Suzen Dark və ya məhəbbət piri
( Əvvəli ötən saylarımızda)
Nazlı əlini
qarnının üstünə qoyub gözünü
döşəmədə xalçaya zilləmişdi. Elim
bilmədi Nazlının fikri qarnındakındadı, yoxsa ona
qulaq asır.
– Allah bilir sən gedib kimə
aşiq olacaqsan.
– Kimə deyirsən, nə
deyirsən aaz, sən?!
– Qarnımdakına deyirəm.
– Arxı hoppan, sonra hoop elə.
Mən deyirəm həmdən həmə, sən deyirsən dəmdən
dəmə.
– Mən xalxın
qızına nə deyim. Elə şey onun heç
ağlına gəlmir. “Bu oldu qarğa məndə qoz var”, nə
deyim qıza. Mən dedim, o mənə nə deyər axı?
Ondansa qızın yerini dəyişin, başqa kəndə
göndərsinlər. Nə bilim, bir şey fikirləşin.
Qız da yazıqdı axı.
– Yəni deyirsən gədənin
hərəkətlərindən qız hələ bir şey
hiss eləməyib?
– Nə bilim vallah, qadın
ola hiss eləmiyə, yəqin hiss eləyib. Amma
ağıllı adamdı. Özünü heç o yerə
qoymur. Ona ana kimi, bacı kimi can yandırır. Allah eləməmiş,
qoyuram özümü onun yerinə, hiss eləsə də nə
desin axı? Yenə sən bir Qəfər kişi ilə
danış. Sonra deyər mən niyə bilməmişəm?
– Düz deyirsən. Ən
yaxın qohumu odur. Bunu bilmək də, həll eləmək də
ona düşər. Onsuz da pıçhapıç
başlayıb. Kəndin simsiz telefonları işə
düşüb. Dünən Cənnət arvad gəlmişdi,
idarənin qabağında idi. Özü də qəsdən
elə bərkdən danışır ki, hamı eşitsin.
Yaxşıdı Süsən orda yox idi. Deyirdi:
– Dünən yetimçəyə
yemək bişirmişdim, ayağım burxulmuşdu. Qıza
dedim apar bunu Ağasəfə, xəstədi, yesin. Qız
gedib görüb üzü üzlər görmüş
qırmızı köynəklə otaqdadılar. Yeməyi
verib çıxıb gəlib. Ay doxdur, görməmiş gədə
ola, qırmızı tuman ola, bir də görəsən bu gün-sabah
bir dəstə cücə ilə çıxdılar həyətə.
Bunu eşidən Alllahverdi
kişini od götürmədi.
– Aaaz, ərə gedəsi nəvən
var, yenə dilin heydən düşməyib? Dəyirman
çaxçaxı kimi çənəni salmısan işə.
Pah atonnan, iki yetim uşaq bu kənddə hamının yerini
dar eləmiyib!? Ə nə istəyirsiz bu bədbaxlardan?
– Bu xalasına lənət
olmuşdan hara qaçasan bilmirəm ki. Hara daş atırsan,
Allahverdiyə dəyir.
– İlan özünsən,
sənin adından elə bezmişəm Allah kimi elçi
göndərsə cənnətə getmərəm.
Gördüm ara
qızışdı, dərman çantamı götürüb
aradan çıxdım.
– Hə, yox bunun axırı
pis olacaq, Elim. Sən Qəfər kişi ilə danış.
lll
Gecə Ay
işığı pəncərədən düz evin
ortasına düşürdü. Süsənin yuxusu ərşə
çəkilmişdi. Yorğanını çiyninə
çəkib bir müddət çarpayının içində
bardaş qurub oturdu. Çöldə meh də əsmirdi.
İstədi çıxıb eyvanda otursun. “Yox, soyuqdu. Sonra
Ağasəfin gününə düşərəm. Stulu
çəkim, pəncərənin qabağında oturum”.
Yorğanı çiyninə köndələn salıb pəncərənin
qabağında, dəpdəyirmi Ayla üzbəüz oturdu. Elə
bil Aydan hər yerə gümüş yonqarı ələnirdi.
“Allahım – dedi, – hardasan sən, Allahım. Mənim
günahım nədi? Kimin hayıfını məndən
çıxırsan? Kimsə məni doğub yola atıb
qaçıb. Soyadımı da Yolçuyeva qoyublar.
Dünyaya gələndən hara gedirəm özümə də,
ətrafdakılara da bədbəxtlik gətirirəm.
Allahım, bunun bir axırı olmayacaq? Deyirsən
özünü öldürmək günahdı. Belə də
yaşamaq olmur. Bəs neyləyim axı? Gör nə yerə
yetmişəm, türmədən
çıxdığıma heyfsilənirəm. Ora
üzüm öyrəşmişdi. Hamı göz
qabağında idi. Yaxşını, pisi
tanıyırdım. Burda hamı him-cimlə, göz-qaşla
danışır. Bu kənd camaatı özü boyda da yerin
altındadı. Sözü bir şey deyir, əməli
başqa. Baş açmaq olmur. Mənə yol göstər,
yol aç mənə, nə olar, Allahım. Hardasan,
Allahım? Bilirəm məni eşidirsən. Mütləq
eşidirsən. Bəlkə mən sənin bədənində
bir zərrəyəm, bir toxumayam?! Hər halda, mən sənin
ruhundan, nəfəsindən, sənin canındanam. Hər
halda, mən hiss eləyirəm ki, sən varsan. Niyə bu əzabları
mənə verirsən? Məni görmürsən?! Məni
görmürsən, çünki milyardlarla hüceyrən
var. Amma mənim ağrımı hiss edirsən, eşidirsən.
Bəlkə mən ayağının altındakı
hüceyrələrdənəm? Bizi əzə-əzə,
özün həzz ala-ala, üstündə yeridiyin hüceyrələrdən
biri. İntihar etməyi günah sayırsan, çünki sənə
zərərdi. Sən bizi özünə bənzər
yaratmısan. Mənim də bədənim milyardlarla hüceyrələrdən
ibarətdi. Haqq, ədalət özü də,
görünür, nisbidi, tale işidi. Oradan o yanı görməyə,
düşünməyə beynimin gücü çatmır
axı. Onu bilirəm ki, sənin elədiyini,
oxşarını mən eləyirəm. Mənim də
ayağımın altında hüceyrələr var, onları
düşünmək heç ağlıma gəlməyib. Amma
ayağım ağrıyanda beynim eşidir, düşür əl-ayağa.
Belə etinasızlıqdan, haqsızlıqdan məni
yaşadan örüyüb artdıqca məni böyüdən
bu hüceyrələr, toxmalar ölür. Nəhayətdə
onlar üçün qiyamət qopur. İnsan ölür.
Allahım, bu fikri sən bu Ay işığı ilə
saldın mənim beynimə. Allahım, deyirsən bunun əlacı
yoxdur? Deyirsən yəqin kainat adlı bu nəhəng
saatın içində bütün çarxların hərəkətini
tənzimləyən qanundu. Yəni mənim yerim, taleyim dəyişsə
bütün bu ucsuz-bucaqsız kainatın nizamına zədə
düşər? Ona görə dinimizin şüarı səbr
və şükürdü? Yaxşı ki, başa saldın
məni, Allahım. Xeyli yüngülləşdim. Bu
günümə də şükr eləyim, gedim yatım.
Görək zamanın seli məni hara aparıb
çıxaracaq”.
Süsən
yorğun-yorğun öz otağına qayıtdı.
lll
Günlər göz
qırpımına gönmüşdü. Elə tez-tez ötüb
keçirdi, adam onların sayını da
çaşırdı. Pıçhapıçlar öz
işini görmüşdü. Qəfər kişi ilə
Elim işi səssiz-küysüz həll eləmişdilər.
Yüz cür bəhanə gətirib qızı başqa kəndə
göndərməyə Milis rəisini razı saldılar.
Adamlar yoldan yığışandan sonra Süsənin evini
Mustafaya göstərdilər. Elə səssiz
çıxın, qıza da başa sal, Ağasəfin xəbəri
olmasın. Kənddə heç kəsin xəbəri olmasa
daha yaxşıdı. Heç bizim də bildiyimizi bilməsin.
Mustafa heç vaxt bir adamdan iki manat almırdı. Ona görə
hərəsi öz manatını verdi. Dedilər, Mustafa, sən
öz canın orda tapşır, yaxşı baxsınlar
qıza, yetim uşaqdı. Elim gülə-gülə
soruşdu:
– Ay Mustafa, niyə bircə
manat artıq verəndə almırsan?
– Qardaşoğlu, əvvəla,
mənim gördüyüm işin dəyəri bir manatdı;
salam, əleyküməssalam, bir də əlini sıxıram,
vəssalam. Axşam da manatları sayıb bilirəm bir
gündə neçə adamla görüşmüşəm.
– Manat verməsə
salamını almazsan?
– Yox, mən o qədər də
acgöz adam deyiləm. Mən iş başındayam,
salamımın da qiyməti var. Vermir, canı sağ olsun. Mən
də axşam pulu sayanda onu adam saymıram.
Qəfər kişi
gülüb onun kürəyinə vurdu:
– Sağ ol, Mustafa, sənin
manatın həmişə olacaq, lap işdən
çıxandan sonra da. qızdan muğayat ol.
– Belə çox istəyirdiz
niyə yerini dəyişdiz?
– Belə lazımdı,
Mustafa – mənalı-mənalı baxıb başı ilə
təsdiq elədi – sən məni tanıyırsan. Elə məsləhət
bilirəmsə, belə lazımdı. Sağ ol.
Səhər bu xəbər kənddə
bomba kimi partladı. Əvvəl dedilər qız
qaçıb, sonra hansı ağıllısa dedi:
– Balam, qız özü gəlmişdi
ki, özü də gedəydi? Özbaşınadı?
Ağasəf səhər
Elimgilə gəldi. Elim işə getmişdi. Onu Nazlı
qarşıladı.
– Xeyir ola, Ağasəf,
xoş gəldin. Gəl, qaqaş, gəl çay verim.
Çörək yemisən?
– Hə, yemişəm – o
yana boylandı –yoxdu?
– Kim?
– Süsən doxdur.
– Yox, bəlkə işə
gedib.
– Hə, hə, gedim
baxım.
– Ayıbdı, qaqaş, hara
getsə axşam evinə gələcək. Hərə bir
söz danışır, getmə ora, qız utanar.
– Qız utanar? Hə utanar
da! getmərəm. Axşam gəlməsə...
Yuxumda gördüm getdi...belə
qırmızı donu yana-yana uçdu, getdi. Gedim baxım.
Baxım idarəyə.
– Qaqaş, dedim axı,
qızı utandırarsan. Otur çay içək, söhbət
eliyək.
– Yox, yox, mən gedim. Evdə
iki qonağım var.
– Onlar kimdi, ay Ağasəf?
– Dostlarımdı.
Qarışqaynan, Mirişka.
Nazlı alındı, vahimələndi.
Amma marağını gizlədə bilmədi.
– Onlar kimdi helə?
– Mirişka gülməlidi,
ayaqları uzundu, başı balaca. Qarışqa elə
qarışqaya oxşayır, amma yekədi. Başı da yekədi.
Ayaqları, əlləri balacadı. Qarışqa dedi ki,
Süsən doxduru Elim doxdurnan Qəfər əmi aparıb.
Dedi gəlməyəcək. Gedim. Tez gedim baxım –
öz-özünə danışa-danışa darvazadan
çıxdı. Nazlı bərk qorxmuşdu. Qorxusunu
götürmək üçün kasaya su tökdü. Evin
qapısına yanaşdı. Qapının cəftəsini
suya salıb çıxartdı, bismillah deyib suyu içdi.
– Allah, sən özün
kömək ol! Gül kimi uşaqdı. Gör nə hala
düşüb. Sonrasından Allah saxlasın. Daha sonrası
qaldı ki...
Elim nərd oynayanlara
azarkeşlik eləyirdi. Uzaqdan Ağasəfin gəldiyini
görüb kabinetinə keçdi. Nərd oynayanlar Ağasəfin
görkəmindən təəccüblənib oyunu
saxladılar. Yaxası açıq, üzünü tük
basmış, saçı dağınıq Ağasəfi
tanımaq olmurdu. İri qara gözləri hədəqəsindən
çıxmışdı. Gözlərinin ağı qan
çəkmişdi. Dodağının altında nə isə
danışırdı. İdarənin qabağında
dayanıb ona heyrətlə baxanlara heç məhəl
qoymadı.
– Ay Elim doxdur! –
çağırdı. – Elim eyvana çıxdı.
Özünü ələ almağa çalışdı,
gülümsündü.
– Xoş gəldin, Ağasəf.
Maşallah, sağalmısan. Gəl görüm.
– Süsən doxduru hara
apardın? Hardadı?
– Ağasəf, Süsəni
mən gətirməmişdim ki, kim deyir mən
aparmışam? Mən Süsəni görməmişəm.
Bəlkə öydədi.
– Öydə yoxdu. Hər yerə
baxmışam. Sənnən Qəfər əmi aparıb.
– Bu nə sözdü, ay
Ağasəf. Kim deyib bunu sənə?
– Mirişka.
– O kimdi ə...mən
mirişqa-zad tanımıram. İstəyirsən get Qəfər
əmidən soruş.
– Soruşaram. Tapacam. Tapacam
Süsəni.
Elim Ağasəfin
özündə olmadığını görüb
yumşaq səslə onu sakitləşdirməyə
çalışdı.
– Atam, Süsən doxdur
uşaq deyil ki, itə-bata, bilirsən ki, onu bura milis gətirmişdi.
Eşitdiyimə görə, rayonun lap uzaq kəndi var,
Kürün bəndinin qırağında, pir var ey, Veysəl
Qara baba, onun yanında, orda ağır xəstə var. Süsən
doxdur yaxşı həkimdi axı...
– Yaxşıdı, qəşəngdi,
yaxşı həkimdi.
– Ay sağ ol. Onu aparıblar
xəstəni sağaltsın. Sabah-biri gün qayıdıb gələr.
– Hansı kənddi?
– Qaxay.
– Hə, bildim.
– Sabah, ya da o biri gün
qayıdar. Sən get evdə gözlə. Özü də təzə
sağalmısan, özünü soyuğa verərsən. Belə
yaxası, başı açıq gəzmə.
– Hə bildim, bildim –Ağasəf
gəldiyi kimi də salamsız-kəlamsız getdi.
Elim onun arxasınca
suçlu adam kimi baxdı:
– Bu mirika kimdi. Kimi deyir o helə?
– oturanlardan səs çıxmadı.
lll
Axşam evə qayıdanda
Ağasəfə dəyib onu bir az da dilə tutub sakitləşdirmək
qərarına gəldi. O, uşağın əsəblərinin
pozulduğunu, ağlının
çaşdığını əvvəldən də hiss
edirdi. Amma indi, xəstəlikdən sonrakı zəiflik də
öz işini görmüşdü. Yaşının da ən
həssas dövrü idi. Ağasəfin bu halına ruhi xəstə
deməyə dili gəlmirdi. Lakin bu hala başqa bir ad da
tapıb qoya bilmirdi. Ağasəfgilə girdi. Qapılar ikisi də
açıq idi. Ağasəf nə evlərdə, nə həyətdə
vardı. Öz evlərinə gəldi. Nazlı həyətdə
onu gözləyirdi.
– Ağasəfi görməmisən?
– İndi yox, səhər gəlmişdi.
Həlləm-qəlləm vururdu. Deyirdi Elim doxdurnan Qəfər
əmi qızı aparıb.
– O Miriş köpəkoğlu
kimdi salıb gədənin beyninə? Deyir Mirişka deyib ki, mənnən
Qəfər kişi qızı aparıb. Kimin
uşağıdı bunu deyən?
– Bir dayan görək, nə
uşaq? Deyir qarışqaynan, mirişka dostumdu. Belə
mıs, mıs, mıs deyincə Mustafa deyək da...bu
uşağın başına hava gəlib. Daha gözünə
şeylər görünür. Gül kimi uşağı dəli
elədiz.
– İndi də yoxdu. Gedər
özünü qayadan atar, çayda boğular. Mən gedim Qəfər
kişini tapım. İşə düşmədik?!
Ardı var...
Fikrət QOCA
525-ci qəzet.- 2010.- 22 iyun.- S.6.