Azərbaycan Televiziyası Qurtuluş gününü bir neçə əlamətdar hadisə ilə qeyd etdi

 

AZƏRBAYCAN TELERADİOSUNDA 2006-cı İLDƏN BAŞLANAN İSLAHATLAR, YENİLƏŞMƏ, MÜASİRLƏŞMƏ PROSESİ DAVAM EDİR

 

Ötən həftə – xalqımızın Qurtuluş gününü qeyd etdiyi gündə və Azərbaycan mətbuatının 135 illik yubileyi ərəfəsində Azərbaycan televiziyası da bir sıra uğurlara imza atdı.

HAŞİYƏ: Bir faktı qeyd etmək istəyirəm ki, hələ Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil aldığım illərdən Azərbaycan televiziyası və radiosu ilə əməkdaşlıq edirdim. Uşaqlıqdan arzum Azərbaycan televiziyasında işləmək olsa da, bu istəyimə yalnız 2006-cı ildə çatdım. Çünki bu əməkdaşlığım müddətində müxtəlif səbəblərdən (Uğurlardan danışarkən ötən illərin problemlərinə toxunmaq istəmirəm. Allaha şükür ki, Azərbaycan televiziyasında illərdən bəri mövcud olan problemlər, bürokratiya, süründürməçilik, daha nələr arxada qalıb. Bu gün ölkənin ana televiziyasında yalnız peşəkarlıq, yaradıcılıq ab-havası mövcudddur. Mübaliğəsiz-filansız 2006-cı ildən bəri elə bir mühit formalaşıb ki, hər bir əməkdaş buranı öz doğma evi hesab edir-A.S.) çətinliklərlə üzləşirdim.o vaxtkı Azərbaycan televiziyası mənim kimi yüzlərlə televiziya jurnalisti olmaq istəyən gənclər üçün “keçilməz sədd” idi. Buranın öz “qanunları” vardır. Düz 2006-cı ilin yayına qədər...

Yuxarıda qeyd etdiyim kimi, ötən həftə Azərbaycan Televiziyası üçün növbəti uğurlarla yaddaqalan oldu. İyunun 14-də “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində “Heydər Əliyev muzeyi” və Televiziya Akademiyasının açılışı olub. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

Azərbaycan Teleradiosunda 2006-cı ildən başlanan islahatlar, yeniləşmə, müasirləşmə prosesi davam edir. Son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkənin Ana Televiziyası – Azərbaycan Televiziyasında aparılan köklü islahatlar buradakı ab-havanı tamamilə dəyişdirib. Müasir texnologiyaya uyğun avadanlıq, yeni studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza təkcə Azərbaycan tamaşaçı və dinləyicilərinə deyil, eləcə də, bütün dünyada yaşayan soydaşlarımıza yüksək səviyyəli, Azərbaycanı olduğu kimi tanıdan proqramlar təqdim etməyə imkan yaradıb.

Qurtuluş gününü isə Azərbaycan Televiziyası daha bir neçə əlamətdar hadisə ilə qeyd etdi. Televiziyada ümummilli lider Heydər Əliyevin büstünün və “Heydər Əliyev Muzeyinin, eləcə də, Televiziya Akademiyasının açılış mərasimində dövlət rəsmiləri, millət vəkilləri, elm və incəsənət xadimləri, ziyalılar iştirak edirdilər.

“Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov qonaqları salamlayaraq onları Qurtuluş bayramı münasibətilə təbrik edib. Bildirib ki, 1926-cı ildən Azərbaycan radiosu, 1956-cı ildən Azərbaycan Televiziyası fəaliyyətə başlayıb və bu fəaliyyətin 40 ili ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edib: “Azərbaycan Teleradiosu məhz bu müdrik insanın qayğısı ilə bugünki inkişaf mərhələsinə gəlib çatıb. Kollektiv bütün bunlara görə xalqımızın böyük oğluna, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanı yoxdan var edən, qısa zaman kəsiyində bütün sahələrdə böyük uğurlara imza atan, Azərbaycanı bütün dünyaya tanıdan ümummilli liderinə borcludur. İdarə Heyətinin Televiziyanın foyesində Heydər Əliyevin büstünün qoyulması haqqında qərarı da bu borca məsuliyyətdən və ümummilli liderimizin xatirəsinə ehtiramdan yaranıb”. Arif Alışanov deyib ki, göstərilən qayğının nəticəsində son illər teleradioda mərhələli şəkildə islahatlar aparılıb, böyük təmir və yenidənqurma işlər görülüb: “Azərbaycan Teleradiosu ən müasir avadanlıqlarla təmin olunub. Bu gün Azərbaycan Televiziyası bütün parametrləri ilə Avropa ölkələrinin teleradioları ilə rəqabətə girəcək səviyyədədir”.

Sonra Televiziyanın foyesində milli lider Heydər Əliyevin büstünün açılışı olub.

Azərbaycan jurnalistikasının inkişafının son 30-40 ilinin Heydər Əliyevin adı ilə bağlı olduğunu, ümummilli liderin teleradionun fəaliyyətinə xüsusi önəm verdiyini qeyd edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, ümummilli liderin çox sevdiyi və fəaliyyətinə həmişə böyük önəm verdiyi Azərbaycan Teleradiosunda onun büstünün qoyulması çox əlamətdar hadisədir: “Siyasətçilər tarixi yaradır, televiziya, mətbuat isə tarixin salnaməsini yaradır. Müasir dövlət tarixinin, Azərbaycan mədəniyyətinin, dilinin, ictimai-iqtisadi inkişafının canlı salnaməsi məhz Azərbaycan televiziyasıdır” deyən dövlət rəsmisi Televiziyanın bundan sonra da Heydər Əliyev irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında çox görəcəyinə əminliyini söyləyib. Ə.Həsənov son 4 ildə burada aparılan islahatları yüksək qiymətləndirib, rəhbərliyə və kollektivə minnətdarlıq edib.

YAP sədrinin müavini Əli Əhmədov deyib ki, Heydər Əliyev siyasətin bu tribunadan xalqa çatdırılmasına həmişə böyük əhəmiyyət verirdi. Son qırx ildə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti hamıdan yaxşı izləyən televiziya olub. Televiziya bu proseslərə bütün Azərbaycan xalqının gözü ilə baxıb və sadəcə baxmayıb, onu milli yaddaş adlandırıla biləcək salnamə formasına salıb, gələcək nəsillər də Heydər Əliyev siyasətinin təntənəsini bu arxivdən görəcəklər”.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, iqtisad elmləri doktoru, akademik Ziyad Səmədzadə bildirib ki, bu gün Azərbaycan Televiziyası cəmiyyət həyatının bütün sahələrinə aid hadisələri böyük peşəkarlıqla tamaşaçılara çatdırır, biz onun proqramlarına baxanda görürük ki, Azərbaycan necə inkişaf edir.

Sonra mərasim iştirakçıları ümummilli liderin televiziyaya qayğısından bəhs edən videoçarxa baxıblar.

Daha sonra “Heydər Əliyev Muzeyi” ilə tanışlıq olub. Muzeydəki zəngin materiallar, sənədlər, fotolar, kitablar xalqımızın böyük oğlunun, Azərbaycan adlı bir məmləkətin nicatının həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirir, görkəmli dövlət xadiminin öz xalqı, milləti, dövləti üçün tariximisilsiz xidmətlərini bir daha insanlara xatırladır.

Qurtuluş günündə Azərbaycan Televiziyası başqa bir yeniliyə də imza atdı. Artıq “Azərbaycan TeleviziyaRadio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Televiziya Akademiyası fəaliyyətə başlayıb. Televiziya Akademiyasının yaradılmasında məqsəd burada ali təhsil bazası əsasında peşəkar televiziya mütəxəssisləri hazırlanması, mövcud televiziya kadrlarının ixtisaslarının artırılması, təkmilləşdirilməsidir.

Akademiyada dərs demək üçün yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də, ABŞ-dan tanınmış televiziya mütəxəssisləri də dəvət olunacaq. Akademiyanın müdavimləri isə təcrübə mübadiləsini analoji ölkələrdə keçəcəklər.

Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənov Televiziya Akademiyasının yaradılmasının Prezident İlham Əliyevin bu sahənin inkişafına daha bir qayğısı olduğunu bildirib. “Televiziya Akademiyası jurnalistika fakültəsini bitirən, praktiki təcrübə keçməyən jurnalistlər üçün bir mərkəz olacaq. Bu Akademiya teleradio fəaliyyətinin praktiki dəyərlərini, normalarını yenidən tələbələrə aşılayacaq və bütün teleradio strukturları üçün mərkəzə çevriləcək”.

Televiziyanın dublyaj studiyasının yenidən qurulması, ən müasir avadanlıqlarla təmini də əcnəbi filmlərin öz ana dilimizdə yüksək səviyyədə tamaşaçılara çatdırılmasına imkan yaradıb.

Azərbaycan Televiziyasının kitabxanası da yenidənqurmadan sonra daha da zənginləşib. Kitabxanaya daha geniş, yeni otaqlar ayrılıb, kitab fondu yenilənib. Burada beş bölmədə 40 mindən artıq kitab var. Azərbaycan Televiziyasının kitabxanası hər gün dünyada çap olunan ayrı-ayrı mətbu orqanlarını alır. Bildirilib ki, bu kitabxanada teleradionun əməkdaşları ilə yanaşı, Televiziya Akademiyasında təhsil alanlar da istifadə edə biləcəklər.

Azərbaycan Televiziyasındakı yeniliklərdən biriyeni tədris studiyasıdır. İndi yüksək zövqlə qurulan bu studiyada maraqlı uşaq verilişləri çəkilir.

Qonaqlar Teleteatrın açılışında da iştirak ediblər. Bildirilib ki, 1975-ci ildən fəaliyyətə başlayan Teleteatrda indiyədək əsaslı təmir işləri aparılmamışdı. Son illər Azərbaycan Televiziyasında həyata keçirilən islahatlardan biri teleteatra aiddir. Teleteatr tamamilə yenidən qurulub, burada ən müasir texniki avadanlıq, işıq sistemi quraşdırılıb. İndi buradakı studiya da yeni görkəmdə verilişlərin çəkiliş meydanına çevrilib.

Qonaqlar Azərbaycan Televiziyasındakı yüksək səviyyəli şəraitdən məmnun qaldıqlarını xüsusi vurğulayıblar. Azərbaycan Televiziyasının xalqın maariflənməsində, mədəniyyətimizin, incəsənətimizin təbliğində böyük xidmətlər göstərdiyini qeyd ediblər daim yeniliklər axtarışında olan Azərbaycan Televiziyasının kollektivinə yeni uğurlar arzulayıblar.

Bütün bu yeniliklər isə hələ son deyil. Azərbaycan Televiziyasında islahatlar davam edir. Bütün bu islahatlar isə Azərbaycan adlı bir məmləkəti olduğu kimi dünyaya tanıtmağa xidmət edir!

 

 

Ağanisə SULTANOVA

 

525-ci qəzet.- 2010.- 19 iyun.- S.25.