə qiymətli, gərəkli, həm də
hörmətlidir.
– Sağ ol, vallah! Bizdə bu
düşüncə hökmran olmayınca dəllək
olası adam cərrah olacaq, cərrah olası adam dəllək.
Sənin kimisini görəndə adam inanır ki, həyat
yaxşıya doğru dəyişir –düyməni basdı –
müəllimlərə de bura gəlsinlər – indii gələrlər.
Əşrəf
üçün ən çətini söhbəti o illərə
aparmaq, bir qızın həbsə alınmasına gətirib
çıxartmaq idi. Bunu necə başlayasan? Müəllimlər
gəlib əyləşdilər. Dəmir onları Əşrəfə,
Əşrəfi onlara təqdim elədi.
– Dəmir müəllim,
sizin məktəbdə hansı sənətlər üzrə
siniflər var?
– Tikinti, xarrat, çilingər,
montyor, dəmir yolunda parovoz sürücüləri, sərnişin
qatarında vaqon bələdçiləri.
–Bəs dərzi,
papaqçı, dəllək?
– Yox, onlar yoxdu.
– Bunlar da çox vacib sahələrdi.
– Vacibdi. Biz təzəcə
müstəqil olmuşuq. Bəlkə gələcəkdə
açıldı.
Küncdə oturan
yaşlı qadın məktəbli kimi əlini
qaldırdı.
– Buyurun, Mələk
xanım. Buyurun.
– Əşrəf müəllim,
veteran müəllimlərdən ikicə nəfər
qalıb, biri Dadaş müəllimdi. Dedilər xəstədi,
bu gün gəlməyib. Bir də Mələk müəllimədi.
Mələk xanım, buyurun.
– Var idi. Sonradan
bağlandı.
– Nə var idi? – Dəmir
soruşdu.
– Dərzilik sinifi var idi. Təzə
gələn müdir bağlatdı.
– Dəmir müəllim? – Əşrəf
təəccüblə soruşdu.
– Yox, Dəmir lap təzədi.
O vaxt – otuz il bundan əvvəl təzə gələn
müdir.
– Niyə? Yəqin bir səbəb
olub da...
– Hə. O sinifdən bir
qız tutuldu. Müdir qızı müdafiə elədi.
Qız günahsız idi.
– Qız neyləmişdi?
– Uçaskovu, milisi, o vaxt
milis deyirdilər, sahə müvəkkilini
bıçaqlamışdı. Özü də pis yerindən.
Yetim qız idi. Milis ölməli köpəyoğlu idi.
– Alçaq sovet dönəminin
eybəcərliyi! – Dəmir qəzəbləndi.
– Sovetin burda nə
günahı var? Alçaq elə indi də alçaqdı.
Əşrəf ipin ucunu əldən
vermək istəmədi:
– Daha sinifi niyə
bağlayırlar? Qızı müdafiə edə bilmədiz?
– Ay oğul, dərzilikdə
qızlar oxuyurdu. Arasında çox gözəlləri olur.
Elə o qızı da xalıq qüdrətindən
yaratmışdı. Müdafiə elədik. Milisi partiyadan,
sistemdən çıxartdılar. Amma qıza da dörd il
iş verdilər.
– Eh, Əşrəf müəllim,
belə şeylər qaldı keçmişdə, indii...
– Elə bu qaranlıq
keçmişdən danışanda müqayisədə bu
gün daha işıqlı, daha maraqlı görünəcək.
Gör hardan hara gəlmişik. Bu çox maraqlı olar. O
hadisədən sonra, sizin bu günkü işləriniz daha
“bariz” – bu sözü Əşrəf xüsusi
vurğuladı –gözə çarpacaq.
– Vallah, Əşrəf
müəllim, bu əhvalatı heç mən də bilmirdim.
Mələk xanım, bunu heç danışmamısız.
– Müdir, heç danışmışıq
ki, bunu da danışaq? Əslində, bu məktəbin şərəfini
göstərən bir hadisə idi. Müdir də, tələbələr
də qızı müdafiə elədi. Mən də şəxsən
məhkəmədə şahidlik eləmişəm. Milis
leytenantı qəsdən bura avara uşaqları göndərib
dava saldırırdı. Sonra gəlib çökürdü
müdirin boğazına, hamısı da qıza görə.
Qız da oğlangərək idi.
– Xanım müəllimə
məktəbin canlı tarixidir ki. Mən sizin telefonunuzu
götürüm.
Dəmir sevincək:
– Əşrəf müəllim
düz deyir, indinin yeri deyil. Onu Əşrəf müəllim
ayrıca yazar. İndi görüşə gedək.+
Süsənin gözəlliyi
başına bəla idi. Daim özünü qorumaqla məşğul
idi. Yetimlər evində qoca bir qadın müəlliməsi
vardı. Süsəni çox istəyirdi, əvvəllər
özü çimizdirərdi, saçını darayardı.
Sənət məktəbinə yola salanda Süsənə
dedi ki, “unutma, sənin heç kəsin yoxdu. Ən yaxın
qohumun, dostun öz ağlındı. Ən böyük
düşmənin gözəlliyindi. Sahibsiz gözəl
qız yol yanında sahibsiz alma ağacının
budağında gözəl bir almadır. Bil, bil ki, onu yemək
hər kəsin könlündən keçər. Bir dəfə
təslim olsan, sonra ömrün boyu əldən-ələ
keçəcəksən. Təslim olma, təslim olma, təslim
olmaq ölümdən betərdi. Ölüm Allah əmridi, təslim
olmaq sənin əmrindi. Günahkar təslim olandı”. Süsənin
irəlidə daha yolu qalmamışdı. Ya təslim
olmalıydı, ya da nə? O bütün gecəni o, “nə”ni
axtardı, yolu axtardı. Hamı bilirdi, Sirac onu izləyir. Ələ
keçirməyə, sındırmağa
çalışır. Mübarizə aparmaqdan məktəbin
müdiri də yorulmuşdu. Milis sercantı qızı
müdirin otağına çağırtdırdı,
qızın çantasından nəşə
çıxdı. Süsən And içdi, ağladı ki, mənim
bundan xəbərim yoxdu. Milis əl çəkmədi.
Qızı aparcdı sahə müvəkkilinin yanına.
Aktı da, nəşəni də qoydu Siracın stolunun
üstünə, çıxdı çölə.
– Allah haqqı mənim xəbərim
yoxdu, siz də bilirsiz yoxdu. Özü qoyub çantama. Axı
məndən nə istəyirsiz?
– Bilmirsən nə istəyirəm?
Səndən səni istəyirəm. Akt əlimdə, nəşə
dəlil kimi burda. Dörd il iş alacaqsan.
– Mən heç nəşə
nə olduğunu bilmirəm. Mənim xəbərim yoxdu.
– Əşi, bunu mən də
bilirəm xəbərin yoxdu. Hər yerdə sənsən,
hara baxıram səni görürəm. Yuxuda sənsən.
Sabah bu vaxt gəl. Sabaha kimi bu işi saxlayacağam. Axşam
saat yeddiyə burda tək olacam. Sən də elə gəl
görən olmasın, ya da birisi gün dörd il.
– Yaxşı, indi ki, belə
istəyirsən, Allahın əmriynən al məni, evlənək.
Səni istəmirəm. Amma əlacım nədi, razıyam.
Sirac uğunub getdi.
– Gör ha, mənə gələr.
Subay da olsam almazdım, yoldan tapılmış qızla milis
baş leytenantı evlənər? Mən evliyəm, bir
qızım da var.
– Bəs qorxmursan
qızının başına gələr?
– Gicdəmə, qızım
böyüyüncə mən ya şəhərin milis rəisi
olacam, ya da daxili işlər naziri. Sabah axşam saat yeddidə.
Görürsən bu sənədi. Məktəbin direktoru da
buna qol çəkib. Gələrsən cırıb ataram.
Süsən bir an
yumşalıb qəlbində özünü razı salmaq istədi.
Yaxşı, qayıdıb gələndə nə cavab verəcəyəm.
Niyə buraxdılar deyəcəm? Sonra Sirac hər dəfə
kefi istəyəndə hırıldaya-hırıldaya məktəbə
gələcək. Yox, yox, yox. Bundan dörd il
yaxşıdı. Dörd il dolanıb keçəcək.
Amma bu, ömrümün sonuna kimi keçməyəcək.
Yox! Amma nəşə alverçisi kimi türməyə girməyim
ondan da betərdi. Yaxşı Sirac, görək kim kimə! Gərək
hər şeyi yaxşı fikirləşim. Ordan
çıxanda hara qaçım? Elə yenə milisə,
rayon milis şöbəsinə. Bir var onlar məni tuta, bir də
var özüm onların üstünə qaçam, imdad istəyəm”.
Milis polkovniki Mədətov
qızın qarşısında var-gəl edib dayandı ki, nəsə
soruşsun. Gördü qızın bütün bədəni
tir-tir Əsir. Qız öz əllərindən qorxan adam kimi
öz əllərinə baxır. Rəis qapının
yanında dayanan milis qadına acıqlandı.
– Uşağa su ver dana.
Görmürsən nə gündədi?!
– Dayı, vallah
hamısını düz deyirəm –dedi Süsən-
ağladı.
– Ağlama, bala. O
oğraş şalvarın çıxartmışdı, sən
onu vuranda. Qız su gətirdi. Süsən suyu içib,
başı ilə təsdiq etdi.
– Elə de, qoy bunlar da
eşitsin. Sonra bunu çox təkrar edəcəksən.
– O mənə dedi soyun. Dedim
mən hazıram, sən soyun. O da
hırıldaya-hırıldaya soyundu. Mən divanda
oturmuşdum. Gəldi mənə tərəf. Dedim
işığı söndür, dedi niyə? Dedim şəkil
mənə baxır. Divarda Leninin şəklini göstərdim.
Güldü, işığı söndürdü. Mən
bıçağı çıxardıb ətəyimin
altında gizlədim. Dedim lap yaxınlaşsın.
Yaxınlaşdı. Bıçağı var gücümlə
ora çəkdim. Əllərim qan oldu – qız yenidən əllərinə
baxıb hıçqırdı – qan, qaçdım.
– Sakit ol, bala...birbaşa bura
gəldin?
– Bəli, bəs hara gedəydim?
– Eşitdiz? –
Yanındakı milis mayoruna – get o oğraşın
şalvarında bıçaq yeri olmadığını rəsmiləşdir.
Sonra deyəcək ki, gəldi kabinetə, məni
bıçaqladı. Dünən niyə gəlib şikayət
eləmədin?
– İnanmazdız mənə.
Məktəbin direktoru da qol çəkdi, neynəsin,
çantamdan çıxıb. Vallah xəbərim yoxdu.
Heç ağlıma gələn şey deyil.
– Deyirsən dedi ki, daxili
işlər naziri olacaq?
– Hə!
– Oldu da! oldu. Qızı
aparın. Orda bir babat yer düzəldin, bu gecəni qalsın.
Məsləhətləşək görək neynirik.
Ağasəf bir ay on gün
xəstə yatdı. Dedilər sətəlcəm olub. Elim
doktor, Nazlı, bir də gecə-gündüz
yastığının baş ucunda olan Süsən. Süsən
özünə kiçik qardaş tapmışdı.
Ataya-anaya, bacıya-qardaşa, övlada yığılıb
qalan məhəbbəti sərf edə bildiyinə görə
özünü xoşbəxt hiss edirdi. Ağasəf isə
bu ağır xəstəlikdən sağalırdı, amma bu
vaxt ərzində sağalmaz, daha ağır bir xəstəliyə
tutulmuşdu. Süsənə vurulmuşdu. Süsən
mehribanlıqla onun üz-gözünə baxanda, əli əlinə
toxunanda Ağasəf ölüb-dirilirdi. Sevirdi, eyni zamanda ona
ana-bacı məhəbbəti ilə qayğı göstərən
Süsənin bu məhəbbəti duymasından qorxurdu,
çox qorxurdu. Qorxurdu çıxar gedər, köçər
başqa evdə yaşayar. Ağasəf bunu təsəvvür
edəndə alnına, üzünə, boynuna-boğazına
soyuq tər gəlirdi. Ağasəf heç sağalmaq istəmirdi.
Elim də, Nazlı da Ağasəfin hərəkətlərindən
şübhələnmişdilər; Süsəni görəndə
uşaq kimi sevinməyindən, gözünün
işıqlanmasından, üzünün gülməyindən.
Süsən gedən kimi əhvalı pozulurdu, halı dəyişirdi.
Elim Nazlıya dedi ki, “Süsəni başa sal, qızın
heç ağlına gəlmir. Amma uşaq əməlli-başlı
qıza aşiq olub. İndi Ağasəfin o yaşıdı.
Deynən qız ona çox voc verməsin. Cilovunu çox
boşaltmasın. Əvvəla, qız beş-altı yaş gədədən
böyükdü. Sonra da, baş tutan iş deyil. Canım,
olmaz! Qəfər kişi Abasəfi öldürər, Mirzə
Söyün bəyin dayısının kişi nəslindən
qalan oğlanın türmədən çıxmış
bir qızla evlənməsinə icazə verməz, verməz
canım. Olan şey deyil. canım, qızı başa sal!
Uşağı özünə dadandırmasın.
(Ardı var)
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 19 iyun.-
S.29.