“Mədəni sərvətlərimiz
elə qüdrətlidir ki, istənilən ovqatda olan
insanın düşüncələrinə hakim kəsilməyə
qadirdir”
ƏBÜLFƏS QARAYEVLƏ QALSTUKSUZ SÖHBƏT
Əbülfəs Qarayevin ənənəvi
avtobioqrafik təqdimata ehtiyacı yoxdur. Hamı onu əvvəl
Gənclər, İdman və Turizm naziri, indi isə Mədəniyyət
və Turizm naziri kimi tanıyır. Azərbaycanın ilk
pediatrı olan babasının adını daşıyır.
Ata nənəsi ötən əsrin əvvəllərində
Azərbaycanın ilk təhsil görmüş, maarifpərvər
qadınlarından olub; Sona xanımın vətənpərvər
şeirləri antologiyalarda yer alıb və dövründə
diqqət çəkib. Əmisi Qara Qarayev təkcə milli
musiqi tariximizin deyil, keçmiş Sovet İttifaqı musiqi
tarixinin nəhənglərindən biridir. Atası hərbi cərrah
Mürsəl Qarayev virtuoz cərrah olub; bircə faktı qeyd
etmək yetər ki, 5000-dən artıq uğurlu əməliyyat
edib.
Müsahibimizin özünə
gəlincə bu istiqanlı adam olduqca işgüzar və yetərincə
məsuliyyətli, sərtdir, bunu onunla daimi iş münasibətində
olanlar deyir. Söhbətə açıqdır, hətta
suala cavab verməməyi cavab verərək bacarır.
“Qalstuksuz” ilk qonağımız Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayevdir.
Səlim Babullaoğlu: Əbülfəs
müəllim, vaxt tapıb bizi qəbul etdiyinizə görə
Sizə təşəkkürümüzü bildiririk.
Bildiyiniz kimi, bizim nəşrin ilk “qalstuksuz qonağı”sınız
və bu da təsadüfi deyil . Siz Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm nazirisiniz.
İlk sualımız belədir: nazir olmaq necə bir məsuliyyətdir,
nə deməkdir: xalqa xidmət üçün verilən
imkandır, yaxud əlahiddə şəxsi üstünlük
və imkandır?
Əbülfəs Qarayev:
Nazir olmaq yalnız özümə görə və
özümün daşıdığım məsuliyyətdən
ibarət deyil. Bu, böyük bir sahədə
çalışan 70 min insanın apardığı işin,
dövlətin mədəniyyət siyasətinə uyğun
idarə olunması, Azərbaycan mədəniyyətinin zəngin
ənənələrinin qorunub saxlanması, onların
müasirləşdirilməsi, yeni mərhələyə
çıxması üçün var qüvvə ilə
çalışmaq deməkdir. Bu fəaliyyət
bütünlüklə respublika rəhbərliyinin həyatımızın
bütün sahələrində apardığı uğurlu
siyasətin davamlı nəticələrini təmin etməyə
yönəlib. Ümumiyyətlə, dövlət
qarşısında məsuliyyəti heç bir başqa
öhdəliklə müqayisə etmək olmaz.
Özümü Azərbaycan dövlətinin və bu gün
bu vəzifəni daşıdığıma görə Azərbaycan
mədəniyyətinin, incəsənətinin bir hissəsi
saydığıma görə qürur duyuram. Bu postda hər
bir insan çalışa bilər. Amma Allahın hökmü
və cənab Prezidentin qərarı ilə mən Mədəniyyət
və Turizm nazirliyinə rəhbərlik edirəm. Mənə
bu etimadı göstəriblər, mən də onu
doğrultmalıyam.
–Cənab nazir, iş elə
gətirib ki, mən illər əvvəl bir dəfə sizdən
müsahibə almışam. Yaxşı xatirimdədir, o
zaman belə bir şey demişdiniz ki, Ümummilli Liderimiz Heydər
Əliyev Gənclər və İdman Naziri təyin etməmişdən
əvvəl Sizi qəbul etmiş və təxminən bu
sözləri söyləmişdi: “Mən sizin ailəni,
atanızı tanıyırdım. Hətta gərək ki
ananızın özünü necə hiss etməsi ilə
maraqlanmışdı. Bunu elə-belə xatırlatmadım.
Qarayevlər – təkcə sizin şəxsinizdə deyil, həm
də Azərbaycan tarixində önəmli yer tutan
familiyadır. Babanız Azərbaycanda ilk uşaq həkimi
olub. Əminiz klassik Azərbaycan musiqisinin sərhədlərini
genişləndirib. Atanız çox görkəmli cərrah
olub. Bu nəsildən akademiklər, alimlər yetişib. Bu,
bir tərəfdən, sizin mədəniyyət naziri kimi
obrazınızı tamamlayır, daha doğrusu, bir az da
dolğunlaşdırır, digər tərəfdən, məsuliyyət
hissini bir qədər də artırmış olur”.
–Sözsüz, elədir. Mən
bu ailənin yetirməsi olmağımla fəxr edirəm.
Sözsüz ki, bu, məndən asılı olan faktor deyil,
dünyada hamının öz taleyi olur. Bu, nəsildən-nəslə
keçən bir xəzinədir. Bu xəzinəyə sahib
insanlar qarşısında həmişə öz ölkəsinə,
xalqına ləyaqətlə xidmət etmək amalı durur.
Məsələn təbabətdə – pediatriyada, cərrahiyyədə
və eləcə də tibbin qeyri sahələrində
ayrı-ayrı fərdlərə kömək göstərməklə
həkim istər-istəməz ailələrə, cəmiyyətə,
dövlətə xidmət etmiş olur. Çünki dövlətin,
millətin sağlamlığı vətəndaşların
sağlamlığını ifadə edir. Eyni zamanda
yaradıcı insan öz sənəti ilə məşğul
olmaqla əslində xalqına, vətəninə, dövlətinə
xidmət edir. O, nümayəndəsi olduğu ölkənin,
xalqın təfəkkürünün
daşıyıcısıdır. Fəxr edirəm ki, əmim
Qara Qarayevin musiqisi dünyada Azərbaycan mədəniyyətinin
dəyəri kimi qəbul olunur, yüksək qiymətləndirilir.
Tələbələrinin onun yaratdığı məktəbi
davam etdirməsi məni çox sevindirir. Eyni zamanda əmimin
oğlu da (Fərəc Qarayev nəzərdə tutulur – red.)
onun yolunu davam etdirir. Ümumiyyətlə, insan öz əməyini,
öz istedadını mütləq başqa insanlara, cəmiyyətə
həsr etməlidir. Mən fədakarlığı nəzərdə
tuturam. Yəni, vətəndaş hər hansı bir işi vətəndaşı
olduğu dövlətin qüdrətlənməsi naminə
görməlidir.
– Belə nəsil-nəcabətə
mənsub olmaq sizdə bu cür duyğu oyatmırmı ki,
onlar daha çox, daha böyük işlər görüblər.
Yəni bu, məsuliyyət, və narahatlıq hissini
artırırmı?
–Fikrimcə, hər hansı
bir insan öz əməlini və əməyini hansısa
şöhrətə, mükafata hesablamamalıdır.
–Şöhrət nöqteyi-nəzərindən
söyləmədim. Məsələn, Qara Qarayev Azərbaycan
klassik musiqisində təmamilə yeni bir yol açdı.
Bunu, təbii ki, şöhrət üçün etmədi. Mən
kölgədə qala bilmək ehtimalını, mədəniyyətin
yaradıcısı olmaqla, mədəniyyət siyasətinin təmsilçisi
və icraçısı olmağı fərqindən
çıxış edərək fikrinizi bilmək istərdim
...
–Mən əmimlə fəxr
edirəm. Yaxınlarımın kölgəsi bunu kölgə
yox, şüa, işıq adlandırardım – məni daha da
dolğunlaşdırır. Bu, bir tərəfdən, məsuliyyətimi
artırır, digər tərəfdən, məni isidir. Bu təbiidir.
Fəxr edirəm ki, hətta nazir olduğum vaxtlarda da
atamın çalışdığı xəstəxanaya gedəndə
orada məni nazir kimi yox, doktor Mürsəlin oğlu kimi qəbul
edirlər. Sanki mən həmin balaca uşağam və mənə
də yardım etmək lazımdır. Yəni, mənim nazir
olub-olmamağım onlar üçün xüsusi əhəmiyyət
kəsb etmir.
– Bu sizə daha xoş təsir
bağışlayır?
– Sözsüz. Əmimin tələbələri
ilə bu gün də xoş münasibətlər saxlamaqda
davam edirəm. Onları hələ tələbəlik illərimdən
tanıyıram. Sevinirəm ki, əmimin ənənələrini
davam etdirənlər var, həm də onlar çoxdur.
– Bizim ilk söhbətimiz
bağda baş tutmuşdu. Siz
uşaqlığınızı xatırlayırdınız.
Mən uşaqlığınızı harada keçirdiyinizi
soruşanda cavab verdiniz: “Elə bağda. O vaxt nə Kislovodsk,
nə Soçi dəbdə idi”. Amma sonradan taleyin
yazısı ilə siz ölkəmizdə başqa bir sahəyə
– turizm sahəsinə də rəhbərlik etməli oldunuz və
Azərbaycanın gəzməli, görməli yerlərini
Kislovodsk və Soçiyə çevirmək işi ilə məşğul
olmalı oldunuz...
–Bizim turizm imkanlarımız
onlardan heç də geri qalmır.
–Amma müsahibələrinizdən
birində deyirsiniz ki, bizim üçün turizm məqsəd
deyil. Bunu necə şərh edərdiniz?
–Bilirsiniz, Azərbaycan
özü-özlüyündə böyük təbii bir
qoruqdur. Onun daxilində tarix və mədəniyyət
qoruqları da var, insaniyyət, mənəviyyat qoruqları da
var. Məsələn, Azərbaycan xalqının əsrlər
boyu formalaşan ənənələrini – qonaqpərvərliyini,
ya elə mətbəx mədəniyyətini götürək.
Bunlar hamısı qorunmağa ehtiyacı olan sərvətlərdir.
Mən turizmi dünyada Azərbaycanın yaxşı dərk
olunması üçün istifadə vasitəsi kimi də
görmək istərdim. Burada ideoloji məqsəd ondan ibarətdir
ki, insanlar canlı ünsiyyətdə olarkən bir-birilərini
daha yaxşı tanıyırlar, təmasda olduqları ölkənin
mənəvi dünyasını görür, onun özünəməxsus
xüsusiyyətlərini mükəmməl dərk edirlər.
Bu çox vacibdir və biz bu imkanlardan çox ciddi şəkildə
istifadə etməliyik. Bu gün Azərbaycanda gedən
infrastruktur dəyişiklikləri, regionların
inkişafı bilavasitə turizmin inkişafına etibarlı
yol açır. Çünki yol, mədəniyyət,
insanların axını, daha böyük kütlənin
qarşısına əla xidmətlərlə çıxmaq
deməkdir. Eyni zamanda həm təbiətin qorunması, həm
də tarixi abidələrə qayğı ilə yanaşmaq
kimi bəşəri normalara riayət olunması turizmin təməl
vəzifələrindən biridir. Hesab edirəm ki, Azərbaycanın
turizm potensialı heç də digər ölkələrdəkindən
az deyil, hətta bəlkə də, onlardan üstündür.
Ölkəmizdə son illər müşahidə olunan turizm
infrastrukturunun – yollarla yanaşı mehmanxanaların, qida
müəssisələrinin və başqa sahələrin
inkişafı, bunların müqabilində artan mədəni
turizm xidmətləri onu göstərir ki, bu potensial hələ
də yetərincə açılmayıb.
–İnternetdə rəqəmləri
gözdən keçirdik... 2002-ci ildə Azərbaycana 850 min
turist gəlib.
–İndi bu rəqəm 1
milyon 499 nəfərə çatıb.
–Yəni, göstərici təxminən
iki dəfə artıb.
–Bizdə ən böyük
artım 2008-ci ildə müşahidə olundu. Sözsüz
ki, 2009-cu ildə bu qədər artım olmadı, ümumi,
qlobal iqtisadi və sosial böhran dünyada turist səfərlərinin
sayının azalması ilə nəticələndi.
Sevindirici haldır ki, bu rəqəmlər Azərbaycana
birbaşa mənfi təsir göstərmədi. Göstəricilərin
normal qalması ölkəmizə marağın
mövcudluğundan xəbər verir. Həm dövlətin, həm
özəl sektorun gördüyü işlər bu
marağın artırılmasına xidmət edir.
–Ölkəmizdə turizm sahəsində
nə qədər adam çalışır? Statistika bu barədə
nə deyir?
–Statistika təxmini rəqəmləri
götürür. Azərbaycanda irili-xırdalı 270-dək
turizm müəssisəsi var. Orta hesabla onların hərəsində
10 nəfərin çalışdığını nəzər
alsaq, 2700-2800 nəfər edir. Bu rəqəm təkcə
turizm şirkətlərinə aiddir. Ölkədə 300-ədək
mehmanxana var. Onların hər birində çalışanların
sayı fərqlidir, bu rəqəm 6 nəfərdən 150-dək
dəyişir. Orta hesabla 50 nəfərdən hesablasaq, bu, 15
min nəfər edir. Amma Ümumdünya Turizm Təşkilatının
turizmin öz hesablama metodu və sistemi var. Bu sistem müxtəlif
ölkələrdəki fərqli göstəriciləri ehtiva
edir. Məsələn, Avropada bir turistə xidmət göstərmək
üçün təxminən 9-12 nəfərin əməyi
tələb olunur. Türkiyədə isə turizm infrastrukturu
turizm mövsümlərində o qədər genişlənir
ki, bu rəqəm 32 nəfərə çatır. Bura təyyarə
bileti satan kassa əməkdaşı, stüardessa, təyyarə
pilotu, turisti aeroportda qarşılayan, onun əşyalarını
daşıyan şəxs, mehmanxanaya gətirən nəqliyyat
vasitəsini idarə edən sürücü, bu nəqliyyat
vasitəsinə xidmət edən adamlar, həmin turist
üçün qidanın hazırlanmasında, hətta yeməkdə
istifadə edilən göyərtini becərən adamı da
daxil etmək olar. Yəni, rəqəmlər şərtidir,
vahid ölçü yoxdur. Bu statistika zamanı turizm sahəsinə
cəlb olunan şəxslərin təxmini sayını
ölkə özü müəyyənləşdirir. Bu
gün Azərbaycanın turizm sahəsinin əhatəsində
təxminən yarım milyon altı yüz minə yaxın
adam çalışır. Yəni, bura turistlərə
müxtəlif xidmətlər göstərən şəxslər
– muzey bələdçiləri, turistlərin və
qonaqların qarşısında çıxış edən
musiqiçilər, onlara rəsm əsərlərini satan
satıcı, turizm roliklərini istehsal edən qrup da daxildir.
Bu gün bütün bu xidmətlər Azərbaycan turizminin mənzərəsini
yaradır.
–İnternetdə başqa bir
maraqlı informasiya ilə də rastlaşdıq.
Ümumdünya Turizm Təşkilatının yoxsulluqla
mübarizə konsepsiyasında Azərbaycan tərəfinin təcrübəsinin
və rəylərinin geniş yer ayrıldığı
vurğulanırdı. Konkretləşdirə bilərsinizmi, nə
nəzərdə tutulur?
–Biz Azərbaycanda turizm
informasiya mübadiləsinin genişləndirilməsi
haqqında xüsusi proqram həyata keçirdik. Bu gün
turizm təhsilinin təkmilləşdirilməsinə dair layihə
gerçəkləşdirilir. Bilirsiniz ki, hazırda ölkəmizdə
turizm informasiya mərkəzləri fəaliyyət göstərir.
İlkin mərhələdə bu mərkəzlər
Bakıda və yeddi rayonda idi. Sonradan daha 5 rayon proqrama
qoşulub. Bu həm də turizm sektoruna cəlb olunan
adamların sayının artması deməkdi. Mərkəzlərin
işi turizm barədə bu gün internet vasitəsilə
yayılan bütün məlumatları əhatə edir. Azərbaycana
gələn turistlərin sayının artması ilə
iş yerlərinin sayı da çoxalır. Nəticədə
yoxsulluq azalır. Dövlət yeni iş yerləri hesabına
yoxsulluğu azaltmaqla yanaşı, dolayı yolla insanlara
öz əmək, bacarıqları və kiçik sərmayələri
nəticəsində yoxsulluq səviyyəsindən
qurtulmağa şərait yaradır. Digər tərəfdən,
biz hesab edirik ki, turizm sahəsində təhsilin
artırılması vacibdir və bu, yeni xidmət vasitələrinin
ortaya çıxmasına şərait yaradır, keyfiyyətin
artırılması nəticəsində əldə olunan vəsait
çoxalır və bərabər
bölüşdürülür. Azərbaycanın bu təcrübəsi
digər ölkələrdə də maraq doğurur və bu
layihə BMT-nin xətti ilə həyata keçirilən
yoxsulluqla mübarizə proqramı çərçivəsində
keçirilən addımlar kimi əksini tapıb.
–Əbülfəs müəllim,
Siz, yəqin ki, təkcə nazir kimi yox, elə turist kimi də
xarici ölkələrə səfər edirsiniz.
Maraqlıdır, Əbülfəs Qarayev dincəlməyə
getsəydi, hansı xarici ölkəni seçərdi və
eləcə də, ölkə daxilində hansı bölgədə
istirahət etməyə üstünlük verərdi?
– Məzuniyyətə gedərkən
müxtəlif istiqamətləri seçməyə
üstünlük verirəm. Müxtəlif yerlərdə
olmaq və fərqli təcrübələri öyrənmək
mənim üçün maraqlıdır. Hesab edirəm ki, bu
gün Avropanın mərkəzində turizm infrastrukturunun
yüksək səviyyəsi bizim üçün bir örnək
olmalıdır. Buna görə də Azərbaycanda həyata
keçirilən layihələrin böyük qismində
Avropanın təcrübəsinə müraciət edir,
İsveçrə, Avstriya, Almaniya, Yunanıstan, İtaliya,
Fransa, İngiltərə və Norveç kimi ölkələrin
təcrübəsini öyrənirik. Bu təbiidir. Qardaş
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin bizə
çox köməyi olur, onlar gənclərimizin turizm sahəsində
təcrübə keçməsi üçün də
lazımi yardımları göstərirlər. Bu gün
Türkiyədə xidmətlərin çox yüksək səviyyəsini
türklərə xas qonaqpərvərlik duyğuları
tamamlayır və bu ölkəni seçən turistlər də
razı qalırlar. Sözsüz ki, bizim üçün
Şərq təcrübəsi də vacibdir. Oradakı turizm
xidmətlərinin müxtəlifliyi dəyərli nümunədir.
Şərq təcrübəsini öyrənmək
üçün artıq bir neçə ölkə ilə
müqavilələr imzalanıb. Eyni zamanda Azərbaycanda
turizm xidmətlərinə dair ümumi layihələri həyata
keçiririk. Sözsüz, biz ilk növbədə istirahətin
və asudə vaxtın təşkili formasını
özümüz üçün müəyyənləşdirməliyik.
Məsələn, dəniz kənarında istirahət edərkən
kitab oxumaqla kifayətlənə bilərsən. Amma mən
aktiv istirahətin – təbiətin qoynunda olmaqla yanaşı
müxtəlif gəzintilərin, ov etməyin,
üzgüçülük və balıqçılıqla
məşğul olmanın tərəfdarıyam.
Yaxşıdır ki, Azərbaycanda yeni layihə aktivləşməyə
başlayandan sonra, qış tətilinə də xüsusi
maraq artması müşahidə olunur. Məndə olan məlumata
görə, Gürcüstanda və Türkiyədə yeni il ərəfəsində
qış xizək bazalarında istirahət edənlərin
böyük əksəriyyəti Azərbaycan vətəndaşları
olub. Artıq gənc nəsil xizək sürməyi öyrənir,
bu çox müsbət bir meyldir. Artıq qış xizək
bazası layihəsinin Azərbaycanda da gerçəkləşdirilməsinə
başlanılıb. Proses gedir və mütəmadi olaraq
masamın üzərinə müxtəlif kadrların
hazırlığı, istirahət evlərinin tikilməsi və
bu kimi məsələlərlə bağlı məlumatlar
daxil olur. Bu işlər gündəlik nəzarət
altındadır. Yəqin ki, yaxın iki il müddətində
Azərbaycanın ilk belə bazası formalaşacaq və
bizim vətəndaşlarımız xizək sürmək
üçün başqa ölkəyə getməli
olmayacaqlar.
–Amma suala konkret cavab vermədiniz...
–Azərbaycanda mənim ən
xoşladığım yerlər Şamaxı,
İsmayıllı, Quba və Lənkəran
rayonlarıdır. Xaricdə isə, sizə bəlkə də
təəccüblü gələcək, dəniz kənarında
yerləşən ölkələrdən birini seçərdim.
Amma nəzərə alsaq ki, mənim istirahət
üçün imkanlarım azdır, adətən
qısamüddətli səfərlərə
çıxıram. Avropanın böyük şəhərlərində
olarkən mütləq muzeylərə baş çəkirəm,
mədəni proqramlara tamaşa edirəm, teatra gedirəm.
Elxan Zal : Səlim, biz turizmdən
çox danışdıq, elə bilərlər, turizm biznesi
ilə məşğul olmaq istəyirik. Son illər Azərbaycanda
ədəbiyyata xüsusi diqqət, bu istiqamətdə canlanma
hiss edilməkdədir. Bir mədəniyyət adamı kimi,
yazıçıların cəmiyyətdə rolunu necə
görürsünüz?
–Yazıçıların cəmiyyətdə
rolunu çox yüksək qiymətləndirirəm. Amma hesab
edirəm ki, resurslardan tam şəkildə istifadə olunmur.
Cəmiyyətin formalaşmasında yazıçının,
şairin sözü olduqca vacibdir. Yazıçısız,
şairsiz xalq, xalq deyil. Çünki yazıçı,
şair xalqın mənəvi dünyasını əks
etdirir. Xalqın iradəsini cənab prezident ifadə edir,
xalqın ruhunu canlandırmaq, müstəqil dövlətə
layiq insanların mənəvi zənginliyinə
yardımçı olmaq ziyalıların, elm, ədəbiyyat
və sənət adamlarının missiyasıdır. Əlbəttə,
xalqın fikrini ifadə etməyə qadir olan insanlar bunu
böyük ustalıqla etməlidirlər. Belə adamların
sayı o qədər də çox deyil. Amma çox
böyük potensial mövcuddur. Məncə, ədəbiyyat
adamları bu gün daha geniş mövzular barədə
düşünməlidirlər. Daha çox müasir Azərbaycan
reallıqlarını əks etdirməyə qadir olan əsərlər
yazılmalıdır. Təbii ki, qeyd etdiyiniz canlanmada mədəniyyət
və turizm nazirliyinin də əməyi az deyil. Ədəbi
mühitdə canlanma yaratmaq üçün nazirlik
vaxtaşırı müxtəlif mükafatlar təsis edir. Məsələn,
“Zirvə”, “Qızıl Kəlmə” mükafatlarının
adını çəkə bilərəm. Biz
Yazıçılar Birliyi ilə birgə müxtəlif layihələri
həyata keçiririk, bu yaxınlarda prezidentin sərəncamı
ilə Yazıçılar Birliyinin 75 illik yubileyini
böyük təntənə ilə qeyd etdik. Bundan başqa
mütəmadi olaraq yeni mövzularda əsərləri və
yeni müəllifləri ortaya çıxarmaq
üçün müsabiqələr elan edirik. Nazirlik ədəbiyyatın
inkişafında müstəsna rolu olan kitab nəşri,
kitabın tanıdılması ilə bağlı ciddi
addımlar atmağı planlaşdırır və biz
artıq bu işə başlamışıq.
Bu gün məni daha
çox Azərbaycan dramaturgiyasının vəziyyəti
narahat edir. Çünki bu mövzu birbaşa Azərbaycan
teatr sənətinin inkişafı ilə bağlıdır.
Ssenari, kino kimi sinkretik janrların inkişafı ümumilikdə
incəsənətin inkişafına təkan verir.
Yaxşı ssenari, yaxşı pyesdən maraqlı film,
tamaşa alınır, istər-istəməz yaxşı
rejissorlar, aktyorlar ortaya çıxır. Bu gün biz gənc
dramaturqlar üçün müsabiqə elan etmişik. Hələlik
sözün əsl mənasında hadisəyə çevrilə
biləcək əsərləri az-az görürəm.
İstərdim, onların sayı daha çox olsun.
–Sualın davamı kimi,
öyrənmək istərdik, çağdaş ədəbiyyatdan
kimləri oxuyursunuz?
–Klassiklərlə
yanaşı, son illər müasir dünya ədəbiyyatından
nümunələri çox oxuyuram. Bilirsiniz ki, mən rus
dilində təhsil almışam, ona görə də
dünya ədəbiyyatını daha çox rus dilində
oxuyuram. Son zamanlar çex yazıçısı Milan
Kunderanı oxudum və olduqca bəyəndim, çox
maraqlı yazıçıdır. Eyni zamanda son dövrlərdə
nobel mükafatçılarından bir neçəsinin əsərlərini
mütaliə etdim. Afrika yazıçısı Vole
Şoyinkanın pyeslərini oxudum, Orxan Pamukun bir neçə
əsərini oxumuşam. Son zamanlar əsasında müxtəlif
məşhur filmlər çəkilən əsərləri
mütaliə etməyə başlamışam. Bu sırada
“Pianoçu”, “Qiraətçi”, “Afrikada heç yanda” əsərlərinin
adını çəkə bilərəm. Son vaxtlar
ümumiyyətlə pyeslərə daha çox maraq göstərməyə
başlamışam. Bizim ailədə pyeslə
maraqlanırlar, amma mən son vaxtlaradək bu janrda oxumağa o
qədər də meyl etmirdim. Yerli müəlliflərə gəlincə,
mən Sizin (S.Babullaoğlu nəzərdə tutulur –red.) əsərlərinizi
oxuyuram, həm də ona görə ki sizinlə şəxsən
tanışam. Hərdən Vaqif Bəhmənli məni
şeirləri ilə qidalandırır. Bundan başqa, son illər
Elçin Hüseynbəylinin “Don Juan” və “Şah Abbas” əsərlərini
oxumuşam. O, tarixi, o dövrki həyatı müasir təfəkkürlə
ifadə edir, bu, sevindiricidir. Bundan başqa, bizə təqdim
olunan bütün ssenariləri oxuyuram.
Çalışıram ki, dövlət tərəfindən
sifariş olunan yeni teatr tamaşaları üçün
yazılan pyeslərin hamısı ilə tanış olum. Yəni,
sərbəst vaxtımın da böyük hissəsini vəzifə
öhdəlikləri alır.
–Dramaturgiya sahəsinin bir qədər
axsadığını qeyd etdiniz. Bu sahədəki
yazarları həvəsləndirmək üçün konkret
mövzularla bağlı müsabiqələr keçirmək
olmazmı?
–Kino sahəsində belə
də etdik. “Bu meydan, bu ekran” adlı xüsusi nominasiyalar
üzrə müsabiqə elan olundu. Bu müsabiqə iki ildən
bir keçirilir. Ötən dəfə mövzu Qarabağ müharibəsi
ilə bağlı idi və nəticədə iki
yaxşı əsər ortaya çıxdı. Bu ilki
müsabiqənin mövzusu uşaqlar və gənclərlə
bağlı olacaq. Biz təklif edirik, yaradıcı insanlar
özləri düşünsünlər. Vaxt özü
hansı əsərlərin üzə
çıxmasını tələb edir? Azərbaycanın
inkişaf istiqamətləri, müasir cəmiyyətimiz, cəmiyyətdə
gedən proseslər bugünün əsərində əksini
tapmalıdır. Ümumiyyətlə, yaradıcı insan
üçün həmişə mövzu var, sadəcə,
işləmək lazımdır. Təbii ki, torpaqlar
qayıtmayınca Qarabağ mövzusu aktual olacaq. Son illər
bu istiqamətdə birbaşa müharibənin
özünü yox, onun bir ailəyə, fərdə təsirini
əks etdirən əsərlər formalaşır. Bu, bəlkə,
daha maraqlıdır. Mən demirəm bu gün bizdə dram əsərləri
azdır, sadəcə, onların çoxu Azərbaycanda gedən
prosesləri dolğun əks etdirmir. Gəlin, müqayisə
aparaq, 10 il öncə hansı cəmiyyətdə
yaşayacağınızı təsəvvür edirdinizmi?
Axı biz indi başqa dövrdə, fərqli cəmiyyətdə
yaşayırıq. Niyə də bu reallıq ədəbiyyatımızda
əksini tapmasın?
–Yazıçıları
stimullaşdıra biləcək amillər də bu məsələdə
az əhəmiyyət daşımır. Söhbət dövlət
dəstəyindən , infrastruktur yardımdan gedir.
– Bilirsiniz ki, hörmətli
Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycanın
elm, mədəniyyət, ədəbiyyat üzrə dövlət
Mükafatı təsis edilib.Yetmiş nəfər
yaşlı və gənc yazıçıya hər il
ölkə rəhbərinin xüsusi təqaüdləri
verilir. Prezident sərəncamları ilə görkəmli
yazıçı və şairlərimizin yubileyləri
böyük təntənə ilə qeyd edilir. Yubiley tədbirləri
çərçivəsində ədiblərimizin
çoxcildlik kitabları dövlət hesabına nəşr
edilir. Bunlar siz deyən stimullardır. Xüsusilə Heydər
Əliyev Fondunun gercəkləşdirdiyi layihələr, ədəbi
nəşrlər təqdirə layiqdir. Bu yaxınlarda bir
özəl qurum tərəfindən elan olunmuş “Milli Kitab”
müsabiqəsinə də həssaslıqla yanaşdıq.
–Dünya praktikasına
görə, yazıçı nəşriyyatla işləməlidir.
Müəllif pul, sponsor və bu kimi məsələlər
barədə düşünmədən əsərini
naşirə təqdim edir. Bəlkə, Mədəniyyət və
Turizm Nazirliyi bu məsələni qaldıra bilər ki, nəşriyyatlara
dövlət tərəfindən uzunmüddətli və
faizsiz kreditlər ayrılsın və onlar müəllif əsərlərini
müstəqil çap edə bilsinlər.
–Biz hələ konkret
mexanizmlər üzərində işləməsək də,
dediyim kimi artıq bu istiqaməti nəzərdən
keçirməyə başlamışıq. Söhbət nədən
gedir? Bizdə müəyyən kitabların nəşri
üçün, az da olsa, vəsait var. Biz üstünlüyü
tədris və mədəniyyətlə bağlı kitablara
veririk. Nəşriyyatlar istedadlı yeni müəllifləri
axtarıb tapmalıdır. Onlar bu müəllifin
kitabının satılmasında maraqlı olmalı, ona
müəyyən mövzuları sifariş etməlidirlər.
Biz bunu stimullaşdıra bilərik. Düşünürəm
ki, “Qızıl Kəlmə” Ədəbi Mükafatı, Milli
Kitab Mükafatı təşəbbüsü də bu mənada
ədəbiyyatın inkişafına bir az da təkan verə
biləcək. Biz öz tərəfimizdən nəşriyyatların
müstəqil fəaliyyətini təmin etməklə
yanaşı, onlardan ölkə qanunlarına əməl etməyi
tələb edirik. Təəsüf ki, bu gün buraxılan
kitabların məcburi nüsxələrini də qanunla müəyyənləşmiş
qurumlara vermirlər. Buna görə də bəzi kitabların
nəşrindən xəbərimiz olmur. Düzdür, bu sovet
dövründən qalma normadır, amma belə normaları
müasirləşdirmək, təkmilləşdirmək
lazımdır. Nəşriyyat özü də başa
düşməlidir ki, kitabın Milli Kitabxanaya verilməsi ilk
növbədə onun özünə sərfəlidir.
Xüsusilə də müharibə aparan dövlətin nəşriyyatları
bir az daha məsuliyyətli olmalıdırlar, bu işlərə
müəyyən nəzarət lazımdır. Söhbət
yazarın nədən yazmasından getmir. Müəllif xalqa
düzgün informasiyanın çatdırılmasına
cavabdeh olmalıdır. Düşmən dəyirmanına su
tökən fikirləri tirajlamaq olmaz. Bəli, biz azad cəmiyyətdə
yaşayırıq, amma torpaqlarımız işğal
altındadır, bu səbədən də çalışmaq
lazımdır ki, hərbi vətənpərvərlik ruhuna
heç bir ziyan dəyməsin.
–Əbülfəs müəllim,
hansı musiqini sevirsiniz?
–Muğamdan tutmuş klassik
musiqiyədək hamısını dinləyirəm. Həm
buna məcburam, həm də sevirəm.
–Yəqin, hamısını
eyni qədər sevmirsiz...
–Hər bir musiqinin insan təfəkküründə
özünəməxsus yeri olmalıdır. Ciddi
düşünməyə meyillisənsə, fəlsəfi
fikirlərə qərq olmusansa, ya klassik Azərbaycan
müsiqisinə, ya da muğama qulaq asmalısan. Çünki
klassik musiqi və muğam ciddi mühit
formalaşdırır. Asudə vaxtı keçirmək istəyirsənsə,
oyun havası, muasir musuqi məqsədə daha uyğun olar. Azərbaycanın
xoşbəxtliyi ondan ibarətdir ki, bütün musiqi növlərində
böyük ənənələri və böyük
potensiala malik istedadları var. Muğama- Xan Şuşinskidən
tutmuş Əlibaba Məmmədova, gənclərdən Elməddinə
qədər kimə qulaq assan, ləzzət alacaqsan. Klassik Azərbaycan
musiqisində Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara
Qarayev bir yana, Aqşin Əlizadə, Firəngiz Əlizadə,
Xəyyam Mirzəzadə, Arif Məlikov kimi bəstəkarların
ciddi fəlsəfi düşüncə daşıyan musiqiləri
var. Və tarixi yüz ildən çox olmayan caz musiqisini
götürək. Son 70 ildə Azərbaycanda caz musiqisi
mövcud olub. Hətta Vaqif Mustafazadə cazla muğamın
sintezindən gözəl əsərlər yaradıb. Bu
gün Montre caz festivalında İsfar Sarabskinin, Şahin
Növrəslinin uğurları Azərbaycan caz məktəbinin
ənənələrindən xəbər verir. Bu
yaxınlarda Bakıda keçirilən Beynəlxalq Caz
Festivalı da bu musiqinin həvəskarları
üçün böyük bayram oldu. Asudə vaxtda dinləmək
üçün şou və estrada musiqisinin ənənələrini
isə Tofiq Əhmədovun rəhbərliyi altında Simfonik
Caz Orkestri yaratmışdı. Bu günkü estrada
müğənnilərimizin əksəriyyəti oradan
çıxıb. Bu gün Azərbaycanın Zülfüyyəsi,
Aygünü, Faiqi, Brilyantı, Tünzaləsi, Səbinəsi,
Ayseli var. Ölkəmizin musiqi xəzinəsi elə
böyükdür ki, istənilən ovqatda olan insanın
düşüncəsini bürüməyə
hazırdır. Musiqi sözün çata bilmədiyi
hüceyrələrə daxil olur. Onun təsiri ilə insan qəhrəmanlıq
edə bilər, xoşməramlı işlər görər
və ya xəyanətə, sui-qəsdə, intihara əl ata
bilər.
–Dövlət işləri
vaxtınızın böyük bir hissəsini alır. Ailəyə
necə, yetərincə vaxt ayıra bilirsinizmi?
–Ailəyə də vaxt
tapıram. Bizim ailəni yaxşı patriarxal ənənələr
üzərində qurulmuş açıq cəmiyyət
adlandırmaq olar. Xanımım fəal insandır, elmlər
namizədi, böyük elmi işçidir. Rus dilində nəşr
olunan elmi-nəzəri “Yol plyus” jurnalının rəhbəridir.
Özü musiqiçidir. Teatr və memarlıq ənənələrinin
qorunub saxlandığı ailədə tərbiyə alıb.
Bəzən onunla mədəni prosesləri müzakirə
edirik, xüsusən də, musiqi sahəsində onun peşəkar
olduğunu nəzər alıb fikirlərini öyrənirəm.
Bu təbiidir. Qızım Londonda təhsil alıb.
–Bildiyimə görə, onu
həddindən artıq çox sevirsiniz. Hətta
qızınıza maşın sürməyi də öyrətmisiniz.
–Elədir. Bilmirəm buna
sevinim, ya təəssüflənim, amma qızım nə
musiqiçidir, nə də həkim. Öz yolunu özü
seçib. Tam müasir bir peşənin sahibi –
makroiqtisadçıdır. Londonda bitirdiyi məktəbin təyinatı
ilə İngiltərənin böyük banklarının
birində çalışır. Gözləyirəm,
vaxtı çatan kimi gəlib Azərbaycanda fəaliyyətini
davam etdirsin.
–Avtobioqrafiyanızda belə
bir məqam da var: “Azərbaycan mühacirətində mədəniyyətşünaslıq
aspektləri” adlı elmi iş müdaifə etmisiniz.
–Dissertasiyam rəfin üzərindədir.
Ezamiyyətdə olarkən xaricdə yaşayan azərbaycanlılarla
görüşürəm. Onlarla söhbətlər aparmaq,
onlara Azərbaycanı dərindən tanıtmaq
lazımdır. Bu gənclərin ölkəmiz barədə
dürüst məlumata ehtiyacları var. Onları elə
formalaşdırmaq lazımdır ki, bizdə gedən prosesləri
duysunlar, müasir Azərbaycanın təmsilçilərinə
çevrilsinlər. Onların arasında vaxtilə inciyib
mühacirətə gedənlər də var, onlar müasir
ölkəmizdən küsməyiblər. Qızım da daxil
xaricdə təhsil alan gənclərimiz də var. Onları əcnəbi
ölkədə saxlayıblar, iş veriblər, orada
yaşamağı təklif ediblər. Bu gün bu gənclər
xaricdə Azərbaycanı tanıdırlar, müxtəlif tədbirlər
təşkil edirlər, bayramlarda və hüznlü günlərdə
bir arada olurlar.
–Azərbaycandan dünyaya və
dünyadan Azərbaycana nəyi gətirərdiz?
–Biz kosmosa əsas məhsulumuzu
– muğamı göndərdik. Mənə gəlincə,
xalçalarımızı, mətbəx mədəniyyətimizi
aparardım, bir də xalqımızın açıqürəkliliyini,
insanlığını, müdrikliyini. Çünki Azərbaycan
xalqı müdrik, istedadlı xalqdır. Azərbaycana nəyisə
gətirməyə cəsarət etməzdim, çünki
dünyada gedən proseslər bizim incəsənətə
tanışdır, qloballaşma musiqimizdə, ədəbiyyatımızda,
rəssamlığımızda, heykəltəraşlığımızda
əksini tapır. Bəlkə də, bizdə tikilən
binalardan dünyada yoxdir, bizdə yazılan musiqi
onlardakından üstündür. Amma Qərbdə
formalaşmış işgüzarlıq və ciddi məsuliyyət
hissini, hər bir insanın dövlət naminə
çalışma əzmini ölkəmizə gətirmək
istərdim. Almanlardakı dəqiqliyə, yaponlardakı vətəndaş
məsuliyyətinə, çalışdığı
şirkətə və yaşadığı dövlətə
ailəsi kimi baxmasına heyranam. Müstəqil ölkəmizdə
bunları örnək götürməli, yeni mühiti nəzərə
alaraq bu hissləri özümüzdə tərbiyə etməlyik.
–Heç bədii əsər
yazmaq arzunuz olub?
–Gənclikdə nəsr
yazmışam. Mən poeziyanı dostlar arasında oxumaq
üçün yaza bilərəm.
Ümumuyyətlə,
yaradıcılıq maraqlı prosesdir, hər adama qismət
olmur.
Bu yerdə Əbülfəs
müəllim saatına baxır. Bunu işarə kimi qəbul
edirik. Söhbətdən əvvəl Fidan və Xuraman
xanımın qəbula gələcəyini demişdi. Söhbətimizin
sonunda Əbülfəs Qarayevə “qalstuksuz”
rubrikasının bundan sonra adətə çevirmək istədiyimiz
qaydasına görə üç kitab
bağışlayırıq. İkisi bizim (Elxan Zalın və
Səlim Babullaoğlunun-red.), biri isə Milorad Paviçin
Moskvada yeni çapdan çıxmış “Bumajnıy teatr” əsəri.
Qalan qısa söhbətimiz ayaq üstdə keçir, Əbülfəs
müəllim elmi işinin cildlənmış
versiyasını bir az fəxrlə,bir az da nisgillə göstərməyə
də vaxt tapır .Müsahibə üçün bir daha təşəkkür
edib çıxırıq. Belə...
Elxan Zal,
Səlim Babullaoğlu
525-ci qəzet.- 2010.- 19 iyun.- S.8-9.