Azərbaycan mətbuatının
irsi öyrənilməmiş xadimləri
Azərbaycan mətbuatının
135 illiyinə
Qarşıdan
Azərbaycan mətbuatının 135 illik yubileyi gəlir. Bu mətbuatımızı
yaşatmış, təbliğ etmiş çoxlu sayda şəxsiyyətlər
var ki, onların həyat və fəaliyyətinin öyrənilməsinə
ciddi ehtiyac var. Onların bəziləri Sovetlər Birliyi
dövründə ideoloji səbəbdən öyrənilməmiş
və təbliğ edilməmişlər. Azərbaycandan
kənarda yaşamaq məcburiyyətində qalan bu
insanların bəziləri haqqında ümumi məlumatı
“525-ci qəzet”in oxucularına təqdim edirəm.
Əbdülvahab Yurdsevər
Əbdülvahab
Məmmədzadə (Yurdsevər) 1898-ci ildə Bakıda
doğulub.
1905-ci ildə yeddinci
“Rus-tatar” məktəbinə daxil olan Ə.Məmmədzadə
sonralar orta təhsilini III Aleksandr adına
şəhər gimnaziyasında başa çatdırıb. 1911-ci ildə rus litseyinə qəbul edilib. O, həmin
illərdə “Məhəmmədiyyə” adlı siyasi dərnəyin
də sıralarına daxil olub.
1917-ci ildə Ə.
Yurdsevər Müsavat Partiyasının sıralarına daxil
olub.
Əbdülvahab
Yurdsevərin o illərdə müxtəlif mətbuat
orqanlarında dövrün aktual siyasi məsələləri
ilə əlaqədar xeyli məqalələri çap olunub. 1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldıqda o, Nazirlər Şurasının dəftərxanasında
tərcüməçi-dilmanc vəzifəsində
çalışıb. 1920-ci il aprelin 27-də
Azərbaycan XI ordu tərəfindən işğal edildikdə
M. Ə. Rəsulzadənin göstərişi ilə
işğalçılara qarşı Müqavimət Komitəsi
yaradıldı. Komitənin sədrliyinə M.
B. Yurdsevər, onun müavini isə Ə. Yurdsevər
seçildi. Həmin ildə o, həmçinin Bakı
Dövlət Universitetinin Fəlsəfə fakultəsində
mədəniyyət tarixi və coğrafiyadan, N.Nərimanov adına texnikumda isə ana dilindən və mədəniyyət
tarixindən dərs deyirdi.
1923-cü ildə
Ə.Yurdsevər həbs edilir, 3 illik sürgünə məhkum
edilərək Şimali Qafqaza göndərilir.
1926-cı ildə
böyük çətinliklə Bakıya qayıdır. Lakin az
bir müddətdən sonra yenidən həbs olunur. On bir il həbs cəzasına məhkum olunan Ə.Yurdsevər
yenidən Yaroslavl düşərgəsinə göndərilir.
O, burada məxfi sənədlər əldə edərək
Özbəkistanın mərkəzi olan Daşkəndə
köçür. Özbək maarifçiləri
tərəfindən çox hörmətlə
qarşılanan Ə. Yurdsevər qız məktəbində
müəllim işləyir. Sonra o,
İrana getmək üçün sərhədə yaxın
olan Türkmənistanın mərkəzi Aşqabada
köçür. Az sonra sərhəddi
keçərək İranın paytaxtı Tehranda
yaşayır. Alman, rus, ərəb və fars
dillərini mükəmməl bildiyi üçün Ə.
Yurdsevər Tehran hərbiyyə məktəbində alman dili
müəllimi işləyir. Lakin İranın
paytaxtında çox qalmayır. Həmin
dövrdə Polşanın paytaxtı Varşavada fəaliyyət
göstərən M. Ə. Rəsulzadə ilə əlaqəyə
girərək 1936-cı ilin avqustunda həmin şəhərdə
keçirilən Müsavat Partiyasının III qurultayına
dəvət olunur. Varşavaya gəlib, həmin
konfransda iştirak edən Ə. Yurdsevər sonrakı fəaliyyətini
Polşada davam etdirir. 1939-cu ildə
Polşa işğal edildikdən sonra Ə. Məmmədzadə
Türkiyəyə köçməli olur. Türkiyədə Baş Nəşriyyat İdarəsində
işləyən Ə. Yurdsevərin əsas vəzifəsi
rus dilində çap olunmuş mətbuatı izləməkdən
ibarət idi. O, bundan başqa Türk radiosunun fars dilində verilişlərinə də rəhbərlik
edib. Bununla yanaşı o, ali təhsilini
başa vurmaq üçün Ankara Universitetinin hüquq fakultəsinə
daxil olur.
1947-ci ilin
sentyabrında M.Ə.Rəsulzadə Almaniyadan Ankaraya
köçdü. Azərbaycan Milli Mərkəzi yenidən
fəaliyyətə başladı. 1949-cu ildən Ankarada
“Azərbaycan Kültür Dərnəyi”nin
əsası qoyuldu. Bütün bu tədbirlərdə
Əbdülvahab Yurdsevər fəal iştirak edirdi.
1950-ci ildə
“Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ə.Yurdsevərin
“Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri”
adlı kitabı çap olundu.
1951-ci ildə Ə.Yurdsevərin
Ankarada “Azərbaycan Kültür Dərnəyi” tərəfindən
“Azərbaycan Dram Ədəbiyyatı” kitabı çapdan
çıxdı. 1952-ci ilin aprelindən başlayaraq “Azərbaycan
Kültür Dərnəyi” Ankarada aylıq “Azərbaycan”
jurnalı nəşr etdirməyə başlamışdı.
İlk saydan
başlayaraq Ə.Yurdsevər Azərbaycan ədəbiyyatının
görkəmli simaları haqqında məqalələrlə
çıxış edib. Həmin ildə onun
“Azərbaycan Kültür Dərnəyi” tərəfindən
Ankarada “Azərbaycan şairlərindən Vaqif və Vidadinin
yaradıcılığı” adlı kitabı çap olunur.
Qeyd edək ki,
o, “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini
də icra edirdi.
1959-cu il
martın 8-də M. B.Məmmədzadənin vəfatı ilə
əlaqədar Azərbaycan Milli Mərkəzinə Ə.Yurdsevər
rəhbərlik edib. O, uzun müddət həm siyasi, həm də
mətbu sahədə çalışıb, Azərbaycan mətbuatını
mühacirətdə yaşadanlardan biri olub. Ə.Yurdsevərin
“Azərbaycan” jurnalında nəşr edilən “Azərbaycan
istiqlal savaşından səhnələr” əsəri
yalnız tarixi-publisistik əhəmiyyətinə görə
deyil, həm də XX əsrdə bolşevik
işğalına qarşı mücadilə tariximizi öyrənmək
üçün çox ciddi və faydalı bir mənbədir.
Tanınmış şəxsiyyət və mətbuat xadimi
olan Əbdülvahab Yurdsevər 1976-cı il
oktyabrın 7-də Ankarada vəfat edib.
Məmməd Sadiq Aran
Məmməd
Sadiq Aran Zəngəzur qəzasının Sisyan bölgəsində
Rud-bazarçay kəndində 1895-ci ilin dekabr ayında
doğulub.
İlk təhsilini ata ocağında alıb, fars
və ərəb dillərini öyrənib. Elə
həmin illərdə də “Qurani-Kərim”i oxuyaraq mənimsəyib.
Sonra Naxçıvan gimnaziyasını bitirib və
imtahanla Bakı Yüksək Pedaqoji İnstitutuna daxil olaraq
orada təhsil alıb. Türkiyəyə
getdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat fakultəsində
təhsil alıb, müxtəlif məktəblərdə
müəllimlik edib.
Ərəb, fars
və rus dillərini yaxşı bilən M. S. Aran musiqi ilə
də məşğul olub. O, klassik Azərbaycan musiqisini
mükəmməl öyrənib. Yaradıcılığa
erkən yaşlarından başlayan M. S. Aran ilk şeirlərini
“Açıq söz” və “Fyuzat” jurnallarında dərc
etdirir. Təqib və məhdudiyyətlər
qarşısında bir müddət İrana qaçır,
Marağada ibtidai məktəb açır. 1917-ci ildə isə Gorusa gəlir və orada da məktəb
açır.
M.S.Aran 1917-ci
ildən başlayaraq Azərbaycanın milli istiqlalına
qovuşması yolunda mücadilə edib. Ruslar Azərbaycanı
tamamilə işğal etdikdən sonra o, Bakıdakı
dostları ilə birlikdə gizli qurtuluş təşkilatını
qurur və İstanbuldakı Milli Azərbaycan Təşkilatı
ilə əlaqə yaratmaq üçün Türkiyəyə
gedir , sonra yenidən Azərbaycana
qayıdır.
Sonradan o,
“Çeka” dəstələri tərəfindən Tiflisdə
tutulub həbsə alınıb. Fürsət tapıb
həbsxanadan qaçmağa müvəffəq olan M.S. Aran
1923-cü ilin sonunda İrana gedir, buradan isə Türkiyəyə
mühacirət edir. Əvvəlcə
Trabzonda müəllimlik edir, sonra da İstanbula gələrək,
Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki
fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi
sahələrə də dəstək verir. İstanbulda
olduğu 15 il ərzində Azərbaycan
Milli Mərkəzində də fəallıq göstərib.
M. S. Aran daha sonra
Finlandiyaya gedir. Orada İdil-Ural türklərinin
uşaqlarını oxutmaq üçün məktəb
açaraq müəllim və idarəçi vəzifəsində
çalışır. Eyni zamanda türkcə
və fincə “Yeni Turan” adlı bir qəzet də təsis
edir. Finlandiyadan İstanbula döndükdən
sonra mətbu fəaliyyətini davam etdirən M.S Aran İkinci
Dünya müharibəsindən sonra (1939-1945) əvvəl
“Millət”, sonra da “Cümhuriyyət” qəzetlərinin
müxbiri kimi İranda işləyir.
1941-ci ildə
yenidən İstanbula köçən M. S. Aranın 1942-ci
ildə “İran türkləri” adlı kitabı çapdan
çıxır. Az sonra müəllif “Türkün
altun kitabı” adlı ikinci kitabını nəşr etdirir. M. S. Aran pedaqoji siyasi fəaliyyətlə
yanaşı bədii yaradıcılıqla da məşğul
olur. Onun “Qara köynək”, “Gənclərə nəsihət”
“Millətlərin haqqı və məhkum türklərin
davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”,
“Top səsləri” kimi pyesləri, çoxlu şeirləri
var. Əsərlərinin əksəriyyəti 1952-ci ildə
çap olunmuş “Ərkənəgon yolları” adlı
kitabında toplanıb.
Türkiyədə çap
olunan “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və
Ergenekan yolu” kimi dərgilərdə də imkanı daxilində
çıxış edib. Azərbaycan
mühacirət mətbuatı tarixində onun böyük rolu
olub “Azəri-Türk” jurnalında məsul redaktor məhz
M.S.Aran olub. Türk Kültürü
Araşdırma İnstitutunun qurulmasında da o da geniş fəaliyyət
göstərib.
Məmməd
Sadiq Aran 1972-ci ildə mühacirətdə, İstanbulda vəfat
edib.
Məcid Musazadə
Tanınmış
jurnalist Məcid Musayev – Musazadə (Təxəllüsü
Qarsalanidir) əslən İsmayıllı rayonunun Qərsələ
kəndindəndir. O, 1914-cü ildə oktyabr ayının 10-da Bakıda
dünyaya göz açıb, burada orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin ədəbiyyat və
tarix fakultəsinə daxil olub. Universiteti uğurla başa
vuran gənc Məcid Musazadə Bakıdakı dövlət
kitabxanalarında, sonradan isə Nizami adına
Ədəbiyyat və Dil İnstitutunda elmi əməkdaş
kimi çalışıb. Lakin 1941-ci ildə
başlanan Böyük Vətən Müharibəsi onu sevdiyi
işindən birdəfəlik ayrı saldı.
1941-ci ildə
müharibəyə göndərilən Məcid Musazadə
1942-ci ilin qızğın döyüşlərinin birində
almanlara əsir düşdü. Bu, onun həyatını
tamam dəyişdi. O, Berlinə göndərildi. Əvvəlcə Berlindəki “İrtibat qərargahı”nda,
sonra isə nəşrə başlayan “Azərbaycan” qəzetində
mühərrir və baş redaktor vəzifəsində 1945-ci
ilə qədər çalışır. Müharibədən
sonra o, Münhen şəhərində yaşayır,
“Azadlıq” radiosunun Azərbaycan şöbəsində fasiləsiz
26 il işləyir, müxtəlif illərdə
şöbənin baş redaktoru olur. Peşə
imkanlarından istifadə edərək həmişə
xalqımızın ədəbiyyatını, tarixini, adət-ənənələrini
fəal təbliğ edir. Onun
yazdığı məqalələr,
hazırladığı verilişlər bu gün də
öz aktuallığını və əhəmiyyətini
itirməyib. 1990-cı ildə Mayın 28-də
Türk Dünyası Araşdırma Vəqfinin Kayseri şəhərində
təşkil etdiyi Birinci Azərbaycan Millətlərarası
Konqresində iştirak edən Məcid Musazadə 1990-cı
ilin iyulun 17-də 76 yaşında vəfat edib, vətəndən
çox-çox uzaqlarda – Münhendə Nordfriedhofda
torpağa tapşırılıb.
Nəsiman YAQUBLU
525-ci qəzet.- 2010.- 19 iyun.- S.26.