Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
(Əvvəli ötən şənbə
saylarımızda)
Milli iftixarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam
olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir.
Hazırlıq işləri artıq
başlanmışdır. Üzeyir bəyin, onun zəngin
irsinin pərəstişkarı kimi mən də, neçə
ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini,
xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara
qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən
mətbu əsərlərini aramaqla məşğulam. Hələlik
1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə oxucuları
“525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Şirməmməd HÜSEYNOV
Ordan –burdan
Zəngəzur
uyezdindən, Ordubad və Naxçıvan vasitəsilə
yetişən xəbərlər öylə bir dəhşətli,
o qədər hövlənak, o dərəcə qəməfrazdır
ki, onları qeydsiz və qayğısız eşitmək
üçün daşdan, dəmirdən yapılmış
ürək lazım degil. Yalqız bir müsəlman olmaq
lazımdır, hər kəs mənə inanmıyorsa aşağıdakı
söhbətlərə qulaq versin:
–1–
Birisi –: “İrşad”da
Ordubad və Naxçıvandan yazılmış əhvalatı
oxudunmu?
Müsəlman –: Oxudum. Amma
inanmıyoram!
Birisi –: Neçün, balam?
Müsəlman –: Əşi
öylə də iş olarmı, yalan sözdür ki,
yazırlar, mən onlara inanmaram, heç sən də inanma!
Birisi –: Axı bu sözləri
ermənilər də yazır: “Mışaq”da yazılanı
oxuyubsanmı?
Müsəlman –:
“Mışaq” da yazıyor? Hm, hm ... Onda böylə məlum
olur ki, “Mışaq” çox bitərəf qəzetlərin
birisidir ki, öz ermənilərinin pisligini yazıyor, Allah eləsin
öylə də olsun. Yoxsa əvvəl
danışırdılar ki, “Mışaq” çox..... və
bir də mən sana deyim o əhvalatı “Mışaq” da
yazsa, buna o qədər inanmaq lazım degil, çün ki,
“Mışaq” istiyor ki, söz arasında öz əskikliklərini
xəlqə bildirsinlər ki, bəli bizlər indi müsəlman
öldürməgə başlamışıq.....
Qərəz bu gunə
işlərdən baş açmaq çətindir, ona
görə də artıq etina eləmək lazım degil, vəssəlam!
–2–
Allah bəndəsi –: Ay
müsəlman, Ordubad və Naxçıvandan
yazılmış əhvalatı oxudunmu?
Müsəlman-: Oxudum, necə?
Allah bəndəsi-: Necə
–necə? Heç sənə əsər eləmədi?
Müsəlman –: Balam, əgər
bu iş təcili olsa idi, əlbəttə əsər edərdi.
Amma təcili degil, çün ki, müsəlmanın adəti
odur ki, həmişə gərək başı qapazlı
olsun, ona görə də bu cürə əhvalatlar bir o qədər
əsər eləmiyor!...
lll
“Baku” qəzetəsinin
yazmağına görə Kazanda ümummüsəlman
ictimaində böylə qərar qoyulubdur ki, ermənilərə
müraciət etsinlər ki, Qafqazda olan bu erməni –müsəlman
ixtişaşını yatırtmağa kömək eləsinlər.
Çün ki, ermənilərin içində “kulturni” adam
çoxdur. Mən bu əhvalatı oxuduqda əvvəl istədim
ki, bir qədər güləm, amma sonra Ordubaddan gələn
məktubu yadıma salıb və “kulturni” ermənilərin
“ixtişaşı yatırtmağını” mülahizə
edib çox bikef oldum! Məndən olsa, indi ki, müsəlmanlar
öz bişüurluqlarını iqrar edirlər, qoy nahaq yerə
məclis qurub “ermənilər ixtişaşı
yatırtmağa kömək etsinlər” kibi boş sözlər
ilə xəlqi özlərinə güldürməsinlər.
Yaxşısı budur ki, dinməz –söyləməz oturub
“Molla Nəsrəddin” kibi bu fərdi virdi –zəban etsinlər:
Millət necə tarac olur
olsun
nə işim var,
Düşmənlərə
möhtac olur olsun
nə işim var!
Filankəs
“İrşad”, 27 avqust 1906, ¹
202
Ordan –burden
Məlum olduğu üzrə
erməni politikasının bir iqtizası da budur ki, müsəlman
pişrovları həmişə töhmətləndirilsin və
nüfuzları azalsın. Odur ki, görürsən ermənilər
nərədə bir müsəlman mücahidi gördülərmi
haman dəm onu töhmət altında basdırmağa qeyrət
ediyor. Müdirimiz Əhmədbəy Ağayev haqqında
bütün erməni aləminin böhtan və iftiralar deyib
zurnalarında cürəbə –cürə mahnılar
çalmağı hamının məlumudur. Təəccüb
burasıdır ki, erməni dalda iftirasını diyor, müsəlmanı
ləkəliyor. Amma üz –üzə gəldikdə
yalvarıb üzr istiyorlar. Provakator “Mışaq”ın baş
mühərriri keçən il Əhmədbəy xüsusunda
bir iftira yazmışdı. Fəqət sonra Əhmədbəy
ilə qəflətən görüşüb dili dolaşa –dolaşa
üzr isterham etməgə məcbur olmuşdu. İmdi dəxi
Əhmədbəy xüsusunda böhtan yazmaqdan məlum olur
ki, yalvarıb üzr istəmək “Mışaq” mühərririnin
çox xoşuna gəlir... Hm!
Rəfiqə məktub
Dostu –mehriban, salam duadan sonra
yazıb məlum edirəm ki, məktubun gəldi yetişdi.
Oxuyub və məzmunundan xəbərdar olub haman dəm dedim
ki, sən də oturduğun yerdə durub “sosial –demokrat” olmaq
istiyorsan.... nə zərəri var, mənim bir sözüm
yoxdur. Özün bilən yaxşıdır. Ancaq bunu sənə
deyim ki, əzizi –mən, təqazai –zəmanə belə
göstərir ki, müsəlmanlardan ötrü “sosial
–demokrat” olmaq üçün bir neçə mühüm
şərtlər vardır ki, o şərtləri qəbul etməsən,
heç vədə “sosial –demokrat” ola bilməzsən. Ona
görə o şərtləri mən bildigim
üçün yazıb sənə məlum edirəm, qulaq
as və yadından çıxartma.
Hərgah bir müsəlman
istiyor ki, “sosial –demokrat” olsun, lazımdır ki, əvvəla
müsəlman millətini bilmərrə yadından
çıxardıb, müsəlman sözünü eşidəndə
ağzını büzüşdürsün. Və saniyən,
əgər ona desələr ki, ermənilər Qarabağda, Zəngəzur
mahalında müsəlmanları qırırlar, gərək
inanmıyıb bu xəbəri verənə provakator desin. Va
salisən, hərgah bir çinovnikin erməni tərəfdarı
olub müsəlmanları topa tutdursa, o çinovnikə
provakator deməsin; və bu sözü ağıza alıb
danışmasın və rabiən, hər gah erməni yazsa
ki, müsəlman bəgləri ara vuruşdurandır və
daşnaksüyun da sülh firqəsidir, bu sözə kəmali
–itaət ilə inanıb, müsəlman bəgini
gördükdə şıllaq atsın və
daşnaksüyuna da müsəlman kimi iki qat baş əgsin.
Və xamisən, əgər görsə ki, müsəlman
milləti əldən gedir, cani və malı tələf
olur, vətən xarabazara dönür –bunların heç
birinə etina etməsin və öz işində olub, hər
dəm bir xoruz kimi banlasın “yaşasın müsəlman
sosial demokratı!”
Pəs, əzizim bu şərtləri
qəbul etsən əsl müsəlman “sosial –demokratı”
olarsan. İndi özün bil və öz keyfinə bax, əqlin
var, gözün var, xoşun gəlirsə, buyur “sosial
–demokrat” ol!
Sənin xeyirxahın
Filankəs
“İrşad”, 30 avqust 1906, ¹
204
Ordan –burdan
Dünənki nömrəmizdə
“Ümid” cənabları (Allah onun ümidini hasil eləyə!)
“Belədirmi?” adında bir məqalə yazıb diyor ki, ay
canım, ermənilər müəyyən və məlum bir
niyyət ilə “daşnaksakan” kimi bir orqanizasiya qayırıb
muradlarına çatmaq üçün iş görür.
Bizim yazıçılarımız da onlara diyor ki, ay ermənilər,
gəlin Allaha baxın, bu işdən əl çəkin,
tüğyan eləmiyin... Heç görün dəxli
varmı!
Belədir, cənab “Ümid”
doğru diyor. Misali –məşhurdur ki, “Quran oxumaqla donquz
darıdan çıxmaz”, bu bir. İkinciyə qalan yerdə sən
çox da erməniyə nəsihət eylə – erməni bir
o qədər dəli degil ki, bizim nəsihətimizə
baxıb biz kimi “qapazxor”, “milliyyətpərəst”, “qövl
dil”, “ağapərvər”, “kövncu”, “qorxukeş”, “soldat gərbəz”,
“qaradovoy bəsər”, “evdə xoruz, çöldə toyuq”
olsun. Erməni... Bir o qədər dəli degil, əfəndim!
lll
Sən öz nəsihətini
müsəlmana elə ki, Allaha baxıb, peyğəmbəri orada
görüb bir “malades” almaq üçün öz müsəlmanlarını
şeytanlamasınlar, ona sədəqət göstərməg
üçün bir millətpərəstin qalada
çürüməginə razı olmasınlar. Necə ki,
Tiflisdə razı olubdurlar.... Ax Tiflis, sən nə cürə
yer imiş sən ki, sənin içində olan müsəlmanlar
gah lotu olub fahişəxanə açmaq eşqinə
düşürlər, gah şeytan donuna girib yaxşı
adamlarını da puç etmək istiyorlar. Məgər bu
zorənzəngin Tiflis müsəlmanlarına heç bir əsəri
oluyormu, ay cəmaət.
Filankəs
“İrşad”, 7 sentyabr 1906,
¹ 210
RUSİYADA
Duma buraxıldıqdan bəri
Rusiya bir qətlgahə dönübdür desək, heç kəsin
bizə etirazı olmaz zənn ediyoruz. O gün, o saət yoxdur
ki, özünün neçə –neçə qurbanı
olmaya. Qurban olanlar da həm məsumlardandır, həm də məhrəmlərdən.
Heç kəsin bu gündən sabaha sağ qalacağına ümidi
yoxdur. Hər kəs öz ölümünü gözü
önündə tutaraq bir növ baş saxlıyor. Əcnəbilər
xof və həras ilə Rusiyaya baxıb sərhədindən
içəri qədəm qoymağa cürət etmiyorlar.
Qorxurlar ki, onları Rusiyada ya soyarlar, ya kəsərlər, ya
asarlar, ya partladarlar...
Bu qətlgahı təşkil
edənlər isə məlum olduğu üzrə hökumət
ilə bərabər əhalinin o qismidir ki, vaqeələr cərəyanı
onu cəlladlığa, quldurluğa, qatilligə məcbur
edibdir. Əsasən hökumətin bu qətlgah təşkilində
ümdə məqsədi bu növ ilə ölkədə
sükunət və asayiş bərqərar etməkdir. Asilərin
niyyət və məramı da –hökumət əmr və
binagüzarlığına zidd gedib onunla aşikara və xəfi
olaraq müxasimə və mübarizədə bulunmaqdır.
İmdi iş buradadır ki, istər hökumət və istər
asilər öz məqsədlərinə nail olmaq
üçün müqatilələr icrasında davam
ediyorlarsa da yenə də heç biri müvəffəq ola
bilmiyor. Ancaq qətlgah meydanı getdikcə dəhşətli
mənzərələr kəsbi ilə binəva əhalini son
dərəcədə incikliyə, nifrətə, dəhşətə
sövq ediyor. Hökumətin dar ağaclarından,
eşafotlarından əhalinin zəhləsi gedən kimi asilərin
də bir dəm məsumları badi –fənayə verən
bombalarından, partlanquclarından zəhləsi gediyor.
Çünki asiləri törədib meydanə
çıxaran hökumət olduğu kimi, hökumətin də
tədbiri –şədidə və cəbriyyəsinə səbəb
olan asilərdir. Yazıq əhali bu iki şərin dəfinə
durmağa müqtədir olmadığı üçün
yana –yana qalıbdır... Əlbəttə əhali bu iki
müxasiməçilərin birinə tərəfdar olub da
digərinin hərəkat və əfalını təskin edə
bilərdi. Lakin zavallı əhali kimə tərəfdar
çıxsın? Asilərəmi ki ölkəni, vətəni
hərcü mərcə sövq ediyorlar?!... Hökumətəmi??
– Nə həqq ilə, nə səlahiyyətlə? Məgər
hökumət əhalinin qəlbində özünə
qarşı cüzi də olsun bir etimad, bir etibar qoyubdurmu?...
Qoyubdursa, hanı Dövlət duması?!... Hökumət diyor
ki: qoy asilər sakit olsunlar, mən də əhalinin tələblərinə
əncam verim! – Qoy asilər sakit olsunlar... Görək, əhalinin
ciddi müqabiləsi olmasa asilər sakitmi olarlar? Əhalinin də
ciddi müqabiləsi o vəqt olar ki, hökumət onun etimad və
etibarını qazana. Bu da, söz yox, o zaman olar ki, hökumət
əhalinin məhz səadəti –məmləkət
üçün ibraz etdigi tələblərini bəri
başdan verib onunla səmimiyyətlə iş görə və
illa cəbr, zülm və sitəm ilə üsyanı
yatırdıb üsuli –keyfəmayəşanı təkrar tətbiq
etmək məhaldır...
Üzeyir
“İrşad” qəz. 14
sentyabr 1906,
¹ 216
Ordan –burdan
Xüsusi müxbirimiz Zəngəzur
əhvalatını teleqram ilə yazıb axırında
soruşur ki:
Məgər biz bədbəxtləri
ermənilər və erməni tərəfdarı olan
hökumət çəngalından qurtara bilən bir adam
tapılmazmı?
İş buradadır ki, cənab
müxbir yazmıyor ki, görək nə tövr adamı
diyor, yəni o adamdan ibarət müsəlmanı diyormu, yoxsa
qeyri –müsəlmanı.
Əgər müsəlman
diyorsa ... Yox, müsəlmanlardan öylə bir adam
tapılmaz, çünki hamıya məlumdur ki, müsəlmanın
bir xasiyyəti vardır ki, onun keyfini pozan, cibinə, zadına
nəfi olmayan sözlərə hələm –hələm
inanmaz. Bəlkə xaricidən filandan bir adam tapıla ki,
insaniyyətpərəstlik xatirəsi üçün Zəngəzur
bədbəxtlərinə bir mədəd əlin uzada,
baxmayın müsəlmanların “İttifaq” və
“İttihad” goplarına.
lll
Müsəlmanların bu
“İttifaq” və “İttihad”ını gördükdə həmişə
mənim yadıma üfürdək düşür. Məlumdur
ki, üfürdəgi üfürdükcə irilənib, yekələnib,
böyüyüb, şişib gözəgörkəmli bir
şey olur. Amma yerə qoyan kimi görürsən ki,
boşalmağa başlayıb o zorba şeydən axırda bir
tək dəri qalır.
Bizim müsəlmanlar həmçinin
birdən baxırsan ki, qızışıb kəmali –
hünər və şücaətlə meydanə girib ittifaq
və ittihad deyə –deyə əməlli –başlı iş
görməgə başlıyorlar, adam baxanda qəlbi fərəhlənir,
ürəgi şad olur, xoşuna gəlir, sevindigindən
gözləri yaşarır, əmma... İşləri
puça çıxardan bu “əmma” degilmi? Bir qədər
keçdikdən sonra görürsən ki,
qızışmış həriflərin üstünə elə
bil ki, bir boçka sərin su tökdülər:
hamısı “boşalıb” suya batmış toyuq kimi
qanadların sallıyıb hərəsi bir yerə
dağılır və öz şəxsi işlərinə
məşğul olub ittihadı, ittifaqı filanı zibil
torbasına atırlar və hətta az qalırlar ki,
ittifaqı yada salanın üstünə piştov da çəksinlər.
Filankəs
“İrşad” qəz. 17
sentyabr 1906,
¹ 218
Ordan –burdan
Bilmirəm hamıya məlumdurmu
ki, dünyada bihəyalıq bir neçə dərəcə
olur. Onların məşhuru budur: balaca bihəyalıq ki,
adamın zəhləsini tökür. Ortabab bihəyalıq
ki, adamın acığını tutdurur. Və bir də
böyük, yainki, qırmızı bihəyalıq ki, daha
heç kəs ona təhəmmül edəməz.
Qırmızı bihəya olmaq hər adamın “hünəri”
degil. Bunun üçün gərək adamın vicdan, insaf,
insaniyyət hissi, adamlıq iyi olmasın, yəni özü
adama oxşasın, amma vaqeən yırtıcı heyvan olsun.
Amma digəl ki, nə diyorsunuz, bununla belə bizim bu zavallı
ölkədə tamam bir yığıncaq adam vardır ki,
onların hamısı başdan –ayağa qırmızı
bihəyadırlar. Bu adamların adına müsəlmanca
bilmirəm, amma ermənicə “daşnaksakan” diyorlar.
“Daşnaksakan”ların bihəyalıqlarının
qırmızılığını sübuta yetirmək
üçün keçmişə əl atıb dəlil
qarpmaq lazım degil, bunun üçün bugünkü
nömrəmizdə “Bakı xəbərləri” içində
olan “daşnaksütun” firqəsinin Tiflis komiteti” imzalı “dəvəti”
oxumaq əqlimcə kifayətdir. Hərçəndi bu “dəvət”,
sadədil müsəlmanları aldatmaq üçün insan
dilində yazılıbdır, amma onu “daşnaksakan” dilinə
tərcümə etmək çox asandır. Qulaq asın, bu
saət tərcümə edərəm:
“Səfiə müsəlmanlar
bizə, daşnaksüyutun firqəsinə məlumdur ki, Tiflis
şəhərində iki müsəlman firqəsi vardır.
Biri həmişə bizim ayaqaltımızdır, o biri də
qeyrətli firqədir. Demək lazım degil ki, qeyrətli firqə
həmişə qeyrətlə iş görər,
çalışar ki, dava əsnasında özü və tərəfdarı
bəhrə aparıb ayaqaltı hesab olunanları mühafizə
etsin və onların bədxahını
sındırsınlar. Və biz “yalançı erməni
tayfası” bihəyalıq nəzərilə baxıb
görürük ki, əgər bu qeyrətli firqəni hiylə
toruna salmasaq və qəssəbxanəyə dəvət edib
başlarını kəsməsək, tazədən dava
salmağa bais olacağız. Ona binaən şeytanlıq yolu
ilə ayaqaltımız olan müsəlmanlara məlum edirik
ki, onların qeyrətli adamları beş –on adamdan ibarətdir.
Hər dəfə özlərini müdafiə etməgə
başlıyorlar. Bizim hiyləmiz baş tutmasa, cavab vermiyəcəgiz,
əgər hiyləmiz baş tutsa, o halda qeyrətli firqəni
puç edəcəgiz. Biz bu kağızı yazıb ayaq
altımız olanlara məlum edirik ki, onlar inansınlar ki, biz
ayaqaltımız müsəlmanları özümüzə tərəfdar
edəcəyiz. Onlar da qeyrətsiz olub qeyrətli firqəyə
daxil olmasınlar və qoymasınlar ki, müsəlmanlar qeyrətli
olsunlar. Müsəlmanlar bilinki bizim siz ilə qəsd və qərəzimiz
budur ki, əgər qeyrətli firqəniz bizə ayaqaltı
olmasa, siz ilə bir yerdə onlar ilə dava başlayıb
hamısını puç edək ki, iki millət arasında
tazədən ixtişaş salıb siz müsəlmanları
da biri-birinizə düşmən qayıraq.
Daşnaksüyutun firqəsinin
Tiflis komediyası”.
Pəs, qırmızı bihəyalığın
nümunəsi budur! Artıq söz lazım degil. Bu bihəya
“dəvət”dən bir neçə gün qabaq Tiflisdə
üç –dörd qeyrətmənd müsəlmanın
“daşnaksakan”lar tərəfdən hiylə ilə
öldürülməsini burada təkrar demək istəmirəm.
Filankəs
“İrşad”, 24 sentyabr 1906,
¹ 224
MƏKTƏB MƏSƏLƏSİ
Məktəb açıb
bütün elmləri öz ana dilimizdə tədris və təlim
etmək indi bizim əməllərimizin ən ümdəsidir.
Bu arzunun hüsula gəlməsi üçün biz var
qüvvətimiz ilə çalışmalıyız. Zira nəşri
–maarif və təmimi –mədəniyyət üçün
yeganə vasitəmiz bir bu təriqdir. Bu da məlumdur:
çünki, indiyə qədər mövcud olan və indi də
vücuduni saxlamaq üçün axırıncı dəfə
əl və ayaq çalan nühus tərzi –idarənin
yaratdığı şkolalar misyonerlər ocağı və
misyonerlik məhəlli olub hər kəsin nifrətinə səbəb
olur və mədəniyyət yolunda o xidməti ediyor ki,
hamını elm və maarifdən bacardıqca
uzaqlaşdırıyor. Zira şkolaların məqsədi xəlqi
maarifləndirmək degil, bəlkə ruslaşdırıb
axırda da mürtəd və bədbəxt etməkdir.
Lakin orasını nəzəri
–etibarə almaq lazımdır ki, ana dilində məktəb
açmaq nə qədər vacibdirsə, bir o qədər də
müşkül və çətin əmələ gələn
bir məsələdir. Əmələ gəlsə də,
arzu olunan nəticələri verə bilməyəcəkdir. Mətləbimizi
bir qədər izah edəlim.
Əgər Qafqaz Finlandiya
kimi imtiyazlı və nim müstəqil bir ölkə olsa idi,
ana dilində açılmış məktəblərdən
arzu olunan nətayic və məhsulati bilatərəddüd
gözləmək olardı. Çünki, o surətdə
bizim ana dilimiz indiki rus dilinin yerinə olub, bunun malik olduğu
imtiyazlara o da sahib olardı. İndi bir müsəlman, bir xidmət
və ya məmuriyyət vasitəsilə özünə kəsbi
–ruzi etmək üçün rusca oxumağa məcbur olan kimi
o halda da müsəlmanca oxumağa naçar idi. Amma Qafqaz
Finlandiya degil və olacağı da müşkül bir məsələdir.
Dilimizin heç bir imtiyazı yox və kəsbi –ruzi vasitəsi
də yalnız bir rus dilidir. Bəs əlan müsəlmanca
oxumağın füyuzati –mənəvisi nə qədər
çoxdursa, maddi köməgi də bir o qədər
azdır ki, bu da cəmaətimizin bir çox hissəsini ana
dilimizdə kəsbi –mərifət etməkdən çəkindiriyor.
Aşkardır ki, bütün cəmaəti ana dilində olan
məktəblərə təşviq və təğrib etmək
üçün o məktəblərdən gözləniləcək
maddi təminatı indidən təmin etmək lazımdır.
Bu bir çox mühüm məsələdir
ki, mərifət və mədəniyyətimiz zənnimcə,
yalnız bir bunnan asılıdır.
Unutmiyalım ki, əlan
yaşayıb ömür sürmək və məişət
keçirmək üçün mübarizədə bulunmaq əsridir.
Alim olub acından ölmək xahişində olanlar çox
azdır.
Təlim və tədris ana
dilində icra olunan məktəbi –ibtidaini ikmal etdikdən sonra
şagirdi rus –edadilərinə, yəni gimnaziya və realni
şkolalarına, təbiidir ki, qəbul etməzlər. Ana
dilində də bir darülmüəllimimiz olduğu halda
oranın şagirdləri də müsəlman müəllimligindən
savayi özgə bir şeyi öhdələrinə
götürə bilməzlər. Orası da vardır ki, cəmaətimizin
hər oxuyanı müəllim olmıyacaqdır və ola da
bilməz. Halbu ki, indi ki, rus ibtidai məktəblərini ikmal
etmiş edadiyələrə girə bilməsələr də,
bir qədər təcrübədən sonra bir qulluq sahibi olub
kəsbi –ruzi etməgə qadir olurlar. Odur ki, indi bir çox
valideynin birinci fikri budur ki, oğlum müsəlmanca oxuyub nə
olacaqdır?
Heyfa ki, keçən müəllimlər
ictimaində bu məsələ heç bir kəs tərəfindən
mövqei –müzakirəyə qoyulmadı. Ümidvarız ki,
gələcək Gəncə ictimaində bu məsələ
xüsusunda danışıb qəti bir qərar ittixaz olunar.
Ancaq o vaxtadək bu məsələni mətbuat vasitəsilə
bir qədər həllə çalışmaq və ictimaiə
yığılacaq əşxasi bu münval ilə
hazırlamaq lazımdır ki, hər kəs ətraflıca mülahizə
olunmuş müəyyən bir fikir ilə gəlsin.
Bu xüsusda biz dəxi
öz təsəvvüratımızı ənqərib
yazarız.
Üzeyir
“İrşad”, 12 oktyabr 1906,
¹ 240
ənqərib – yaxın
zamanda
Ordan –burdan
Bilirsinizmi ki erməni qəzetləri
nə haydadırlar? Nə qayırırlar?
Tüpürüşürlər!
“Yerkir” qəzeti
“Mışak”ın yüzinə tüpürür.
“Mışak” da tüpürcək ilə ona cavab verir.
İş burdadır ki,
“Mışak” qəzeti indi tövbə edib əvvəlki məsləkini
dəgişibdir. Yəni əvvəlcə bir o qədər
yalanlarıyla, iftiralarıyla bir yerdə tərif və tovsif
elədigi “daşnaksütunu” indi pisləməgə
başlayıbdır. Odur ki, “daşnaksütun” qəzetəsi
olan “Yerkir” hansı ki qırmızılığından yerə
girmək istəmir, “Mışak”a deyir ki: tfu sənə, ay
namərd!
“Mışak” da cavab verir ki:
tfu mənə deyənə olsun və namərd mənə
deyəndir!
Bunlar hələ çox
tüpürüşəcəkdirlər.
Hələ harasıdır
ki! Siz dalısına qulaq verin!
lll
Ermənilərin xasiyyətidir,
hamısı bir yerdə bir iş görürlər, amma elə
ki, araya bir qədər pul, ziyan filan düşdü
görürsən ki, tüpürüşürlər.
Müsəlmanların da bu cürə xasiyyəti var ki qızışıb
yığılıb bir iş görürlər, amma bir qədər
keçməz görürsən ki ta yorulduq! –deyib
dağılmaq fikrindədirlər. Hamı bilir ki, heç
vaxt rus hökuməti razı olmaz ki müsəlman
dükançıları təmiz bir həftə dükan
bağlamayıb alış veriş etsinlər. Amma bununla belə
bir çox dükançılar istər Bakıda istər
sair şəhərlərdə “cümə ittifaqını”
pozmaq istəyirlər və bunun üçün böylə
bir gülməli bəhanə gətirirlər ki, bəli,
müsəlman cavanları cümə günləri gedib keyf
edirlər. Guya ki bunlar cümə günü
dükanlarını açsalar müsəlman cavanları
bazar günü keyfə gedə bilməzlər...
Olmaz, ey, təbiətimizin təqazası
bunadır ki, gərək bizdə ittifaq filan baş
tutmasın!
Doğru deyibdir Sədi ki:
Müsəlmanların nifaqi
nə irraə kinəst!
Bəlkə təqazayi – təbiətəş
inəst!
Filankəs
“İrşad”, 13 oktyabr 1906,
¹ 241
Üzeyir HACIBƏYLİ
525-ci qəzet.- 2010.- 19 iyun.- S.20-21.