ORALARDA KİMLƏR VAR: TOFİQ
HÜSEYN
Tofiq ABDİN
DEDİM QAĞA, MƏN BİR AZ AYRI CÜR YAZIRAM
TOFİQ HÜSEYN KİMDİR-
Şair.Publisist
Özünün qələmindən:
Doğulduğum Məmmədxanlı kəndi Masallı rayonunun aran hissəsində yerləşir və sən deyən gözəgəlimli kənd deyil. Bu kənddə erkən yaşlarımdan dərk etdim ki, burdakı həyat vərdişləri – mal-qara saxlamaq, dəryaz çalmaq, naxır növbəsinə getmək deyəsən mənlik olmayacaq. Odur ki, orta məktəbi qurtaranda nəyin bahasına olursa olsun kənddən getmək və bir də buralara qayıtmamaq qərarını verdim. Bir taxta çamadanla Bakı-Astara qatarının ümumi vaqonuna əyləşib oralardan əkildim. Universiteti bitirib Bakıda qala bilərdim. Ancaq qorxu hissi gözümün odunu almışdı. Uzun müddət evsiz-eşiksiz, üstəlik işsiz qalmaq mənə dəhşətli bir iş kimi görünürdü. Təyinat vaxtı elə yer seçdim ki, orada həm iş tapa bilim, həm də ev almaq imkanım olsun. Belə yer o vaxtlar “gənc sosialist şəhəri” adlanan, amma eşitdiyimə görə yayı dəhşətli istilərlə keçən Əli-Bayramlı ola bilərdi. Və elə belə də oldu. Təyinatımı Əli-Bayramlıya aldım, buradakı yaxşı kişilərin köməyi sayəsində iş məsələm dərhal həll olundu. Əsgərliyə gedib yenidən bura qayıtdım, evləndim, əvvəlcə 2 otaqlı hökumət evi aldım, sonra 1973-cü ildə, 26 yaşında özümə ev tikdim.
Öncə məni daha çox maraqlandıran iki suala cavab verməni istərdim :1.Nədən bu vaxta qədər Azərbaycan Yazarlar Birliyinə üzv keçməmisən? 2.İndinin özündə də yaradıcı adamlar mərkəzə çox can atırlar. Sənin Bakıda qalmaq üçün mən bilən bütün imkanların ola-ola nədən məhz əyaləti, belə deyək, keçmiş Əli –Bayramlını seçmisən və mən bilən sən özün bizim gözəl məkanlarımızdan birində – Masallıda doğulmusan.
– Əzizim Tofiq, sayıb-seçdiyin üçün dərin təşəkkürlər. Hərçənd, sözün düzü bu müsahibənin kəsb edəcəyi əhəmiyyətin miqyası bir az məndən ötrü qaranlıq qalır.Çünki mən biləni, hətta 1500 nəfərlik üzvü olan Azərbaycan Yazıçılar Birliyinin siyahısında adı olmayan bir qələm adamının, özü də əyalətdə demək olar ki, itib-batan bir yazarın ədəbiyyat məsələləri barədə, ya digər bir məsələ barədə fikir deməyi ağılabatan görünmür. Amma bu müsahibəni ustad yazar Tofiq Abdin məsləhət görürsə, suallara cavab verməyə çalışacam.
Ömrün bu çağında bəzi mətləblərdən danışmaq olar. Valideynlərimi erkən itirdiyimdən, ya nədənsə təbiətən qorxaq olmuşam. Desəm ki, Yazıçılar Birliyinə üzv olmaq ağlıma gəlməyib yalan olar. Elə həmin o yetmişinci illərdə, yəni Əli- Bayramlıda ev tikdiyim vaxtlarda Yazıçılar İttifaqına getdim. İttifaqın katiblərindən olan Cabir Novruz məni yaxşı tanıyırdı, xətrimi istəyən adam idi, dəfələrlə yazı-pozumu tərifləmişdi. Cabir müəllimə niyyətimi deyəndə kişi tanınmaz dərəcədə dəyişdi. Sifətində narazılıq ifadəsi gördüm. Mənə tanımadığım birisinin yanına getməyi, bu barədə onun fikrini öyrənməyi məsləhət gördü. Kənddən necə çıxmışdımsa, Yazıçılar İttifaqından da eləcə çıxdım. Bu ittifaqa üzv olub, onun qapısında boyun burmaq mənə mal-qara saxlamaq, dəryaz çalmaq kimi çətin göründü. Onda bir şeyi də başa düşdüm; hər hansı təşkilata üzvlüyün nizamnaməsi, mizan-tərəzisi, müəyyən standartları var. Azərbaycan Yazıçılar Birliyi bu məsələdə tam istisna təşkil edir.
– Hər bir yaradıcının taleyində mütləq kimsələrin yardımı və köməkliyi olur. Mən bilən sənin şeirlərinin çapında rəhmətlik, gözəl şairimiz İsa İsmayılzadənin yardımı olub. İsa ilə tanışlığınız nə zaman başlayıb? Bilirsən, İsa çox sofu bir insan idi və yaradıcılığında da bu sofuluq vardı. Yəni təmiz və ciddi. Mən şəxsən ona çox çətin şeir bəyəndirə bilirdim. Halbuki o səni çap eləməyə heç əziyyət çəkməyib.
– İsa İsmayılzadə işıqlı, isti, əsl ədəbiyyatın cəfakeşi, həm də təəssübkeşi idi. Yəqin yadından çıxıb. Sənin Mir Bəşir Qasımovda kirayələdiyin evə mənim də tez-tez yolum düşürdü. Rəhmətlik Vidadi Məmmədovla, Seyran Səxavətlə... İsa ilə də o evdə tanış oldum. Bu o vaxtlar idi ki, İsa ilə Ələkbər Salahzadə haqqında ədəbi aləmdə ciddi müzakirələr gedirdi. Sənin bişirdiyin mərci şorbasını yeyəndən sonra İsa məndən soruşdu ki, hara gedəcəm, dedim Yasamala, yataqxanaya. Dedi, dəmiryol vağzalına qədər birgə gedək, orada ayrılarıq. Yolda mənə dedi ki, şeir deyim. Dedim qağa, mən bir az ayrı cür yazıram, sizinki kimi yox. Dedi nə dəxli var, şeirini de. Bomboş küçə ilə yol gedə-gedə bir-iki məhəbbət şeiri dedim.Dedi qağa, davam elə, sən yaxşı şairsən. Sonra mən Əli-Bayramlıya getdim. İsa “Ulduz” jurnalına şeir şöbəsinin müdiri keçəndən sonra məni Bakıya çağırdı. Şeirlərimi alıb çap elədi. Sonra “Ədəbiyyat və İncəsənət” qəzetində, “Azərbaycan” jurnalında işlədi. Burada nə qədər şeirim çıxıbsa, hamısı İsanın köməyi sayəsində çıxıb. Qəbri nurla dolsun. Özü də İsa təkcə mənə yox, qələminə –qabiliyyətinə inandığı yazarların hamısına köməklik göstərirdi. İndi şeirlərim vaxtaşırı “525-ci qəzet”də çap olunur.
– Mərkəzdən uzaqda yaşamağın bir çox çətinlikləri var və sən təkcə mərkəzdən uzaqda yaşamaq bir yana, həm də iki dəfə məkan dəyişmisən: Masallı və Bakı. Bunların hansı çətinlikləri olub?
– Mərkəzdən uzaq yaşamağın ən böyük çətinliyi gündəmdə olmamaq, çoxluq tərəfindən tanınmamaqdır. Sənə bir sirr açım, yaşadığım Şirvan şəhərində əhalinin 99 faizi mənim şeir yazmağımdan xəbərsizdir. Balaca bir əyalət şəhərində özümü tanıda bilmirəmsə, Bakıda necə tanıdacaqdım. Olsa-olsa Natəvan klubunda keçirilən yubiley tədbirlərində iştirak edib, arxa cərgələrdən birində otura bilərdim. Bu da əslində əl-ayağa dolaşmaq kimi bir şeydir.
– Şeirlərinin çoxu insani və ürəyə toxunan şeirlərdir və mən də sənin yaradıcılığında məhz bu yönü, yəni insani yönü çox qiymətləndirirəm. Heç zaman siyasi və ictimai şeirlər yazmadın və bu da təbii ki, sənin taleyində müsbət rol oynamayıb. Bunu necə izah edə bilərsən?
– Mən iri
yaradıcılığa iddialı deyiləm. Buna heç potensial
imkanım da yoxdur. Ömrümü bütünlüklə
poeziyaya həsr etmişəm desəm, bu da yalan olar. İllərlə şeir yadıma düşmür.
Ancaq dost-tanışa həsr elədiyim
şeirlər də var ki, onları bir neçə dəqiqənin
içində yazıram. Babat şeirlərin
misralarını uzun müddət ürəyimdə gəzdirir,
onu şeirə çevirincə xeyli gərginlik keçirirəm.
Məmməd Arazın sözü olmasın,
ürəyim deyəni yazıram. Belələrinin
arasında ictimai-siyasi şeirlər təbii ki, olmur.
– Əli
Bayramlıdan çox gözəl yaradıcı insanlar
çıxıb və indinin özündə də
Bakıda yaşayıb məhz Şirvandan çıxan
neçə-neçə AYO üzvü var ki, məsələn
Rasim Qaraca, Qan Tural və başqaları. Sənin
bunlarla bir əlaqən varmı? Bəlkə
bu yaradıcılara olan simpatiya sənin Yazarlar Birliyinə
üzv olmağına mane olub?
– Əvvələn
deyim ki, mən, AYO-ya ədəbiyyatın inkişafı
yolunda atılan son dərəcə uğurlu addım kimi
baxıram. Düzdür, çox şeyi zaman öz yoluna
qoyacaq. Qısqanclıq, cığallıq
lazım deyil. Dünyanın hər yerində, lap elə
qonşu Türkiyədə nə qədər belə ədəbi
klublar, dərnəklər var. Burası bir yana.
Mən AYO-nun real fəaliyyətini diqqətlə
izləyirəm. AYO indiki bazar
iqtisadiyyatı deyilən zəhirmarın yaratdığı
kitab bolluğunda meydana məhz özünün konkret məhsulu
–ədəbi fakt kimi dəyərləndirmək istədiyi
kitabı ilə çıxmaq istəyir. Çox
yaxşı, çox ağıllı işdir.
Qan Turalı
tanımıram, yazılarını isə məmnuniyyətlə
oxuyuram. Rasimlə köhnənin tanışıyıq.
Demək mümkünsə, onun yetişməyində
bir balaca mənim də əməyim var. Əli-Bayramlıda qəzetdə
bir yerdə işləmişik. İşə təzə
başlayanda maraqlı, amma bir az qəliz
yazılar yazır və təbii ki, bu da əyalət qəzeti
üçün məqbul hesab olunmurdu. Belə
yazılardan ötrü Rasimin üstünə
töklüşürdülər. Onu rəhbərlikdə
təkcə mən müdafiə edir və ürək-dirək
verirdim. Sonra Rasim iki dostu – Yaşar və
İsmayılla “Baca” adlı ədəbi birlik yaratdılar.
Mənası o idi ki, biz ədəbiyyata
qapıdan buraxmasalar pəncərədən, pəncərədən
buraxmasalar bacadan girəcəyik. Həqiqətən
onları ədəbiyyata buraxmaq istəmədilər.
“Baca”dan “Azad Yazarlar Ocağı”na
düşməli oldular.Rasim istedadlı şairdir. Axşamçağı yorğun dəvələrin
gözünə həsr olunmuş son dərəcə gözəl
şeirini indi də xatırlayıram. Mənə
də “Bir şair yaşayırdı əyalət şəhərində”
adlı şeir həsr eləyib. Rasimin
“Alatoran” jurnalı ən çox oxuduğum jurnaldır.
Hər il məzuniyyətə gedəndə
həmin jurnaldan bir nömrə özümlə aparıram. Məzuniyyət boyu onu oxumaq mənə bəs eləyir.
– Ədəbi
aləmə çox soyuqqanlısan və buna baxmayaraq gözəl
şeirlər yazırsan və kitab da çap etdirmək istəmirsən. İndiki ortam
üçün vəziyyətin də pis deyil. Neyçün kitab çap etdirmək istəmirsən?
Axı, bu dünyada qalım yolunun biri də
kitabdan keçir. Sən özündən
sonra bir yadigar qoyub getmək fikrində deyilmisən?
– İki
kitabım nəşriyyatdadı. Çapa tam hazır vəziyyətdə.
Onlara sən bəyənən yaxşı ad da
seçmişəm. “Tofiq Hüseyn. Seçilmiş
əsərləri 2 cilddə” Nəşriyyat xərclərinə
imkanlarım da var. Ancaq nəyə görəsə onları
çap etdirməyə ürəyim gəlmir. Bilirəm ki, dost-tanışa paylamaqdan başqa bir
işə yaramayacaqlar. Ancaq bədbinliyə
də əsas yoxdur. Sən demişkən,
bu dünyada bir yadigar qoyub getmək lazımdır.
–Gizlin deyilsə, indi nə
işlə məşğulsan?
– Bəri başdan deyim ki,
pis yaşamıram. Xüsusi evim, xarici maşınım var. Hər
il bahalı yerlərdə istirahət edirəm.
Bunlar şairliyim hesabına olmayıb. Səksəninci illərdə iki kitabım çap
olunub. İşə bax, bütün
kitablar Bakı mətbəələrində çap
olunduğu halda, mənim kitablarımın ikisi də Gəncə
mətbəəsində çap olundu. Birinci
kitabın qonorarına həyat yoldaşım
üçün bir üzük aldım. İkinci
kitabın qonorarını əmanət bankına qoydum, o da
batdı getdi. Beləliklə, ədəbi
yaradıcılığımdan ailəmizə yadigar qalan
yeganə şey üzükdür. Amma
qazanmağın yollarını da bilirəm. Müstəqillik dövründə bu yollar daha asan
keçilən oldu. 2000-ci illərin əvəllərində
Əli-Bayramlı və Hacıqabul şəhərlərinə
kompyuter texnologiyasını mən gətirdim. Kompyuter kursları açdıq, əhaliyə
internet xidməti göstərdik, mini mətbəə
yaratdıq, balaca bir şəbəkə əmələ gəldi.
Bu işlərə oğlum rəhbərlik edir.
Özüm “Respublika” qəzetinin aran bölgəsi
üzrə xüsusi müxbiri işləyirəm. İş qurmaqda çalışdığım qəzetin
mənə böyük köməkliyi dəyib.Bütün
bunlara baxmayaraq həyatımdan razı deyiləm. Mənə elə gəlir ki, nəsə
çatışmır. Bu “nəsə”nin
də nə olduğunu bilirəm. Yaxşı şair ola bilərdim, ola bilmədim.
– Tofiq bəy, son vaxtlar biz
tez-tez görüşməli oluruq. Bilirsənmi,
açığı mənə toxunan bir şey var: sən
heç zaman mənim vəziyyətimlə maraqlanmadın. Bu
da bir az mənə toxunub. Bunu sən hiss
eləmisənmi, yoxsa mənim vəziyyətimi
özününkündən daha yaxşı bilirsən və
bəlkə sənin də vəziyyətin
güllük-gülüstanlıq, bir o qədər
şükürlü deyil.
– Əziz
qardaşım, bu dünyada çox ədalətsizliklər
olub, çox adama bilərəkdən layiq olduğu qiyməti
verməyiblər. Bilmirəm, bu cümlələri
müsahibədən çıxaracaqsan, çıxarmayacaqsan,
ancaq ürəyimdən keçəni deyirəm. Layiq olduğu qiyməti almayanlardan biri, bəlkə
də lap birincisi sənsən. Bütün
ömrüm boyu publisistika ilə məşğul olmuşam,
bu janrın müəyyən dövrləri gözümün
qabağındadı. Azərbaycan
publisistikasını lüzumsuz təsvirlərdən, boş
ritorikadan, məddahlıqdan yetmişinci illərdə
publisistikaya gəlmiş Tofiq Abdin xilas elədi. Söhbətlərində açıq, səmimi
olmaq, birbaşa mətləbə keçmək, öz
müsahibini heç nədən çəkinmədən cəsarətlə
danışmağa, yalnız və yalnız həqiqəti
deməyə məcbur etmək yönümlü publisistika
Tofiq Abdin tərəfindən yaradıldı. Təəssüf
ki, həmin Tofiq Abdinin adı bu gün mətbuat şurası
rəhbərliyinin arasında belə yoxdur.Təmiz, saf, orjinal
publisistikanın sahibi bu gün elə bəlkə məhz sənin
vəziyyətində olmalıdı.Bu həyatın məntiqidi.Sadəcə
olaraq səndən bir çox şeyləri soruşmuram,
soruşsam da heç nə dəyişməyəcək.
– Səndən daha nəyi
soruşmağımı istərdin?
– Daha heç nəyi.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 19 iyun.- S.27.