AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ
(Sevimli övladının – “Əkinçi”
qəzetinin ilk sayının 50 illiyi münasibəti ilə Həsən
bəy Zərdabiyə ithaf edilir)
(Əvvəli ötən şənbə
sayımızda)
Həsən bəy
yuxarıda adlarını çəkdiyim mətbuat
orqanlarındakı olduqca faydalı və səmərəli
publisist fəaliyyəti ilə bir sırada Bakı şəhərinin
idarəçilik məsələlərində də
yaxından iştirak edirdi. O, iki dörd illik müddət ərzində
ardıcıl şəkildə şəhər Dumasına
üzv seçilmişdi. Jurnalistlik fəaliyyətindən də
çəkilmədiyi həmin səkkiz ili
yorulmaq bilmədən, heç bir təmənna güdmədən
ictimai işlərə sərf etmişdi. “Kaspi”
redaksiyası və Dumanın binası-Həsən bəyi hər
zaman görmək və tapmaq mümkün olan əsas yerlər
idi. O, evə yalnız yatmaq üçün gəlirdi. Bəzən uşaqlarının üzünü həftələrlə
görmürdü. Mənzilinə adətən
gecədən xeyli keçmiş, Dumanın və onun
çoxsaylı komissiyalarının iclasları başa
çatandan sonra qayıdırdı. Həsən
bəy keçirilən iclasların demək olar ki,
hamısının işində iştirak edirdi.
Bakı şəhərinin
ictimai həyatında elə məsələ yox idi ki, Həsən
bəy onunla yaxından maraqlanmasın, onu diqqətlə
öyrənməsin, müxtəlif komissiya iclaslarında və
Dumada müzakirəyə çıxarmaq üçün səy
göstərməsin. Həsən bəy Dumanın müzakirə
olunan məsələlərlə bağlı yazılı mənbələr
və faktiki material əsasında əvvəlcədən və
çox diqqətli hazırlaşan nadir, bəlkə də
yeganə üzvü idi. O, senzli Dumada
iştirakını, burada üstünlüyü şəhərin
bütün işlərini öz əllərində saxlayan
varlıların təşkil etdiyini yaxşı başa
düşürdü. Odur ki, həmişə bütün məsələlər
barəsində ətraflı məlumata malik olmağı, hər
an döyüşə hazır vəziyyətdə
dayanmağı zəruri sayırdı.
Aydın məsələdir
ki, Həsən bəy hətta istəməsə belə
Dumanın öz pullarının, mal və mülklərinin
keşiyində möhkəm dayanmış zəngin təbəqənin
təmsil edən üzvləri ilə mütləq
qarşı-qarşıya gəlməli idi. Maddi səciyyəli
maraqlar Həsən bəyin özünə tamam yad idi.
O da kürəkəni Əlimərdan bəy
Topçubaşov kimi Dumaya bir nəfər bakılının
yetim uşaqlarının himayəçisi kimi
keçmişdi. Özünü yoxsul təbəqənin,
hüquqları hakimiyyət nümayəndələri tərəfindən
ən çox tapdanan və şəhər
başçılarından ən az
qayğı görən əhalinin təmsilçisi
sayırdı. Həsən bəy əvvəldən
axıra kimi Dumada məhz fikir və rəyləri ilə
heç kəsin hesablaşmadığı belə
insanların müdafiəçisi olaraq qaldı.
Həsən bəy
iclaslarda əlindəki rəqəm və faktlara əsaslanaraq
şəhər idarəsinin, onun tabeliyindəki orqanların fəaliyyətini
haqlı və kəskin tənqid edirdi. Şəhər rəhbərliyini
varlıların istək və iradəsinə uyğun hərəkət
etməkdə, yalnız imkanlı adamların
yaşadıqları mərkəzi hissəni
abadlaşdırmaqda, başqa məhəllələrə,
xüsusən də yoxsul daxmalarının yerləşdiyi
ucqarlara diqqət yetirməməkdə, burada yolların sahmana
salınmasına, məktəb və xəstəxanalar
açılmasına, abadlıq və işıqlandırma
işlərinə, nəqliyyat təminatına əhəmiyyət
verməməkdə günahlandırırdı. O, yalnız
şəhər memarlarının və mühəndislərinin
irəli sürdükləri gərəkli, faydalı təklif
və layihələri tərifləməklə vəzifəsini
bitmiş saymırdı. Şəhərin diqqətdən
kənarda qalan kasıb, ucqar məhəllələrində təxirəsalınmaz
abadlıq işləri aparılmasını tələb
edirdi. Dumanın nadir iclasları Həsən
bəyin kəskin xarakterli çıxışları olmadan
keçirdi. Bu çıxışlar əsas
etibarı ilə torpaq sahələrinin çox
aşağı qiymətlərlə Bakı zənginlərinə
satılması ilə əlaqədar şəhər idarəsinin
qəbul etdiyi qərarlara qarşı çevrilirdi.
Dumanın belə ədalətsiz qərarlarına
etirazını bildirən, qanunverici hakimiyyət təmsilçilərini
xalqla vicdanlı və insaflı rəftara çağıran
Həsən bəy fikirlərini dəlil-sübutlarla əsaslandıraraq
göstərirdi ki, torpaqları varlılara ucuz qiymətə satan şəhər idarəsi kasıblara
münasibətdə tamamilə fərqli mövqe tutur, şəhərin
baş planına uyğun gəlmədiyini bəhanə edərək
onların daxmalarını başlarına uçurur. Əgər
bir tərəfdən “Kaspi” qəzeti, o biri tərəfdən
isə Həsən bəy və Dumanın yoxsulların
maraqları müdafiəsində dayanan Ə.Topçubaşov,
A.M.Benkendorf və b. kimi bir neçə nəfər
üzvü olmasaydı, Bakının yüzlərlə, bəlkə
də minlərlə yerli sakinlərini diş-dırnaqları
ilə qurduqları yoxsul evlərini həmişəlik itirmək
kimi əzablı tale gözləyirdi. Bakının
müxtəlif millətlərdən ibarət yoxsul və əməkçi
sinfi Həsən bəyin xidmətlərini unutmur, Dumadakı
çıxışlarını yüksək qiymətləndirir,
onu özlərinin həqiqi müdafiəçisi
sayırdılar. Yaşadıqları küçə və
məhəllələrin abadlaşdırılması,
bazarlarda qayda-qanun yaradılması, vergilərin
toplanmasında düzgünlük və ədalətin
gözlənilməsi və s. məsələlərlə əlaqədar
xahişləri nəzərə alınmayanda onlar ya
ayrı-ayrılıqda, ya da kollektiv şəkildə Həsən
bəyə şikayət məktubları
ünvanlayırdılar. Onlar yaxşı
bilirdilər ki, xahişlərini cavabsız qalmayacaq, Həsən
bəy Dumanın ən yaxın iclaslarının birində
lazımi idarələrə sorğu ünvanlayacaq, çəkinmədən
günahkarın adını söyləyəcək və
tezliklə qayda-qanun yaradılmasına nail olacaq.
Və bu adamlar
öz gümanlarında yanılmırdılar. Həqiqətən
də Həsən bəyə ünvanlanan müraciətlərin
heç biri diqqətdən kənarda qalmır,
hamısına cavab verilirdi. Nəticədə, şəhər
idarəsi daha çox inanmağa başladı ki, Həsən
bəyin-bu “xırdaçı” qlasnının idarəçilik
orqanlarının fəaliyyətinə tənqidi münasibəti
onun hikkə və əsəbiliyindən deyil, vəziyyəti
az da olsa, yaxşılığa doğru dəyişdirməklə
bağlı səmimi istəyindən irəli gəlir. Şəhər idarəsi və ümumən hakimiyyətdə
təmsil olunanlar əhalinin əksər hissəsinin Həsən
bəyin arxasında dayandığını, onun ictimai fikirdə
özünə çoxlu tərəfdarlar
tapdığını, tənqid və sərt
ittihamlarının da buradan qaynaqlandığını
görməyə bilməzdilər.
lll
Dumaya
seçildiyi dövrdən etibarən şəhər həyatı
ilə bağlı əksər daxili və xarici səciyyəli
təşəbbüslər Həsən bəyin adı və
yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdu. Belə təşəbbüslər
sırasına şəhərdəki bağçaların
sahmana salınması, Dənizkənarı bulvarın yenidən
qurulması və s. daxil edilə bilər. Ən
çox diqqəti çəkən cəhət isə Həsən
bəyin Bakı əhalisinin maariflənməsi istiqamətində
gördüyü uğurlu işlər idi. Yalnız fəaliyyətinin bu sahəsi onun xatirəsinin
həmişə böyük ehtiramla yad edilməsi
üçün kifayətdir. Həm də
Həsən bəy sadəcə xalq maarifi sahəsində
çalışmaqla kifayətlənmirdi. O,
könüllü şəkildə həm oğlan, həm
qız uşaqlarının təlim-tərbiyəsi işinə
mənəvi rəhbərlik kimi çətin və məsuliyyətli
bir işi öz öhdəsinə
götürmüşdü.
Bu iş onun daha əvvəlki
dövrdən başlanmış maarifçilik fəaliyyətinin
uğurlu davamı idi. Başlanğıc mərhələ ilə
müqayisədə indi Həsən bəy parlaq nəticələrə
çatmaq üçün daha məqbul şərait və
daha çox maddi vəsait əldə edə bilirdi.Həsən
bəy bütün Bakı əhalisi arasında maarifin
yayılmasına özünəməxsus düzgünlük
və fəallıqla iqdam etsə də, əsas diqqəti təbii
ki, maarif işığından daha uzaq düşmüş
insanlara yönəldirdi. Həmin insanlar isə
şəhərin müsəlman sakinləri idi. Dumanın Təhsil komissiyasının dəyişilməz
üzvü kimi Həsən bəy ibtidai məktəblərin,
xüsusi ilə rus-müsəlman məktəblərinin
sayının artırılması, onların maddi
bazasının yaxşılaşdırılması, tədrisin
səviyyəsinin yüksəldilməsi üçün əlindən
gələni əsirgəmirdi. Onun səyi
nəticəsində 1906-cı ildə rus-müsəlman məktəblərinin
sayı 3-dən 16-ya çatdırılmışdı.
Ən başlıcası isə qızlar
üçün də belə məktəblərin təşkilinə
başlamışdı. Həmin məktəblərin
müəllimləri Həsən bəyin ən yaxın
dostları sırasına daxil idilər. O, Təhsil
komissiyası və şəhər idarəsi vasitəsi ilə
istər tədris, istərsə də təchizat
baxımından məktəblərin ehtiyaclarının aradan
qaldırılmasına bacardığı qədər
çalışırdı. Tez-tez həmin məktəblərə
baş çəkməsi, mövcud çətinlik və
ehtiyaclarla bağlı müəllimlərlə söhbətlər
aparması təhsilə ayrılan vəsaitin
artırılması kimi büdcə xarakterli məsələlərdə
Həsən bəyə böyük yəqinlik və enerji
verirdi. Ümumiyyətlə xalq maarifi ilə
bağlı məsələlərdə o, güzəşt nə
olduğunu bilmir, mövqeyindən heç zaman geri çəkilmirdi.
Həmişə mübarizəni uğurla
başa çatdırmaq üçün özündə
güc və qüvvə tapırdı. Ədalət
naminə qeyd etmək lazımdır ki, təhsillə
bağlı məsələlərdə şəhər idarəsi
də əksər hallarda Həsən bəyin mövqeyini
müdafiə edir, lazımi məqamlarda kifayət qədər
səxavət və əliaçıqlıq göstərirdi.
lll
Həsən bəyin
maarifçilik fəaliyyətinin ən parlaq nəticələrindən
biri Bakıda müsəlman qızları üçün nəzərdə
tutulmuş Birinci Qız Məktəbinin açılması
(5 oktyabr 1901-ci il) idi. Bu məktəbin
əsasını indi haqqın dərgahına qovuşmuş
Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə
qoymuşdu. Əminliklə demək olar ki,
belə bir seçim edərkən mərhum öz sərmayəsinə
ən sərfəli və zəruri tətbiq sahəsi
tapmışdı. Qız məktəbinin
açılması ideyasını isə Hacı Zeynalabdin
Tağıyevə Həsən bəy vermişdi. Bu gözəl təşəbbüsü həyata
keçirmək məqsədi ilə o, Əlimərdan bəy
Topçubaşovla birlikdə Tiflisə getmişdi. Qafqaz Canişinliyinin və Qafqaz Təhsil Dairəsinin
bir çox yüksək rütbəli məmurlarının
kabinetlərini dolaşdıqdan sonra onlar, nəhayət məktəbin
açılmasına icazə ala bilmişdilər. Diqqətəlayiq mədəni uğur münasibəti
ilə “Kaspi” redaksiyası ətrafında toplaşmış
müsəlman ziyalıları böyük şadyanalıq
düzəltmişdilər. Məktəbin
açılış günü onun xeyirxahı və banisi
Hacı Zeynalabdin Tağıyevə həmin ziyalılar
adından müraciət ünvanlanmışdı. Müraciətə ilk imzanı müsəlman
ziyalılarının ağsaqqalı olan Həsən bəy
atmışdı. O, böyük sevinc hissinin təsiri
ilə imzasının altında “Yaşasın Hacı
Zeynalabdin Tağıyev!” sözlərini də
yazmışdı.
Həsən bəy
və Əlimərdan bəy Topçubaşov Birinci Qız Məktəbinin
Himayəçilər Şurasının ilk fəxri üzvləri
seçilmişdilər.
Məktəbin
müdirəsi vəzifəsinə isə Hənifə
xanım Məlik-Zərdabi dəvət olunmuşdu. Həmin
vaxtdan etibarən Həsən bəyin sədaqətli
ömür-gün yoldaşı maarif sahəsində müstəqil
fəaliyyətə başlamışdı. Əslində Həsən bəylə birlikdə
keçdiyi həyat yolunun özü ona ən yaxşı məktəb
idi. Hənifə xanım yalnız maarifin
xilasedici gücünə inanmaqla kifayətlənməmişdi.
Hənifə xanım yalnız bilik və təcrübəsini
xalq kütlələrinin maariflənməsi işinə
yönəltməklə fəaliyyətini məhdudlaşdırmamışdı.
O, həm də xalqın tələbat və
ehtiyaclarını diqqətlə öyrənmiş, içərisində
yaşadığı insanların adət-ənənələrinə
dərindən yiyələnmişdi. Müsəlman
qadınlarının fərəhsiz həyatı və
onların hec vəchlə ödənməyən əqli tələbatları
həmişə Hənifə xanımın diqqət mərkəzində
dayanmışdı. Hər yerdə-ürəkdən
sevdiyi “Əkinçi”nin nəşri
dövründə Bakıda yaşayanda da, Zərdaba
köçmək məcburiyyəti qarşısında
qalanda da Hənifə xanım müsəlman qadınları
üçün münasib həyat şərtlərinin
yaradılması, onlarda həyata daha ayıq münasibət tərbiyə
edilməsi ilə bağlı təbliğat aparmaqdan
yorulmurdu. O, lazımi məsləhətlər verir, digər
ölkələrdə müxtəlif sahələrdə fəaliyyət
göstərən qadınların həyatından nümunələr
gətirirdi. Bakıya qayıtdıqdan sonra isə
Hənifə xanım şəhərdə mövcud olan, lakin
məlum səbəblərdən hələ müsəlman
qızların ayağı dəyməyən qadın təhsil
müəssisələrinin fəaliyyəti, orada tədrisin təşkili
ilə yaxından maraqlanırdı. Digər
tərəfdən Həsən bəyin rus-müsəlman məktəbləri
ilə bağlı gördüyü işlər də Hənifə
xanımın gözləri önündə cərəyan
edirdi.
Nəticədə
o, müstəqil şəkildə maarifçilik fəaliyyəti
ilə məşğul olmaq üçün lazımi
hazırlıq keçmişdi. İlk dövrlərdə
təbii görünən çətinliklər istisna edilməklə
qadın təhsil müəssisəsinin rəhbəri vəzifəsinin
öhdəsindən uğurla gələ bilərdi. İstər məktəbin müdirəsi, istərsə
də müəllim kimi Hənifə xanım çox
böyük uğur qazanmışdı, yetirmələrinin və
bütün müsəlman cəmiyyətinin, ilk növbədə
isə qadın və qızların böyük sevgisinə
nail olmuşdu. Birinci müsəlman Qız
Məktəbinin açılmasına həmin dövrdə
mövqeləri hələ yetərincə güclü olan
mollaların, qismən də tacirlərin və digər
imkanlı şəxslərin maneçilik törətdiklərini
göz önünə gətirsək, onun öz işində
uğur qazanana qədər üzləşdiyi çətinliklərin
miqyası daha da aydın olar.
İstər
adı çəkilən Qız məktəbində, istərsə
də müdirəsi olduğu eyni tipli şəhər təhsil
müəssisəsində müsəlman qızları
arasında yaxşı savad almış kadrların
hazırlanmasında birincilik şərəfi Hənifə
xanıma məxsusdur. O, özünün bu nəcib fəaliyyətini indi də
davam etdirir. Azərbaycanlılar, heç
şübhəsiz, maarif sahəsində əldə etdikləri
bir sıra uğurlar üçün Hənifə xanıma
minnətdar olmalıdırlar. O, dağlı qızı
olsa da, bütün qəlbi ilə Azərbaycan xalqını
sevdi, mənəvi cəhətdən bu xalqla
doğmalaşıb bütünləşdi. Yaşının
ahıl çağlarına qədəm qoymasına baxmayaraq
Hənifə xanım indi də özünəməxsus
enerji, bilik və təcrübə ilə xalq təhsili sahəsindəki
fəaliyyətini davam etdirməyə hazırdır. Onun fədakar xidmətləri unudulmamalıdır.
Həsən bəy Məlik-Zərdabinin ən
yaxın silahdaşı və sədaqətli
ömür-gün yoldaşı Hənifə xanımın
son dərəcə qiymətli maarifçilik fəaliyyətinin
xüsusi qeyd edilməsinə ehtiyac vardır.*
lll
Azərbaycan
türklərinin intellektual və mədəni
inkişafında Həsən bəyin adı ilə
bağlı bir sıra mühüm təşəbbüslər
mövcuddur.
İlk teatr tamaşası, xalq nəğmələrinin ilk nəşri,
ilk xeyriyyə cəmiyyəti, atalar sözlərinin ilk dəfə
* Bu sətirlərin qələmə
alındığı 1925-ci ildə Hənifə xanım
Abayeva-Məlikovanın Bakı məktəblərində
pedaqoji fəaliyyətinin 25 illiyi tamam olurdu. (Tərc.)
toplanması bu təşəbbüslər
sırasına daxil edilə bilər.
Daha böyük fayda gətirmək,
kütlələr arasında maarif işığını
daha gur və geniş yaymaq üçün Həsən bəy
xalq həyatını bütün tərəfləri və cəhətləri
ilə əhatə etməyə can atırdı. Ona görə
də faydalı ola biləcəyi heç
bir işin yanından sakit ötüb keçmirdi, hər bir
yeni mədəni təşəbbüsə qoşulmaqdan
özünü saxlaya bilmirdi. Çünki onu əhatə
edən qaranlıq həyat hər ziya zərrəsinə,
günəş işığının hər
şüasına möhtac idi. Həsən
bəy həyatın bütün kəskinliyi ilə ortaya
çıxan zəruri tələblərinin ardınca getməli
idi. Bundan başqa bir yol
tanımırdı. O. fəaliyyətini
heç vəhclə yalnız bir sahə ilə məhdudlaşdıra
bilməzdi. Yalnız bir təbəqənin
tələblərinə cavab verməklə kifayətlənə
bilməzdi. Nə qədər faydalı və
nəcib olsa da, yalnız bir peşənin sahibinə
çevrilə bilməzdi. Mükəmməl təhsil
görmüş Həsən bəy təbiət tarixi üzrə
müəllim, ümumiyyətlə, çox bacarıqlı
pedaqoq ola bilərdi. İlahidən
ona belə istedad verilmişdi. Pedaqoji sahədə
çalışsaydı, bir müddət sonra orta təhsil
müəssisənin direktoru vəzifəsinə də
yüksələ bilərdi (yeri gəlmişkən,
sürgünə göndərildiyi Stavropolda belə təklif
almışdı). Yaxud qazandığı xüsusi
biliklər sayəsində çox gözəl kənd təsərrüfatı
mütəxəssisi ola bilərdi. Həsən bəyin tanınmış jurnalist, yaxud
vəkil kimi məşhurlaşmaq imkanları da kifayət qədər
böyük idi.
Lakin Azərbaycan
türklərinin həmin dövrdəki vəziyyəti
azsaylı ziyalılara yalnız bir sahə üzrə
ixtisaslaşmağa imkan vermirdi. Mövcud həyat
şərtləri həyatını xalqa xidmətə verən
hər ziyalı şəxsdən eyni zamanda bir neçə
sahədə fəaliyyət göstərməyi tələb
edirdi. Sanki xalq həmin ziyalı ilə şərt kəsir
və deyirdi: “Əgər həyatını
bütünlüklə mənə xidmətə həsr etmək
istəyirsənsə, onda yalnız bir sahə üzrə
mütəxəssis olmaq fikrini həmişəlik
unutmalısan. Özünü
bütünlüklə mənim ixtiyarıma verməlisən.
Hansı anda nəyə ehtiyac duysam, o sahədə
çalışmağı bacarmalısan. Əks-təqdirdə xidmətinə ehtiyac duymuram.
Bəlkə də bir sahənin mütəxəssisi
kimi, peşəkar kimi sən göydən ulduz da qopara bilərsən.
Mənə isə yalnız bir sahədə
deyil, hər işdə lazımsan”.
Bu məcburi
ensiklopedizm və unversalizm mədəni cəhətdən
geridə qalmış xalqların tərəqqisi yolunda
çalışan milli ziyalıların qisməti və səciyyəvi
özəlliklərindən biridir.
Yerin,
zamanın və şəraitin, eləcə də mövcud həyat
şərtlərinin tələbi ilə Həsən bəyin
fəaliyyəti də belə metamorfozalara məruz
qalmış, geniş və çoxcəhətli səciyyə
daşımışdı.
Paris, 1925-ci il.
Stokholm-Turku-Helsinki- Riqa-Varşava 27 aprel-5 may 2010-cu il
Əlimərdan bəy Topçubaşi
525-ci qəzet.- 2010.- 19 iyun.- S.22-23.