Mahnı Teatrında Musa Ələkbərlinin yubileyi
qeyd olunub
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə R. Behbudov adına Dövlət Mahnı Teatrında şair Musa Ələkbərlinin anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
Gecədə baş nazirin müavini Elçin Əfəndiyevin təbrik məktubu oxunub.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Elbəy Əli, xalq şairi Nəriman Həsənzadə, millət vəkilləri Nizami Cəfərov, Tahir Rzayev, Nazim Məmmədov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, tənqidçi Vaqif Yusifli, şairlər İlyas Tapdıq, Oqtay Rza, Ədalət Təbrizli, yazıçı-dramaturq Elçin Hüseynbəyli və digərləri Musa Ələkbərlinin həyat və yaradıcılığından söhbət açıblar:
Musa Ələkbərli 1950-ci ildə Gədəbəydə
dünyaya gəlib. 1974 – cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Elə həmin ildən
də “Gənclik” nəşriyyatında redaktor
kimi əmək fəaliyyətinə başlayıb.
Müxtəlif illər ərzində
əvvəlcə redaktor,
sonra böyük redaktor kimi həmin
nəşriyyatda naşirlik
işini davam etdirib. Şeirləri
bir çox dillərə tərcümə
olunan şair “Məndən şeir istə”, “Ürəyimin işığında”, “Bəlkə
bir də görüşdük”, “Gözlərim
yol çəkir, “Aydanım ay işığı”,
“Sevgi bulağı”, “Gözümdə ağlayan
bulud”, “Dünya sevgidən doğulub”, “Tanrı mənə söyləməsə, yazmaram”
kitablarının müəllifidir.
Musa Ələkbərli
2001- ci ildə “Azərbaycan” jurnalında çap olunan silsilə şeirlərinə
görə Yazıçılar
Birliyinin İsa İsmayılzadə adına poeziya mükafatına layiq görülüb”. Tədbirdə çıxış edənlər
yubilyarın xalq ruhuna bağlı, milli ənənələrə
dərindən bələd
şair olduğunu, şeirləri ilə könülləri oxşadığını
bildiriblər. Tədbirdə bədii qiraət ustaları şairin yaradıcılığından nümunələr səsləndirib,
tanınmış müğənnilər,
Gədəbəy və
Təbriz aşıqları
şeirlərini saz havaları üstündə
ifa ediblər.
Sonda şair çıxış
edərək yaradıcılığına
göstərilən dərin
ehtirama görə tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.
SARA
525-ci qəzet.-
2010.- 22 iyun.- S.7.