Cəmiyyətimizdə qadına qarşı zorakılıq hələ də zorakılıq halı kimi qəbul edilmir

 

MƏTANƏT ƏZİZOVA: “ZORAKILIQ PİK NÖQTƏYƏ ÇATANDA QADINLAR BUNA DÖZƏ BİLMİR VƏ VƏZİYYƏTDƏN ÇIXIŞ YOLU KİMİ BIÇAĞA, BALTAYA, YAXUD DA SİLAHA ƏL ATMAQDAN ÇƏKİNMİRLƏR”

 

“Həm beynəlxalq təşkilatların, həm də qeyri-hökumət təşkilatlarının hesabatlarında qeyd olunur ki, Azərbaycanda qadın hüquqları ən çox ailədə pozulur. Ailədə hüquq pozuntusu özünü daha çox qadına qarşı zorakılıq formasında göstərməkdədir”. Bu barədə “525”ə açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirib. O, rəhbərlik etdiyi quruma müraciət edən qadınların statistik göstəricisində də ailə-məişət zorakılığına məruz qalmış qadınların birinci yerdə dayandığını söyləyib. M.Əzizovanın sözlərinə görə, ailə zorakılığı halları arasında fiziki və psixoloji zorakılıq halları üstünlük təşkil edir: “Bu iki zorakılıq halının bir-biri ilə çox sıx əlaqəsi var. Beynəlxalq təcrübədə zorakılıqlar siyahısında iqtisadi və seksual zorakılıq halları da mövcuddur. Amma hələ ki, bizə bu zorakılıq halları ilə bağlı müraciət edənlər azlıq təşkil edir və cəmiyyətimiz bu kimi halları zorakılıq kimi qəbul etmir. Çünki bizim mədəniyyətimiz və ailələrin sosial təminatı buna imkan vermir. Əgər iqtisadi zorakılığı götürsək, bizdə əksər hallarda pul kişilərdə olur. Düzdür, bu puldan qadın da xərcləyə bilər, amma nəzarət bütün hallarda kişilərin əlindədir. Fiziki və seksual zorakılıq dedikdə isə burada kişilərin öz həyat yoldaşını zorlamasından söhbət gedir. Belə hallar çox qapalı mövzu olduğu üçün, Azərbaycanda demək olar ki, müzakirə olunmur. Ona görə də zorakılıqdan danışarkən daha çox psixoloji və fiziki zorakılıq qeyd olunur”.

M.Əzizova Qadın Krizis Mərkəzinə müraciət edənlər arasında fiziki zorakılığa məruz qalmış qadınların üstünlük təşkil etdiyini də deyib. Qeyd edib ki, Azərbaycanda zorakılıqla üzləşmiş qadınların böyük bir qismi öz həyat yoldaşları tərəfindən döyülənlərdir. Onun sözlərinə görə, belə zərif cins nümayəndələri ailə başçısı tərəfindən çoxsaylı işgəncələrə məruz qalıblar: “Son vaxtlar qadınlara əl qaldırmaqda kişilər demək olar ki, “mütəxəssis” olublar. Kişilər qadının bədənində iz qalmamaq şərtilə onlara işgəncə verirlər. Bəzən də bədənində işgəncə formasının izi olan qadınlara imkan vermirlər ki, o gedib hüquq-mühafizə orqanlarına müraciət etsin. Yaxud da qadının və ya kişinin valideynləri, yaxın qohumları susması üçün qadına təzyiq edirlər. Deyirlər ki, əgər polisə şikayət etsə, biabır olarlar, özü də ləkələnər və haqqında dedi-qodu yayılar. Belə hallarda qadın döyülsə də, susmağa məcbur olur. Məcburiyyət isə bu zaman iki formada özünü göstərir. Birinci halda qadın fikirləşir ki, boşansa, yaxud polisə şikayət etsə, valideynləri onu qəbul etməyəcək, cəmiyyət düzgün başa düşməyəcək. İkinci halda isə qadın düşünür ki, əgər boşansa, uşaqlarının gələcəyini təmin edə bilməyəcək. Qızı varsa, onunla gələcəkdə ailə həyatı quran olmayacaq. İqtisadi cəhətdən asılı olan qadın fikirləşir ki, boşansa, özü və uşaqları pulsuz-parasız qalacaq. Bu yaxınlarda bizə bir qadın müraciət etmişdi. Onun həyat yoldaşı hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan polis zabiti idi. Həmin şəxs mütəmadi olaraq həyat yoldaşını döyür, onun qabırğalarını sındırırdı. Qadından niyə susduğunu və mübarizə aparmadığını soruşanda o dedi ki, həyat yoldaşı polis olduğundan işi onun xeyrinə bağlayacaqlar. İkincisi, uşaqları yaxşı şəraitdə yaşamağa öyrəşib, pullu liseylərdə təhsil alırlar. Qadın özü isə heç vaxt işləməyib. Əgər boşansa, indiki çətin iqtisadi şəraitdə az maaşlı işlə uşaqlarını indiki səviyyədə saxlaya bilməyəcək. Ona görə də susmağa məcburdur”.

Mərkəz rəhbəri bildirib ki, zorakılıqla üzləşən qadınlar mübarizə aparmadıqları təqdirdə, susduqda və ya susmaları üçün onlara kənardan təzyiqlər olduqda, son anda 3 seçim qarşısında qalmalı olurlar: “Birinci seçimi edənləri mən inqilabçılar adlandırardım. Əgər qadın daxilən hiss edirsə ki, artıq belə yaşaya bilmir, bu zaman o, müxtəlif yollarla öz etirazını bildirir. Məsələn, həyat yoldaşından küsüb evdən çıxıb gedir və s. Bu cür vasitələrlə heç nəyə nail olmadıqda, ya boşanmaq üçün müraciət edir, ya da bütün psixoloji və mənəvi təzyiqləri qulaqardına vuraraq polisə şikayət edir. Bizim mərkəzə müraciət edən qadınlar əsasən inqilabçı qadınlardır. Onlar öz etirazlarını bildirmək üçün yollar axtarırlar, psixoloqla məsləhətləşirlər. Çünki xüsusi psixoloji addımlar var ki, bunlar zorakılıq törədən insanla ünsiyyətdə olmağa, zorakılığı azaltmağa imkan verir. Əgər qadın inqilabçı qadın deyilsə, bu zaman iki yol ayrıcında qalır. Birinci yol özünə qəsd etməkdir. Belə hallara əksər rayonlarda rast gəlmək olur. Qadın döyülür, təhqir olunur və bunu həyat yoldaşının valideynlərinə və yaxınlarına da bildirir. Amma heç kəs kömək etmək istəmir. Hamı ona susmağı məsləhət görür. Bunlarla barışmayanda isə qadının həyat yoldaşına bəraət qazandırarlar. Qadın görür ki, çıxış yolu yoxdur”.

M.Əzizova deyib ki, qadınlar arasında özünəqəsd halları Azərbaycanın regionlarında daha tez-tez baş verir. Onun qənaətinə görə, buna başlıca səbəb həmin bölgələrdə QHT-lərin, psixoloqların olmaması və hüquq-mühafizə orqanı əməkdaşlarının bu cür həssas məsələdə prinsipiallıq göstərməməsidir: “Heç kim tərəfindən başa düşülməyən qadın sonda məcbur olur ki, özünə qəsd etsin. Çünki vəziyyətdən çıxış yolu tapa bilmir. Bəzən özünə qəsd etməzdən əvvəl qadınlar hüquq-mühafizə orqanlarına da müraciət edirlər. Lakin bu da onların vəziyyətini dəyişdirmir. Müstəntiq orada qadına bir neçə sual verir. Bu suallar isə psixoloji sarsıntı keçirmiş qadına kömək etmək əvəzinə, onu bir az da stressə salır. Məsələn, müstəntiq qadından soruşur ki, utanmırsan, gəlib ərin haqqında şikayət ərizəsi yazırsan? Sən yaxşı qadın olsan heç döyülərdinmi? Hüququ-mühafizə orqanları tərəfindən belə münasibət görən, ərizəsi qəbul olunmayan, polis tərəfindən dəstək ala bilməyən qadın özünə qəsd etmək məcburiyyətində qalır”.

QHT rəhbəri əksər hallarda zorakılığın sonda cinayətə gətirib çıxardığını da diqqətə çatdırıb. Deyib ki, zorakılıq pik nöqtəyə çatdığı təqdirdə, qadınlar buna dözə bilməyərək bıçağa, baltaya, yaxud da silaha əl atmaqdan belə çəkinmirlər. Onun sözlərinə görə, bununla qadınlar həm özlərinin, həm də uşaqlarının təhlükəsizliyini təmin etmiş olurlar: “Bizim mərkəz bu cür vəziyyətləri özündə ifadə edən kifayət qədər hadisə ilə üzləşib. Məsələn, mütəmadi olaraq evə içkili gəlib həyat yoldaşını və uşaqlarını döyən ata bir dəfə yenə sərxoş halda evə gəlib gizlənmiş uşaqlarını tapsa da, yoldaşını tapa bilmir. Başlayır uşaqları vəhşicəsinə döyməyə. Qadın isə bu zaman məcburiyyət qarşısında qalaraq, uşaqlarını xilas etmək üçün ət çapacağı ilə həyat yoldaşına başından ciddi xəsarət yetirib. Digər bir hadisədə isə hər dəfə öz həyat yoldaşı tərəfindən döyülüb xəstəxanaya düşən qadını bütün xəstəxana işçiləri tanıyıblar. Qadın hər dəfə onlara israrla deyib ki, pilləkəndən yıxılmışam. Polis isə qadına məsələdən xəbərdar olduğunu deyib və qadından əri haqda şikayət ərizəsi yazmasını istəyib. Qadın yenə də həyat yoldaşı tərəfindən döyüldüyünü boynuna almayıb. Növbəti dəfə təkrarən qadın həyat yoldaşı tərəfindən döyülüb. Azğınlaşmış ər balta ilə arvadının başına vuran zaman, onların qızı bu səhnəyə dözə bilməyib və bıçaqla öz atasına xəsarət yetirib. Nəticədə qıza qarşı cinayət işi açılıb”.

Mətanət Əzizova ailədə zorakılığın, xüsusən də fiziki zorakılıq hallarının getdikcə artmasında bütün cəmiyyəti qismən də olsa təqsirli sayıb. Bildirib ki, ölkəmizdə ailə zorakılığı ilə bağlı qanunun qəbul olunmaması bəzi kişilərə geniş imkanlar yaradıb: “Cəmiyyətimizdə qadına qarşı olan zorakılıq hələ də zorakılıq aktı kimi qəbul edilmir. Belə olan halda kişilər üçün geniş meydan açılır. Kişilər hiss edirlər ki, onlara qarşı heç bir cəza tədbiri yoxdur. Digər tərəfdən kişi bilir ki, həyat yoldaşı ərizə təqdim edəcəyi polis də, müstəntiq də kişidir. Onlar bütün hallarda düşünürlər ki, əgər qadın döyülürsə, demək səbəbi var. Əgər qadın mübarizə aparırsa, qadın boşanmaq istəyirsə, polisə ərizə verirsə, deməli əxlaqsız qadındır. Ancaq başa düşülmür ki, əgər qadın polisə müraciət edirsə, deməli onu bu cür son addımı atmağa məcbur edən səbəblər var. Ona görə də bu tip cinayətlərin çoxalmasında, cəzaçəkmə müəssisələrində qadınların sayının artmasında polisin qismən də olsa, günahı var. Sahə müvəkkilləri problemli ailələri yaxşı tanıyırlar. Onlar iki və ya üç gündən bir həmin ailəyə baş çəkib qadının vəziyyətini öyrənməyə cəhd etsələr, yaxud da həmin qadının təhlükəsizliyinin təmin olunmasının lazım olub-olmadığını öyrənsələr, belə cinayətlərin qarşısı alınar. Yuxarıda dediyimiz kimi, zorakılıqla bağlı yerli polis idarələrinə təqdim edilən ərizələrə də ciddi yanaşılsa, bu cür cinayətlərin qarşısının vaxtında alınmasına şərait yaradılmış olar”.

Müsahibimizin dediklərini yekunlaşdırsaq, belə qənaətə gəlmək olar ki, qadınlara qarşı zorakılığın və onun cinayətə çevrilməsinin aradan qaldırılması yalnız bir tərəfin həll edə biləcəyi məsələ deyil. Zorakılıqla üzləşən qadınların özləri də daxil olmaqla, bütün səlahiyyətli tərəflər – hüquq mühafizə orqanları, zorakılıq törədən və zorakılığa məruz qalan şəxsin qohumları və yaxınları, eyni zamanda qanunlar bu məsələdə bir-biri ilə əlaqəli fəaliyyət göstərməlidir.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2010.- 19 iyun.- S.14.