İrəvan teatrından sürpriz
(“Unutmağa kimsə
yox” tamaşasının
premyerası haqqında)
“Aktyor ikicə şeyi yaxşı bacarmalıdır – rolunu əzbərləməyi və
səhnədə mebellərə
ilişməməyi” – Spenser Treysinin bu sözləri
bir tərəfdən
obıvatel yanaşmasını
əks etdirirsə, digər tərəfdən
yarıtmaz, ortabab tamaşanın, aktyor oyununun doğurduğu acı təəssüratı
ifadə edir. Mən bu günkü Azərbaycan teatrının
ümumi mənzərəsinə
qiymət vermək fikrindən uzağam, lakin razılaşın ki, müəyyən istisnaları nəzərə
almaqla, adda-budda izlədiyimiz tamaşalar dünyanın özü qədər qədim teatr sənəti haqqında məhz bu cür fikirləşmək
üçün bol
material verir... Bu gedişatın obyektiv və subyektiv səbəbləri haqqında
uzun-uzadı danışmaq
olar, yazımızın
məqsədi isə bu deyil. Həm də, istisnalar təkcə qaydanı təsbit etmir, istisna – eyni zamanda qaydanın bütün zamanlar üçün dəyişməyən,
mütləq anlayış
olmadığına işarədir.
Burada Y. Qolosovkerin dialektikanın qanunları
haqqında fikirlərini
xatırlamaya bilmirəm:
dialektikanın iki qanunu var – dəyişilmədə
daimilik və daimilikdə dəyişilmə.
Bunlardan birincisi təbiətin, ikincisi isə mədəniyyətin qanunudur.
İkinci qanunun təzahürləri
ilə üzləşmək
həmişə xoşdur.
İyunun 17-də İrəvan
Dövlət Azərbaycan
Dram Teatrında yazıçı
Kamal Abdullanın məşhur “Unutmağa kimsə yox” pyesi əsasında eyniadlı tamaşanın
premyerası keçirildi.
Tamaşanın rejissoru,
“Yuğ”un məktəbini keçmiş
Gümrah Öməri
kamera teatrı tipli tamaşalara üstünlük verən
sənətkar kimi tanıyırıq. Onun rejissoru
olduğu tamaşaları
həmişə maraqla
izləmişəm. Gümrah Ömər
mənə görə
dünyada “yeni dram” adlandırılan dalğanı
təmsil edir və bu özünü
təkcə onun müraciət etdiyi dram əsərlərinə verdiyi
quruluşda və interpretasiyalarda deyil, bütövlükdə məsələlərə
yanaşma tərzində,
üslubi özəlliklərində
büruzə verir.
Kamal Abdullanın “Unutmağa kimsə yox” pyesi isə öz bədii strukturuna və siqlətinə görə
Gümrah Ömərin
sənət baxışlarının
dolğun-dürüst açılmasına
imkan verən bəlkə də yeganə (Azərbaycan şəraitində) əsərdir.
İstənilən halda, teatr tamaşasının əsasını
mətn təşkil edir, konkret–hissi substrat kimi. Teatrın məxsusi özəlliyi elə onun sintetikliyindədir: tamaşa pyesin mətni, rejissor işi, aktyorların oyunu və s. tərkiblərinin məcmusudur.
Aspirant, Quzu, Əntər,
Yekəpər... Səhnədə təkcə aktyorlar (obrazlar) dialoq aparmır, bu jestlərin, baxışların,
mimikaların və pozaların söhbətləşməsidir.
Adlarından da göründüyü
kimi, ən müxtəlif mahiyyətləri
ifadə edən bu obrazlar arasındakı
dialoji münasibət,
paralel olaraq, bu tip söhbətləşməylə
şərtlənir. Tamaşaya əvvəldən-axıra
kimi birnəfəsə
baxılır – yeri gəldi-gəlmədi rejissorun
varlığını hiss etdirən səhnə “tapıntılar”ı boynumuza
əlavə heç bir mükəlləfiyyət
yükləmir. Tamaşanı bir təbiət hadisəsi kimi izləyirsən, istənilən
istedadlı rejissorun əsl tapıntısı
elə bu olmalıdır – sonda fikirləşirsən. Sözün açığı
tamaşa müddətində
bu haqda fikirləşməyə macal
da tapmırsan, çünki burada klassik mənada antrakt da (tamaşanın
iki saata yaxan getməsinə baxmayaraq) nəzərdə
tutulmayıb. Əsl psixoloji
teatr – tamaşaçıyla
kontakt teatrı Gümrah Ömərin ifasında klassik teatrın bu özəlliyinə də
korrektələrlə yadda
qalır. Antraktda
aktyorlar tamaşaçılarla
təmasa girir, onlara su paylayırlar,
qısa replikalar səslənir... Burada antrakt əslində
tamaşanın bir parçasıdır. Tanınmış rus rejissoru İ.Vırıpayev
deyir ki, teatr uzağı yüz yerlik olmalıdır, bundan böyükdürsə, onu
teatr adlandırmaq olmaz. Biz məsələyə
bu cür kardinal yanaşmasaq da, “Unutmağa kimsə yox” tamaşasından sonra bu sözlərdə müəyyən həqiqət
olduğunun fərqinə
varırsan. Həqiqi sənət
əsərinin kütləvi
olması heç şərt deyil. Aktyorlar – Əhliman Ərşadlı, Vaqif Kərimov, Əjdər Zeynalov, Elnarə Heydərova, Ş.Esmeralda...
Onların oyununu bütün
yuxarıda dediklərimiz
illüstrasiya edir.
İrəvan teatrının binasının
acınacaqlı vəziyyəti
və kasıb texniki imkanları şəraitində onların
yüksək zövqlə
başa çatdırdıqları
tamaşa əsl mədəniyyət hadisəsinə
çevrildi. Bizə sonda
bu mədəniyyət
hadisəsinin müəllifləri
Kamal Abdullanı və Gümrah Öməri təbrik etmək və onlara yeni yaradıcılıq
uğurları arzulamaq
qalır.
Etimad
BAŞKEÇİD
525-ci qəzet.- 2010.- 19 iyun.- S.16.